Moskvada Rusiya Azərbaycanlı
Gənclər Təşkilatının dəstəyi ilə Azərbaycan mədəniyyəti
gecəsi keçirilmişdir
Martın
1-də Rusiya Milli Tədqiqatlar Universitetinin Ali İqtisadiyyat Məktəbində
(MTU AİM) Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
və Ali İqtisadiyyat Məktəbinin Millətlər
Palatasının təşkilatçılığı ilə
Azərbaycan mədəniyyəti gecəsi
keçirilmişdir.
Məktəbin
foyesində Azərbaycanın qədim və müasir tarixini
özündə birləşdirən sərgi təşkil olunmuşdur. Sərgidə
XVI əsrə aid qadın geyimləri, kələğayı,
müxtəlif məişət əşyaları, eyni zamanda,
Azərbaycan rəssamlarının modern art üslubunda əsərləri
nümayiş etdirilirdi.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu mədəniyyət gecəsini açaraq bildirmişdir ki, humanitar əməkdaşlıq, o cümlədən mədəni əlaqələr xalqlar arasında dostluq münasibətlərinin inkişafının ən başlıca istiqamətidir. Gənclərin bu sahədə fəaliyyəti olduqca əhəmiyyətlidir və hərtərəfli dəstəklənməlidir. Səfir Rusiya Azərbaycanlı Gənclər Təşkilatının Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğində rolunu yüksək qiymətləndirmişdir.
Tədbirin
bədii hissəsində "Odlar Yurdu" rəqs
ansamblı, Beynəlxalq Muğam Festivalının laureatı
Mirpaşa Şükürov və başqaları Azərbaycan
incəsənətini ən müxtəlif janrlarda təqdim
etmişlər.
Rusiya
Azərbaycanlı Gənclər Təşkilatının əlaqələndiricisi
Natiq Əliyev AzərTAc-ın
müxbirinə bildirmişdir ki, MTU AİM-in Millətlər
Palatası indiyədək müxtəlif millətlərin mədəniyyətinə
həsr olunmuş onlarla tədbir keçirmişdir. Azərbaycan
mədəniyyətinə həsr olunmuş gecə isə
burada ilk dəfə təşkil olunur. Məqsədimiz Azərbaycan
mədəniyyətinin təbliği ilə yanaşı, azərbaycanlı
abituriyentlərin diqqətini bu ali təhsil ocağına cəlb
etməkdir.
Fəridə ABDULLAYEVA,
AzərTAc-ın xüsusi
müxbiri
Moskva
Azərbaycan.-2013.- 3 mart.- S.3.