Silinməz izlər
Şəhərlərin də taleyi insanların taleyi kimi müxtəlifdir. Onlar da varlıqlarını sübut etmək üçün zaman-zaman tarixin sınaqlarından çıxmalı olurlar. Belə şəhərlərdən biri xarüqələr yaradan Sumqayıtdır.
Sumqayıt çox insanın taleyində silinməz izlər buraxıb. Onlardan biri mənəm. Özüm Şamaxıda doğulmuşam. Biz üç rəfiqə orta məktəbi bitirəndə qərara gəldik ki, komsomol putyovkası ilə Sumqayıta işləməyə gedək. Həmin illərdə bu şəhərdə aparılan quruculuq işləri ölkənin hər tərəfinə səs salmışdı.
Biz gələndə Sumqayıt bir neçə kiçik məhəllədən ibarət idi. İşləməyə gələnlər baraklarda yaşayırdılar. Əmək fəaliyyətinə 1 nömrəli tikinti trestində başladım. Bir qədər sonra trestdəki 5 nömrəli bağçaya tərbiyəçi müəllimə vəzifəsinə təyin olundum. O zaman Sumqayıtda həyat elə qaynayırdı ki, adam heyran qalırdı. Elə bir ərazi yox idi ki, orada qızğın iş getməsin.
Az sonra rəngsazlar
briqadasına keçdim. Briqadir olduğum üçün
bütün tədbirlərdə iştirak edirdim.
Elə bir məsələ
olmazdı ki, biz qaldıraq, amma həll edilməsin
yaşayış tərzindən tutmuş ev məsələlərinə
qədər. 1971-ci ildə Azərbaycan
SSR Ali Sovetinə deputat seçildim. O zaman iş
yoldaşlarım məndən də çox sevinirdilər.
Deyirdilər ki, bundan belə sözümüzü
yuxarılara daha yaxşı çatdırarsan.
Bu o illər idi ki, ölkənin hər
yerində canlanma duyulurdu. Heydər Əliyevin Azərbaycana rəhbər
seçilməsi ölkə həyatının bütün
sahələrinə təsir etmişdi.
Günlərin
bir günü səhər təzə
seçilən deputatları Heydər Əliyev qəbul etməli
idi. Hamımız qapının
ağzında dayanıb həyəcanla gözləyirdik.
Gözlənilmədən özü otaqdan çıxıb
bizə yanaşdı. Hamı ilə bir-bir
görüşdü. Mənə çatanda:
- Siz
haranın deputatısınız - deyə soruşdu.
-
Sumqayıtdan gəlmişəm - dedim.
Əlimdən
tutub üzünü toplaşanlara çevirdi:
- Bu
xanım gənclər şəhəri olan Sumqayıtın
nümayəndəsidir. Bu şəhər məhz gənclərin
çiynində ərsəyə gəlib. Ona görə də
biz sizə borcluyuq. Siz özünüzdən sonra bir şəhəri
yadigar qoyub gedirsiniz.
-
Yoldaş Əliyev, biz hələ nə etmişik ki?! Bu
başlanğıcdır, - dedim.
Heydər
Əliyev gülümsəyib dedi:
-
Düzdür, amma unutmayaq ki, qarşıda bizi gözləyən
gözəl həyatın yaradıcıları sizlərsiniz.
Mən biləni siz inşaatçısınız. Bir ay ərzində
təxminən neçə yaşayış binasını təhvil
verə bilərsiniz?
-
Üç, dörd.
-
Baxın, bir binada 60 ailə yaşayarsa, bu sizin hesabla 120 nəfərin
mənzillə təmin edilməsi deməkdir. Onu on ikiyə
vuranda görün nə böyük rəqəm
alınır! Unutmayaq ki, bunu yaradan sizsiniz.
...Sovet
dönəmində dəfələrlə partiya
iclaslarında, plenumlarda, qurultaylarda iştirak etmişəm.
Bu şəkli Moskvada çəkdirmişik. O vaxtkı
müttəfiq respublikaların hamısının nümayəndələrinin
iştirak etdiyi qurultayda mən də vardım. Orada Heydər Əliyev
çıxış etdi. Foyedə respublikamızdan olan
nümayəndələr Heydər Əliyevlə Zərifə
Əliyevanın başına
yığışmışdılar. Gözləmədiyim
halda Heydər Əliyev məni
Zərifə xanıma təqdim edib dedi:
- Bu
xanım sumqayıtlıdır. Zəhmətkeşdir, öz
işini sevəndir. O, həyatda hər şeyi zəhməti
ilə qazanıb. Hər bir kəsin həyatı işıq
zərrəsidir. İşıq zərrəsindən Günəşə
qədər olan yol çətindir, amma şərəflidir.
Biz sizin kimi adamlarla fəxr edirik.
Sonra
şəkil çəkdirmək məqamı yetişdi.
O əli
ilə Zərifə xanımı yanına
çağırdı və çevrilib mənə dedi:
- Vəliyeva,
yaxın gəlin, bir yerdə şəkil çəkdirək.
Şəklin
çəkildiyi gündən bizi 35 illik zaman kəsiyi
ayırır. Aradan bu qədər vaxt keçməsinə
baxmayaraq hər dəfə şəklə baxanda nurlu
insanın yüksək tribunalardan etdiyi
çıxışlar, respublikamızın nümayəndələri
ilə səmimi söhbətləri kino lenti kimi gözlərim
qarşısında canlanır. Ulu öndər bizə vətəni
sevməyi, onu hər şeydən uca tutmağı tövsiyə
edirdi. Əgər biz yaşadığımız şəhərdə
daş üstə daş qoyulmasında, küçələrin
salınmasında iştirak edirdiksə, Heydər Əliyevin
bütöv Azərbaycanın abadlaşmasında, onun
şöhrətinin dünyaya yayılmasında hamıdan daha
çox zəhməti var.
Sonuncu dəfə
2003-cü ildə Sumqayıta səfəri zamanı Heydər Əliyev
ictimaiyyət nümayəndələri ilə "Bahar"
şadlıq sarayında görüşdü. Hamı ilə
bir-bir əl tutdu. Mənə çatanda dayandı:
- Sən
Vəliyeva deyilsən?
- Bəli,
yoldaş Əliyev! - dedim. Mənə yaxınlaşıb
alnımdan öpdü. Həmin tədbirdə o bizimlə
çox şeydən, keçmişdən, gələcəkdən
danışdı. Sonda bir daha mənə
yaxınlaşdı. Hal-əhvalımı soruşdu.
- Hər
şey yaxşıdır - dedim.
Tədbirin
sonunda üzünü şəhərin rəhbərlərinə
tutub dedi:
- Biz hər
şeyin qədrini bilməliyik. Bu adamların hər biri
Sumqayıtın yaradıcılarıdır. Onların
ömür yolu öyrənilməli, gənc nəslə təbliğ
edilməlidir. Keçmiş bizim
yaşadıqlarımızdır, gələcəyin mükəmməlliyi
ondan asılıdır.
...Tale
insanların ömür yolunun başlanğıcı və
sonuna doğru uzanan yoldur. Bu yol vətənin
torpağından, daşından, suyundan, bir sözlə,
varlığından keçməli, onun üzərində
qurulmalıdır. Azərbaycan məhz Heydər Əliyev
arzularına söykəndiyi və bu yolla irəlilədiyi
üçün bütün sədləri aşacaqdır.
Gülbahar VƏLİYEVA,
"Şöhrət" ordenli əmək
veteranı
Azərbaycan.-2013.- 3 mart.- S.1.