Türkiyə mətbuatı Xocalı
soyqırımı haqqında yazmaqda davam edir
Ötən həftə Ankaradakı Kızılay meydanında Xocalı soyqırımı ilə bağlı stendi dağıdan erməni tərəfdarlarına etiraz əlaməti olaraq Türkiyə paytaxtının Güvən Park ərazisində izdihamlı mitinq keçirilmişdir.
Mitinq iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. "Xocalıda axan türk qanı idi" şüarını səsləndirən mitinq iştirakçıları bəzi ermənipərəst ünsürlərin Xocalı stendini dağıtmaları və qardaş Türkiyə və Azərbaycanın dövlət bayraqlarını təhqir etmələrini kəskin şəkildə pisləmiş, onların cəzalandırılmasını tələb etmişlər.
Mitinqdə Milliyyətçi Hərəkat Partiyasının, "Turan Ocaqları"nın təmsilçiləri, müxtəlif universitetlərin tələbələri iştirak etmişlər. Türkiyənin kütləvi informasiya vasitələrində Xocalı soyqırımı haqqında materialların verilməsi davam edir.
"Kocaeli TV" televiziya kanalı Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İzmit şəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı keçirdiyi konfrans haqqında geniş reportaj və federasiyanın sədri Bilal Dündar ilə müsahibəni yayımlamışdır.
"Son Yorum Haber" internet saytında isə jurnalist Gülşah Gücyetməzin "Xocalı qətliamının acısı necə azalar?" sərlövhəli analitik məqaləsi yer almışdır. Məqalədə Xocalı soyqırımı dəhşətlərindən bəhs edilir, bu cür qətliamların bir daha təkrarlanmaması üçün Cənubi Qafqaz regionunda davamlı sülhün və sabitliyin bərqərar olmasının zəruriliyi vurğulanır.
Nüfuzlu
"Türkiyə" qəzetində tanınmış
jurnalist Yavuz Bülent Baklerin "Xocalıda erməni və
rus vəhşiliyi" sərlövhəli məqaləsində
ABŞ-ın mərhum Prezidenti Con Kennedinin "Dünyanın
hər hansı bir nöqtəsində ABŞ vətəndaşına
edilən haqsızlığı bütün millətimə
edilən həqarət kimi qəbul edərəm" sözləri
xatırladılır, bu konteksdə Xocalı
soyqırımının bütün türklərə
qarşı bir qətliam olduğu vurğulanır.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.-2013.- 5 mart.- S.4.