Üzündə təbəssüm, əlində qələm

 

Zamanda da zamanlıq qalmayıb. Gün başlayan kimi ay, ay yetişincə il başa çatır. Beləcə, sevincli-kədərli zaman içində Tanrının bizə bəxş etdiyi bir ömür yaşayırıq. Və qəribəsi də budur ki, neçə il yaşamaqdan asılı olmayaraq hamı üçün 50 yaş ömrün yarısı hesab edilir.

Taleyimiz elə gətirib ki, "Azərbaycan" qəzetinin əməkdaşı olaraq əksəriyyətimiz həmin "yarı ömür" gününü artıq bizim üçün doğmalaşmış kollektivdə qeyd edirik. Çoxumuzun bu redaksiyaya işə düzələndə isə heç 25-30 yaşı yox idi. Necə deyərlər, hamımız bir-birimizin gözü qarşısında böyümüşük, bir-birimizin iştirakı ilə ailə qurmuşuq, bir-birimizin xeyir-duası ilə ev-eşik, övlad və artıq hətta nəvə-nəticə sahibi olmuşuq.

Akif Əliyev də "Azərbaycan" qəzetinə işə düzələndə cavan oğlan idi. Heç evlənməmişdi də. İlk gündən işə məsuliyyəti, can yandırmağı və bir də gülərüzlüyü ilə hamının hörmətini qazandı. Yəqin ki, bu, təsadüfi deyildi. Çünki Akif "Azərbaycan"adək uzun olmasa da, qısa hesab edilməyən stajına və həyat təcrübəsinə malik idi.

O, orta məktəbi bitirdikdən və orduda xidmət etdikdən sonra doğulub boya-başa çatdığı Göyçay şəhərində fəhlə işləmişdir. 1991-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən Akif Əliyev bir neçə il yerli "Göyçay" qəzetinin məsul katibi olmuşdur. Əslində, bu qəzet onun üçün təzə yeri deyildi. Çünki o, həm orta məktəbdə oxuyarkən, həm də istehsalatda çalışarkən tez-tez təbiətinə uyğun şirin yazıları və bir də şeirləri ilə "Göyçay"ın səhifələrində çıxış etmişdi.

Akifin şeirlərindən söz düşmüşkən. Poeziyadan başı çıxanlar deyirlər ki, Akif dərin poetik duyuma malikdir, onun bu duyumdan axıb gələn misraları sanki peşəkar şair qələminin məhsuludur. Hərçənd özü şeirlərinə verilən bu qiyməti qəbul etmir və sadəcə, poeziya həvəskarı olduğunu bildirir. Amma onunla oturub-duranlar, dostluq edənlər yaxşı bilirlər ki, Akifin həlim təbiəti, mehriban xarakteri yalnız şair qəlbli olmağından irəli gəlir. Hətta o dərəcədə ki, ara-sıra səhhətində yaranan problemləri də nikbinliklə, gülə-gülə yola verməyi bacarır.

Amma bütün bunlar A.Əliyevin peşəkar jurnalist kimi fəaliyyət göstərməsinə xələl gətirmir. Deyərdik ki, bəlkə də əksinə, kömək edir. Hazırda qəzetimizin şimal bölgəsi üzrə xüsusi müxbiri olan Akifin sadaladığımız xasiyyətləri ona sadə insanlardan tutmuş yüksək çinli yerli məmurlaradək təmas qurmasına körpü salır. Yəqin ki, həm də bu səbəbdən Akif Əliyev qəzetimizin xüsusi müxbirləri arasında işinin öhdəsindən gələnlər sırasındadır. O, eyni zamanda, operativ jurnalistdir. Xidmət etdiyi rayon və şəhərlərdə elə yaddaqalan, diqqətçəkən hadisə olmur ki, A.Əliyev onu qələmə almasın.

Bir vaxt toyunda iştirak etdiyimiz Akifin bu gün ömrü ən azından yarı olur. Bir vaxt subay oğlan kimi oğrun baxışlarla özünə gələcək həyat yoldaşı axtaran həmkarımızın evində bu gün iki övlad böyüyür. Onların hansı peşə sahibi olacaqlarını bilmirik. Əvəzində onu bilirik ki, halal jurnalist çörəyi ilə böyüdükləri üçün həmişə fəxr edəcəklər.

50 yaşın mübarək!

 

 

 Raqif MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 2 mart.- S.7.