Vyanada Xocalı faciəsinin
ildönümünə həsr olunmuş
konfrans
Martın 1-də Azərbaycanın Avstriyadakı səfirliyi və Avstriya Türk Konfederasiyasının birgə təşkilatçılığı ilə Vyanada Xocalı soyqırımına həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə Avstriyada yaşayan soydaşlarımız, Avstriya Atatürkçü
Düşüncə Dərnəyi, Avstriya
Türk Konfederasiyasının və digər
türk cəmiyyətlərinin üzvləri,
Avstriya ictimaiyyətinin nümayəndələri
iştirak etmişlər.
Konfransda
Azərbaycan Respublikası Milli Məclisinin deputatları
Rövşən Rzayev və Fuad Muradov məruzə ilə
çıxış etmişlər.
R.Rzayev
çıxışında Ermənistanın Azərbaycana ərazi
iddiaları və ötən əsrin 80-ci illərinin
sonlarından Azərbaycana qarşı təcavüzə
başladığını qeyd etmiş, Xocalı
soyqırımına gətirib çıxaran hadisələrə
nəzər salmış, hələ Xocavənd rayonunun
Qaradağlı kəndində Azərbaycan xalqına
qarşı ilk soyqırımının törədildiyini
bildirmişdir. Deyilmişdir ki, öz havadarlarına arxalanan
erməni separatçıları Rusiya ordusunun hərbi dəstəyi
ilə Xocalı şəhərində dinc əhaliyə
qarşı amansız soyqırımı törətmiş,
uşaq, qadın və qocalar da daxil olmaqla, yüzlərlə insanı qətlə
yetirmişdir. Həmin faciədən 21 il ötsə də,
münaqişənin fəsadları hələ də aradan
qaldırılmamışdır. Azərbaycanda bir milyondan
artıq qaçqın və məcburi köçkün
mövcuddur. Ən ağrılısı isə budur ki, Azərbaycan
ərazilərinin 20 faizi hələ də Ermənistanın
işğalı altında qalmaqdadır.
Milli Məclisin deputatı bildirmişdir ki, bu gün Azərbaycan və Türkiyə əsassız erməni iddialarını ifşa etmək, tarixi ədaləti bərpa etmək, dünya ictimaiyyətinin diqqətini bu problemlərə yönəltmək üçün birgə fəaliyyət göstərməlidirlər. Eyni zamanda, Avropa ölkələri və dünyanın müxtəlif yerlərində Azərbaycan və türk icmaları ümumi problemlərə qarşı vahid cəbhə yaradaraq fəaliyyət göstərməlidirlər. Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü iqtisadiyyata malik qüdrətli dövlətdir və əsas məqsədi Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməkdən ibarətdir.
Milli Məclisin deputatı Fuad Muradov çıxışında bildirmişdir ki, Ermənistan işğalçı dövlət olsa da, soyqırımı törətsə də, bu gün ermənilər dünyanın müxtəlif ölkələrində özünü məzlum xalq kimi qələmə verərək, 1915-ci ilin qondarma hadisələrini soyqırımı kimi tanıtmaq üçün dəridən-qabıqdan çıxırlar. Deputat bildirmişdir ki, erməni millətçilərinin xam xəyallarını puça çıxarmaq üçün ayrı-ayrılıqda fəaliyyət göstərməməli, bu məsələdə bütün türkdilli ölkələr bir yumruq kimi sıx birləşməli, müxtəlif ölkələrdə müvafiq iş aparmalıdırlar. O, bu xüsusda 2008-ci ildə təsis edilmiş və 80-dən artıq ölkədə "Xocalıya ədalət!" kampaniyasının qazandığı uğuru qeyd etmiş, bu nümunə əsasında səyləri daha da intensivləşdirməyin vacibliyini vurğulamışdır. Azərbaycan əsl həqiqətləri dünyaya tanıtmaq sahəsində öz dostlarına, ilk növbədə isə strateji tərəfdaşı olan Türkiyəyə böyük ümid bəslədiyini bildirmişdir.
Məruzələrdən sonra deputatlar tədbir iştirakçılarının suallarını cavablandırmışlar.
Çıxışlar
bitdikdən sonra ilk olaraq Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Mustafayevin Xocalı soyqırımından çəkdiyi
kadrlar əsasında hazırlanmış sənədli film
nümayiş olunmuşdur. Sonra isə Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə soyqırımına həsr olunan "Xocalıya ədalət!"
kampaniyası çərçivəsində sənədli
materiallar əsasında "Sonu görünməyən dəhliz"
filmi nümayiş etdirilmişdir.
Elgün Niftəliyev,
AzərTAc-ın xüsusi müxbiri
Vyana
Azərbaycan.-2013.- 3 mart.- S.3.