Azərbaycan parlament
nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri başa çatmışdır
Azərbaycan
Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət
Əsgərovun başçılıq etdiyi parlament nümayəndə
heyətinin Çin Xalq Respublikasına (ÇXR) səfəri
başa çatmışdır.
ÇXR
Siyasi Məşvərət Şurasının
Ümumçin Komitəsinin dəvəti ilə baş tutan səfər
çərçivəsində nümayəndə heyətinin
Pekində komitənin sədri Cia Çinqlin, sədr
müavini Bay Liçen, habelə Çin Siyasi Məşvərət
Şurasının Şaansi və Şanxay komitələrinin
rəhbər şəxsləri ilə görüşlər
keçirilmişdir.
Səfərin
yekunlarını şərh edən Milli Məclis Sədrinin
birinci müavini Ziyafət Əsgərov demişdir ki, Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra ilk diplomatik
münasibətlər qurduğu ölkələrdən biri də
Çin Xalq Respublikasıdır. Azərbaycan ÇXR ilə
münasibətlərin inkişafına daim böyük əhəmiyyət
verir. Bizim bu səfərimizin də əsas məqsədi
Çin-Azərbaycan münasibətlərinin daha yüksək
səviyyəyə qaldırılması ilə bağlı
fikir mübadiləsi aparmaq olmuşdur. Çin hazırda
dünyanın iqtisadiyyatı ən inkişaf etmiş ölkələrdən
biridir, bəzi iqtisadi parametrlərə görə isə
dünyada birincidir. Belə bir dövlət ilə əlaqələrin
genişləndirilməsi və strateji səviyyəyə
qaldırılması olduqca vacibdir: "Səfər zamanı
keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlər,
siyasi, iqtisadi, humanitar əlaqələr, ümumilikdə, hər
iki tərəfi maraqlandıran məsələlər
müzakirə mövzusu olmuşdur. Biz münasibətlərimizin
perspektivləri barədə fikir mübadiləsi
apardıq".
Milli
Məclis Sədrinin müavini daha sonra demişdir ki, görüşlərdə
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məsələ
qaldırıldı: "Bu məsələnin burada
qaldırılmasının böyük əhəmiyyəti
vardır. Çünki 1993-cü ildə Çinin də
daimi üzvü olduğu BMT Təhlükəsizlik
Şurası Azərbaycanın işğal olunan ərazilərindən
erməni hərbi birləşmələrinin qeyd-şərtsiz
çıxarılmasına dair 4 qətnamə qəbul
etmişdir. Amma bu qətnamələr hələ icra
olunmamışdır. Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü və Çinin bu məsələyə
münasibətinin bir daha öyrənilməsi bizim
üçün çox vacib idi.
Bundan
başqa, görüşlərdə humanitar məsələlər
barəsində fikir mübadiləsi apardıq. Biz Çin tərəfindən
xahiş etdik ki, bu ölkənin
universitetlərində təhsil almaq üçün Azərbaycana
ayrılmış kvota artırılsın. Bu, iki ölkə
arasında humanitar sahədə əməkdaşlığa
bir töhfə olar. Bundan başqa, Azərbaycanın dahi
şair və mütəfəkkiri Nizami Gəncəvinin Pekində
büstünün qoyulması üçün yaradılan
şəraitə görə Çin tərəfinə təşəkkür
etdik".
İki
ölkənin parlamentlərarası əlaqələrin
inkişafı ilə bağlı müzakirələrin də
aparıldığını qeyd edən Z.Əsgərov
bildirmişdir ki, Azərbaycanın çox yaxşı
parlamentlərarası əlaqələrinin olduğu ölkələrdən
biri də məhz Çindir. Mütəmadi olaraq
qarşılıqlı səfərlər həyata
keçirilir: "Qərara aldıq ki, parlamentlərarası əməkdaşlığın
daha da inkişafı üçün bu səfərlər
daha intensiv olsun. Ümumilikdə, Azərbaycan ilə Çin
arasında əlaqələrin inkişafı və genişləndirilməsi
üçün böyük potensial vardır. Elə
görüşlərdə də bu məqam bir daha
vurğulandı".
Şahin CƏFƏROV,
AzərTAc-ın xüsusi
müxbiri
Pekin
Azərbaycan.-2013.- 5 mart.- S.2.