Azərbaycanın xarici işlər naziri Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri Yan Kelli (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və qurumun fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iştirak etmişlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatlıq ifadə olunmuşdur.  Həmsədrlər regiondakı status-kvonun qəbulolunmaz olduğunu bir daha vurğulamışlar.

E.Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək sülh prosesinin irəliləməsi, bütün regionda sülhün və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının vacibliyini vurğulamışdır.

 

 

Azərbaycan.-2013.- 5 mart.- S.3.