ASAİF-in Roma Forumunun əsas ideyası dövlət
başçısının Azərbaycan
gənclərinə tövsiyələrini
reallaşdırmaqdır
Xaricdə Təhsil Alan və Məzun
Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun
(ASAİF) sədri Ramin Həkimovun AzərTAc-a müsahibəsi
- Bu
il Xocalı soyqırımının anma mərasimlərində
Sizin rəhbərlik etdiyiniz forumun üzvləri xüsusi fəallıqları
ilə seçilmişlər.
- İlk növbədə, bir əhəmiyyətli məqamı diqqətə çatdırmaq istərdim. Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti bu gün təkcə ölkəmizin ərazisi ilə məhdudlaşmır, onun hüdudlarından kənarda geniş yayılmaqdadır. Xarici ölkələrdə təhsil alan minlərlə azərbaycanlı gənc məhz bu siyasətin nəticəsində dövlətimizin, xalqımızın milli maraqları, Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı tədbirlərdə fəal iştirak etməkdədir. Qeyd edim ki, "Xocalıya ədalət" kampaniyası 2008-ci il mayın 8-də - Şuşanın ermənilər tərəfindən işğalının ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş və hazırda dünyanın 30-dan artıq ölkəsində yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməkdədir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırmağa, dinc əhaliyə qarşı yönəldilmiş soyqırımı aktına beynəlxalq aləmdə siyasi-hüquqi və mənəvi qiymətin verilməsinə nail olmaqdır. Xarici ölkələrdə tələbə həyatı yaşayan gənclərimiz bu böyük vətənpərvərlik tədbirlərinə fəal qoşulmaqdadırlar.
Bu il ASAİF-in fəalları təhsil aldıqları müxtəlif ölkələrdə, şəhərlərdə və universitetlərdə Xocalı həftələri təşkil etmişlər. Məsələn, Kanadanın Ottava, Türkiyənin Ankara, İstanbul və İzmir şəhərlərində, Hollandiyada, Belçikada, İsveçrədə "Xocalıya ədalət" kampaniyası çərçivəsində xeyli tədbir keçirmişlər. Bundan başqa, Böyük Britaniyanın London, Ekzeter, Esseks, Mançester, Aberdin, Şeffild və Qlazqo şəhərlərində Xocalı soyqırımı, ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif tədbirlər, ictimai mühazirələr, konfrans və sərgilər təşkil olunmuşdur. Bu tədbirlərin bilavasitə təşkilatçıları həmin universitetlərdə yaradılmış Azərbaycan cəmiyyətləri olsalar da, Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi və ASAİF tərəfindən onlara ciddi dəstək göstərilmişdir.
Daha önəmli və yadda qalan tədbir isə ASAİF tərəfindən təşkil olunan, bu il dünyada və Böyük Britaniyada keçirilmiş anım aksiyasının - London Xocalı marşının müvəffəqiyyətlə baş tutmasıdır. Müxtəlif şəhərlərdən və bir çox xarici ölkələrdən gəlmiş insanların - Azərbaycanın dostlarının da iştirak etdiyi izdihamlı yürüş fevral ayının 23-də "Xocalıya ədalət" şüarı ilə Londonun məşhur Trafalqar meydanında başlamışdı. Böyük Britaniya parlamenti binasına qədər uzanan izdihamlı yürüş londonluların və yerli kütləvi informasiya vasitələrinin ciddi marağına səbəb olmuşdur. Bizimlə çiyin-çiyinə dayanan və Xocalıya ədalət tələb edənlərin arasında əcnəbi tələbələr də çox idi. Türkiyə, ABŞ, Böyük Britaniya, Rumıniya, Finlandiya, Macarıstan, Gürcüstan, Rusiya, Türkmənistan, Kipr və digər ölkələrin vətəndaşı olan tələbələr Ermənistanın yürütdüyü işğalçılıq və etnik təmizləmə siyasətini qətiyyətlə pisləmiş, bu soyqırımı aktına hüquqi qiymət verilməsini tələb etmişlər. Aksiyada Oksford, Kembric, York, Kardif, Qlazqo, Birmingem, Nyukasl, Mançester, Şeffild, Ekzeter, Esseks, Sauzhemtn və bir çox digər şəhərlərdən gələn azərbaycanlı tələbələr fəal iştirak etmişlər. Əminliklə deyə bilərəm ki, ASAİF bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək, xarici ölkələrdəki gənclərimizi Vətənin, xalqımızın mənafeyi naminə səfərbər edəcəkdir.
Ölkəmizin son illər ərzində dinamik sosial-iqtisadi inkişafı, Prezident İlham Əliyevin gənclər siyasətində müəyyən etdiyi prinsiplər biz gənclərin önəmli rolunu, dövlətin gələcəyinə məsuliyyətini önə çəkməklə qarşımıza mühüm vəzifələr qoymaqdadır. Bu baxımdan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı gənc üçün böyük örnək və məktəbdir. Bu qurumun başlıca məqsədi ulu öndərin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları himayə etmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, səhiyyənin və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir. Heydər Əliyev Fondu nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz və etimad qazana bilmişdir. Xaricdə təhsil alan tələbələrimiz Fondun qayğısını və dəstəyini daim hiss etməkdədirlər.
- Yəqin ki, ASAİF xarici ölkələrdəki Azərbaycan gənclərinin təşkilatlandırılması, onlarda vətənpərvərlik ruhunun gücləndirilməsi və milli maraqların ödənilməsinə yönəldilməsi məqsədilə bu uğurlarla kifayətlənməyəcəkdir. Qarşıda sizi növbəti möhtəşəm tədbir - Roma Forumu gözləyir.
- Elədir. Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu 2013-cü il üçün daha böyük uğura imza atmaq ərəfəsindədir. Bu il martın 27-30-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İtaliyanın paytaxtı Roma şəhərində "Azərbaycan 2020 - gənclərin baxışı" adlı forumun keçirilməsi nəzərdə tutulmuşdur. Forumun əsas fəlsəfəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il aprelin 21-də gənclərlə görüşdə səsləndirdiyi tövsiyələrdir. Dövlət başçısı demişdir: "Biz çox istəyirik ki, gənclərimiz həm peşəkar, həm bilikli, həm də Vətənə, dövlətə bağlı olsunlar, Vətəni sevsinlər. Haqlı olaraq, fəxr etsinlər ki, onlar Azərbaycan vətəndaşlarıdır". Xüsusilə vurğulanmalıdır ki, Roma Forumu Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələrin icrasına söykənir və tədbirdə iştirak edəcək tələbələr üçün böyük şans, böyük dəstəkdir.
Roma Forumu ASAİF-in ilk qlobal tədbiridir. Əvvəlki
Strasburq, Budapeşt və Vyana forumlarında
prioritet Avropada təhsil alan
tələbələrə verilirdisə, indi dünyanın müxtəlif
guşələrində təhsil
alan azərbaycanlı
gənclər burada iştirak edə biləcəklər. Bundan başqa,
Azərbaycan və İtaliyanın gənclər
təşkilatları rəhbərləri
arasında görüşlər
keçirəcək, memorandumlar
imzalanacaqdır. Həmin sənədlər
ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
inkişafına müsbət
təsirini göstərəcəkdir.
Eyni zamanda Roma Forumunda gənc mütəxəssislərin iş
və istehsalat təcrübəsi ilə
əlaqəli məsələlərin
həlli məqsədilə
Azərbaycanın dövlət
və özəl sektorunun nümayəndəliklərinin
iştirakı ilə
böyük əmək
yarmarkası təşkil
olunacaqdır. Forumda
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasının da
müzakirəsi keçiriləcək,
məruzələr dinləniləcəkdir.
Əlavə olaraq onu da bildirim ki,
ASAİF-in təşəbbüsü ilə fevralın 13-də Böyük
Britaniyanın İcmalar
Palatasında 250 ekspertin
və 15-dən artıq
ölkəni təmsil
edən tələbələrin,
Azərbaycan və Türkiyə rəsmilərinin,
özəl şirkət
rəhbərlərinin və
Britaniya parlamenti üzvlərinin iştirakı
ilə Enerji Forumu keçirilmişdir.
Azərbaycan.-2013.-
5 mart.- S.3.