Azərbaycanda narkotik
vasitələrlə mübarizə istiqamətində görülən işlər yüksək
qiymətləndirilmişdir
Azərbaycan
Respublikası Baş nazirinin müavini, Narkomanlığa və
narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə Dövlət
Komissiyasının sədri Əli Həsənov martın 4-də
BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə
İdarəsinin Mərkəzi Asiya üzrə Regional Nümayəndəliyinin
(UNODC) rəhbəri Aleksandr Siçov ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə narkotik vasitələrlə
mübarizə və bu istiqamətdə Azərbaycanda
görülən işlər, BMT-nin müvafiq sahədə fəaliyyəti
və digər məsələlər müzakirə
olunmuşdur.
Azərbaycanda
narkotik vasitələrlə mübarizə sahəsində
xeyli işlərin görüldüyünü diqqətə
çatdıran Ə.Həsənov qeyd etmişdir ki, ötən
il müvafiq istiqamətdə beşillik proqram
hazırlanmışdır. Bildirilmişdir ki, narkotik vasitələr
ölkəmizə üç marşrutla daxil olur: Əfqanıstan-İran-Azərbaycan;
Əfqanıstan-Pakistan-İran-Azərbaycan və Əfqanıstan-Orta
Asiya-Türkmənistan-Azərbaycan. Bu sahədə
dördüncü marşrut Əfqanıstan-İran-Dağlıq
Qarabağ üzrədir və bu marşrut ilə narkotik vasitələr
MDB və Avropa ölkələrinə daşınır.
Ə.Həsənov
vurğulamışdır ki, Ermənistan hazırda Azərbaycanın
işğal olunmuş ərazilərindən narkotik vasitələrin
daşınmasında tranzit kimi istifadə edir. Ermənilər
narkotik vasitələrin satışından əldə
edilmiş vəsaiti müxtəlif ölkələrə
istiqamətləndirilən terrorçu qrupların
hazırlanmasına yönəldirlər.
Bildirilmişdir
ki, Azərbaycanda bütün sahələr üzrə
yüksək inkişaf tempi müşahidə olunur.
Bütün dünyanın üzləşdiyi iqtisadi
böhran ölkəmizdən yan keçmişdir. Narkotik vasitələrlə
mübarizə istiqamətində ulu öndər Heydər Əliyev
tərəfindən başlanılmış kursu hazırda
Prezident İlham Əliyev yeni müstəvidə davam etdirir.
Dövlət başçısı bu problemin həllinə
xüsusi diqqət yetirir.
Komissiya
sədri diqqətə çatdırmışdır ki,
ölkəmizdə "Narkotik vasitələrin, psixotrop maddələrin
və prekursorların qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
üzrə Proqramın təsdiq edilməsi haqqında"
2000-2006-cı illəri əhatə edən birinci, 2007-2012-ci
illəri əhatə edən ikinci Proqram qəbul
edilmişdir. Bu proqramlar çərçivəsində
narkotik vasitələrlə mübarizə istiqamətində
fəal iş aparılır. Üçüncü
Proqramın da layihəsi artıq hazırdır.
Narkotik
vasitələrlə mübarizə sahəsində BMT-nin fəaliyyətini
yüksək qiymətləndirən Ə.Həsənov
bildirmişdir ki, Azərbaycan bu istiqamətdə təşkilatla
əməkdaşlıq etməkdə və yeni layihələrə
qoşulmaqda maraqlıdır.
A.Siçov
müvafiq sahədə BMT-nin fəaliyyətindən
danışmış, təşkilatın bu istiqamətdə
təsirli nəticələrin əldə edilməsi
üçün hər il büdcəni
artırdığını qeyd etmişdir. Bildirilmişdir
ki, daha ciddi nəticələr əldə etmək
üçün donor ölkələrlə birgə işləmək
vacibdir.
Azərbaycanın
regionda lider ölkə olduğunu vurğulayan BMT-nin nümayəndəsi
ölkəmizin narkotik vasitələrlə mübarizə sahəsində
kifayət qədər təcrübə
qazandığını qeyd etmişdir. Bu fəaliyyətə
dəstək vermək təşkilatın üzərinə
düşən vəzifələrdən biridir.
Sonra
mövzu ilə bağlı fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.-2013.- 5 mart.- S.2.