Prezident İlham Əliyev
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş «Gəmi təmiri
və gəmiqayırma» İstehsalat Birliyinin
açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev martın 4-də
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin yeni
inşa olunmuş "Gəmi təmiri
və gəmiqayırma" İstehsalat Birliyinin
açılışında iştirak etmişdir.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata
keçirilən genişmiqyaslı quruculuq işləri
ardıcıl olaraq davam etdirilir. Ölkə həyatının
bütün sahələrində ayrı-ayrı infrastruktur
layihələri uğurla icra
olunur. Paytaxtda və regionlarda sosial layihələrlə
yanaşı, ölkəmizin iqtisadi imkanlarının
genişləndirilməsinə xidmət edən ayrı-ayrı sənaye müəssisələri
inşa edilir, yeni-yeni istehsalat sahələri yaradılır.
Bütün bunlar qeyri-neft sektorunun inkişafını sürətləndirməklə
yanaşı, həm də yeni iş yerlərinin
açılması baxımından olduqca əhəmiyyətlidir.
Digər sahələrdə olduğu kimi, dövlət
başçısının göstərişi ilə Azərbaycan
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin
maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində də mühüm işlər
görülmüşdür. Azərbaycan Dövlət Xəzər
Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş "Gəmi təmiri və gəmiqayırma"
İstehsalat Birliyinin müasir tələblər səviyyəsində
tikilib istifadəyə verilməsi bu sahənin daha da
inkişaf etdirilməsi istiqamətində atılan
mühüm addımlardan biridir.
Qeyd
edək ki, sənaye müəssisələrinin paytaxtın mərkəzindən
köçürülməsi ilə bağlı Dövlət
Proqramına uyğun olaraq "Paris Kommunası" adına gəmi
təmiri zavodu və İlham Allahverdiyev adına gəmi təmiri-gəmiqayırma
zavodunun bir hissəsi sökülmüş, Zığ
şosesi yaxınlığında "Gəmi təmiri və
gəmiqayırma" İstehsalat Birliyi adlanan yeni müəssisə
inşa olunmuşdur. İnşaat işləri 2011-2012-ci illərdə
həyata keçirilmişdir.
Dövlət
başçısı Azərbaycan Dövlət Xəzər
Dəniz Gəmiçiliyinin yeni inşa olunmuş "Gəmi təmiri və gəmiqayırma"
İstehsalat Birliyi ilə tanış oldu.
Azərbaycan
Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi
Aydın Bəşirov yeni müəssisədə yaradılan
şərait və istehsal prosesi
barədə Prezident İlham Əliyevə məlumat
verdi. Bildirildi ki, müəssisədə gövdə-qaynaq,
mexaniki emal, metaləritmə, çilingər, ağac
emalı, elektrikquraşdırma və gəmilərin təmiri
ilə bağlı ayrı-ayrı sahələrdə
lazımi işləri aparmaq üçün ən müasir
dəzgahlar, avadanlıq və ləvazimatlar alınaraq
quraşdırılmışdır.
Prezident
İlham Əliyev düyməni basaraq müəssisəni
işə saldı.
Dövlət
başçısı müəssisənin ayrı-ayrı
sexlərində oldu. Bildirildi ki, 2,2 hektar sahədə 6 sex
binası inşa olunmuş, müvafiq kommunikasiya xətləri
çəkilmiş, lazımi infrastruktur
yaradılmışdır. Bundan başqa, ərazidə
böyük həcmdə sahilbərkitmə işləri
görülmüş, ümumi uzunluğu 1400 metrə
yaxın olan yanalma körpüləri və dalğaqıran
inşa edilmişdir. Bu körpülərdə, eyni zamanda,
iriölçülü 8 gəminin təmirə dayana biləcəyi
bildirildi.
Prezident
İlham Əliyev "Gəmi təmiri və gəmiqayırma"
İstehsalat Birliyinin ayrı-ayrı sahələrini gəzdi,
yaradılan şəraitlə yaxından tanış oldu.
AzərTAc
Azərbaycan.-2013.- 5 mart.- S.1.