Çətinlikdən «ASAN»a

 

Dövlət qurumları ilə münasibətdə vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, əlavə xərclərin çıxmaması, ümumiyyətlə, bürokratik maneələrin aradan qaldırılması məqsədilə ölkəmizdə "ASAN xidmət" mərkəzləri yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.

"ASAN xidmət"in hələlik bir mərkəzi - 1 saylı Bakı "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. 2012-ci il dekabrın 29-da açılışı olmuş bu mərkəz pilot layihə olduğu üçün ilkin mərhələdə paytaxtın Nəsimi, Nərimanov və Binəqədi rayonlarının sakinlərinə xidmət göstərir.

 

Müasir texnologiyanın tətbiqi xidməti asanlaşdırır

 

Bu il yanvar ayının 15-dən fəaliyyətə başlayan 1 saylı Bakı "ASAN xidmət" mərkəzi tam müasir texnologiyalarla təmin olunub, 5 mərtəbəli, geniş, müasir dizaynı ilə fərqlənən binada yerləşir. Reportaj zamanı şahidi olduq ki, xidmətin təşkilində ən müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb.

Bizə bələdçilik edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Anar Hüseynov binada yer alan xidmətlər və "ASAN xidmət"in gələcək layihələri barədə ətraflı məlumat verdi. Bildirdi ki, "ASAN xidmət" mərkəzinin yaradılmasında məqsəd vətəndaşlara münasibətdə nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da yüksəldilməsi, şəffaflığın və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin və dövlət qulluqçularının peşəkarlığının artırılmasıdır.

 

Xidmət üçün mərkəzə getmədən necə müraciət etmək olar?

 

Binanın ilk mərtəbəsində məlumat masası, gözləmə zalı, bank-poçt xidməti, kafe, foto, tibb məntəqəsi və uşaq əyləncə guşəsi yerləşir. Vətəndaş mərkəzə daxil olan kimi nömrə götürür. Şəxsiyyət vəsiqəsini müvafiq aparata yaxınlaşdırmaqla istədiyin xidmətin növünü seçir və növbənin nömrəsi ekrana yazılır. Buradan hansı mərtəbədə, hansı kabinədə xidmət göstəriləcəyini bilmək olur.

Mərkəzə gəlmədən də xidmətdən istifadə etmək mümkündür, evdən, iş yerindən  "online" qaydada  növbə tutmaq olar. Bunun üçün "ASAN"-ın internet saytına (www.asan.gov.az) daxil olub "online növbə" bölməsinə daxil olmaq lazımdır. Mərkəzin özündə növbəni gözləyərkən  də "Özünəxidmət" virtual köşəsindəki kompyuterlər vasitəsilə "ASAN"-ın saytına daxil olub digər xidmətlər barədə məlumat almaq və ya əməliyyatlar yerinə yetirmək olar. Növbənin yaxınlaşması haqqında müştərinin mobil telefonuna SMS göndərilir. Uşaqlı vətəndaşlar isə buradakı əyləncə mərkəzində övladlarını məşğul edə bilərlər,  attraksionlar və əyləncə alətlərdən istifadə isə pulsuzdur.

 

Səyyar xidmət fiziki qüsurlu şəxslər və uşaqlar üçün pulsuz olacaq

 

Bundan başqa, "ASAN xidmət" mərkəzi bir neçə formada xidmət həyata keçirir. Evində kompyuteri, internetə çıxışı olmayan vətəndaş sərbəst şəkildə gəlib buranın özünəxidmət guşəsindən faydalana bilər. Daha bir üstünlük isə  birbaşa xidmətdir. Bunlar aidiyyəti dövlət qurumları tərəfindən göstərilir.

Səyyar xidmətdən istifadə etməklə vətəndaş evini, iş yerini tərk etmədən "ASAN xidmət"lərdən faydalana bilər. Bunun üçün vətəndaş hər hansı bir mərhələdən keçmək üçün zəruri sənədləri toplayır və xidmətin əməkdaşları əlavə ödəniş əsasında həmin sənədləri alır. Lazım olan əməliyyat bitdikdən sonra həmin sənədlər vətəndaşa təhvil verilir. Amma kənardan yardıma ehtiyacı olan əlillərə, uşaqlara bu xidmətlər ödənişsiz olacaqdır. Qeyd edək ki, artıq bu proses üzərində iş gedir. Yaxın gələcəkdə bu xidmətin də həyata keçirilməsi gözlənilir.

Mərkəzdə diqqət çəkən məqamlardan biri də bütün mərtəbələrdə əlil və fiziki qüsurlu şəxslərə xidmətin rahatlığının nəzərə alınmasıdır. Belə ki, binaya girişdə onlar üçün xüsusi araba qoyulub və pilləkəndən başlayaraq daxili bölmələrə qədər döşəmədə relslər salınıb. Araba həmin relslərlə hərəkət edərək fiziki qüsurlu insanların da xidmətlərdən yararlanmasını təmin edir.

 

Yaxın iki ilə "ASAN xidmət" bütün ölkəni əhatə edəcək

 

"ASAN xidmət"in əsas üstünlüklərindən biri də odur ki, burada müxtəlif dövlət orqanları vətəndaşlara vahid məkanda xidmət göstərirlər. Belə ki, "ASAN xidmət" mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 adda hüquqi xidmət həyata keçirilir.

Binada hər dövlət orqanının özünə aid bölmələri var. Mərkəzdə tətbiq olunan  xidmətlər elə aid olduğu orqanların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin şəxslər xüsusi treninqlər keçmiş, hazırlıq proqramlarını mənimsəmiş şəxslərdir. Burada vətəndaşla məmur arasındakı münasibətlər minimuma endirilir. Binada xüsusi video-kameralar da var ki, hər bir prosesə  nəzarət edir. Yəni kimsə sizdən rüsumda nəzərdə tutulandan artıq pul ala bilməz. Həmçinin, hər bir sahə üzrə dövlət rüsumlarını əks etdirəm elektron tablolar qoyulub. Vətəndaş tablodan rüsumu dəqiq öyrənir yalnız həmin vəsaiti ödəməklə xidmətdən yararlanır. Ödəniş isə heç yerə getmədən, elə mərkəzin özündəcə "PayPoint"lər poçt vasitəsilə həyata keçirilir.

Vətəndaş müraciətlərinə gəlincə, A.Hüseynovdan öyrəndik ki, fəaliyyətə başlayandan bəri "ASAN xidmət"ə 20 mindən çox vətəndaş müraciət edib: "Bu, başlanğıc üçün çox yaxşı göstəricidir". A.Hüseynov dedi ki, bəzən əhali arasında sual yaranır: xidmətlər niyə pilot layihəsi çərçivəsində həyata keçirilir. Nəzərə almaq lazımdır ki, biz hələlik yeganə "ASAN xidmət" mərkəziyik. Bizim gündəlik qəbul etdiyimiz vətəndaş müraciətlərinin sayı 1500-2000-ə yaxındır. Amma gün ərzində 10-20 min vətəndaş qəbul etməyə gücümüz yetməzdi. Ona görə xidmətlər pilot layihə əsasında həyata keçirildi. Yaxın gələcəkdə Bakı şəhərində daha 2-3 mərkəzin açılması nəzərdə tutulur. Gələn ilin iyulunadək Bakı şəhəri üzrə, eləcə Gəncə Sumqayıt şəhərlərində "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti təmin olunacaqdır. Təxminən yaxın iki ilə "ASAN xidmət"lərin bütün ölkəni əhatə etməsi planlaşdırılır.

Xidmətlərlə tanış olarkən bir neçə vətəndaşın da sözügedən yeniliyə münasibətini öyrəndik. Hər biri xüsusi razılıqla göstərilən xidmətdən məmnun olduqlarını artıq "dağa-daşa" düşmədiklərini bildirdilər.

 

Xüsusi avtomobillə kənd rayonlarında da xidmət göstəriləcək

 

Bunlardan başqa, "ASAN xidmət" yaxın gələcəkdə mobil xidmət həyata keçirməyi planlaşdırır. Bunun üçün xüsusi avtomobillərdən - TIR-lardan istifadə olunacaq. Bu TIR-larda 9 dövlət orqanının əməkdaşları olacaq avtomobildə internetə, informasiya bazalarına çıxış təmin olunacaq. Həmin TIR-lar mərkəzdən çıxıb Azərbaycanın hər hansı bir rayonuna, kəndinə gedərək vətəndaşlara "ASAN xidmət" göstərəcəklər. Hazırda bununla bağlı lazımi avadanlıqların alınması üzərində gedir.

 

Vətəndaşlara hansı xidmətlər göstərilir?

 

Aşağı mərtəbədə "ASAN xidmət" barədə ətraflı məlumatlar aldıqdan sonra yuxarı mərtəbələrlə tanış olduq. Birinci mərtəbədə Daxili İşlər Nazirliyinin 4 adda - "Sürücülük vəsiqələrinin dəyişdirilməsi", "Ümumvətəndaş pasportlarının verilməsi dəyişdirilməsi", "Şəxsiyyət vəsiqələrinin verilməsi dəyişdirilməsi" "Məhkumluq barədə arayışların verilməsi" xidmətləri göstərilir. Burada həmçinin, Vergilər Nazirliyinin "Kommersiya hüquqi şəxslərin vergi ödəyicilərinin qeydiyyatı", Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin "Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi", Dövlət Miqrasiya Xidmətinin "Müvəqqəti yaşamaq üçün icazə, immiqrant statusunun əldə edilməsi", Dövlət Sosial Müdafiə Fondunun "Əmək pensiyalarının təyin edilməsi" Milli Arxiv İdarəsinin "Arxiv arayışlarının verilməsi" xidmətləri həyata keçirilir.

1 saylı Bakı "ASAN xidmət" mərkəzinin 2-ci mərtəbəsində Ədliyyə Nazirliyinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" "Notariat", Əmlak Məsələləri Dovlət Komitəsinin "Daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı" Dövlət Gömrük Komitəsinin "Gömrük bəyannamələrinin, gömrük rəsmiləşdirmələri üçün sənədlərin qəbulu" xidmətləri fəaliyyət göstərir. Binanın 3-cü mərtəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yerləşir. 4-cü mərtəbə "İnnovasiyalar mərkəzi", 5-ci mərtəbə isə "Çağrı mərkəzi" üçün nəzərdə tutulub.

"Çağrı" mərkəzi fevral ayının 1-dən fəaliyyətə başlayıb. 108 nömrəli "Çağrı" mərkəzinə stasionar (ev, ) telefonlardan birbaşa zəng etmək mümkündür. Bu nömrəyə edilən zəng aparılan danışıq, habelə "Çağrı" mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Mərkəz, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətini həyata keçirir.

 

"ASAN xidmət" sosial şəbəkələrdə

 

Qeyd edək ki, "ASAN xidmət" sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir. Odur ki, xidmətin "Facebook", "Twitter" digər tanınmış sosial şəbəkələrdə səhifələri var. Buradan edilən vətəndaş müraciətlərinə operativ şəkildə istiqamətlər verilir. Beləcə, sosial şəbəkələr vasitəsilə vətəndaşlarla interaktivlik təmin olunur. Xidmətin nümayəndəsi söhbətində dedi ki, biz maksimum çalışırıq ki, maarifləndirmə işlərini geniş təşkil edək, əhatə dairəmiz böyük olsun. İnsanlar bilsinlər ki, belə bir xidmət var gəlib bu xidmətdən yararlansınlar.

Qeyd edək ki, 1 saylı Bakı "ASAN xidmət" mərkəzi  həftənin bazar ertəsi - şənbə günləri saat 10:00-dan 20:00-dək, bazar günü isə saat 11:00-dan 17:00-dək fəaliyyət göstərir. Nəsimi, Nərimanov Binəqədi sakinləri Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 36 ünvanına getməklə "ASAN xidmət"dən yararlana bilərlər.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 5 mart.- S.6.