Mirvari FƏTƏLIYEVA: Mən ermənilərin
azərbaycanlılara qarşı
hədsiz nifrətinin bir daha şahidi oldum
Mən
ermənilərin azərbaycanlılara qarşı hədsiz
nifrətinin bir daha şahidi oldum. Bu fikri fevralın 26-da
Fransanın Milli Assambleyasında ermənilərin vəhşiliyi
ilə üzləşmiş Parisdəki "Azərbaycan
evi"nin rəhbəri Mirvari Fətəliyeva hadisə ilə
bağlı AzərTAc-a verdiyi müsahibəsində
demişdir.
- Mirvari xanım, bildiyimizə görə, siz ermənilərin işğal etdiyi Qubadlı rayonundansınız. Deməli, bununla ikinci dəfədir ki, erməni təcavüzünü yaşamalı olursunuz?
- Bəli, mən əslən Qubadlı rayonundanam. Xanlıq kəndində anadan olmuşam. Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayan ermənilər 1993-cü il avqustun 31-də kəndimizə hücum etdilər. Erməni hərbi birləşmələrinin güclü hücumu zamanı atəş altında ailəmiz doğma kəndimizi tərk etməyə məcbur oldu, Bakıda məskunlaşaraq öz ana Vətənində məcburi köçkün həyatı yaşamağa başladım. Sonra Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsinin fransız dili şöbəsinə daxil oldum. 2002-ci ildə universiteti bitirdikdən sonra təhsilimi davam etdirmək məqsədi ilə Fransaya gəldim. Hazırda ailə quraraq Parisdə yaşayıram.
- Artıq bir dəfə erməni vəhşiliyi ilə üzləşdiyiniz və ermənilərin azərbaycanlılara nifrət bəslədiyini bildiyiniz halda onların Milli Assambleyada keçirdikləri yığıncaqda nə üçün iştirak etməyi qərara aldınız?
- Erməni Məsələləri üzrə Fransa Bürosunun və Erməni Məsələləri üzrə Müdafiə Komitəsinin bir qrup fransız deputatı ilə birlikdə Milli Assambleyanın binasında "Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün perspektivlər" mövzusunda konfrans keçiriləcəyi barədə məlumat alan kimi həmin yığıncaqda iştirak etməyə qərar verdim. Konfransın sual-cavab və dialoq şəklində keçiriləcəyini düşünürdüm. Digər tərəfdən isə tədbirin Milli Assambleyada təşkil edilməsi nədənsə şübhələnməyə əsas vermirdi. Mən və tələbə Vüsal Hüseynov qanunların qəbul edildiyi bir yerdə bizə qarşı təcavüz olacağını heç ağlımıza da gətirmirdik. Biz sadəcə sivil insanlar kimi demokratik bir ölkədə olduğumuzu düşünərək həmin konfransda iştirak etmək, ölkəmizlə bağlı sual vermək, Azərbaycan barədə nə düşündüklərini, "Sumqayıt hadisələri" haqqında nə danışacaqlarını bilmək istəyirdik. Bunlar bizim üçün maraqlı idi. Əgər imkan olarsa, biz də öz suallarımızı vermək barədə düşünürdük. Orada biz Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını bildirmək istəyirdik. Amma biz tamamilə başqa mənzərə ilə qarşılaşdıq.
- Hadisə necə baş verdi?
- Mən və Vüsal konfransa yubanmışdıq. Ona görə də zala daxil olub oturanların qarşısından keçərkən hamı bizə şübhə ilə baxmağa başladı. Görünür, azərbaycanlı olduğumuzu hiss etmişdilər. Hətta yer seçib oturarkən belə gözlərini bizdən çəkmirdilər. Dörd nəfər çıxış etdi. Bu çıxışlarda ermənilər öz xislətlərinə sadiq qalaraq Azərbaycana qarşı böhtanlar yağdırır, Ramil Səfərov məsələsindən bəhs edirdilər. Çıxışlar ətrafında heç bir müzakirə olmadığından və dialoq keçirilmədiyindən sakitcə yerimizdə oturaraq konfransın başa çatmasını gözləyirdik. Sonda iclası aparan "Sumqayıt hadisələri zamanı şəhid olan ermənilərin" xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edərkən mən və Vüsal burada ölkəmizə qarşı deyilən böhtan və yalanlara etiraz əlaməti olaraq ayağa qalxmadıq. Bu zaman bütün zalda oturanlar qışqıraraq ayağa qalmağımızı tələb etdilər, hətta təzyiq göstərməyə başladılar. Mən bu gün Xocalı faciəsinin 21-ci ildönümü olduğunu xatırlatdım və erməni vəhşiliyinin qurbanı olan günahsız xocalılıların xatirəsini anmaq naminə ayağa qalxdığımızı bildirdim. Mən bunu bildirərkən bir nəfər mənim qolumdan yapışaraq güc tətbiq etmək istədi. Vüsal köməyimə gələrək məni onun əlindən xilas etdi. Dediyimi bir daha təkrar etdim və bu zaman bir dəqiqəlik sükut davam etdi. Ermənilərin bəlkə də özləri hiss etmədən bu bir dəqiqəlik sükutla xocalılıların xatirəsini yad etdilər. Mənim qolumdan yapışan həmin adam yenidən mənə yaxınlaşaraq sillələməyə başladı. Onlar köməyimə gələn Vüsala zərbələr endirdilər. Bizə təhqiramiz sözlər yağdırır, təpikləyirdilər. Mən ermənilərin azərbaycanlılara qarşı sonsuz nifrətinin bir daha şahidi oldum. Onların əlindən bir təhər qurtarıb dəhlizə çıxdıq. Amma çıxış axtararkən gözləmədiyimiz halda həmin zala daxil olduq. Qəzəblənmiş ermənilər bayaqkı səhnəni təkrar etməyə və bizi yenidən vəhşicəsinə döyməyə başladılar. Konfrans vaxtı istehzalı baxışlarını məndən çəkməyən bir nəfər saçımdan yapışaraq dəhlizə çıxmağıma imkan vermirdi.
- Demokratiyanı, insan haqlarını və qanunun aliliyini fəaliyyətinin prioritetləri hesab edən Avropa Şurası yanındakı Fransa nümayəndə heyətinin üzvü, ermənipərəst Fransua Roşebluan həmin vaxt nə edirdi?
- Elə saçımdan yapışaraq dəhlizə çıxmağıma imkan verməyən, nalayiq sözlərlə məni təhqir edən və sonda sifətimə bir sillə vuran adam Fransua Roşebluan imiş. Azərbaycana qarşı kin-küdurət bəsləyən bu deputatın adını çox eşitsəm də, onu tanımırdım. Ermənilərin hamısı Vüsalın üstünə düşmüşdü. Onun özünü müdafiə etməsi erməniləri daha da coşdurmuşdu. Onların başlarının qarışmasından istifadə edib yenidən dəhlizə çıxdım və yaxındakı otaqlardan birinin qapısının yarıaçıq olduğunu görüb içəri daxil oldum. Burada tanıdığım bir çox simaları gördüm. Buradakılar Xalq Hərəkatı Uğrunda Birlik Partiyasının üzvləri idi. Dərhal çığıraraq bildirdim ki, əgər siz kömək etməsəniz qonşu zalda ermənilər azərbaycanlı oğlanı öldürəcəklər. Polis çağırmalarını xahiş etdim. Hadisədən şok vəziyyətinə düşmüşdüm. Onlar mənə əyləşməyi və təhlükəsiz yerdə olduğumu bildirdilər. Onlar Vüsalı da ermənilərin əlindən alıb buraya gətirdilər. Milli Assambleyanın mühafizəçiləri və təcili tibbi yardımın əməkdaşları da qısa bir vaxtda sığındığımız otağa daxil oldular. Onlar bizi ermənilərin konfrans keçirdiyi zalın dəhlizinə çıxardılar. Biz yenidən ermənilərlə üz-üzə gəlməkdən ehtiyat edərək təlaş hissi keçirirdik. Bir qədər sonra jandarmlar gəldi. Çünki polisin bu məsələyə müdaxilə etməyə və binaya daxil olmağa ixtiyarı yox idi. Bir neçə dəqiqədən sonra bizi jandermeriyaya apardılar. Xocalı faciəsi ilə bağlı keçirilən yığıncaqda iştirak edən səfirimiz Elçin Əmirbəyov və səfirliyin əməkdaşları da dərhal oraya gəldilər. Bizi elə yerindəcə tibbi müayinə etdilər və hadisə ilə bağlı izahat aldılar. Sonra xəstəxanada təkrar tibbi müayinədən keçdik və səhərisi gün xəsarət aldığımız təsdiq olundu.
- Fransanın hüquq-mühafizə orqanlarının bu məsələyə münasibəti barədə nə deyə bilərsiniz?
- Biz lazım olan yerə şikayətimizi etmişik. Artıq iki vəkil tutmuşuq. Onlara təhlükəsizliyimiz barədə narahatçılığımızı bildirdik. Onlar artıq bizim işlərlə məşğuldur. Bu yaxınlarda respublika prokuroruna müraciət etməyə hazırlaşırlar.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.-2013.- 5 mart.- S.3.