Birinci xanım Mehriban
Əliyeva Xəzər rayonunda təmiri və əsaslı surətdə yenidən
qurulması nəzərdə tutulan bir sıra obyektlərdə
olmuşdur
Martın
1-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, Xəzər rayonundan Milli Məclisin
deputatı Mehriban Əliyeva paytaxtın Binə, Türkan,
Şüvəlan və Buzovna qəsəbələrində
olmuş, təmiri və əsaslı surətdə yenidən
qurulması nəzərdə tutulan bir sıra obyektlərə
baş çəkmişdir.
Əvvəlcə
Binə qəsəbəsindəki İmam Rza məscidinə gələn
birinci xanım Mehriban Əliyeva burada sakinlərlə
görüşdü. Məscidin axundu Hacı Həsən Binə
sakinləri adından qəsəbədə görülən
işlər, həyata keçirilən layihələrlə
bağlı Heydər Əliyev Fondunun prezidentinə minnətdarlığını
bildirdi.
Azərbaycanın
birinci xanımı sakinlərin arzu və təkliflərini
dinlədi, onların həlli istiqamətində tövsiyələrini
verdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva
bildirdi ki, qəsəbədə görülən
bütün işlərin məqsədi insanların daha rahat
yaşamasını təmin etməkdir.
Birinci
xanım Mehriban Əliyeva Binədə görülən
işlərdən danışdı, yeni məktəblərin
tikildiyini, mədəniyyət evinin, kitabxananın yenidən
qurulduğunu, işıq və qaz xətlərinin çəkildiyini
qeyd etdi.
Mehriban
xanım Əliyeva onun salamlarının qəsəbə
sakinlərinə çatdırılmasını xahiş
etdi.
Daha
sonra Mehriban xanım Əliyeva məscidin yenidənqurma işlərindən
əvvəlki fotoşəkillərinə baxdı. Məlumat
verildi ki, məscid binasının dam örtüyü zədələndiyi
üçün yağış suları içəri axaraq
interyeri korlamışdı. Qəsəbə
ağsaqqalları məscid binasının təmirinə
yardım üçün Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevaya müraciət etmişlər.
Müraciət əsasında 2012-ci ilin sentyabrından yenidənqurma
işlərinə başlanmışdır. Məscid
binası bu ilin birinci yarısında təhvil veriləcəkdir.
Məscid,
minarə və xidməti otaqlardan ibarət kompleksin sahəsi
1800 kvadratmetrdir. Burada kişilər və qadınlar
üçün namaz otaqları, ehsan zalı və digər
xidməti otaqlar vardır. Yenidənqurma
işləri zamanı köməkçi bina yenidən
tikilmiş, minarə günbəzi, ümumi tikinti sahəsinin
forması və minbər tamamilə dəyişdirilmiş,
hasar yenilənmişdir. Binada müasir istilik sistemi
quraşdırılacaq, qazanxana, 60 tonluq yeraltı su anbarı
tikiləcək, interyer rəssamlar və nəqqaşlar tərəfindən
yenidən işlənəcəkdir. Təmir zamanı əsas
binanın bünövrəsi də möhkəmləndirilmişdir.
Sonda
xatirə şəkli çəkdirildi.
* * *
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva daha sonra Binə qəsəbəsindəki
285 nömrəli körpələr evi-uşaq
bağçasında oldu. Milli Məclisin deputatına məlumat
verildi ki, 1986-cı ildə tikilən və ümumi sahəsi
1900 kvadratmetrdən çox olan uşaq bağçasında
indiyə qədər heç vaxt əsaslı təmir
işləri aparılmamışdır. 1993-cü ildən
bağçada Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi nəticəsində
qaçqın və məcburi köçkün düşən
soydaşlarımız məskunlaşmışdı. Bu il isə
onlar yeni mənzillərlə təmin edilmişlər. Diqqətə
çatdırıldı ki, bağçada yaş yarımdan
6 yaşınadək uşaqlara xidmət edən 75 körpədən
ibarət 4 qrup olsa da, binanın yarıtmaz vəziyyəti fəaliyyət
göstərməyə imkan vermirdi. Bildirildi ki, 285 nömrəli
bağça bu ərazidə yeganə məktəbəqədər
uşaq müəssisəsidir. Tələbat
artdığına görə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə burada uşaq bağçası üçün yeni
binanın inşası nəzərdə tutulmuşdur. Mehriban
xanım Əliyeva işlərin yüksək keyfiyyətlə
yerinə yetirilməsinə dair tövsiyələrini verdi.
* * *
Sonra
Türkana gələn Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva qəsəbə sakinləri ilə
görüşdü, onların problemləri ilə
maraqlandı. Bildirdi ki, qarşıya qoyulan bütün vacib məsələlər
həll olunur. Türkan qəsəbəsində artıq ikinci
bağça binasının inşasına
başlanıldığını deyən Mehriban xanım Əliyeva
qəsəbədə tikinti və quruculuq işlərinin
vüsət aldığını söylədi. Milli Məclisin
deputatı Xəzər rayonunun bütün məktəblərinin
yeni, müasir standartlara uyğun qurulduğunu bildirdi. Gələcək
illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə
bağlı zəruri addımların
atılacağını qeyd edən Heydər Əliyev Fondunun
prezidenti vurğuladı ki, bununla da qəsəbədə yeni
iş yerlərinin açılmasına nail olunacaqdır.
Sakinlər onlara göstərilən
diqqət və qayğıya görə Prezident İlham Əliyevə
və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya
minnətdarlıqlarını bildirdilər.
Daha
sonra Milli Məclisin deputatı burada tikilməkdə olan yeni
uşaq bağçasında inşaat işlərinin
gedişi ilə tanış oldu. Məlumat verildi ki,
hazırda Türkan qəsəbəsində uşaq
bağçasına böyük ehtiyac vardır. Ötən
ilin sonunda inşasına başlanan müasir tipli 200 yerlik
uşaq bağçasının bu ilin sentyabrında istifadəyə
verilməsi nəzərdə tutulmuşdur.
Heydər
Əliyev Fondunun prezidentinin diqqətinə çatdırıldı
ki, ikimərtəbəli binada 2 körpə, 4 orta, 4 məktəbəqədər
hazırlıq qrupu fəaliyyət göstərəcəkdir.
Uşaq bağçası bütün əyani və texniki
vasitələrlə təchiz ediləcəkdir. Binada hovuz,
musiqi və idman otaqları yaradılacaq, müasir
havalandırma sistemi quraşdırılacaqdır. Həyətdə
uşaqların əyləncəsi və fiziki inkişafı
üçün şərait yaradılacaqdır.
* * *
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva martın 1-də
Şüvəlan qəsəbəsindəki zəif eşidən
və sonradan karlaşmış uşaqlar üçün 2
nömrəli xüsusi internat məktəbində də oldu.
Buradakı
vəziyyətlə tanış olan Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya məlumat verildi ki, internat
məktəbi 1963-cü ildə inşa olunmuşdur.
Hazırda burada 130 şagird təhsil alır. Binanın əsaslı
təmirə ehtiyacı vardır.
Mehriban
xanım Əliyeva internat məktəbinin yenidən
qurulması ilə bağlı tövsiyələrini verdi.
Sonra
Azərbaycanın birinci xanımı qəsəbə sakinləri
ilə görüşdü, onlarla söhbət etdi. Mehriban
xanım Əliyeva bildirdi ki, Xəzər rayonunun bütün
qəsəbələrində olduğu kimi, Şüvəlanda
da həyata keçirilən layihələr uğurla davam
etdirilir. Belə ki, sosial problemlər öz həllini tapmaqla
yanaşı, burada təhsil ocaqları, məktəbəqədər
müəssisələr, mədəniyyət mərkəzləri
təmir olunur və yenidən qurulur. İki nömrəli
xüsusi internat məktəbinin də müasir üslubda
qurulmasının vacibliyini qeyd edən Mehriban xanım Əliyeva
uşaqlara yüksək keyfiyyətli təhsilin verilməsinin
əhəmiyyətini vurğuladı.
* * *
Heydər
Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva sonra Şüvəlandakı
sağlamlıq imkanları məhdud və valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün 4 nömrəli
Respublika Xüsusi İnternat məktəbinə gəldi.
Burada
Azərbaycanın birinci xanımına məlumat verildi ki,
1964-cü ildə inşa olunan internatda 136 şagird təhsil
alır. Bu müəssisə də yararsız vəziyyətə
düşmüşdür və binanın əsaslı yenidənqurma
işlərinə ciddi ehtiyac vardır. Heydər Əliyev
Fondunun prezidenti bu internat məktəbinin də yenidən
qurulacağını bildirdi.
Mehriban
xanım Əliyeva internat məktəbində təhsil alan
uşaqlara da baş çəkdi. Onlarla söhbət edən
Azərbaycanın birinci xanımı balacaların əl
işlərinə də baxdı.
* * *
Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın baş çəkdiyi
növbəti məktəbəqədər tərbiyə
müəssisəsi Buzovna qəsəbəsindəki 246
nömrəli körpələr evi-uşaq
bağçası oldu.
Bu tərbiyə
müəssisəsi ilə yaxından tanış olan Mehriban
xanım Əliyevanın diqqətinə
çatdırıldı ki, 1985-ci ildə inşa edilən və
indiyədək əsaslı təmir işləri
görülməyən bağça Azərbaycan və rus
bölmələri daxil olmaqla 2-6 yaşlı uşaqlar
üçün ixtisaslaşmışdır. Səkkiz min
kvadratmetrdən çox sahəsi olan uşaq
bağçası istifadə üçün yararsız vəziyyətdədir.
İkimərtəbəli binada istilik sistemi yoxdur.
Mehriban
xanım Əliyeva bildirdi ki, Heydər Əliyev Fondu bu uşaq
bağçasının da yenidən qurulmasını nəzərdə
tutur.
Fondun
prezidenti Mehriban xanım Əliyeva yenidənqurma işlərinin
yüksək səviyyədə aparılması, uşaq
bağçasının bütün əyani və texniki
vasitələrlə təchiz olunmasına dair tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.-2013.- 2 mart.- S.3.