BMT-nin Sivilizasiyalar Alyansının Dünya Forumunda Azərbaycan qurumun ən fəal üzvü kimi təqdir olunmuşdur

 

Xəbər verdiyimiz kimi, fevralın 27-28-də Vyana şəhərində BMT-nin Sivilizasiyalar Alyansının Dünya Forumu keçirilmişdir.

Forumun işində Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun, BMT Baş Məclisinin prezidenti Vuk Ceremik, BMT-nin Sivilizasiyalar Alyansının hazırkı ali nümayəndəsi Corc Sampayo və gələcək ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Avstriyanın Prezidenti Haynts Fişer, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsiya, eyni zamanda, digər ölkə və beynəlxalq qurumların rəhbər şəxsləri olmaqla, mindən artıq nümayəndə iştirak etmişdir.

Tədbirdə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən  AzərTAc-a bildirmişlər ki, nazirlər toplantısında çıxış edən Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqer alyansın regional proqramlarının əhəmiyyətini vurğulamış, onların coğrafi əhatə dairəsini genişləndirməyin və yeni strateji istiqamətlər müəyyən etməyin vacibliyini qeyd etmiş, xüsusilə də Orta Asiya və Cənubi Qafqazda həyata keçirilən layihələrin alyans üçün əhəmiyyətini qabartmışdır. Nazir, eyni zamanda, həmin regionda Azərbaycanın alyansın ən fəal üzvü olduğunu diqqətə çatdırmış və bu ilin mayında Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bu alyansın hədəfə aldığı məqsədlərin gerçəkləşməsinə böyük təkan verəcəyinə əminliyini ifadə etmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Qarayev nazirlər toplantısında çıxış etmiş, tədbir çərçivəsində BMT-nin baş katibi Pan Gi Mun, alyansın yeni ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser ilə görüşlər keçirmişdir.

Görüşlərdə Azərbaycan ilə alyans arasında əməkdaşlıq imkanları müzakirə olunmuş və N.Ə.əl-Naser mayda Bakıda keçiriləcək II Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edilmişdir.

Dəvəti məmnuniyyətlə qəbul edən alyansın ali təmsilçisi Azərbaycanın müəllifi olduğu və həyata keçirdiyi layihələrə maraqla yanaşmış və ölkəmiz ilə yaxından əməkdaşlıq etmək əzmində olduğunu vurğulamışdır.

UNESCO-nun baş direktoru İrina Bokovaqurumun katibliyinin təmsilçiləri ilə keçirilmiş görüşdə UNESCO-nun qeyri-maddi mədəni irs komitəsinin növbəti sessiyasının Azərbaycanda keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir. Bakıda keçiriləcək II Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunan İ.Bokova həmin mötəbər tədbirdə böyük məmnunluqla iştirak edəcəyini bildirmişdir.

Nazir Ə.Qarayev bildirmişdir ki, Azərbaycan tamhüquqlu üzv kimi alyansın tədbirlərinin fəal iştirakçısıdır, müvafiq təşəbbüslərlə çıxış edir. Eyni zamanda, ölkəmiz ilə alyans arasında səmərəli əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. Azərbaycanın təşəbbüsü ilə Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumunda ölkəmiz həmtəşkilatçı qismində iştirak edir. Azərbaycanın ev sahibliyi etdiyi bu forum artıq beynəlxalq qurumların diqqət mərkəzində dayanan və onların da fəal qatıldığı bir tədbirə çevrilmişdir.

 

 

Azərbaycan.-2013.- 5 mart.- S.4.