Azərbaycan Respublikasının Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti hərbi
qulluqçularının hərbi geyim forması və fərqlənmə
nişanları haqqında Əsasnamə
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il
27
fevral tarixli Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəalar
1.1.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi
Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin (bundan sonra - Xidmət) hərbi geyim forması Xidmətin
şəxsi heyəti üçün müəyyən
edilmiş hərbi geyim əşyaları, fərqlənmə
nişanları və hərbi ləvazimat dəstidir.
1.2.
Hərbi geyim dəstinə aşağıdakılar aiddir:
1.2.1.
üst geyimləri - palto, plaş, istiləşdirilmiş
gödəkcə, kitel, gödəkcələr, şalvar,
yubka və s.;
1.2.2.
baş geyimləri - buxara papaq, qulaqlı papaq, furajka,
şlyapa, pilotka və s.;
1.2.3.
ayaqqabılar - tufli, botinka, uzunboğaz çəkmə və
s.;
1.2.4.
digər əşyalar - köynək, yun köynək, şərf,
əlcək, qalstuk, corab və s.
1.3. Hərbi qulluqçuların fərqlənmə nişanları, hərbi geyim formasında rəmzlərlə şərti təsvir olunmaqla, hərbçinin dövlət mənsubiyyətini, Xidmətə, hərbi rütbəyə, hərbi qulluqçuların heyətinə mənsubiyyətini göstərir. Hərbi rütbəyə görə və hərbi qulluqçuların heyətinə görə fərqlənmə nişanları və onların təsviri "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim formasının və fərqlənmə nişanlarının təsvirləri"ndə müəyyən edilir.
1.4. Fərqlənmə nişanlarına poqonlar, poqondakı nişanlar (emblemlər, ulduzlar və s.), qol, yaxalıq və döş nişanları (tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar), kantlar və lampaslar aiddir. Bundan əlavə, hərbi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa detalları kimi digər zahiri fərqlənmə əlamətlərindən də həmin məqsədlərlə istifadə edilir.
1.5. Hərbi ləvazimata daxildir: qılınc, akselbant, bel kəməri, aşırma kəmər, şalvar qayışı, səhra jileti, əşya kisəsi, qumquma, bel üçün üzlüklər, səhra çantası, qobur və s.
1.6. Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə, öz növbəsində, yay və qış geyimlərinə bölünür. Yay geyim forması nazik parçadan tikilir.
1.7. Mərasim geyim forması xüsusilə təntənəli hallarda, istirahət və bayram günlərində, habelə xidmətdənkənar vaxtda geyinilmək üçün nəzərdə tutulmuşdur.
1.8. Səhra geyim forması döyüş şəraitində, naryadlarda (aparatda, idarə, şöbə, bölmə və növbədə olanlardan başqa), toplanışlarda, təlimlərdə və təlim mərkəzlərindəki məşğələlərdə geyinilmək üçün nəzərdə tutulmuşdur.
1.9. Xüsusi geyimlər texniki və iş paltarlarına bölünür. Xüsusi texniki paltar xüsusi hərbi ixtisaslar üzrə hazırlıq keçirən, avtomobil və zirehli texnikalara, təyyarələrə qulluq edən və texniki avadanlıqların və vasitələrin təmiri ilə məşğul olan hərbi qulluqçular üçün nəzərdə tutulmuşdur. Xüsusi iş paltarını isə hərbi qulluqçular yeməkxanada və tibb müəssisəsində geyinirlər.
1.10.
Gündəlik geyim forması qalan bütün hallarda geyinilir.
1.11.
İstiləşdirilmiş xüsusi paltarı
(yarımkürk, gödəkcə, şalvar, xəz əlcək,
yun köynək, keçə çəkmə və s.) hərbi
qulluqçular iş vaxtı, hava temperaturunun aşağı
olduğu şəraitdə keçirilən
toplanışlarda, məşğələlərdə, təlimlərdə
və işlərdə, xüsusilə soyuq iqlimli,
güclü külək əsən bölgələrdə
isə hər gün geyinirlər.
1.12. Yay
paltarını hərbi qulluqçular yay vaxtı, hava
temperaturunun yuxarı olduğu şəraitdə keçirilən
məşğələlərdə, təlimlərdə,
işlərdə, xüsusilə isti iqlimli bölgələrdə
isə hər gün geyinirlər.
1.13.
Konkret tədbirlərdə (sıra baxışlarında,
sıra düzümlərində, müşavirələrdə
və s.) iştirak etmək üçün geyim
formasını, tapşırıqların xarakteri və yerinə
yetirilməsi şəraiti nəzərə alınmaqla, həmin
tədbirləri keçirənlər (rəislər) müəyyən
edirlər.
1.14. Xidmətdə
həqiqi hərbi xidmət keçən bütün hərbi
qulluqçular (Xidmətə toplanışlara
çağırılmış hərbi vəzifəlilər),
habelə ehtiyata, yaxud istefaya buraxılmış hərbi geyim
forması daşımaq hüququ olan şəxslər Xidmətin
hərbi geyim formasını daşımaq hüququna malikdirlər.
1.15. Hərbi
geyim formasını daşımaq hüququ olmayan vətəndaşların
hərbi qulluqçuların fərqlənmə
nişanları olan geyim formasını geyinməsi
qadağandır.
1.16. Xidmətin
hərbi qulluqçuları hərbi geyim formasını Xidmət
rəisinin təsdiq etdiyi qaydalara uyğun olaraq
daşıyırlar.
1.17. Hərbi
qulluqçular hərbi geyim forması və hərbi ləvazimat
ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi
normalar üzrə təmin edilirlər.
1.18.
Xüsusi geyimin və hərbi ləvazimatın tərkibini, təsvirini
və daşıma qaydalarını Xidmətin rəisi müəyyən
edir.
2. Mərasim
geyim forması
2.1. Xidmətin
hərbi qulluqçularının mərasim geyim
formasının tərkibinə aşağıdakılar
aiddir:
2.1.1. palto - açıq boz rəngli;
2.1.2. kitel - tünd zeytun rəngli;
2.1.3. şalvar (qadınlar üçün yubka) -
tünd zeytun rəngli;
2.1.4. şalvar qayışı - qara rəngli;
2.1.5. aşırma qayış - qızılı rəngli
(yalnız zabitlər üçün);
2.1.6. köynək - ağ rəngli;
2.1.7. qalstuk - qara rəngli (qızılı rəngli
sıxacla);
2.1.8. əlcək - ağ rəngli;
2.1.9. şərf - ağ rəngli;
2.1.10. corablar (qadınlar üçün bədən
dərisi rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli;
2.1.11. tufli (qadınlar üçün - qış
vaxtı uzunboğaz çəkmə) - qara rəngli;
2.1.12. baş geyimləri - boz rəngli təbii
qaragül dərisindən buxara papaq (yalnız ali zabitlər
üçün) və boz rəngli təbii qaragül dərisindən
qulaqlı papaq (ali zabitlər və polkovniklər
üçün), boz rəngli xəzdən qulaqlı papaq,
yaxud furajka, qadınlar üçün şlyapa - tünd
zeytun rəngli;
2.1.13. qılınc;
2.1.14. akselbant;
2.1.15. qadın çantası - qara rəngli.
2.2. Palto
açıq boz rəngli yun parçadan tikilir,
qızılı rəngdə üç böyük forma
düyməsi ilə düymələnir, ikibortludur, qatlanan
yaxalıqlıdır, yaxalıq
taxılıb-çıxarılan və papağa uyğun boz
rəngli dəridəndir. Layları yanlardan
köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.
Kürəkdə, ortada, aşağıda
şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun böyür tikiş
yerlərinə bərkidilmiş qızılı rəngli iki
böyük forma düyməsi ilə düymələnən
tənzimləyici kəmərcik vardır. Qolları ikitikişli, köbəli, içəridən
tikiləndir. Vatinlə istiləşdirilmiş
astarın ətəkləri sərbəstdir. Astarında iki kəsmə qoltuq cibi vardır. Yun parçadan hazırlanan paltonun elə həmin
parçadan da tikilmiş taxılıb-çıxarılan
poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta
forma düymələri ilə düymələnir. Paltonun sağ (qadınlar üçün - sol)
bortuna yaxanı düymələmək üçün
paltonun rənginə uyğun adi düymə tikilmişdir.
Paltonun yaxalıqlarının künclərinə ali zabitlər üçün tikmə, hərbi
qulluqçuların qalan kateqoriyaları üçün isə
qızılı rəngdə metal yaxalıq nişanları bərkidilir.
Paltonun sol qolunun xarici səthində dövlət
mənsubiyyətini bildirən fərqlənmə qol
nişanı tikilir. Ali zabitlər üçün
paltonun yaxalığının kənarı boyunca və qol
köbəsinin üstündən qırmızı rəngli
mahuddan kant tikilir, yaxalıq təbii
qaragül dərisindəndir və taxılıb-çıxarılandır.
Döşəmədən paltonun ətəyinədək
olan məsafə 40-42 sm-dir (şəkil 1-8).
2.3. Kitel
tünd zeytun rəngli parçadan tikilir. Açıq,
birbortlu, qatlanan yaxalıqlıdır. Bortu
ortadan qızılı rəngdə dörd (qadınlar
üçün - üç) böyük forma düyməsi
ilə düymələnir. Layları kəsmə
yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və orta forma düymələri
ilə düymələnən, şaquli
qırçınlı, fiqurlu qapaqlı iki döş cibi,
habelə fiqurlu qapaqları forma düymələri ilə
düymələnən yan kəsmə ciblər vardır.
Kürəkdə, ortada, aşağıdan
şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən
tikiləndir. Kitel ətəyinədək
astarlıdır. Astarında iki kəsmə
qoltuq cibi vardır. Kostyum
parçasından hazırlanan kitelin elə həmin
parçadan tikilmiş taxılıb-çıxarılan
poqonlar üçün kəmərcikləri vardır. Kəmərciklər qızılı rəngli orta
forma düymələri ilə düymələnir.
Kitelin yaxalığının künclərində
qızılı rəngdə metal yaxalıq nişanı (ali zabitlərdə palıd budaqları şəklində
qızılı rəngdə tikmə yaxalıq
nişanı) yerləşir. Kitelin sol qolunun
xarici tərəfində dövlət mənsubiyyətini
bildirən fərqlənmə qol nişanı tikilir. Ali
zabitlər üçün kitelin yaxalığının kənarı
boyunca və qol köbəsinin üstündən
qırmızı rəngli mahuddan kant
tikilir (şəkil 9-16).
2.4.
Şalvar tünd zeytun rəngli kostyum parçasından
tikilir. Tikilmə qurşaq aşırma ilgəklə
düymələnir. Şalvarın kəsmə
yan cibləri, qurşağının sol yarısındakı
tikiş yerində saat cibi, arxadan sağ tərəfində
qapaqlı kəsmə cibi vardır. Şalvarın
miyançası qarmaq və zəncirbəndlə
bağlanır, yaxud üç-dörd düymə ilə
düymələnir. Qurşaqda kəmər
üçün yeddi ensiz halqa vardır. Zabitlərin,
gizirlərin və müddətdən artıq hərbi xidmət
hərbi qulluqçularının şalvarına
qırmızı rəngli mahuddan kant (ali
zabitlər üçün - qırmızı rəngli
mahuddan lampas) tikilir (şəkil 9, 10, 13, 15).
2.5. Yubka
tünd zeytun rəngli parçadan tikilir. Tikilmə
qurşaqlıdır, sarjadan, yaxud sətindən astarı
olur. Arxasında zəncirbənd və
şlitsa vardır. Qabaqdan iki parçadan
ibarətdir. Arxa və ön hissələri
bel səviyyəsində köklənmişdir. Qurşağında kəmər üçün
yeddi ensiz halqa vardır (şəkil 11, 12, 14, 16).
2.6.
Şalvar qayışı qara rəngdədir.
2.7.
Aşırma qayış qızılı rəngdədir və
yalnız zabitlər üçün nəzərdə tutulur.
2.8.
Köynək uzunqol və qısaqol olmaqla, ağ
rəngli köynəklik parçadan hazırlanır. Tikilmə qatlanan yaxalıqlıdır. Bortu ortadan düymələnir. Poqonlar
üçün kəmərcikləri, şaquli
qırçınlı, fiqurlu qapaqlı iki döş cibi
vardır. Qolları manjetli və
yarıqlıdır. Kəmərciklər,
bortlar, fiqurlu qapaqlar və manjetlər adi düymələrlə
düymələnir. Kürəyi
koketkalıdır. Ətəyi
qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi
qulluqçular üçün köynəyin qabağı
yan tikişlərlə köklənmişdir. Köynək tünd zeytun rəngli
taxılıb-çıxarılan poqonlarla geyinilir.
2.9.
Qalstuk qara rəngdədir. İti ucla tamamlanan
uzanmış trapesiyaşəkilli əsas hissədən,
metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir.
Qalstuk qızılı rəngli metal sıxacla taxılır
(şəkil 109).
2.10. Əlcək
ağ rəngdədir. Mərasim
geyim formasında əlcəkdən mütləq istifadə
edilir.
2.11.
Şərf ağ rəngdədir. Paltonun yaxalığının altına səliqə
ilə qatlanmış vəziyyətdə salınır.
Yun və ya ipək parçadan
hazırlanır. Ölçüləri
120x20 sm-dir.
2.12.
Corablar qara rəngdədir. Qadın hərbi
qulluqçular bədən dərisi rəngində neylon, yaxud
yarımyun uzunboğaz corablar geyinirlər.
2.13. Yay
tuflisi qara rəngli, laklıdır. Qış
tuflisi qara rəngli xromdan hazırlanır. Tuflinin tənzimləyici rezinciyi və üst hissəsində
bir zolaq tikişi vardır. Dabanı qəliblənmişdir.
Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
Qadın yay tuflisi qara rəngli, laklı,
alçaqdabandır. Burnu ensizdir, arxa hissəsi
möhkəmləndirilmişdir. Qadın
qış tuflisi qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
2.14.
Uzunboğaz çəkmə (qadınlar üçün
) qara rəngli xromdan hazırlanır. Dabanı orta
ölçüdədir. Burnu ensizdir.
Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
2.15.
Buxara papaq boz rəngli təbii qaragül dərisindən tikilir.
Təpə hissəsi qırmızı parçadandır və
üzərində qızılı rəngli xətlər var.
Qulaqlı papaq boz rəngli xəzdəndir, ali
zabitlər və polkovniklər üçün boz rəngli təbii
qaragül dərisindən tikilir. Silindr
formalıdır, dibcikdən, dövrədən və
qulaqlıqlardan (buxara papaq istisna olmaqla) ibarətdir.
Qulaqlı papağın içində sarjadan (ali
zabitlər və polkovniklər üçün - ipəkdən)
astar vardır. Mərasim geyim forması
üçün qulaqlı papağın qızılı rəngli
tikmə kokardası vardır (şəkil 90).
2.16.
Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı
dibcikdən, təpə, dövrə, günlük hissələrindən,
qızılı rəngli çənəaltı
qayışcıqdan və kiçik forma düymələrindən
ibarətdir. Kitelin hazırlandığı
parçadan hazırlanır. Təpə hissəsinin kənarına
həmin parçadan eni 3 mm olan kant tikilir.
Dibciyin alt hissəsi boyunca eni 3mm olan tünd qırmızı
rəngli kant tikilir. Qabaq hissədə
furajkanın dövrəsində qızılı rəngli
tikmə kokarda vardır. Günlük
tünd zeytun rənglidir. Günlüyün üstünə
ali hərbi rütbəsi olan zabitlər
üçün iki, baş zabitlər üçün isə
bir cərgə palıd yarpağı şəklində
qızılı rəngdə naxışı olan tünd
qızılı rəngli üzlük tikilir. Digər
hərbi qulluqçular üçün zeytun rəngli
parçadan tikilir. Qızılı (gizirlər
və müddətdən artıq xidmət hərbi
qulluqçuları üçün - qara) rəngli çənəaltı
qayışcıq iki kiçik forma düyməsi ilə
bağlanılır (şəkil 93, 94).
2.17.
Şlyapa tünd zeytun rəngli parçadan tikilir, oval
formalı dibcikdən, təpə, dövrə, günlük
hissələrindən, qızılı rəngli çənəaltı
qayışcıqdan və kiçik forma düymələrindən
ibarətdir. Kitelin tikildiyi parçadan
hazırlanır. Kənarları yanlardan və
arxadan azca qaldırılmışdır. Kənarlarının
eni 9 sm-dir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd
qırmızı rəngli kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında
qızılı rəngdə tikmə kokarda vardır. Günlük tünd zeytun rənglidir.
Günlüyün üstünə ali
zabitlər üçün iki, baş zabitlər
üçün bir cərgə palıd yarpağı şəklində
qızılı rəngdə naxışı olan tünd
zeytun rəngli üzlük tikilir. Qızılı
(gizirlər və müddətdən artıq xidmət hərbi
qulluqçuları üçün - qara) rəngli çənəaltı
qayışcıq iki kiçik forma düyməsi ilə
bağlanılır (şəkil 92).
2.18.
Qılınc yalnız zabitlər üçün nəzərdə
tutulur.
2.19.
Akselbant qızılı rəngdədir.
2.20.
Qadın çantası qara rəngdədir (şəkil 108).
3.
Gündəlik geyim forması
3.1. Xidmətin
hərbi qulluqçularının gündəlik geyim
formasına aşağıdakılar aiddir:
3.1.1. istiləşdirilmiş gödəkcə -
tünd zeytun rəngli;
3.1.2. plaş - tünd zeytun rəngli;
3.1.3. kitel - tünd zeytun rəngli;
3.1.4. demisezon gödəkcə - tünd zeytun rəngli;
3.1.5. yun köynək - yaxası üçbucaq,
tünd zeytun rəngli;
3.1.6. şalvar (qadınlar üçün - yubka) -
tünd zeytun rəngli;
3.1.7. şalvar qayışı - qara rəngli;
3.1.8. köynək - uzunqol və qısaqol, sarıya
çalan açıq qəhvəyi rəngli;
3.1.9. qalstuk - tünd zeytun rəngli (ali zabitlərdə
qara rəngli), qızılı rəngli sıxacla;
3.1.10. şərf - boz rəngli;
3.1.11. əlcək - qara rəngli;
3.1.12. corab (qadınlar üçün - bədən
dərisi rəngli neylon, yaxud yarımyun corablar) - qara rəngli;
3.1.13. tufli (qadınlar üçün - qış
vaxtı uzunboğaz çəkmə) - qara rəngli;
3.1.14. baş geyimləri - boz rəngli təbii
qaragül dərisindən buxara papaq (yalnız ali zabitlər
üçün) və boz rəngli təbii qaragül dərisindən
qulaqlı papaq (ali zabitlər və polkovniklər
üçün), boz rəngli xəzdən qulaqlı papaq,
furajka, pilotka, qadınlar üçün şlyapa - tünd
zeytun rəngli;
3.1.15. qadın çantası - qara və ya ağ rəngli.
3.2.
İstiləşdirilmiş gödəkcə tünd zeytun rəngli
plaş parçasından (kostyum parçasından) tikilir,
qatlanan yaxalıqlıdır. Yaxalıq süni
dəridəndir və
taxılıb-çıxarılandır. Ali
zabitlər və polkovniklər üçün
taxılıb-çıxarılan yaxalıq boz rəngli
qaragül dərisindəndir. Gödəkcənin
öz rəngində adi düymə ilə düymələnən
taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri
vardır. Gödəkcənin
taxılıb-çıxarılan süni və ya təbii xəzdən
istiləşdirilmiş astarı vardır. Gödəkcə birbortludur, öz rəngində
dörd düymə ilə düymələnir və
açıq yaxalıdır, yan kəsmə cibləri və
plastik toqqalı kəməri vardır. Gödəkcənin
sol qolunun xarici səthində dövlət mənsubiyyətini
bildirən fərqlənmə qol nişanı tikilir (şəkil
17-24).
3.3.
Plaş tünd zeytun rəngli parçadandır, birbortludur,
öz rəngində üç düymə ilə düymələnir,
qatlanan yaxalıqlı və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastik toqqalı kəməri
vardır. Kürəkdə, ortada,
aşağıda şlitsa ilə tamamlanan tikiş vardır.
Qolları ikitikişli, içəridən tikilən kəmərciklidir
(ali zabitlər istisna olmaqla). Astarında iki kəsmə qoltuq cibi vardır.
Kostyum parçasından hazırlanan plaşın və onun kəmərinin
elə həmin parçadan da tikilmiş
taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri
(ali zabitlər istisna olmaqla) vardır. Kəmərciklər plaş rəngli forma düymələri
ilə düymələnir. Plaşın
yaxalığının künclərinə ali
zabitlər üçün tikmə, hərbi
qulluqçuların qalan kateqoriyaları üçün isə
qızılı rəngdə metal yaxalıq nişanları bərkidilir.
Plaşın sol qolunun xarici səthinə
dövlət mənsubiyyətini bildirən fərqlənmə
qol nişanı tikilir. Döşəmədən
plaşın ətəyinədək olan məsafə 40-42
sm-dir (şəkil 25-32).
3.4. Kitel
tünd zeytun rəngli parçadandır. Açıq,
birbortlu, qatlanan yaxalıqlıdır. Bortu
ortadan qızılı rəngli dörd (qadınlar
üçün - üç) böyük forma düyməsi
ilə düymələnir. Layları kəsmə
yan hissəli olub, qabaqdan köklənmişdir. Onlarda üstdən tikilmiş və orta forma düymələri
ilə düymələnən şaquli
qırçınlı, fiqurlu qapaqlı iki döş cibi,
habelə fiqurlu qapaqları orta forma düymələri ilə
düymələnən yan kəsmə cibləri vardır.
Kürəkdə, ortada, aşağıdan
şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, köbəli, içəridən
tikiləndir. Kitel ətəyinədək
astarlıdır. Astarında iki kəsmə
qoltuq cibi vardır. Kostyum parçasından
hazırlanan kitelin elə həmin parçadan tikilmiş
taxılıb-çıxarılan poqonlar üçün kəmərcikləri
vardır. Kəmərciklər
qızılı rəngli orta forma düymələri ilə
düymələnir. Kitelin yaxalığının
künclərində qızılı rəngli metal yaxalıq
nişanı (ali zabitlərdə -
palıd budaqları şəklində qızılı rəngli
tikmə yaxalıq nişanı) yerləşir. Kitelin sol qolunun xarici tərəfində dövlət
mənsubiyyətini bildirən fərqlənmə qol
nişanı tikilir. Ali zabitlər üçün
kitelin yaxalığının kənarı boyunca və qol
köbəsinin üstündən qırmızı rəngli
mahuddan kant tikilir (şəkil 33-40).
3.5.
Demisezon gödəkcə tünd zeytun rəngli
parçadandır. Bortları zəncirbəndlə
bağlanır, astarlıdır. Laylarında
yan kəsmə fiqurlu qapaqlı cibləri vardır. Kürəyi bütöv, düz siluetlidir. Qolları təktikişlidir. Aşağı
kənarlarına elastik trikotaj manjet tikilmişdir. Gödəkcənin qurşağı
trikotajdandır. Yaxalığı dikdir,
trikotajdandır, gödəkcənin parçasından
hazırlanan taxılıb-çıxarılan poqonlar
üçün kəmərcikləri vardır. Kəmərciklər basmadüymə ilə düymələnir.
Gödəkcənin sol qolunun xarici səthinə
dövlətə mənsubiyyətini bildirən fərqlənmə
qol nişanı tikilir (şəkil 41-48).
3.6. Yun
köynək tünd zeytun rəngli yundan toxunur. Yaxası üçbucaq şəkilli
açıqdır. Tünd zeytun rəngli
taxılıb-çıxarılan poqonlar üçün elə
həmin rəngdə kəmərcikləri vardır. Kəmərciklər yun köynəyin rənginə
uyğun kiçik adi düymələrlə düymələnir.
Yun köynəyin çiyin və dirsək hissələrinə
köynəyin öz rəngində möhkəm parçadan əlavə
qatlar tikilir. Sol qolunun xarici səthinə
cib tikilir (şəkil 49-56).
3.7. Şalvar
tünd zeytun rəngli kostyum parçasından tikilir. Tikilmə qurşaq aşırma ilgəklə
düymələnir. Şalvarın kəsmə
yan cibləri və arxadan sağ tərəfində qapaqlı
kəsmə cibi vardır. Şalvarın
miyançası qarmaq və zəncirbəndlə
bağlanır. Qurşaqda kəmər
üçün yeddi ensiz halqa vardır. Zabitlərin,
gizirlərin və müddətdən artıq hərbi xidmət
hərbi qulluqçularının şalvarlarına
qırmızı rəngli mahuddan kant (ali
zabitlər üçün - qırmızı rəngli
mahuddan lampas) tikilir (şəkil 57-64).
3.8. Yubka
tünd zeytun rəngli parçadan tikilir. Tikilmə
qurşaqlıdır, sarjadan, yaxud sətindən astarı
vardır. Arxasında zəncirbənd və
şlitsa vardır. Qabaqdan iki parçadan
ibarətdir. Arxa və ön hissələri
bel səviyyəsində köklənmişdir. Qurşağında kəmər üçün
yeddi ensiz halqa vardır (şəkil 65-72).
3.9.
Şalvar qayışı qara rəngdədir.
3.10.
Köynək uzunqol və qısaqol olmaqla, sarıya çalan
açıq qəhvəyi rəngli köynəklik
parçadan tikilir. Tikilmə qatlanan
yaxalıqlıdır. Bortu ortadan düymələnir.
Poqonlar üçün kəmərcikləri,
şaquli qırçınlı fiqurlu qapaqlı iki döş
cibi vardır. Qolları yarıqlı
(yalnız uzunqol köynəkdə) və manjetlidir. Kəmərciklər, bortlar, fiqurlu qapaqlar və
manjetlər adi düymələrlə düymələnir.
Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan rezinlidir. Qadın hərbi qulluqçular üçün
köynəyin qabağı yan tikişlərlə köklənmişdir.
Köynək tünd zeytun rəngli
taxılıb-çıxarılan poqonlarla geyinilir (şəkil
57-72).
3.11.
Qalstuk tünd zeytun rənglidir (ali zabitlər
üçün qara rəngdədir). İti
ucla tamamlanan uzanmış trapesiyaşəkilli əsas hissədən,
metal ilgəkli rezinli qaytandan və sabit düyündən ibarətdir.
Qalstuk qızılı rəngdə metal sıxacla
taxılır (şəkil 109).
3.12.
Şərf boz rəngdədir, plaşın
yaxalığının altından səliqə ilə
qatlanmış vəziyyətdə salınır. Yun və ya ipək parçadan hazırlanır.
Ölçüləri 120x20 sm-dir.
3.13. Əlcək
qara rəngdədir.
3.14. Corab
qara (göy) rəngdədir. Qadın hərbi
qulluqçular bədən dərisi rəngində neylon, yaxud
yarımyun uzunboğaz corab geyinirlər.
3.15. Tufli
qara rəngdədir. Qış tuflisi qara rəngli
xromdandır. Tənzimləyici rezinciyi
vardır. Dabanı qəliblənmişdir.
Altlığı göndəndir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
Qadın yay tuflisi qara rəngli, alçaq
dabanlıdır. Burnu ensiz, arxa hissəsi
möhkəmləndirilmişdir. Qadın
qış tuflisi qara rəngli xromdan hazırlanır. Zəncirbəndi, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
3.16.
Uzunboğaz çəkmə (qadınlar üçün) -
qara rəngli xromdandır. Dabanı orta
ölçüdədir. Burnu ensizdir.
Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.
3.17.
Buxara papaq boz rəngli təbii qaragül dərisindən
tikilir. Təpə hissəsi qırmızı
parçadandır və üzərində qızılı rəngli
xətlər var. Qulaqlı papaq boz rəngli xəzdəndir, ali zabitlər və polkovniklər
üçün boz rəngli təbii qaragül dərisindən
tikilir. Silindr formalıdır, dibcikdən,
dövrədən və qulaqlıqlardan (buxara papaq istisna
olmaqla) ibarətdir. Qulaqlı papağın içində
sarjadan (ali zabitlər və polkovniklər
üçün - ipəkdən) astar vardır (şəkil
90).
3.18.
Furajka tünd zeytun rəngli parçadan tikilir, oval formalı
dibcikdən, təpə, dövrə, günlük hissələrindən,
qızılı rəngli çənəaltı
qayışcıqdan və kiçik forma düymələrindən
ibarətdir. Kitelin tikildiyi parçadan
hazırlanır. Təpənin kənarında həmin
parçadan eni 3 mm olan kant tikilir. Dibciyin
alt hissəsi boyunca eni 3 mm olan tünd qırmızı rəngli
kant tikilir. Qabaq hissədə
furajkanın dövrəsində qızılı rəngdə
tikmə kokarda vardır. Furajkanın
günlüyü tünd zeytun rənglidir.
Günlüyün üstünə ali hərbi
rütbəsi olan zabitlər üçün iki, baş zabitlər
üçün isə bir cərgə palıd yarpağı
şəklində qızılı rəngdə
naxışı olan tünd qızılı rəngli
üzlük tikilir. Digər hərbi
qulluqçular üçün zeytun rəngli parçadan
tikilir. Qızılı (gizirlər və
müddətdən artıq xidmət hərbi
qulluqçuları üçün - qara) rəngli çənəaltı
qayışcıq iki kiçik forma düyməsi ilə
bağlanılır (şəkil 93, 94).
3.19.
Şlyapa tünd zeytun rəngli parçadan tikilir, oval
formalı dibcikdən, təpə, dövrə, günlük
hissələrindən, qızılı rəngli çənəaltı
qayışcıqdan və kiçik forma düymələrindən
ibarətdir. Kitelin tikildiyi parçadan
hazırlanır. Kənarları yanlardan və
arxadan azca qaldırılmışdır. Kənarlarının
eni 9 sm-dir. Dibciyin alt hissəsi boyunca eni 3 mm olan tünd
qırmızı rəngli kant tikilir. Şlyapanın qabaq hissəsinin ortasında
qızılı rəngli tikmə kokarda vardır. Günlük tünd zeytun rəngindədir. Günlüyün üstünə zabitlər
üçün bir cərgə palıd yarpağı şəklində
qızılı rəngdə naxışı olan tünd
zeytun rəngli üzlük tikilir. Qızılı
(gizirlər və müddətdən artıq xidmət hərbi
qulluqçuları üçün - qara) rəngli çənəaltı
qayışcıq iki kiçik forma düyməsi ilə
bağlanılır (şəkil 92).
3.20.
Pilotka tünd zeytun rəngli parçadan tikilir. Pilotkaların
yan səthinin yuxarı hissəsində ali
zabitlər üçün 5 mm, digər zabitlər
üçün 2 mm enində qızılı zolaq tikilir
(şəkil 95).
3.21.
Qadın çantası qara və ya ağ
rəngdədir. Çantanı qadın hərbi
qulluqçular gündəlik geyim formasında uzun
qayışla daşıyırlar (şəkil 108).
4. Səhra
geyim forması
4.1. Xidmətin
hərbi qulluqçularının səhra geyim
formasının tərkibinə aşağıdakılar
aiddir:
4.1.1. istiləşdirilmiş qış gödəkcəsi
- kamuflyaj edilmiş;
4.1.2. istiləşdirilmiş qış
şalvarı - kamuflyaj edilmiş;
4.1.3. yun köynək - tünd zeytun rəngli;
4.1.4. uzunqol mayka - kamuflyaj edilmiş (qara rəngli)
parçadan alt paltarı;
4.1.5. şərf - tünd zeytun rəngli;
4.1.6. uzunboğaz botinka - qara rəngli;
4.1.7. əlcək - qara rəngli;
4.1.8. corab - qara rəngli;
4.1.9. qulaqlı papaq - boz rəngli xəzdən (ali
zabitlər və polkovniklər üçün - boz rəngli
təbii qaragül dərisindən), yaxud qış
furajkası - kamuflyaj edilmiş;
4.1.10. yay gödəkcəsi - kamuflyaj edilmiş;
4.1.11. yay şalvarı - kamuflyaj edilmiş;
4.1.12. şalvar qayışı - tünd zeytun rəngli;
4.1.13. qısaqol mayka - kamuflyaj edilmiş parçadan
alt paltarı;
4.1.14. bel kəməri - kamuflyaj edilmiş;
4.1.15. yay furajkası - kamuflyaj edilmiş;
4.1.16.
plaş-çadır - kamuflyaj edilmiş.
4.2.
İstiləşdirilmiş qış gödəkcəsi
kamuflyaj edilmiş parçadan tikilir, dik
yaxalıqlıdır. Yaxalıqda
başlığı qoymaq üçün zəncirbəndlə
bağlanılan kəsmə cib vardır.
Yaxalığının sol tərəfinə tekstil lentlə
bağlanan kəmərcik, yaxalığın hər iki kənarına
isə tekstil lent tikilir. Başlıq
astarlıdır. Adi düymə ilə
düymələnən taxılıb-çıxarılan
poqonlar üçün kəmərcikləri vardır. Gödəkcənin
taxılıb-çıxarılan, süni və ya təbii xəzdən
istiləşdirilmiş astarı vardır. Gödəkcənin içərisində bel səviyyəsindən
və aşağı kənarından tənzimləyici qaytan
keçirilir. Gödəkcənin sol
qolunun xarici səthinə dövlət mənsubiyyətini
bildirən qara rəngli fərqlənmə qol nişanı
tikilir. Gödəkcənin sağ döş cibinin
qapağının üzərinə üstündə hərbi
qulluqçunun soyadı, inisialı və qan qrupu (rezus-faktor)
göstərilən qara rəngli döş nişanı
tikilir (şəkil 73-80).
4.3.
Qış şalvarı istiləşdirilmiş astar əlavə
edilməklə kamuflyaj edilmiş parçadan tikilir. Şalvarla birlikdə biçilmiş
qurşağı, üstdən tikilmiş və adi,
görünməyən düymələrlə düymələnən,
qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan
cibləri vardır. Qurşaqda yan tikiş
yerlərinin üstündə belin
ölçüsünü tənzimləyən, iki düymə
ilə düymələnən iki kəmərcik və ləvazimat
gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan
dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj rəngli
parçadan əlavə qat tikilir. Şalvarın
balaqlarında enli elastik lentdən üzəngilər
vardır (şəkil 73, 74, 77 və 79).
4.4. Yun
köynək tünd zeytun rənglidir, yundan toxunulur. Yaxası boğaza kimidir. Yun
köynəyin çiyin və dirsək hissələrinə
köynəyin öz rəngində möhkəm parçadan əlavə
qatlar tikilir. Üzərində heç bir
fərqlənmə nişanı yoxdur.
4.5.
Uzunqol mayka kamuflyaj edilmiş (qara rəngli)
parçadandır.
4.6. Şərf
tünd zeytun rəngli yun parçadandır. Ölçüləri
120x20 sm-dir.
4.7.
Uzunboğaz botinka qara rəngdədir. Dabanı
və altlığı bütövdür, qəliblənmişdir.
Bağları vardır, burnu və arxa hissəsi
möhkəmləndirilmişdir.
4.8. Əlcək
qara rəngli yun ipdən toxunulur.
4.9. Corab
qara rəngdədir və uzunboğaz botinka ilə geyinilir.
4.10.
Qulaqlı papaq boz rəngli xəzdəndir, ali
zabitlər və polkovniklər üçün boz rəngli təbii
qaragül dərisindən tikilir, qara rəngli tikmə
kokardası vardır (şəkil 90).
4.11.
Qış furajkası kamuflyaj edilmiş parçadan hazırlanır.
Üç yan, bir ön xişdəkdən, qulaqlıqdan (ali zabitlərdə istisna olmaqla) və
günlük hissələrdən ibarətdir. İstiləşdirilmiş
astarı vardır. Furajkanın ön
xişdəyi üzərində Xidmətin hərbi
qulluqçularının heyətləri üçün
müəyyən edilmiş qara rəngli tikmə (preslənmiş)
kokarda vardır. Günlük üzərinə
kamuflyaj parça çəkilmiş materialdan
hazırlanır. Günlüyün üstündə ali və baş zabitlər üçün
müəyyən edilmiş qara rəngli naxış
vardır (şəkil 90).
4.12. Yay
gödəkcəsi kamuflyaj rəngli parçadan tikilir,
qatlanan yaxalıqlıdır. Adi düymə ilə
düymələnən taxılıb-çıxarılan
poqonlar üçün kəmərcikləri vardır. Gödəkcə ətəyinə qədər
astarlıdır. Kürəyi
bütövdür. Qolları
ikitikişlidir, dirsək hissələrinə gödəkcənin
öz rəngində əlavə qat tikilmişdir,
qollarının ağzı kəmərciklidir. Gödəkcənin sol qolunun xarici səthinə
dövlət mənsubiyyətini bildirən qara rəngli fərqlənmə
qol nişanı tikilir. Gödəkcənin sağ
döş cibinin qapağı üzərinə üstündə
hərbi qulluqçuların soyadı, inisialı və qan
qrupu (rezus-faktor) göstərilən qara rəngli döş
nişanı tikilir (şəkil 81-88).
4.13. Yay
şalvarı kamuflyaj rəngli parçadan tikilir. Şalvarla birlikdə biçilmiş
qurşağı, üstdən tikilmiş və adi,
görünməyən düymələrlə düymələnən,
qapaqlı yan, qapaqlı kəsmə arxa və kəsmə yan
cibləri vardır. Qurşaqda yan tikiş
yerlərinin üstündə belin
ölçüsünü tənzimləyən, iki düymə
ilə düymələnən iki kəmərcik və ləvazimat
gəzdirmək üçün yeddi enli halqa vardır. Şalvarın miyançası biri qurşaqda olan
dörd düymə ilə düymələnir. Şalvarın diz hissələrinə kamuflyaj
edilmiş parçadan əlavə qat tikilir. Şalvarın balaqlarında enli elastik lentdən
üzəngilər vardır (şəkil 81-88).
4.14.
Şalvar qayışı tünd zeytun rənglidir.
4.15.
Qısaqol mayka kamuflyaj edilmiş parçadandır.
4.16. Bel kəməri
kamuflyaj edilmiş materialdandır.
4.17. Yay
furajkası kamuflyaj edilmiş parçadandır. Üç yan, bir ön xişdəkdən və
günlük hissələrdən ibarətdir. Furajkanın ön xişdəyinin üzərində
Xidmətin hərbi qulluqçularının heyətləri
üçün müəyyən edilmiş qara rəngli tikmə
(preslənmiş) kokarda vardır. İki
arxa xişdək furajkanın ölçüsünü tənzimləyən
elastik lentlə yığılır. Günlük
üzərinə kamuflyaj rəngli parça çəkilmiş
materialdan hazırlanır. Günlüyün
üstündə ali və baş zabitlər
üçün müəyyən edilmiş qara rəngli
naxış vardır (şəkil 91).
4.18.
Plaş-çadır kamuflyaj edilmişdir, yazda və
payızda istifadə edilir (şəkil 89).
5. Fərqlənmə
nişanları
5.1. Xidmətin
hərbi qulluqçularının fərqlənmə
nişanlarına poqonlar, qol, döş və yaxalıq
nişanları, emblemlər, kokardalar, ulduzlar və s. aiddir.
5.2.
Poqonlar hərbi rütbəni müəyyən etmək
üçündür (şəkil 96-101). Poqonları
zabit, gizir və müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçuları daşıyırlar.
5.3.
Poqonlar tikilmə və taxılıb-çıxarılan
poqonlara bölünür:
5.3.1. tikilmə poqonlar gündəlik və mərasim
geyim formasının palto, plaş, kitel, gödəkcə və
köynəklərinə tikilir. Tikilmə
poqonların yuxarı hissəsində, hərbi
qulluqçuların heyətindən asılı olaraq, 15 mm
diametrli müvafiq qızılı rəngli orta forma düyməsi
yerləşdirilir. Tikilmə poqonların uzunluğu
120-180 mm, aşağı kənarının eni ali zabitlər
üçün 56 mm, zabitlər, gizirlər və müddətdən
artıq həqiqi hərbi xidmət hərbi
qulluqçuları üçün 50 mm, yuxarı kənarının
eni ali zabitlər üçün 40 mm, zabitlər, gizirlər
və müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları üçün isə 35 mm-dir (şəkil
99, 101);
5.3.2.
taxılıb-çıxarılan poqonlar mərasim, gündəlik
və səhra geyim formaları üçün fərqli
müəyyən edilir. Taxılıb-çıxarılan
poqonların uzunluğu 125 mm, aşağı hissəsinin eni
60 mm, yuxarı hissəsinin eni isə 45 mm-dir (şəkil
100-101). Ali zabitlərin
taxılıb-çıxarılan poqonlarının
ölçüləri onların tikilmə poqonlarının
(səhra geyim formasından başqa) ölçüləri
ilə eynidir.
5.4. Xidmətin
hərbi qulluqçularının poqonlarının rəngləri
tünd zeytun rəngində (səhra geyim formasının
poqonları isə - kamuflyaj) müəyyən edilir. Mərasim geyim formasının poqonlarında
qızılı rəngli naxış vardır. Ali
zabitlərin tikilmə poqonlarının kənarlarında
qırmızı rəngli kant vardır.
5.5. Xidmət
rəisinin poqonlarının kənarları qızılı
rəngli palıd yarpaqları ilə əhatələnmişdir.
Səhra geyim formasının poqonları isə
qara rəngli palıd yarpaqları ilə əhatələnmişdir
(şəkil 97).
5.6. Ali
zabitlərin bütün növ poqonlarında ulduzlar
qızılı (səhra geyim formasından başqa) sapla
toxunur. Ali zabitlərin poqonlarının
aşağı kənarından 10 mm məsafədə
qızılı (səhra geyim formasında - qara) rəngli
emblem yerləşdirilir. Emblemin ölçüləri
42x27 mm-dir.
5.7.
Baş zabitlərin poqonlarının aşağı kənarından
12 mm məsafədə Silahlı Qüvvələrin
çarpazlaşdırılmış qılınclarsız
qızılı (səhra geyim formasında - qara) rəngli
40x25 mm ölçülü emblemi yerləşdirilir.
5.8. Zabitlərin
və gizirlərin tikilmə poqonlarında onların hərbi
rütbələrinə müvafiq olaraq səkkizguşəli
ulduz və qızılı rəngli
çarpazlaşdırılmış qılınclarsız
(ancaq baş zabitlər üçün) Silahlı Qüvvələrin
metal emblemi, taxılıb-çıxarılan (səhra geyim
forması poqonlarından başqa) poqonlarında isə tikilmə
və ya preslənmiş
çarpazlaşdırılmış qılınclarsız
(ancaq baş zabitlər üçün) sarı və qara (səhra
geyim forması poqonları üçün) rəngli müəyyən
olunur.
5.9. Zabitlərin
və gizirlərin poqonlarında onların hərbi rütbələrinə
müvafiq olaraq qızılı (səhra geyim
formasının poqonlarında - qara) rəngli səkkizguşəli
ulduzlar yerləşdirilir. Ulduzların guşələrindən
biri poqonun yuxarı hissəsinə istiqamətləndirilir.
Ulduzların ölçüsü onların ətrafına
çəkilmiş xəyali çevrənin diametri ilə
müəyyən olunur.
5.10. Zabitlərin poqonlarındakı
ulduzların ölçüləri kiçik zabitlər
üçün 17 mm, baş zabitlər üçün 22
mm, ali zabitlər üçün 25 mm-dir. Zabitlərin
poqonlarındakı ulduzlar uzununa sıra ilə yerləşdirilir.
Hərbi rütbədən asılı olaraq, poqonlarda
ulduzların sayı aşağıdakı kimidir:
5.10.1.
general-leytenant - 2 ulduz;
5.10.2.
general-mayor - 1 ulduz;
5.10.3. polkovnik - 3 ulduz;
5.10.4.
polkovnik-leytenant - 2 ulduz;
5.10.5. mayor - 1 ulduz;
5.10.6. kapitan - 4 ulduz;
5.10.7. baş leytenant - 3 ulduz;
5.10.8. leytenant - 2 ulduz;
5.10.9. kiçik leytenant - 1 ulduz.
5.11.
Gizirlərin, müddətli və müddətdən artıq
həqiqi hərbi xidmət çavuşlarının hərbi
rütbəyə görə fərqlənmə poqonları 101-ci
şəkildə təsvir edilmişdir.
5.12. Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri olan dövlət
mənsubiyyətinə görə fərqlənmə qol
nişanı Xidmətin hərbi qulluqçularının
geyim formasında (yun, uzunqol, qısaqol köynəklər və
xüsusi iş paltarları istisna olmaqla) daşınmaq
üçün nəzərdə tutulur. Xidmətə
mənsubiyyətinə görə fərqlənmə
döş nişanı Xidmətin bütün hərbi
qulluqçularının kitel, demisezon gödəkçə
və qısaqol köynəklərində daşınmaq
üçün nəzərdə tutulur. Xidmətin
hərbi qulluqçularının Xidmətə mənsubiyyətini
göstərən metal və ya parça fərqlənmə
döş nişanını Xidmətin zabitləri, gizirləri
və müddətdən artıq həqiqi hərbi xidmət
hərbi qulluqçuları daşıyırlar. Fərqlənmə
yaxalıq nişanı (ali zabitlər
istisna olmaqla) 26x28 mm ölçüdə qızılı rəngdə
müəyyən olunur (şəkil 102, 103, 106, 107).
5.13. Ali
zabitlər üçün paltoların
yaxalıqlarının künclərində qırmızı
rəngli parça üzərində və kitellərin
yaxalıqlarının künclərində palıd
budaqları şəklində qızılı rəngli tikmə
yaxalıq nişanı olur (şəkil 107).
5.14.
Kokardalar hərbi qulluqçuların Xidmətə mənsubiyyətini
göstərən fərqlənmə əlaməti kimi,
baş geyimlərində daşınmaq üçün nəzərdə
tutulur (şəkil 104). Kokardası olan
bütün növ baş geyimlərində (səhra geyim
formasından başqa) qızılı rəngli parçadan
kokarda olur. Səhra geyim formasındakı
kamuflyaj furajkada qara rəngli parçadan kokarda olur.
5.15.
Kokardaların ölçüləri (şəkil 105):
5.15.1. ali
zabitlər üçün tünd zeytun rəngli furajkalarda
131x67 mm, papaq, kamuflyaj furajka və pilotkada 80x50 mm-dir;
5.15.2. zabitlər üçün 68x58 mm-dir;
5.15.3.
gizirlər üçün 48x52 mm-dir.
5.16.
Kokarda bütün növ baş geyimlərinin (pilotkadan
başqa) ön tərəfində yerləşdirilməlidir.
Pilotkada kokardalar sol tərəfdə yerləşdirilir.
5.17.
Kokarda aşağıdakı qaydada yerləşdirilir (şəkil
105-106):
5.17.1. buxara papaqda - papağın aşağı kənarından
50 mm məsafədə;
5.17.2. qulaqlı papaqda - qulaqlı papağın
aşağı kənarından 40 mm məsafədə;
5.17.3. furajkada - dekorativ çənəaltı
qayışcığın yuxarısında;
5.17.4. kamuflyaj və qara rəngli iplik furajkada - günlükdən
5 mm məsafədə;
5.17.5. şlyapada - dekorativ çənəaltı
qayışcığın yuxarısında;
5.17.6.
pilotkada - sol tərəfdə, pilotkanın aşağı və
ön kənarından kokardanın aşağı və yan kənarınadək
20 mm məsafədə.
Azərbaycan.-2013.- 3 mart.- S.4.