Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi

 

1813-cü ildə Gülüstan, 1828-ci ildə isə Türkmənçay müqavilələrinin imzalanması ilə Azərbaycanın tarixi və əzəli torpaqlarının bölünməsi başa çatmadı, əksinə ərazilərimizin zorən qoparılması prosesi düşmən qüvvələrin himayəsi, təhriki və bilavasitə iştirakı ilə ardıcıl xarakter aldı və davam etdi. Bir çox qonşu ölkələrdə yaşayan ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsinə başlandı və azərbaycanlıların dədə-baba yurdlarında "erməni vilayəti" adlandırılan qondarma inzibati ərazi bölgüsü yaradıldı. Daha sonra isə "böyük Ermənistan" xülyası təbliğ olunmağa başlanıldı və bu məqsədlə kökündə vəhşət və terrorun dayandığı müxtəlif erməni təşkilatları meydana çıxdı. Bununla da erməni-daşnak qüvvələrinin Azərbaycan xalqının məhv edilməsi və onun torpaqlarının qəsb olunması istiqamətində daha məkrli və məqsədyönlü siyasətinin bünövrəsi qoyuldu.

 

Ədalət gözləyən tariximiz

 

XIX əsrin əvvəllərindən başlayaraq işğalçı müharibələr nəticəsində Azərbaycan iki hissəyə bölündükdən sonra çar Rusiyasının tərkibinə daxil edilən Şimali Azərbaycana, tarixi etnik türk və müsəlman torpaqlarına, xüsusən Naxçıvana, İrəvana və Yelizavetpol quberniyalarının dağlıq ərazilərinə, indiki Dağlıq Qarabağa əsrlər boyu formalaşmış demoqrafik vəziyyəti pozan, əlverişli iqtisadi imkanlar qazanaraq milli münasibətləri kəskinləşdirən, Cənubi Qafqazda imperiya-müstəmləkəçilik siyasətinin aləti olan və "qoy özümə yer edim, gör sənə nə edərəm" prinsipini bayraq edən ermənilər tərəfindən az keçməmiş azərbaycanlılara, eləcə də burada yaşayan digər xalqlara, o cümlədən kürdlərə, ləzgilərə, avarlara, ruslara, yəhudilərə, talışlara və digərlərinə qarşı amansız qətliamlar törədilmişdir.

Sonrakı dövrlərdə, xüsusilə 1905-1907 və 1917-1918-ci illərdə xarici qüvvələrin və siyasi dairələrin köməyi ilə erməni-daşnak silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının demək olar ki, hər tərəfində soydaşlarımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar, soyqırımları həyata keçirildi. Bu qırğınlara bir çox xarici ölkələrlə yanaşı, Rusiya imperiyası tərəfindən göz yumulur, hətta rəvac verilirdi. Qısa müddət ərzində erməni-daşnak qaniçənlərinin hərbi təcavüzləri və terrorları nəticəsində yüz minlərlə azərbaycanlı əhalisi kütləvi qırğına məruz qaldı, zorla öz torpaqlarından didərgin salındı, əmlakları talan olundu.

Çar Rusiyasında sosial-siyasi proseslər gərginləşdiyi bir zamanda, xüsusən 1905-1907-ci illərdə, Birinci Dünya müharibəsi dövründə erməni-daşnak silahlı dəstələri əvvəlcə imperiyanın müxtəlif yerlərində hərbi əməliyyatların gedişində, daha sonra isə 1918-1920-ci illərdə qədim Azərbaycan torpağı olan indiki Ermənistanın ərazisində, Şərqi Anadoluda, Cənubi Azərbaycanda, Borçalıda türklərə, azərbaycanlılara, müsəlmanlara qarşı soyqırımları törətdilər. Birinci Dünya müharibəsi illərində Bakı, Naxçıvan, Gəncə, İrəvan və digər şəhərlərə rus-türk cəbhəsindən qaçqın adı ilə gələn və yerləşdirilən silahlı ermənilər sonrakı illərdə həmin soyqırımlarda xüsusi rol oynadılar.

Yalnız 1918-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və sonrakı fəaliyyəti nəticəsində bu amansız qırğınların, qətliamların qarşısını az da olsa almaq mümkün oldu. Qeyd etmək yerinə düşərdi ki, həmin illərdə ermənilərin bir hissəsi bolşeviklərlə əməkdaşlığa girərək bu qırğınları törətdiyi bir vaxtda, digər bir hissəsi də ehtiyat variant kimi, yəni bolşeviklərin hakimiyyəti uzunmüddətli olmayacağı təqdirdə hər ehtimala qarşı digər xarici qüvvələrlə danışıqlar aparır və hər iki qrup öz hərəkətlərini bir-biriləri ilə əlaqəli şəkildə qururdular.

Zaqafqaziyada bolşevik hakimiyyəti bərqərar olduqdan sonra da ermənilər öz çirkin ambisiyalarından və niyyətlərindən əl çəkməyərək yaranmış şəraitdən məharətlə istifadə etməyə nail oldular. Belə ki, daşnakların fəaliyyəti və bolşevik diktaturasının təzyiqləri nəticəsində 1920-ci ildə Azərbaycanın bütövlükdə Zəngəzur vilayəti və ayrı-ayrı bölgələrindən qoparılmış ərazilər onsuz da əzəli Azərbaycan torpaqlarında süni yaradılmış qondarma Ermənistan SSR-yə "hədiyyə" edildi. Bu, Azərbaycan üçün İrəvan şəhərinin Ermənistana verilməsindən sonra ən böyük torpaq itkilərindən biri idi.

Arayış: "1918-ci il mayın 29-da Həsənbəy Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının ikinci iclası keçirildi. İclasda xalqımız üçün taleyüklü bir məsələ olan və bu gün də müxtəlif fikirlər doğuran İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi məsələsi müzakirə olundu. Şuranın üzvü Fətəlixan Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə Şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılmış danışıqlar haqqında məlumat verdi. F.Xoyski qırğınların dayandırılması məqsədilə, məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün İrəvanın Ermənistana güzəştə gedilməsinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov və M.Məhərrəmov çıxış edərək İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin bizim üçün qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. 28 nəfər Şura üzvündən 16 nəfəri bu təklifin lehinə, bir nəfər əleyhinə səs verdi, 3 nəfər isə bitərəf qaldı (Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA) - s. 1, iş 1, vərəq 51-52., Paşayev A.Ə. "XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları, soyqırımları və deportasiyalar", Bakı: Çaşıoğlu, 2011, səh.104).

Maraqlıdır ki, 1918-ci ilin mayına olan məlumatlara əsasən qədim, tarixi-etnik Azərbaycan torpaqlarında qurulmuş Ermənistan 400 min əhalisi olan iki qəzadan - İrəvan və Üç kilsə qəzalarından ibarət idi ki, onun da əhalisinin yarıdan çoxu müsəlman idi (Bolğşaə Sovetskaə Gnüiklopediə - t.I, t III, M. 1926, c. 437).

Azərbaycan sovetləşdikdən sonra bolşevik cildində respublikaya qayıdan erməni daşnakları müxtəlif partiya və hakimiyyət orqanlarında məsul vəzifələr tutaraq antiAzərbaycan fəaliyyətlərini yeni siyasi quruluşun şüarları ilə pərdələnmiş halda gizli və qəddarlıqla davam etdirirdilər. Sovet-bolşevik  hakimiyyəti qurulduqdan sonra xaricə qaçmış yüzlərlə daşnakın nəinki Ermənistana, hətta Azərbaycana qayıtmasına 1920-1930-cu illərdə icazə verilsə də, mühacir azərbaycanlıların müvafiq istəkləri yerinə yetirilmədi. Məsələn, hələ RK(b)P MK siyasi bürosunun 1923-cü il 22 noyabr tarixli iclasında (protokol ¹47) SSRİ xalq xarici işlər komissarının müavini M.Litvinovun təqdimatı əsasında Türkiyədən olan qaçqın ermənilər haqqında məsələ müzakirə edildi. Qərarda 10 min nəfər erməninin Türkiyədən SSRİ hüdudlarında qəbul olunmasına etiraz edilmir, eyni zamanda bu işin dövlət büdcəsi tərəfindən maliyyələşdirilməməsi qeyd olunurdu. Nəticədə gələn ermənilərin bir hissəsi Azərbaycana yerləşdirildi (Rossiyskiy qosudarstvennıy arxiv soüialğno-politiçeskoy istorii (RQASPİ), f 17, op.3, d.395, l.1).

1920-ci ilin aprel işğalına qədər Azərbaycan ərazisi, əhalisi, hətta dünyanın söz sahibi olan aktorları səviyyəsində tanınan sərhədlərə malik idi, milli hökumətini də qura bilmişdi. Sovet dövründə isə Azərbaycan əslində SSRİ-nin tərkibində müstəqilliyi və müttəfiqliyi formal olan on beş sovet respublikalarından biri idi. Sözsüz ki, belə bir şəraitdə Azərbaycanın dövlət suverenliyindən söhbət gedə bilməzdi. Çünki hətta bəzən məhəlli səviyyədə həll oluna biləcək məsələlər üçün də göstərişlər Moskvadan verilirdi.

SSRİ-nin tərkibinə qatıldıqdan sonra Azərbaycanda aparılan məqsədyönlü siyasi-ideoloji fəaliyyət və təbliğat nəticəsində ermənilər tərəfindən on illərlə xalqımıza qarşı törədilmiş amansız qətliamların və soyqırımların azərbaycanlıların yaddaşından silinməsi, dövlət arxivlərdən isə bunu sübut edən tarixi-faktoloji sənədlərin məhv edilməsi siyasəti həyata keçirilirdi. Digər tərəfdən, erməni-daşnak qüvvələri hiyləgərliklə öz havadarlarının bilavasitə köməyi ilə mənfur ilhaqçılıq siyasətlərinin gələcəkdə davam etdirilməsi üçün zəmin yaradırdılar. Azərbaycanın Qarabağ və ətraf ərazilərinə ermənilərin köçürülməsi də planlı şəkildə davam etdirilirdi. Nəhayət, 1923-cü ildə Azərbaycanın tərkibində əndrabazi Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) adlı ərazi vahidi yaradıldı.

Ermənilər bundan sonra da tədbirli şəkildə fəaliyyətlərini davam etdirərək, istər keçmiş ittifaq rəhbərliyi yanında, istərsə də bəzi xarici ölkələrdəki siyasi dairələrdə cidd-cəhdlə özlərinin mifik yazıq və məzlum obrazlarını yaradır, çirkin niyyətlərini həyata keçirmək məqsədilə münbit şəraitin yetişməsini gözləyirdilər.

Belə bir böyük imkanı erməni-daşnak qüvvələri İkinci Dünya müharibəsi qurtardıqdan sonra əldə etməyə nail oldular. Azərbaycan xalqı əsassız erməni iddiaları ilə üz-üzə qaldı. Erməni-daşnak başbilənləri Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməyə başladılar. Ermənistan KP MK katibi Q.Arutunov 1945-ci ilin noyabr ayında Moskvaya məktub yazaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırdı. (Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi (ARSPİHDA), - f.1, siy.169, iş 249, v.5-14. M.Qasımlı. "Heydər Əliyev - istiqlala gedən yol", Bakı Universiteti nəşriyyatı, 2006, səh.59).

Lakin bu plan baş tutmadı. Belə olduqda erməni dairələri başqa bir varianta əl atdılar. Onlar xaricdəki ermənilərin repatriasiyasına - Ermənistana qayıtmasına icazə verilməsini mərkəzdən xahiş etdilər. O vaxtlar bu məsələlərin həllində "soyuq müharibə"nin başlamasının və vüsət almasının da müəyyən mənada rol oynadığını desək yanılmarıq. Belə ki, daim Azərbaycana və xalqımıza dəstək olan Türkiyə Cümhuriyyətinin ərazisi istiqamətindən Şimali Alyansın - NATO-nun özünün cənub sərhədlərinə yaxınlaşdığını görən Sovet rəhbərliyi həmin istəyi həvəslə yerinə yetirdi. Heç şübhəsiz, SSRİ rəhbərliyində çalışan erməni siyasi nomenklaturası da bu işdə mühüm rol oynayırdı. Beləliklə, erməni-daşnak dairələri qarşılarına qoyduqları üç vəzifədən birini reallaşdırdılar. Bu repatriasiya oyununda vaxtilə qaçmış daşnakların və digər erməni "təşkilatlarının" üzvlərinə də Ermənistana köçməyə icazə verildi.

Bundan sonra məkrli planın ikinci mərhələsinə rəvac verildi. Belə ki, "köçürülən ermənilərin yerləşdirilməsi üçün lazımi şərait olmadığından" Ermənistandakı tarixi torpaqlarında, xüsusən Türkiyə ilə sərhəddə yaşayan azərbaycanlıların məcburi köçürülməsi məsələsi qaldırıldı. SSRİ rəhbərliyi bu "zərurəti" də nəzərə aldı.

SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 ¹-li və 1948-ci il 10 mart tarixli 754 ¹-li qərarlarına uyğun olaraq azərbaycanlılar 1948-1953-cü illərdə planlı şəkildə, lakin başqa, təsərrüfat quruculuğu adı altında Azərbaycanın iqlim cəhətdən əlverişsiz olan aran rayonlarına köçürüldülər. 1948-ci ildə 24 min 631 nəfər, 1949-cu ildə 54 min 373 nəfər, 1950-ci ildə 65 min 650 nəfər azərbaycanlı tarixi-etnik torpaqlarından - Ermənistandan deportasiya edildi (Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA) - f.28, siy.1, iş 185, v.1-8, M.Qasımlı. "Heydər Əliyev - istiqlala gedən yol", Bakı Universiteti nəşriyyatı, 2006, səh.59).

Beləliklə, 1917-ci ilin sonlarından 1918-ci ilin mart ayınadək İrəvan quberniyasında azərbaycanlılara qarşı kütləvi soyqırımı həyata keçirərək 198 kəndi yerlə-yeksan edən, əhalisini qaçqına çevirən erməni terrorçu dəstələrinin fəaliyyətini artıq başqa formada və üslubda davam etdirən erməni-daşnak kommunistləri sovet hakimiyyəti illərində istəklərinin yerinə yetirilməsinə rəsmi qərarlarla nail oldular. Ermənistanın əksər rayonlarında yaşayan azərbaycanlı əhalinin doğma torpaqlarından zorla Azərbaycanın "Kür-Araz" ovalığına köçürülməsi barədə qərarın qəbul edilməsi ilə Azərbaycan xalqının faciəvi kütləvi deportasiyası başladı. Beynəlxalq humanitar hüquq normalarına, xüsusilə Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin müddəalarına əsasən - "Forced-migration of people" - "Əhalinin zorla köçürülməsi", "İlleqal deportation or resettlement" - "Qanunsuz deportasiya və ya köçürülmə" kimi hərbi cinayətlər hesab edilən, heç bir mənəvi və bəşəri  çərçivəyə sığmayan bu amansız zorakılıqlar nəticəsində qısa müddət ərzində 150 mindən çox azərbaycanlı öz yurdundan didərgin salındı. Deportasiya elə vəhşiliklə həyata keçirilirdi ki, hətta azərbaycanlılar  evlərindən heç bir əşya götürməyə macal tapmadan  doğma yurdlarını tərk etməyə məcbur edilirdilər.

Yeni erməni talanları ilə planın üçüncü mərhələsi başlandı.

SSRİ-dəki erməni-daşnak dairələri və siyasi nomenklaturası Mərkəzi rəhbərliyin yanında müxtəlif təbliğat və təşviq işləri aparmaqla yanaşı, ikili oyun oynayırdılar. Onlar SSRİ ərazisində təxribatlar yaratmaq məqsədilə bir çox xarici ölkələrin siyasi mərkəzləri və xüsusi xidmət orqanları ilə gizli şəkildə əməkdaşlıq edir, onlardan maliyyə və digər yardımlar alırdılar (AR MTN arxivi).

"Soyuq müharibənin" qızışdığı bir dövrdə xarici ölkələrin siyasi dairələri və xüsusi xidmət orqanları üçün isə SSRİ ərazisində bu təxribatların əsas hədəfinin kim olduğu və nəyə qarşı yönəldiyinin mahiyyətinin elə də əhəmiyyəti yox idi. Əsas məqsəd sovetlər ittifaqını zəiflətmək idi. Elə bu baxımdan da ən yaxşı alət ermənilər hesab olunurdu.

Eyni zamanda, bəzi beynəlxalq dairələrin dəstəyi ilə ermənilər həmişəki kimi özləri barədə yazıq, məzlum xalq imici yaratmaq istiqamətində fasiləsiz fəaliyyətlərini davam etdirirdilər. Erməniçiliyin güclü təbliğatı nəticəsində hər bir əlverişli imkanda azərbaycanlılara qarşı törədilən vəhşiliklər ermənilərə qarşı törədildiyi kimi təqdim olunurdu. Digər tərəfdən, nəinki SSRİ-nin, hətta Azərbaycanın bir çox dövlət orqanlarında ermənilər vəzifələrə irəli çəkilir, xalqın taleyi onların ixtiyarına buraxılırdı. Həmin ermənilər onlara həvalə olunmuş vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əl altından məkrli məqsədlərini tədricən həyata keçirir, Azərbaycan xalqının vətənpərvər, ziyalı nümayəndələrini, say-seçmə oğul və qızlarını müxtəlif adlarla şərləyərək məhv edir, təcavüzkar və qəsbkar planlarının realizəsi üçün yeni-yeni zəmin hazırlayırdılar.

Həmin dövrdə ermənilərin təbliğatının bir hissəsini də tarixin saxtalaşdırılaraq saxta erməni tarixinin yaradılması, azərbaycanlıların vəhşi, barbar bir millət kimi təqdim edilməsi istiqamətində müxtəlif səpkili əsərlərin yazılması, bu yalanların  reallıq kimi bilərəkdən orta məktəb dərsliklərinə salınmasının təşkili, bununla da planlarının növbəti mərhələsini həyata keçirmək məqsədilə erməni gəncləri arasında ifrat millətçiliyin və düşmənçiliyin təbliğ edilməsi idi. Azərbaycan isə bu xain niyyətlərdən xəbərsiz kimi bütün səviyyələrdə erməni xalqı ilə qardaşlığı tərənnüm edən təbliğatın aparılmasına məcbur edilirdi.

Erməni-daşnak qüvvələri öz təbliğatlarının müəyyən nəticələr verməsindən və SSRİ rəhbərliyi tərəfindən onların işlərinə heç bir maneçiliyin olmamasından, eyni zamanda müəyyən xarici dairələrin yardımından ruhlanaraq, 1950-ci ilin sonlarından etibarən azərbaycanlılara qarşı yeni təxribatlar dalğasına başlamaq qərarı verdilər. Əsas məqsəd isə qısa müddət ərzində azərbaycanlılarla ermənilər arasında milli zəmində nifaq salmaqla, havadarlarının dəstəyi ilə soydaşlarımızın yenidən zorla doğma torpaqlarından qovulmasını təşkil etmək, Naxçıvan, Qarabağ və ətraf əraziləri Ermənistana birləşdirmək kimi geniş bir plan dayanırdı. Ən acınacaqlısı isə bu idi ki, təxribatlara nəinki Ermənistanda, hətta Azərbaycanın müxtəlif bölgələrində də start verilmiş, bunun üçün ən ağla-gəlməz forma, metodlardan və şəxslərdən istifadə edilmişdir (AR MTN arxivi).

1959-cu il oktyabrın 12-də Gəncə şəhərində naməlum şəxslər tərəfindən erməni dilində anonim vərəqələr yayılmağa başladı. Vərəqələrdə erməni milliyyətindən olan şəxsləri işə çıxmamağa çağırmaqla yanaşı, azərbaycanlılara qarşı nifrət, kin və böhtan xarakterli çağırışlar səslənirdi.

Aparılmış yoxlama tədbirləri zamanı məlum olur ki, həmin vərəqələr 1927-ci ildə Xocavənd (keçmiş Martuni) rayonunda anadan olan, cəmi 8 sinif bitirən, Gəncə şəhərində tikinti avadanlıqları zavodunda fəhlə işləyən, milliyyətcə erməni Arakelyan Arutyun Ervandoviç tərəfindən hazırlanaraq yayılması təşkil edilib. A.Arakelyan dövlət təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən saxlanılır. O, dindirilərkən vərəqələri öz təşəbbüsü ilə hazırladığını və yaydığını bildirir. Həmin vaxt mərkəzi hakimiyyət "bütün xalqların doğma vətəni olan - sovetlər ölkəsi"ndə milli zəmində hər hansı məsələnin səs-küyə səbəb olmasında maraqlı deyildi. Buna görə A.Arakelyan profilaktik söhbət edildikdən sonra sərbəst buraxılır.

1962-ci ilin əvvəllərində Xankəndidə ermənilərlə azərbaycanlılar arasında milli zəmində qarşıdurma yaratmaq məqsədilə naməlum şəxslər tərəfindən şayiələr yayılır ki, Xankəndidə yerləşən tikiş fabriki Şəki İpək Kombinatının, avtobaza isə Ağdam şəhər avtobazasının tabeliyinə verilir. Guya bu məsələlər erməni əhaliyə qarşı yönəlib. Buna görə qeyd edilən müəssisələrdə işləyən ermənilər kütləvi iğtişaşlara və azərbaycanlılardan qisas almağa çağırılır. Həmin ildə baş verən digər təxribatda isə Qarabağın erməni əhalisi arasında sorğu keçirilir ki, guya əhalinin böyük əksəriyyəti Qarabağın Ermənistana birləşdirilməsini tələb edir və bu barədə imza toplanılır.

Azərbaycan dövlət təhlükəsizlik orqanları tərəfindən keçirilmiş yoxlama tədbirləri zamanı qeyd olunan şayiələrin 1924-cü ildə Ağdərə (keçmiş Mardakert) rayonunun Qarakənd kəndində anadan olan, həmin vaxt Xankəndi (keçmiş Stepanakert) avtobazasında fəhlə işləyən Asriyan Sergey Saqomonoviç tərəfindən yayıldığı məlum olur. Bununla belə müəyyən edilir ki, o, həqiqətən də Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə imza toplamaqla məşğul olub. Saxlanılarkən ondan 43 nəfərin, o cümlədən Asriyanın qohumları və bir neçə iş yoldaşının adının olduğu siyahı da götürülür.

 

 

 

(Ardı var)

 

 A.VAQİFLİ,

Milli Təhlükəsizilk Nazirliyinin

əməkdaşı

 

Azərbaycan.-2013.- 5 mart.- S.5.