Ombudsman hesabat verdi

 

Milli Məclisin iclasında

 

Dünən Milli Məclisin növbəti iclası keçirildi. İclasın gündəliyinə müzakirə üçün 12 məsələ daxil edilmişdi.

Məsələlərin müzakirəsindən əvvəl Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünyanın əksər dövlətlərində anım mərasimləri və digər tədbirlər keçirilib. Bir çox ölkələrdə Ermənistanın təcavüzkar dövlət olması barədə qətnamələr qəbul olunub: "Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin nəticəsidir. Eyni zamanda baş verən hadisələr göstərir ki, bir çox ölkələrin 30-40 ilə keçdiyi yolu biz çox qısa bir zamanda böyük sürətlə keçirik. Xocalı soyqırımı ilə bağlı qətnamələr əvvəlcə Pakistan, MeksikaKolumbiya parlamentlərində  qəbul   edilmişdi.   Artıq  ABŞ-ın  7 ştatı, Avropanın bir çox ölkələri bu məsələyə münasibət bildirib. Artıq Azərbaycanın haqq səsi eşidilir. Son olaraq isə BosniyaHerseqovina parlamentində səs çoxluğu ilə qətnamə qəbul edilib. Çexiya və Rumıniyada da Ermənistan təcavüzkar ölkə adlandırılmışdır. Hesab edirəm ki, bu, Azərbaycan diplomatiyasının növbəti təntənəsidir. Bu, bir daha sübut edir ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılan işlər yüksək səviyyədədir".

Milli Məclisin Sədri bu işdə zəhməti olan bütün şəxslərə, təşkilatlara minnətdarlığını bildirdi və təklif etdi ki, Azərbaycan Milli Məclisinin adından yuxarıda adları çəkilən dövlətlərin parlamentlərinə və parlament rəhbərlərinə təşəkkür məktubu göndərilsin.

Cari məsələlərin müzakirəsi də demək olar ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlərə həsr olundu. Deputatlar Məlahət İbrahimqızı, Musa Qasımlı, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Asəf Hacıyev çıxışlarında qeyd etdilər ki, Xocalı soyqırımı ilə bağlı aparılan kampaniya artıq dünyada ermənilərin uydurma "soyqırım"ı iddialarını arxa plana keçirib. Dünya Azərbaycan həqiqətləri ilə tanış olur və Ermənistan təcavüzkar ölkə kimi ifşa edilir. Bütün bunlar Azərbaycan həqiqətlərinə dünya dövlətlərinin verdiyi qiymətdir.

Qəbul olunan sənədlərin əksəriyyətində BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  4 qətnaməsinin yerinə yetirilməsi tələb olunur. Deputatlar bildirdilər ki, Azərbaycan Prezidenti İlham Əliyevin titanik fəaliyyəti bu gün erməni təbliğatını darmadağın etməkdədir. O da qeyd edildi ki, Xocalı faciəsinin 20-ci ildönümü zamanı Bakıda təşkil olunan ümumxalq yürüşü zamanı Azərbaycan Prezidentinin xalqın önündə getməsi də bir çox dövlətlər və antiazərbaycançı qüvvələr üçün xəbərdarlıq oldu. Həmçinin bütün dünyaya bəyan oldu ki, xalq hər zaman İlham Əliyevin ətrafındadır. Müzakirələr zamanı deputatlar Fransa parlamentində baş vermiş xoşagəlməz hadisəyə də toxundular. Bildirildi ki, özünü demokratiyanın beşiyi adlandıran Fransa kimi bir dövlətin parlamentində 2 soydaşımızın ermənilər tərəfindən döyülməsi faktı utancverici haldır. Deputatlar Milli Məclisin bu məsələyə münasibət bildirməsini təklif etdilər. Spiker Oqtay Əsədov diqqətə çatdırdı ki, bu qanunsuzluq Fransa parlamentinin bir zalında baş verib və Azərbaycan Xarici İşlər Nazirliyi dərhal Fransaya öz etirazını bildirib. Bu məsələ ilə bağlı artıq cinayət işi açılıb. Ona görə də bir qədər gözləmək lazımdır. Nəticə bilindikdən sonra Milli Məclis öz mövqeyini açıqlaya bilər.

Müzakirələrdən sonra iclasda Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan Hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2012-ci il üzrə illik məruzəsi dinlənildi. Ombudsman Elmira Süleymanova bildirdi ki, təsisatın ötən 10 il ərzindəki fəaliyyəti insan, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, insan hüquqlarının pozulmasının qarşısının alınmasına və pozulmuş hüquqların bərpasına, bütövlükdə insan hüquqlarının inkişaf etdirilməsinə, nəticə etibarilə, vətəndaş cəmiyyəti və demokratiya meyarlarına cavab verən dövlətçiliyin daha da möhkəmləndirilməsinə yönəlib. Azərbaycanın tərəqqisinin tərkib hissəsi kimi daim təşəkkül edən və inkişafda olan bu təsisatın qazandığı uğurlar dövlətin və onun səlahiyyətli qurumlarının dəstəyi liə başa gəlib.

2012-ci ildə bütün sahələrdə davam etdirilmiş ardıcıl islahatlar, o cümlədən irimiqyaslı sosial-iqtisadi tədbirlər nəticəsində dövlət büdcəsi sosialyönümlü olmaqla davamlı şəkildə artmış, vergisosial təminat sistemləri təkmilləşdirilmiş, bir sıra sahələrdə "bir pəncərə" sistemi, habelə "elektron hökumət" uğurla tətbiq edilmişdir. "ASAN" xidmət fəaliyyətə başlamış, bürokratik əngəllərin aradan qaldırılması və şəffaflığın təmin olunması üzrə işlər genişləndirilmişdir. Ötən il ərzində İnsan Hüquqları üzrə müvəkkil həm paytaxtda, həm də regionlarda əhali ilə geniş ünsiyyət yaratmaqla görüşlər və qəbullar keçirmiş, müxtəlif vaxtlarda insan hüquqlarının təmin edilməsinin monitorinqini aparmışdır. Yerli icra hakimiyyətlərinin və mərkəzi icra orqanlarının yerli bölmələrinin, bələdiyyələrin rəhbərlərinin pozulmuş insan hüquqlarının bərpası işinə cəlb etməklə qurum insan hüquqlarının səmərəli müdafiəsinə, bununla da dövlətin nüfuzunun artmasına, dövlətçiliyin inkişafına xidmət etmişdir. Müvəkkilin fəaliyyəti dövründə onun ünvanına ümumilikdə, 87.870, o cümlədən 2012-ci ildə 12.470 müraciət daxil olmuşdur.

Ötən il Ombudsmana daxil olan şikayətlərin 43,7 faizi icraata qəbul edilib, onlardan 65,2 faizi təmin olunub. Keçən il Azərbaycanda 40 məhkum əfv olunub. Ümumilikdə 2012-ci ildə Ombudsmanın vəsatəti ilə 391 məhkum əfv edilib.

Ötən il həbs yerlərində saxlanılan şəxslər və məhkumlarla bağlı Ombudsmana 1833 müraciət daxil olub. Ötən dövrdə fəaliyyətlərində yol verdikləri qanun pozuntularına görə bəzi rayon məhkəmələrinin və müvafiq orqanların əməkdaşlarına Ombudsmanın iradından sonra intizam icraatı başlanılmışdır.

Müvəkkil hər bir kəsin informasiya almaq hüququ olduğunu, bu hüququn səmərəli təmin edilməsinin zəruriliyini, vətəndaşlara, o cümlədən jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, toplamaqyaymaq üçün zəruri şərait yaradılmasının vacibliyini bildirmişdir.

Elmira Süleymanova Fransa Milli Assambleyasında diaspor üzvlərimizin döyülməsi ilə bağlı məsələyə də Ombudsman institutunun münasibət bildirdiyini, həmin olay zamanı orada olan fransız deputatın deputat səlahiyyətlərinin alınmasını tələb etdiklərini söylədi: "Azərbaycanda insan hüquqları ilə bağlı nöqsan və problemlərin aradan qaldırılması istiqamətində siyasi iradə və görülən işlər də göz qabağındadır. Hər bir hüquq pozuntusunun aradan qaldırılmasına ciddi yanaşılmalıdır".

Müzakirələr zamanı deputatlar Zahid Oruc, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Elmira Axundova, Astan Şahverdiyev, Qənirə Paşayeva, Aqiyə Naxçıvanlı, Aydın Mirzəzadə, Siyavuş Novruzov çıxış edərək Ombudsmanın məruzəsini müsbət qiymətləndirdilər və bildirdilər ki, məruzədə göstərilən işlər Azərbaycan hökumətinin il ərzində apardığı siyasətin əsasında həyata keçirilib. Qeyd edildi ki, ölkəmizdə bəzi qeyri-hökumət təşkilatları konkret cinayət əməli törədərək həbs edilmiş şəxslərə "siyasi məhbus" adı verərək beynəlxalq təşkilatlara müraciət edirlər. Bununla onlar antiazərbaycançı şəbəkəyə dəstək verir, Azərbaycanı təzyiq altında saxlamağa çalışan qüvvələrə yardımçı olurlar. Deputatlar Ombusdmana müraciət etdilər ki, bu cür qanunsuzluqlarla bağlı həmin təşkilatları mütəmadi olaraq məlumatlandırsın.

Sonda İnsan Hüquqları üzrə müvəkkilin illik hesabatı deputatlar tərəfindən müsbət qiymətləndirilərək qəbul edildi.

Qısa fasilədən sonra Milli Məclis öz işini davam etdirdi. Deputatlar əvvəlcə "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun layihəsinə müsbət münasibət bildirdilər.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanununda, "Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də və "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında qanun layihələrini müzakirəyə təqdim etdi. Qısa müzakirələrdən sonra qanun layihələri təsdiq olundu.

İclasda "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi də qəbul edildi.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişikliklər edilməsi barədə" qanun layihəsini də müzakirəyə təqdim etdi. Bildirdi ki, ölkəmizdə İnformasiya Məsələləri üzrə müvəkkilin səlahiyyətləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə (Ombudsman) həvalə edilib. Ona görə layihəyə əsasən Milli Məclisin  Daxili Nizamnaməsinin 21-1-ci maddəsinin adından "İnformasiya Məsələləri üzrə müvəkkilin hesabatı" sözlərinin çıxarılması və həmin maddənin altıncı hissəsinin ləğv edilməsi nəzərdə tutulur. Qanun layihəsi təsdiq edildi.

Oxşar texniki dəyişiklik  "Məlumat azadlığı haqqında" qanuna da edildi. "Məlumat azadlığı haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi haqqında məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, ölkəmizdə İnformasiya Məsələləri üzrə müvəkkil vəzifəsini İnsan Hüquqları üzrə müvəkkil yerinə yetirdiyi üçün "Məlumat azadlığı haqqında" qanunun 12-ci maddəsində "İnformasiya Məsələləri üzrə müvəkkilə" sözlərinin "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinə (Ombudsman)" sözləri ilə əvəz olunması nəzərdə tutulur. Qanun layihəsi qəbul edildi.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi barədə məlumat verdi. Bildirdi ki, layihəyə əsasən Pirallahı rayonunun Pirallahı qəsəbəsinin Gürgən-Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsinin yaradılması nəzərdə tutulur. Qanun layihəsi qəbul edildi.

Daha sonra deputatlar "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" və "Masallı rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında"  qanun layihələrinə müsbət münasibət bildirdilər.

İclasda son olaraq "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsi (ikinci oxunuş) müzakirə edildi. Bu qanunun qəbulunda məqsəd Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən uşaqların sağlamlığının qorunmasının və möhkəmləndirilməsinin təşkilati-hüquqi əsaslarını,  uşaqlar arasında aparılan  müalicə-profilaktika tədbirlərini müəyyən etmək və bu sahədə yaranan münasibətləri tənzimləməkdir.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü ilə təqdim olunan hər bir qanun layihəsi ölkəmizin inkişafına, xalqın rifahının yüksəlməsinə, sosial dövlət quruculuğuna xidmət edir. 3 fəsil, 16 maddədən ibarət olan bu qanun layihəsinin Milli Məclisin 15 fevral 2013-cü il tarixli iclasında birinci oxunuşda qəbul edildiyini deyən Hadi Rəcəblinin sözlərinə görə, həmin iclasdakı müzakirələr zamanı deputatlar belə bir qanunun əhəmiyyətini qeyd etmiş, həmçinin layihənin birinci oxunuşun tələblərinə cavab verdiyini bildirmişdilər.

Sonra qanun layihəsi ilə bağlı müzakirələr başladı. Deputatlardan Hikmət AtayevCavanşir Feyziyev layihə ilə bağlı fikirlərini bildirdilər. Yekunda deputatların təklifi ilə qanun layihəsi ikinciüçüncü oxunuşlarda qəbul edildi.

 

 

Rəşad CƏFƏRLİ,

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.-2013.- 6 mart.- S.1;2.