Sumqayıtda ötən ilin
sosial-iqtisadi yekunları
müzakirə edilmişdir
Dünən
Sumqayıtda 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan hesabat yığıncağı
keçirilmişdir.
Yığıncaqdan
əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov KİV nümayəndələri
ilə görüşdə bildirdi ki, ötən ili
uğurla yola salan sumqayıtlılar gələcəyə
nikbin yanaşırlar. Qarşıda duran vəzifələrin
yerinə yetirilməsində yeni qüvvə ilə
çalışmaq gərəkdir və belə olduğu
halda hər şeyə nail olmaq mümkündür.
Ötən
ilin yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr edilən ümumşəhər toplantısında
çıxış edən Eldar Əzizov
iştirakçıların nəzərinə
çatdırdı ki, dinamik inkişaf dövrünü
yaşayan respublikamızda qazanılan müvəffəqiyyətlər
davamlı şəkildə artmaqdadır. Dünyada Azərbaycanın
iqtisadi inkişafının fenomenal xarakter
daşıdığı qəbul olunmaqda, onun səciyyəvi
xüsusiyyətləri geniş rakursdan öyrənilməkdədir.
Sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycan
qazandığı müvəffəqiyyətləri
davamlı şəkildə genişləndirməkdə və
yeni xarakterli nailiyyətlərin müəllifi kimi
çıxış etməkdədir. Bu gün Azərbaycanın
inkişaf modeli dünya dövlətlərində maraqla
qarşılanır, aparıcı beynəlxalq təşkilatlar
tərəfindən araşdırılır. Bu gün ölkənin
həyatında qeyri-neft sektorunun inkişafına diqqət
artıb.
Natiq
vurğuladı ki, Azərbaycan üçün xarakterik cəhətlərdən
biri də yaşanan sürətli tərəqqinin hər bir
ölkə vətəndaşının həyatında
özünü bariz formada əks etdirməsi, insanların
rifah halının yüksələn xətt üzrə
inkişaf etməsidir. Son illər aparılan uğurlu iqtisadi
siyasət nəticəsində Azərbaycanın beynəlxalq
nüfuzu daha da artmışdır. Respublikada yaşanan
inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında
özünəməxsus çəkiyə malik olan
Sumqayıt şəhərinin simasında da aydın
müşahidə olunur.
E.Əzizov
bildirdi ki, ölkə başçısının
tapşırıq və tövsiyələri şəhərdə
həyata keçirilən bütün layihələrin mənbəyidir.
Əldə edilən nailiyyətlərin hamısı əhalinin
rifah halının yüksəlməsinə, maddi vəziyyətlərinin
yaxşılaşmasına yönəlmişdir.
Daha
sonra hesabat məruzəsində söylənilənləri əks
etdirən, son bir il ərzində həllini tapan məsələlərə
həsr olunan sənədli film göstərildi.
Videogörüntülərin nümayişindən sonra şəhər
icra aparatının məsul nümayəndəsi Sahib Quliyev
2012-ci ildə Sumqayıt şəhəri üzrə əldə
olunan uğurların bəzi məqamlarını
müşavirə iştirakçılarının diqqətinə
çatdırdı. Şəhərin ötən ildə əldə
etdiyi nailiyyətləri S.Quliyev statistik göstəricilərlə
təsdiqlədi.
Tədbirdə
iştirak edən şəhər sakinləri Aygün Rəhimova,
Elşad Şıxməmmədov, Əjdər Qafarov, Famil Həsənov,
Mətanət Məmmədova və digərləri şəhərin
müxtəlif mikrorayon və məhəllələrində
qarşılaşdıqları problemlərlə bağlı
müraciət etdilər. Zalda quraşdırılan mikrafonlar
vasitəsilə verilən bütün suallar müəssisə
və təşkilat rəhbərləri
tərəfindən cavablandırıldı. Şikayətlərlə
bağlı elə yerindəcə müvafiq təşkilatların
rəhbərlərinə tapşırıqlar verildi.
Tədbirdə
Prezident Administrasiyasının məsul işçisi Əlibaba
Əliyev iştirak etmişdir. Tədbirin sonunda Azərbaycan
Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
Akif ƏLİYEV
Azərbaycan.-2013.- 2 mart.- S.5.