Stanislav Çernyavski:
«Dağlıq Qarabağın müstəqilliyini hətta bu regionu
separatçılığa təhrik edən dövlətin özü belə tanımamışdırsa,
onun müstəqilliyindən
danışmaq nə dərəcədə ciddidir?»
Rusiya Federasiyası XİN-in Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin direktoru Stanislav Çernyavski AzərTAc-ın müxbirinə müsahibəsində bildirmişdir ki, Rusiya ilə Azərbaycan arasında humanitar sahədə əməkdaşlıq həmişə yüksək səviyyədə inkişaf edir. Bu, ilk növbədə, Azərbaycan cəmiyyətinin ənənəvi tolerantlığına, azərbaycanlıların yüksək mənəvi keyfiyyətlərinə, digər xalqların nümayəndələrinə ehtiramla yanaşmasına, rus xalqına, rus dilinə hörmət etməsinə əsaslanır. Azərbaycan rəhbərliyi də bunun üçün çox işlər görür. Heydər Əliyev Fondunun keçirdiyi tədbirlər bu baxımdan olduqca əhəmiyyətlidir. S.Çernyavski demişdir: "Mən Bakıda keçirilən iki humanitar forumda iştirak etmişəm. Bu tədbirlər, təkcə oraya maraqlı insanların toplandığına görə deyil, həm də informasiya baxımından çox zəngindir. İqtisadi əməkdaşlığa gəldikdə isə deməliyəm ki, sərhədyanı ərazilərimizdə əlaqələrimizin inkişafı üçün böyük perspektivlər vardır".
Politoloq "RİA Novosti" agentliyinin dərc etdiyi məqaləyə münasibətini bildirərək demişdir: "Həmin yazını diqqətlə oxudum və mənim fikrim belədir ki, məqalə, yumşaq desək, yetərincə ciddi yazı deyildir. Dağlıq Qarabağın müstəqilliyini hətta bu regionu separatçılığa təhrik edən dövlətin özü belə tanımamışdır. Bu halda Dağlıq Qarabağın müstəqilliyindən danışmaq nə dərəcədə ciddidir? Mən Azərbaycanda siyasi vəziyyətin təhlili ilə artıq uzun müddətdir məşğul oluram. İsveçrədə 8 illik diplomatik fəaliyyətimdən sonra Moskvaya qayıtdıqda Rusiya mətbuatında Azərbaycan haqqında mənfi informasiyaların üstünlük təşkil etdiyinin şahidi oldum. Düşünürəm ki, indi bu, aradan qaldırılmışdır. İndi Azərbaycana münasibət tamamilə fərqlidir. Doğrudur, deyə bilərsiniz ki, Azərbaycan Cənubi Qafqazda ilk süni peykini kosmosa göndərmişdir. Bu, Azərbaycanının çox böyük uğurudur. Digər bir mövzu - Azərbaycan Prezidenti ölkə regionlarında islahatlar aparılması üçün çox işlər görür. Bu yaxınlarda Naxçıvanda oldum. Muxtar respublikanın kəndlərində aparılan abadlıq işləri məni heyran qoydu. Lakin təəssüf ki, Rusiya mətbuatı bütün bunlar barədə susur. Ümumiyyətlə, MDB ölkələri haqqında Rusiya mətbuatında müsbət yönümlü informasiyalara təsadüfi hallarda rast gəlinir".
Postsovet Tədqiqatları Mərkəzinin direktoru qeyd etmişdir ki, Azərbaycan diplomatiyası son vaxtlar çox mühüm uğurlar əldə etmişdir. Məsələn, Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, Qoşulmama Hərəkatına qatılmışdır, Azərbaycana qarşı təcavüzkar hərəkətlərin pislənməsi üçün hüquqi bazanın yaradılması davam etdirilir və sair.
S.Çernyavski
demişdir: "Bu günlərdə Ermənistanda prezident
seçkilərində müşahidəçi kimi
iştirak etdim. Orda gördüklərim Azərbaycanın
inkişafı ilə müqayisəyəgəlməzdir. Fərq
çox böyükdür. Oradakı insanlara
yazığım gəldi. İki metr dərinliyində
çuxurları olan Yerevan yollarında erməni
qızlarının necə fənd işlədərək hərəkət
etdikləri məni təəccübləndirdi. Əlbəttə,
bunları söylədikdə geniş və abad Bakı
prospektləri, təkrarolunmaz Bakı bulvarını
xatırlamamaq olmur".
Fəridə Abdullayeva,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2013.- 3 mart.- S.1.