Azərbaycan
teatrının yeni uğurlar
qazanmasına güclü təkan
Çox hörmətli Prezident!
Sizin "Milli Teatr Günü"nün təsis edilməsi haqqında" və "Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında" sərəncamlarınız bütün teatr ictimaiyyəti kimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı kollektivinin də böyük sevincinə səbəb olmuşdur. Bu sərəncamlarda milli teatrın fəaliyyətinə verdiyiniz yüksək qiymət kollektivimizin hər bir üzvünü qəlbən sevindirmişdir. Biz bir daha inandıq ki, Azərbaycan dövləti teatr sənətinin inkişafını milli mədəniyyətin və müasir cəmiyyətin inkişaf prioritetlərindən hesab edir. Bu, teatr sahəsində çalışan hər kəsdə böyük qürur hissi doğurur.
Ümummilli
lider Heydər Əliyev teatr sənətinə həmişə
böyük diqqətlə yanaşmışdır. Azərbaycan
mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu
bilavasitə ulu öndərin adı və şəxsiyyəti
ilə bağlı olmuşdur. Mədəniyyət və incəsənət
xadimlərimiz bu dövrdə yaradıcılıq
axtarışlarını məhz ulu öndərin
qayğısı sayəsində genişləndirməyə
müvəffəq olmuşlar.
Bu
siyasət hazırda Sizin tərəfinizdən də uğurla
davam etdirilir. Faktdır ki, son illər ərzində Azərbaycan
xalqının həyatında bir sıra uğurlu tarixi dəyişikliklər
baş vermişdir. Ölkə rəhbərliyinin prinsipial,
xalqımızın mənafeyini təmin edən xarici siyasətinin
və həyata keçirdiyi müxtəlif tədbirlərin nəticəsində
Azərbaycanın nüfuzu dünya miqyasında artmış,
beynəlxalq əlaqələri daha da genişlənmişdir.
Yurdumuzun
mədəni həyatında xüsusi önəm kəsb edən
teatr sənətinin inkişafı ilə bağlı bir
sıra fundamental dövlət sənədləri də məhz
Sizin hakimiyyətiniz dövründə qəbul edilmişdir.
"Teatr
və teatr fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanunu, "Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında" sərəncam və nəhayət
"Azərbaycan teatrı 2009-2019-cu illərdə"
Dövlət Proqramı milli teatrımıza göstərilən
dövlət qayğısıdır.
Bu
gün ölkəmizdə öz yaradıcılığı
ilə fərqlənən sənət ustalarına Azərbaycan
Respublikasının fəxri adları, Prezident təqaüdləri
və Prezident mükafatları verilir, onların əməyi
ölkənin ən yüksək mükafatlarına - ordenlərə
layiq görülür. Milli mədəniyyətimizin
qorunması, zənginləşdirilməsi və tərəqqisinə
xidmət edən teatr, musiqi, təsviri sənət və kino
sahəsində xüsusi nailiyyətlər qazanan istedadlı
şəxslərin bədii axtarışlarını dəstəkləmək
məqsədilə Sizin gördüyünüz işlər
sonsuzdur.
Azərbaycan
teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən
Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni
sərvətə çevrilən səhnə sənətimizin
zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin
qorunması, Avropa mədəniyyətinə inteqrasiya
olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi,
ölkədəki əksər teatr binalarının dünya
standartlarına uyğun təmiri və günün tələblərinə
cavab verən repertuarın formalaşması məqsədlərinə
xidmət edir.
Beynəlxalq
təcrübə ilə davamlı tanışlıq mexanizmi,
genişmiqyaslı qastrol səfərləri, canlı
ünsiyyət, yaradıcılıq mübadiləsi bu gün
teatrlarımızın əsas fəaliyyət dairəsinə
daxildir. Bu istiqamətdə son illərin uğurları göz
qabağındadır. İndi ölkə teatrlarının
sorağı dünyanın ən müxtəlif
meredianlarından gəlir. Amerika Birləşmiş
Ştatlarında, Almaniyada, Türkiyədə, Rusiyada,
Belarusda, Gürcüstanda, Fransada, Mərakeşdə,
Finlandiyada, İranda, Misirdə, Hollandiyada, Estoniyada,
Bolqarıstanda, Ukraynada, Türkmənistanda, Tacikistanda,
İsveçrədə, Moldovada, Serbiyada, Fuceyrada keçirilən
beynəlxalq tədbirlərdə teatrlarımız Azərbaycanı
ləyaqətlə təmsil etmişlər.
Eyni zamanda, vaxtaşırı olaraq
xarici dövlətlərdən tanınmış rejissorlar,
baletmeysterlər, xoreoqraflar, teatr rəssamları tamaşa
hazırlamaq üçün Azərbaycana dəvət
olunurlar. Dövlət vəsaiti hesabına teatrlarımızda
xarici ölkələrin tanınmış sənətkarları
ustad dərsləri keçir. Səhnələrimizi bəzəyən
bir neçə tamaşa beynəlxalq layihədə öz həllini
tapıb.
Bu
gün Azərbaycanın qaynar mədəni həyatı var.
Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci
xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü
və rəhbərliyi ilə keçirilən beynəlxalq tədbirlər
Azərbaycanı dünyanın tanınan mədəniyyət
mərkəzinə çevirmişdir. Biz bütün bunlarla
fəxr edirik!
Hörmətli
Prezident!
Sizin
25 noyabr 2010-cu il tarixli sərəncamınızla Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı da əsaslı təmirə
dayandırılmışdır. Hazırda teatrda dünya
standartları səviyyəsində gərgin və sürətli
təmir, yenidənqurma və bərpa işləri
aparılır. Görülən işlər göz
oxşayır. Tarixi 1910-cu ildən başlayan
teatrımızın kollektivi bir əsrlik yubileyində Sizin bu
barədə sərəncamınızı ən yüksək
hədiyyə kimi qəbul etmişdir. Artıq binada tamamlama
işləri görülür. Və buna görə də
daha böyük əzmlə yaradıcılıq işini
davam etdiririk, çox böyük sevinclə
teatrımızın istifadəyə veriləcəyi
günü gözləyirik.
Bu
gün Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
inkişaf mərhələsini yaşayır. Teatrda dövlət
islahatlarına uyğun olaraq yüksək mənəvi-milli dəyərlərə
söykənən repertuar formalaşır və bu iş davam
etməkdədir. İndi repertuarımızda
tamaşaçılar tərəfindən sevilən onlarla
maraqlı səhnə əsəri var. Bu tamaşalar dövlət
sifarişi ilə, dövlət vəsaiti ilə reallaşır.
Bundan əlavə, teatrımız Mədəniyyət və
Turizm Nazirliyinin maddi dəstəyi ilə müxtəlif beynəlxalq
teatr festivallarında iştirak edir. Bütün bunların həyata
keçirilməsində dövlətin diqqət və
qayğısını hiss edirik. Görülən işlər
aktyorların, rejissorların, ümumilikdə
teatrımızın inkişafına böyük dəstəkdir.
Hazırda
teatrda yeni tamaşalar hazırlanır, qastrollar təşkil
olunur. Təkcə son üç ildə kollektivimiz Rusiyada,
Gürcüstanda, Türkiyədə, İranda səfərlərdə
olmuş, nüfuzlu beynəlxalq festivallarda iştirak
etmişdir. Milli teatrlarımız arasında ilk dəfə məhz
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Beynəlxalq
quruma - Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına üzv
olmuşdur. Ölkə əhalisi qarşısında
uğurlu çıxışlarımız, müxtəlif
bölgələrə qastrol səfərlərimiz də
maraqla qarşılanmışdır.
İki
il bundan öncə Amerikada fəaliyyət göstərən
"Azərbaycan-Nyu-York Assosiasiyası" Amerika Birləşmiş
Ştatlarının Nyu-York və Vaşinqton şəhərlərində
"Amerikada Azərbaycanın teatr bayramı" adı ilə
dövlət müstəqilliyimizin bərpasının
iyirminci ildönümünə həsr olunmuş tədbirlər
keçirdi. Bu tədbirlər təkcə bu ölkədə
yaşayan azərbaycanlılar deyil, xarici vətəndaşlar
tərəfindən də böyük maraqla
qarşılanmış, teatr sənətimiz uzaq Amerikada
layiqincə təmsil olunmuşdur. Bu, Azərbaycan
teatrının yarandığı 140 il ərzində
okeanın o tayına ilk səfəri idi. Qürur duyuruq ki, məhz
bu yolu Amerikaya biz açdıq - Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının kollektivi!
Möhtərəm
cənab Prezident!
Bir
daha bildiririk ki, Sizin teatr sahəsində son sərəncamlarınız
bütövlükdə Azərbaycan teatrının yeni
uğurlar qazanmasına güclü təkan verəcək.
Bütün bunlara görə Sizə bir daha minnətdarlığımızı
bildiririk. Bizim hamımızın bir vətəni var - Ulu Azərbaycan!
Azərbaycanın inkişafı, daha böyük
uğurları naminə biz də hər zaman Sizin
yanınızdayıq! Hər zaman Sizinləyik! Biz bundan sonra
da şərəfli əməyimizi, bütün
yaradıcılıq axtarışlarımızı və sənət
uğurlarımızı məhz Azərbaycanımızın
böyük inkişafına həsr edəcəyik!
Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının kollektivi adından
Sizə qarşı dərin hörmət və ehtiramla:
Əliqismət
LALAYEV,
teatrın
direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Afaq
BƏŞİRQIZI,
xalq
artisti, Prezident mükafatçısı
İlham
NAMİQ KAMAL,
xalq artisti, Prezident təqaüdçüsü
Fatma
MAHMUDOVA,
xalq artisti, Prezident təqaüdçüsü
Nazim
HACIƏLİBƏYOV,
əməkdar incəsənət
xadimi, Prezident mükafatçısı
Əsgər ƏSGƏROV,
əməkdar incəsənət
xadimi, Prezident mükafatçısı
Səmayə MUSAYEVA,
əməkdar artist, şəhid
anası
Ramiz MƏMMƏDOV,
əməkdar artist, Prezident
mükafatçısı
Xanım
QAFAROVA,
əməkdar artist, Prezident
mükafatçısı
Boris
QRAFKİN,
əməkdar artist
Gülnar
SALMANOVA,
əməkdar artist
Əkbər ƏLİZADƏ,
əməkdar artist
Çingiz ƏHMƏDOV,
əməkdar artist
Nərgiz
KƏRİMOVA,
əməkdar artist
Naidə
ORUCOVA,
əməkdar artist
Elxan
OCAQOV,
əməkdar mədəniyyət
işçisi
Svetlana
BULAX,
aktrisa
Marina
LİTVİNENKO,
Aktrisa
Azərbaycan.-2013.- 5 mart.- S.2.