Xalqa layiqli xidmət nümunəsi

 

Prezident İlham ƏLİYEV: "Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə etirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır"

 

Mənsub olduğu xalqın etimadını əməli fəaliyyəti ilə doğrultmaq, milyonlarla insanın rəğbətini qazanaraq liderlik səviyyəsinə yüksəlmək heç də hər bir rəhbərə nəsib olmur. Yalnız hakimiyyəti millətə layiqli xidmət vasitəsi kimi dəyərləndirən və bunu əməli fəaliyyəti ilə sübuta yetirən şəxsiyyətlər milyonlarla insanın iradəsi əsasında seçkilərdə uğur qazanaraq dövlətə rəhbərlik etmək şansı qazanırlar. Fəaliyyətində ictimai rəyə əsaslanan, hər bir fərdin maraq və mənafeyini özündə ehtiva edən siyasət hər zaman ictimai etimad qazanır, dəstəklənir.

2008-ci il oktyabrın 24-də keçirilmiş andiçmə mərasimində "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, bundan sonra da Vətənimizin uğurlu inkişafı üçün, Azərbaycanın çiçəklənməsi üçün mən əlimdən gələni əsirgəməyəcəyəm, Azərbaycan xalqına bundan sonra da xidmət edəcəyəm" - deyən dövlət başçısı İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiqdir. Azərbaycan Prezidentinin verdiyi bütün vədlər əməli fəaliyyətə, real siyasətə əsaslanmış, milli maraq və mənafeləri maksimum dərəcədə özündə ehtiva etmişdir.

Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək son 9 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq, Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konktet vəzifələr müəyyənləşdirmişdir.

Qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərmişdir. Azərbaycanın dayanıqlı və sabit inkişafı üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir, ölkəmizin intibahının təminatına çevrilmiş sosial-iqtisadi inkişaf strategiyası uğurlu nəticələr verir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunları bir daha bütün regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi. Neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Həyata keçirilən şaxələndirmə tədbirləri, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması sayəsində qeyri-neft sektorunun dinamik inkişafı davam etmişdir.

Bölgələrin tarazlı və davamlı inkişafının təmini, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerlərdəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına təşkil edilən səfərlər də cənab İlham Əliyevin son 9 il ərzində prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkir.

Milli inkişafı təmin edən çevik islahatlar kursunu inamla həyata keçirən cənab İlham Əliyevin hökumətin vaxtaşırı olaraq xalqa hesabat verməsini milli dövlətçilik tarixində mütərəqqi ənənəyə çevirməsi dövlət başçısının demokratik dəyərlərə hörmətinin, ictimai rəyə həssas münasibətinin təcəssümüdür. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycanda hər bir məmurun başlıca vəzifəsi xalqa, vətəndaşlara layiqli və vicdanlı xidmət olmalıdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev mərkəzi və yerli icra hakimiyyəti orqanları rəhbərlərinin vəzifələrinin xalqa xidmət etmək olduğunu bir daha xatırladıb: "Yerli icra orqanları, icra başçıları öz məsuliyyətlərini dərk etməlidirlər, dövlət siyasətini aparmalıdırlar. Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur, bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə? Ona görə ki, insanlar daha da yaxışı yaşasınlar. Budur, əsas məqsəd. Bizim dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcəklər, təhlükəsizlik şəraitində yaşayacaqlar. Hiss edəcəklər və edirlər ki, onların arxasında güclü Azərbaycan dövləti var ki, onları heç vaxt darda qoymaz, bütün zamanlarda onlara dəstək olacaqdır".

Konfransda sosial-iqtisadi sahədə qısa zaman kəsiyində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirildi. Bütövlükdə, görülmüş işlərə dair hesabatların verilməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. "Hər bir məmur xalqının xidmətçisi olmalıdır" - deyən Prezident İlham Əliyev hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirir. Regionların sosial-iqtisadi inkişafının dörd illiyinə həsr olunmuş konfransda diqqəti çəkən mühüm məqamlardan biri də Prezidentin öz işinə laqeyd yanaşan, vətəndaşların şikayətlərinə etinasız baxan və vəzifə borcunu layiqincə yerinə yetirə bilməyən məmurlara xəbərdarlıq etməsi oldu. Ölkə başçısı dövlət idarəçiliyi sahəsində nə qədər böyük səriştəyə, təşəbbüskarlığa malik lider olduğunu parlaq şəkildə əks etdirdi.

Prezident İlham Əliyev dövlət məmurlarına öz vəzifə borclarını layiqincə yerinə yetirməyə və sui-istifadə hallarına yol verməməyə çağırdı: "Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir. Özləri üçün böyük məclislər, təmtəraqlı toylar, yubilyelər düzəldirlər. Yaraşarmı bu, dövlət məmuruna?! Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubilyelər, bahalı hədiyyələr. Bunu yığışdırın, bəsdirin! Kim bunu edir, kimi mən nəzərdə tuturam bilir. Bu, həm yerli icra orqanlarına, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir. Ona görə hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar, özləri və onların ailə üzvləri, uşaqları".

Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. "Əsl siyasət konkret real iş görməkdir" devizinə daim sadiq qalan cənab İlham Əliyevin xalqa layiqli rəhbərlik missiyasının əsasında hər bir vətəndaşın maraq və mənafeyini maksimum dərəcədə təmin edən mükəmməl idarəetmə sisteminin yaradılması istəyi dayanır.

Hər bir dövlət məmuru da ölkə başçısından nümunə götürməli və öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər. Ölkə başçısı konfransda yerli və mərkəzi icra orqanlarının rəhbərlərinə öz işlərində ciddi dönüş yaratmaq tapşırığını verdi  və sonuncu dəfə xəbərdarlıq etdi. Yəqin ki, dövlət məmurları ölkə başçısının tədbirdə səsləndirdiyi sözlərdən nəticə çıxarıb qısa zamanda fəaliyyətlərində dönüş yaradacaqlar.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 3 mart.- S.2.