Şablidə Azərbaycan günləri ilə
bağlı sərgi və konsert təşkil
olunmuşdur
Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkədə keçirilən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində "Azərbaycan günləri" ilə bağlı Burqon regionunun Şabli şəhərində sərgi və konsert təşkil olunmuşdur.
Tədbir sərginin açılışı ilə başlamışdır. Sərgini açan şəhərin meri Patrik Jendro tədbirdə azərbaycanlı qonaqların, xüsusilə kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyətinin, habelə səfir Elçin Əmirbəyovun və digərlərinin tədbirdə iştirakının Şabli və onun sakinləri üçün mühüm hadisə olduğunu diqqətə çatdırmışdır.
Şabli şəhərinin Burqon regionunun qapısı adlandırıldığını xatırladan mer onun üzümçülük sahəsi və şərabçılığı ilə tanındığını, burada ildə 38 milyon şüşə şərab istehsal edildiyini bildirmiş, ölkələr arasında əlaqələrin qurulmasında mədəniyyətin xüsusi rolunu qeyd etmişdir.
2012-ci ildə şərabçılıqla bağlı keçirilən tədbirə Azərbaycanın dəvət edilməsindən və həmin vaxt muğam üçlüyünün çıxışının onda oyatdığı xoş təəssüratdan söhbət açan Patrik Jendro "Azərbaycan incəsənətinin xəzinəsi" adlı sərgidə nümayiş etdirilən zəngin eksponatlarının şablililərin az tanıdıqları Azərbaycan, onun qədim tarixi və zəngin mədəniyyəti barədə ətraflı məlumat əldə edəcəklərinə ümidvar olduğunu bildirmişdir.
Mer daha sonra qeyd etmişdir ki, ölkələrin yaxınlaşmasında ikinci mühüm amil əməkdaşlıqdır. Fransanın Okser, Vezele və Şabli şəhərləri ilə Azərbaycanın Şəmkir, Bakı və Göygöl şəhərləri arasında qarşılıqlı əlaqələrin yaradılması istiqamətində danışıqlar gedir.
Əlaqələrin qurulması istiqamətində idmanın rolunu yüksək qiymətləndirən mer Bakıdakı futbol klublarından biri ilə departamentin "AJA" klubu arasında əməkdaşlıq qurulmasının vacibliyini vurğulamışdır.
Ölkələr arasında yaxınlaşmanın ən mühüm təzahürlərindən biri kimi iqtisadi sahədə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdıran Patrik Jendro üzümçülük, şərabçılıq və maldarlıq sahələrinin inkişaf etdiyi regionun bu sahələrdə Azərbaycanla iqtisadi əlaqələr qurulmasında maraqlı olduğunu bəyan etmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov sərgi və konsertin ölkəmizi fransızlara yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsinin əsas tərkib hissəsi olduğunu, artıq bu tədbirlərin 2012-ci ilin sonlarından etibarən Fransanın bir çox şəhərlərində keçirildiyini diqqətə çatdırmışdır.
Fransa ilə Azərbaycan arasında əlaqələrdən danışan səfir ötən il Parisdə iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 20 illiyi münasibətilə yaddaqalan tədbir keçirildiyini vurğulamış, regionda kənd təsərrüfatının bəzi məhsullarının ölkəmizə ixrac imkanlarını öyrənmək məqsədi ilə Azərbaycan nümayəndə heyətinin kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə yaxından tanış olduğunu qeyd etmiş, yaxın vaxtlarda bu istiqamətdə konkret addımlar atılacağına ümidvar olduğunu bildirmişdir.
Səfir Azərbaycanın Fransada çox tanınmadığı üçün mədəni sərvətlərin müxtəlif nümunələrinin sərgisinin və konsertin təşkilinin qərara alındığını bildirmiş, ölkəmizin coğrafi mövqeyi haqqında məlumat vermişdir.
Azərbaycanın yalnız neft və qazla deyil, yerüstü sərvətlərlə, o cümlədən mədəni dəyərlərlə zənginliyindən bəhs edən E.Əmirbəyov sərgidə nümayiş etdirilən eksponatların buna əyani misal olduğunu söyləmişdir. Bu zənginliyin vətəni Azərbaycanın Şərq ilə Qərbin qovuşduğu məkanda yerləşdiyini və bu iki qitə arasında körpü rolunu oynadığını, qədim tarixə malik ölkənin modernləşdiyini və müasir simalı bir ölkəyə çevrildiyini bildirmişdir.
Qonaqlar və şəhər sakinləri sərgidə nümayiş etdirilən eksponatlarla tanış olmuşlar. Onlara ölkəmizin tarixi və mədəniyyəti, habelə turizm imkanlarından bəhs edən albom və broşürlər paylanmışdır.
Şəhərin Sən-Martən kilsəsində təşkil olunan konserti açan Şabli şəhərinin yerləşdiyi Yon departamentinin baş şurasının prezidenti Andre Vilye Azərbaycanın kənd təsərrüfatı nazirinin Fransaya işgüzar səfərinin iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının inkişafına mühüm təsir göstərəcəyindən, departamentin təsərrüfatının geniş imkanlarından, həmvətənlisi Aleksandr Dümanın (ata) Qafqaza səyahəti zamanı Azərbaycanda olmasından bəhs etmiş, sərgi sayəsində Şabli ictimaiyyətinin ölkəmiz barədə müəyyən məlumatlar əldə etdiyini, nümayiş olunan eksponatların həqiqətən də Azərbaycanın fövqəladə mədəni irsi ilə diqqəti cəlb etdiyini bildirmişdir.
Azərbaycanın sürətli iqtisadi inkişafının başqa ölkələrlə iqtisadi əlaqələr qurulmasına hərtərəfli imkan verdiyini diqqətə çatdıran Andre Vilye Fransa ilə Azərbaycan arasında məsafə uzaqlığına baxmayaraq, iki xalqın yaxınlaşmasında belə mədəni tədbirlərin keçirilməsinin vacibliyini vurğulamışdır.
Üzümçülük və şərabçılığın daha çox inkişaf etdiyi departamentin Azərbaycanda da bu sahələrin inkişaf etdirilməsinə hər cür kömək göstərməyə hazır olduğunu söyləyən A.Vilye bir neçə gün əvvəl demokratiyanın və insan hüquqlarının beşiyi hesab edilən Fransanın Milli Assambleyasında iki azərbaycanlıya siyasi motivə görə xəsarət yetirilməsini arzuolunmaz hal və dözümsüzlük hadisəsi kimi dəyərləndirmiş və bundan təəssüf hissi keçirdiyini bəyan etmişdir.
Şablidə qonaqpərvərliklə qarşılandıqlarına görə şəhər rəsmilərinə və sakinlərinə təşəkkür edən səfir Elçin Əmirbəyov çıxışında konsert proqramının xalqımızın klassik musiqi ənənələri əsasında hazırlandığını, ölkəmizin tarixi və zəngin mədəni dəyərləri ilə fransızları yaxından tanış etmək məqsədi daşıdığını diqqətə çatdırmış, xalqların yaxınlaşmasında və dostluq əlaqələrinin yaranmasında bu tədbirlərin əhəmiyyətini qeyd etmişdir.
1991-ci ildə ölkəmizin müstəqillik əldə etdiyini və demokratik inkişaf yoluna qədəm qoyduğunu xatırladan E.Əmirbəyov Azərbaycanla ticarət sahəsində əməkdaşlıqda Fransanın ikinci yerdə olduğunu, ölkəmizin Avropanın ən inkişaf edən ölkələrindən biri olan Fransa ilə istər iqtisadi, istər siyasi, istərsə də mədəni sahələrdə geniş əlaqələr qurmaqda maraqlı olduğunu bildirmişdir.
Andre Vilye hər iki tədbirlə bağlı AzərTAc-a müsahibəsində demişdir: "İstər sərgidə nümayiş etdirilən eksponatlar, istərsə də konsertdə səslənən musiqi parçaları, həqiqətən, Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərlərinin necə qədim və zəngin olması barədə fransızlarda tam təsəvvür yaradır. Hər iki tədbirdəki çıxışlarda xalqların yaxınlaşmasında mədəniyyətin mühüm rolu qeyd olundu. Bu fikirlərdə böyük həqiqət vardır. Əgər sərgi və konsert olmasaydı, bizim şəhərin sakinlərinin bir neçə nəfərini çıxmaqla heç birinin Azərbaycan haqqında məlumatı olmayacaqdı. Hər iki tədbir sayəsində biz indi bilirik ki, Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan qədim tarixə və zəngin mədəni irsə malik ölkədir. Sərgidəki qədim xalça və palazlar, keramika məhsulları və digər əşyalar dediklərimi tamamilə sübut edir.
Bu
cür tədbirlərin vaxtaşırı keçirilməsi
Azərbaycanı daha yaxından tanımaqda mühüm rol
oynayır".
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Şabli
Azərbaycan.-2013.- 3 mart.- S.2.