Dövlət Gömrük Komitəsi sədrinin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Əfqanıstanda səfərdə olmuşdur

 

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda səfərdə olmuşdur.

DGK-nın mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Kabul şəhərində Azərbaycan nümayəndə heyətinin Əfqanıstanın maliyyə nazirinin müavini Mubin Şahgömrük xidmətinin baş direktoru Bismillah Kammavi ilə görüşü keçirilmişdir.

Mubin Şah bu kimi səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsirindən danışmış, eyni zamanda, ölkəsinin gömrük xidmətinin strukturu, fəaliyyəti, təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat vermişdir.

Aydın Əliyev öz növbəsində ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, xüsusilə Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafına dəstəyindən ətraflı bəhs etmişdir.

Səfər çərçivəsində A. Əliyev ilə BMT-nin Baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş arasında görüş keçirilmişdir.

Yan Kubiş Azərbaycanda olduğu zaman dövlət başçısı İlham Əliyev ilə görüşünü məmnunluqla xatırlamış, Azərbaycan Prezidentinin Əfqanıstana xüsusi diqqət göstərilməsi, bu ölkədə sülhün bərqərar olunması ilə bağlı fikirlərini xüsusi minnətdarlıq hissi ilə diqqətə çatdırmışdır.

A.Əliyev iki dost ölkə arasında əlaqələrin perspektivləri barədə danışmış, gömrük qurumlarının birgə əməkdaşlığından bəhs etmişdir.

Əfqanıstan Gömrük Xidmətinin inzibati binasında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı keçirilmişdir.

Mətbuat konfransında bəyanatla çıxış edən Mubin Şah iki ölkə arasında əlaqələrin mövcud vəziyyətindən, əməkdaşlığın perspektivlərindən söhbət açmış, xüsusilə qədim İpək Yolunun bərpası ilə bağlı Əfqanıstan dövlətinə və şirkətlərinə məxsus yüklərin Azərbaycandan tranzit keçməklə Avropaya çatdırılması barədə fikirlərini açıqlamış, bu sahədə mövcud problemlərdən danışmışdır.

Öz növbəsində Aydın Əliyev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmış, bütün sahələrdə, o cümlədən gömrük sferasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmiş, Azərbaycan tərəfinin əfqan həmkarlarına gömrük işi sahəsində yardımlarını bundan sonra da əsirgəməyəcəyini vurğulamışdır.

DGK-nın sədri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Əfqanıstan hökumətinə təşəkkürünü bildirmiş, Xocalı soyqırımı barədə KİV nümayəndələrinə geniş məlumat vermişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi adından Əfqanıstan Gömrük Xidmətinə hədiyyə olaraq 12 ədəd kompyuter dəsti, 100 ədəd ingilis və fransız dillərində çap edilən Kəmaləddin Heydərovun müəllifi olduğu "Azərbaycan gömrüyü sabit inkişaf yolunda", Hironori Asakuranın "Gömrük və tariflərin dünya tarixi" kitabları və s. nəşrlər təqdim edilmişdir.

Daha sonra Aydın Əliyev Əfqanıstan Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri, maliyyə naziri Omar Zaxilval ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında iqtisadi-ticari münasibətlərin perspektivləri müzakirə edilmişdir.

Sonra Azərbaycan nümayəndə heyəti Kabul Beynəlxalq Hava Limanında olmuş, Dövlət Gömrük Komitəsi adından Əfqanıstan Gömrük Xidmətinə iki ədəd informasiya köşkü, iki ədəd kinoloji xidmət itləri bu hava limanında fəaliyyət göstərən polis orqanlarına hədiyyə edilmişdir.

 

 

Azərbaycan.-2013.- 2 mart.- S.3.