Azərbaycanda poliqrafiya mədəniyyəti yüksəlir

 

Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin birillik fəaliyyəti uğurlu olub

 

 M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında naşirlər və poliqrafçılar bir araya gələrək  nəşriyyat məsələlərindəki mövcud vəziyyəti və qarşıda duran  vəzifələri müzakirə etdilər. Dövlət müstəqilliyinin bərpasından sonra adıçəkilən sahədə baş alıb gedən hərc-mərcliyin və pərakəndəliyin aradan qaldırılması, Azərbaycan kitabının dünyanın inkişaf etmiş dövlətlərində nəşr olunanlar sırasında görmək arzusunun reallığa çevrilməsi barədə  məlumat verən respublika mədəniyyət və turizm nazirinin müavini Vaqif  Əliyev xüsusi olaraq  qeyd etdi ki, "Nəşriyyat işi haqqında" qanunun qəbulundan sonra bu sahənin mütəxəssislərinin problemlərin həllində birgə fəaliyyətləri   qısa müddət ərzində bir sıra uğurlara imza atılmasına gətirib çıxardı. Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin bir il öncə təsis olunması və fəaliyyətə başlması da həmin uğurlu addımlardan sayılmalıdır.

Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi idarə heyətinin sədri, "Təhsil" nəşriyyatının direktoru Bəhruz  Axundov tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, qurum fəaliyyətə başlayanda onu təsis edən nəşriyyatlar 31 idisə, artıq onların sayı 50-dən çoxdur. Bu isə onun göstəricisidir ki, birlik birillik fəaliyyəti ilə yalnız müəlliflərin deyil, eyni zamanda naşirlərin və nəşriyyat mütəxəssislərinin də marağını özünə cəlb edə bilib. O, haqlı olaraq  bildirdi ki, biz kitaba müqəddəs hisslərlə yanaşmalı və onu qorumalıyıq: "Axı, "Qurani-Kərim"ə də səmavi kitab deyirik. Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin bu gün təqdim olunacaq yeni veb.saytının  loqosunda da bunu göstərmişik: "Pis kitab yoxdur, pis naşir var".

Tədbirdə iştirak  edən naşirlərin və digər qonaqların verdiyi məlumatlarda göstərildi ki, Azərbaycanda kitab mədəniyyəti özünü göstərməkdədir. Azərbaycan kitabının dünya arenasında yayılması təkcə mədəni deyil, dövlətimizin və xalqımızın qədim tarixinin öyrənilməsi və təbliğində həm də siyasi hadisədir. Naşirlər  ordusunun formalaşması ilə sərhədlər aşan Azərbaycan kitabı Vətənimizə "Qran-pri", " Qızıl Delfin" kimi beynəlxalq ali mükafatlar gətirirsə, demək, keçilən qısa yol şərəfli və uğurludur. Bu nailiyyətlərdə təbii ki, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin əməli fəaliyyəti xüsusi qeyd edilməlidir.

Çıxışlarda görülən müsbət işlərlə yanaşı, bu sahəyə biznes strukturu kimi yanaşan qeyri-peşəkarların  kitab mədəniyyətinə və mənəviyyata vurduqları zərbədən də söz açıldı. Bildirildi ki 200-ə yaxın nəşriyyat Ədliyyə Nazirliyində qeydiyyatdan keçsə də, onların bəzilərinin bu "amilə" xidmət göstərmələri sonda fəaliyyətsizliklə nəticələnir.

Tədbirdə illik fəaliyyəti yüksək qiymətləndirilən Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin xətti ilə bir sıra layihələrin həyata keçirildiyi də vurğulandı. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, professor  Cahangir Məmmədli birliyin ilk nəşri  olan "Nasir" jurnalının işıq üzü görməsini  mədəni hadisə adlandırdı.

Kitabların son zamanlar bədii tərtibatına, istərsə də çapına xüsusi diqqətin ayrılmasına toxunan natiqlər onu da qeyd etdilər ki, respublikamızda elə nəşrlərə rast gəlinir ki, bir vaxtlar belə kitabların ancaq xarici ölkələrdə, xüsusən qardaş Türkiyədə çap edildiyini söyləmək olardı.

Birlik özünün beynəlxalq əlaqələrini genişləndirdikcə ona maraq da artmaqdadır. Belə ki, 150 illik poliqrafiya təcrübəsi olan  beynəlxalq nəşriyyatlar bu birliklə birgə layihələr həyata keçirmək  istəyində olduqlarını bildirir və əməkdaşlığa can atırlar. İlk dəfə olaraq "Kitab sənəti" adı altında naşirlər və poliqrafçılar arasında müsbiqə keçirilib. Bakı Dövlət Universiteti ilə də  belə bir layihə üzərində aparılır: "Mən niyə naşir olmaq istəyirəm" adlanır.

Hesabat xarakterli məlumatlardan aydın oldu ki, birliyə daha  10 nəfər üzv olmaq üçün müraciət edibonlara müsbət cavab  verilib. Tədbirdə həmin naşirlərə vəsiqələr təqdim  edildi.

Onu da qeyd edək ki, birlik  digər irihəcmli layihələrlə yanaşı, 2 gənc müəllifin ilk kitabını da çap edərək geniş oxucu auditoriyasına çıxarıb. Hollandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı Qadınlar Şurasının sədri, yazıçı Gülşən Lətif də söz alaraq "Təhsil" nəşriyyatı tərəfindən çap olunmuş "Azər və Aidə" romanının "Qızıl kəlmə" beynəlxalq mükafatına layiq görülməsində xidməti olan Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi üzvlərinə təşəkkürünü bildirdi.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev bildirdi ki, "Təhsil" nəşriyyatının ötən il müxtəlif nominasiyalar üzrə 4 beynəlxalq kitab müsabiqəsində iştirakı və yer tutması təqdirəlayiq haldır. MDB üzvü  ölkələrində keçirilən IX beynəlxalq kitab sərgisində "Qran-pri" nominasiyasında "Təhsil" nəşriyyatının "Novruz" nəşrinin diploma layiq görülməsi təqdirəlayiq haldır. Bu sıraya M.Ə.Sabirin "Hophopnamə"si də daxildir.

Belə uğurlara "Şərq-Qərb nəşriyyatının da imza atdığı bildirildi.

"Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov, "Adiloğlu" nəşriyyatının direktoru Hidayət Əsgərov, Yayım Assosiasiyasının sədri Yaşar  Zeynalovbir sıra QHT təmsilçiləri də  birliyin birillik fəaliyyəti dövründə müsbət göstəricələr əldə etdiyini bildirdilər.

Tədbirin sonunda Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin "Naşir" jurnalı ilə "naşir.az" saytının təqdimatı və yeni nəşrlərin sərgisi keçirildi və qonaqlar tərəfindən yüksək dəyərləndirildi.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.-2013.- 2 mart.- S.7.