Heydər Əliyevin 1960-1970-ci illərdə
erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş
məkrli planlarına qarşı qətiyyətli mübarizəsi
Erməni-daşnak qüvvələri
ilə mübarizədə dönüş nöqtəsi
Həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən hadisələrin mənfi məcrada inkişaf etməsinin qarşısının alınması məqsədilə müəyyən müdaxilələr olsa da, bu lazımi səmərə vermirdi. Belə ki, yalnız təxribatı törədən bir neçə şəxs saxlanılır və profilaktik söhbət aparılaraq sərbəst buraxılırdı. Heç şübhəsiz, ermənilərin ifrat millətçilik, daşnak iddialarına qarşı sərt mübarizə mövqeyində duran azərbaycanlı xadimlər, təhlükəsizlik orqanlarının əməkdaşları da var idi.
Belə fədakar insanlardan biri Dövlət Təhlükəsizlik Komitəsində işləyən gənc əməkdaş Heydər Əliyev idi. Heydər Əliyev erməni millətçilərinə qarşı qonşu ölkələrdə və respublikada əməliyyatların keçirilməsində və onların zərərsizləşdirilməsində müstəsna rol oynamışdı (AR MTN arxivi).
Sonralar ulu öndər Heydər Əliyev deyirdi: "30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdır. Mən bunların şəxsən şahidiyəm və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam".
Bəli,
yalnız ötən əsrin 60-cı illərindən etibarən
Azərbaycanda sovet tarixində müstəqil dövlətçiliyə
aparan yolda böyük, strateji mərhələnin əsası
qoyuldu. Məhz 1965-ci ildə Azərbaycan SSR Nazirlər Soveti
yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr
müavini, 1967-ci ildə isə sədri vəzifəsinə
Heydər Əliyev təyin edildikdən sonra qeyd olunan məsələlərə
münasibət kökündən dəyişdi.
"Heydər
Əliyev daxili aləmi və düşüncələrinə
görə praqmatik əməliyyatçı, strateq, artıq
danışmaqdansa əməli işə üstünlük
verən millətsevər bir şəxs idi. Mövcud rejim
şəraitində tam səlahiyyət sahibi olmayanadək və
hətta səlahiyyət sahibi olanda belə millətsevərlik
baxışlarını büruzə vermək faciə ilə
nəticələnə bilərdi. Əslində, reallığa əsaslanaraq
hərəkət edən bir şəxs idi" (Solovyov V.,
Klepikova E. "Behind the High Kremlin Walls", p.62-63).
Dahi
dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə
həyata keçirilən düşünülmüş
siyasət nəticəsində ümumi dövlət təhlükəsizliyi
kontekstində, əslində isə Azərbaycan xalqına
qarşı yönəlmiş təhlükələrin, gələcək
təhdidlərin, baş verən proseslərin əsl mahiyyəti,
onu qidalandıran və təmin edən amillər dərindən
öyrənilir, təhlil olunur, adekvat tədbirlər
görülməsinə çalışılırdı.
Çəkinmədən və qətiyyətlə ittifaq rəhbərliyinə
ermənilərin separatçılıq və qəsbkar niyyətləri
barədə açıq məlumatlar göndərilirdi.
Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədr
müavini Heydər Əliyevin Az.SSR KP MK-ya göndərdiyi
26.01.1966-cı il tarixli məktubdan: "Daxil olmuş əməliyyat
məlumatına əsasən, Yerevan şəhərində
qeyri-qanuni "Erməni gənclər ittifaqı" adlı
təşkilat yaradılmışdır. Onların özlərinə
məxsus proqram və nizamnamələri var. 1965-ci ilin noyabr
ayında Yerevan universitetinin işçiləri olan həmin təşkilatın
iki nümayəndəsi Martuni rayon mərkəzinə gələrək
orada ezamiyyətdə olan DQMV mərkəzi
kitabxanasının metodisti Saakyan Benikom Mixayloviçlə
(KP-nin üzvü, Yerevan Universitetinin "Tarix" fakültəsini
bitirib) görüş keçiriblər. Onlar Saakyana həmin
təşkilatın 4 nüsxədən ibarət proqram və
nizamnamələrini verərək bildirmişlər ki, məxfiliyi
qorumaq şərti ilə 200 nüsxə çoxaldaraq
Qarabağda yaşayan ermənilərə paylasın, eyni
zamanda, təşkilatın yerli nümayəndəliyini
yaratsın" (AR MTN arxivi).
Keçirilmiş
tədbirlər zamanı məlum oldu ki, həmin təşkilat
Sovet İttifaqı Kommunist Partiyasının XXIII
qurultayına qədər Dağlıq Qarabağın,
Naxçıvanın və Ermənistanın digər
"keçmiş torpaqları"nın (Azərbaycanın əlavə
bir neçə rayonunun) Ermənistana "qaytarılması"
məqsədilə müraciət hazırlamalı və bu
barədə erməni əhalisi arasında təbliğat
aparmalıdır. Lakin Saakyan saxlanılır və onda olan təxribatçı
xarakterli vərəqələr və 4 nüsxədən ibarət
təşkilatın proqram - nizamnaməsi
götürülür. Saakyan dindirilmə zamanı bildirir ki,
Yerevana imtahan verməyə getdiyi zaman orada universitetin müəllim
və professor heyəti onu və digər tələbələri
Qarabağın Ermənistana birləşdirilməsi
üçün təbliğat aparmaq məqsədilə cəlb
ediblər. Hətta tələbələrdən biri - Beqlaryan
Levon Asikoviçə təbliğatın aparılmasında
işini rahatlaşdırmaq məqsədilə avtomobil təşkil
olunacağına söz verib. Tapşırığa əsasən,
Beqlaryan tətil vaxtlarında Qarabağa gedərək bu
istiqamətdə əhali arasında təbliğat
aparırdı. Eyni zamanda, məlum olur ki, Saakyan Qarabağda
olarkən Arkadi adlı Yerevan şəhər sakini Qarabağa
gələrək onunla görüşür və
aşağıdakı sənədləri ona verərək,
çoxaldılıb yayılmasını tapşırır:
- "Erməni
gənclər ittifaqı"nın proqram və nizamnamələri;
- Həmin
təşkilatın üzvünün andiçmə mətni;
-
"Xorudain Hayostan" (1921-ci ildə buraxılan) qəzetindən
çıxarış;
- "Nyu
York Türk tələbələri ittifaqı"nın 19
aprel 1965-ci il tarixli məktublarının surəti və
"Erməni Gənclər İttifaqı"nın həmin
məktublar haqqında rəyləri.
Keçirilən
tədbirlər zamanı həmin sənədləri gətirən
Ayrapetyan Arkadi Stepanoviç və Matevosyan Spartak
Apetnakoviç də saxlanılırlar.
1966-cı
ilin mart ayında Xankəndi şəhərində yerləşən
2 saylı orta məktəbin 10-cu sinif şagirdi, eyni zamanda, həmin
məktəbin komsomol komitə katibi - 1948-ci il təvəllüdlü
Petrosyan Marsel Aykazoviç şagirdlər arasında anti-Azərbaycan
əhval-ruhiyyəli təbliğat aparmaqla məşğul
olur və bu istiqamətdə ermənilərdən ibarət
olan "Gənclər təşkilatı" adlı təşkilat
yaradır. Əsas məqsəd DQMV-nin Ermənistana birləşdirilməsi
istiqamətində fəaliyyət göstərmək olur.
Onlar bu məqsədlə vərəqələr
hazırlayaraq 9-10 may tarixlərində Xankəndi şəhərində
yaymağa başlayırlar. Qrupun fəallarının
qarşısının alınması üçün
müvafiq tədbirlər görülür.
1966-cı
il sentyabrın 12-də təxribat xarakterli fəaliyyətlərinə
görə məlum olan - 1927-ci il təvəllüdlü
Tovmasyan Ararat Sirikanoviç, 1937-ci il təvəllüdlü
Cavadyan Boris Mamikanoviç və 1937-ci il təvəllüdlü
Xaçatryan Robert Sanasaroviç gizlicə Yerevandan Xankəndinə
gəlirlər. Dövlət Təhlükəsizlik Komitəsinin
əməkdaşları bu barədə qabaqlayıcı məlumatlar
əldə edirlər və erməni qrupunun üzvləri nəzarətdə
saxlanılır. Onlar özləri ilə gətirdikləri vərəqələri
yaymağa cəhd göstərərkən yaxalanırlar.
Qrupun üzvlərindən aşağıdakılar
götürülür:
-
Dağlıq Qarabağın erməni əhalisinə təxribat
xarakterli müraciət - 28 nüsxədə;
- Şair
Silva Kaputikyanın əsərləri - 6 nüsxə;
- "Erməni
vətənpərvərlər ittifaqı"nın
bütün erməni xalqına müraciəti - 12 nüsxədə;
-
"Türklərin ermənilərə qarşı
zorakılığı"nın 50 illiyi ilə bağlı
şüar - 1 nüsxədə;
- Azərbaycanın
siyasi xəritəsi - 1 nüsxədə və s. təxribat
xarakterli vərəqələr.
Lakin erməni-daşnak
təxribatçıları fəaliyyətlərini nəinki
dayandırmır, yeni-yeni forma və metodlardan istifadə edirlər.
1966-cı
ilin əvvəllərindən başlayaraq erməni təxribatçıları
tərəfindən DQMV və Ermənistanda şayiələr
yayılır ki, guya artıq mərkəzi hökumətdə
- Sov.İKP MK-da Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
barədə qərar qəbul edilib. Təxribatçılar
bununla bağlı vərəqələr yayır və həmin
"şad xəbəri" qısa müddətdə
bütün erməni əhaliyə çatdırmağı
planlaşdırırlar.
Bu barədə
AR DTK-dan Az.SSR KP MK-ya göndərilən 17.09.1966-cı il
tarixli məktubdan: "Son 10-12 gün ərzində
Qarabağda - Moskvada DQMV-nin Ermənistana birləşdirilməsi
barədə məsələnin artıq müsbət həll
olunması barədə şayiələrin yayılması
sürətlənmişdir. Bununla əlaqədar olaraq
Sov.İKP MK-nın və sovet hökumətinin ünvanına
millətçilər tərəfindən təşəkkür
məktubları yazılır və həmin məktublara
imzaların toplanması faktları (SMU-41 adlı tikinti idarəsində,
Mərkəzi Xəstəxanada, Tibb Texnikumunda və müxtəlif
orta məktəblərdə) geniş yayılır" (AR
MTN arxivi).
Qeyd etmək
lazımdır ki, Heydər Əliyev Azərbaycanın Dövlət
Təhlükəsizlik Komitəsinin sədri təyin edildikdən
sonra ermənilərin fitnəkar niyyətlərinə
qarşı mübarizə daha da gücləndirilir, ulu
öndər bu istiqamətdə həyata keçirilən tədbirlərə
şəxsən nəzarət edir.
Lakin
görülən tədbirlər Heydər Əliyevi tam qane
etmirdi. O, yaxşı bilirdi ki, DQMV-də erməni-daşnak
qüvvələri ilə effektiv mübarizə aparmaq
üçün DTK-nın DQMV üzrə şöbəsinin
erməni rəhbərliyi dəyişdirilməlidir. Bu səbəbdən
də ulu öndər dəfələrlə SSRİ Nazirlər
Soveti yanında DTK rəhbərliyinə müraciət edərək
həmin şöbənin rəisinin dəyişdirilməsini
tələb edirdi. Ancaq ermənilər də həmin vəzifəyə
azərbaycanlının təyin edilməsinə hər vəchlə
mane olurdular. Belə olduğu təqdirdə Heydər Əliyev
bu vəzifəyə digər millətin nümayəndəsinin
təyin edilməsi məsələsini qaldırır. Sonda AR
DTK-da işləyən, öz obyektivliyi və qərəzsizliyi
ilə tanınan rus milliyyətindən olan Dmitri
Georgiyeviç Bıstrov AR DTK-nın DQMV üzrə
şöbəsinin rəisi təyin edilir.
1967-ci
ilin illik hesabatı zamanı Heydər Əliyev AR DTK-nın
DQMV şöbəsinin rəisi polkovnik Dmitri Bıstrova qeyd
olunan hallara qarşı mübarizə tədbirlərinin
gücləndirilməsini tapşırır və bu barədə konkret göstərişlər
verir. Artıq həmin tapşırıqlar qısa müddət
ərzində öz nəticələrini verməyə
başlayır.
1967-ci ildə
Qarabağda fəaliyyət göstərən cinayətkar
ünsürlərdən təşkil olunan və azərbaycanlıların
öz doğma yurdlarından qovulmasını təşkil etməyi
planlaşdıran milliyyətcə erməni gənclərdən
ibarət qrup müəyyənləşdirilərək zərərsizləşdirilir.
Həmin qrupun fəaliyyəti əsasən Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi və azərbaycanlıların
zor gücünə öz torpaqlarından qovulması
üçün geniş təbliğat işinin
aparılması, bu məqsədlə təxribat vərəqələrinin
hazırlanması, erməni əhalisi arasında
yayılmasını və yeni üzvlərin cəlb
olunmasını təşkil etmək idi. Həmin ildə təkcə
Dağlıq Qarabağda 1200-dən artıq belə vərəqə
hazırlanıb yayılmışdı. Qısa müddət
ərzində belə vərəqələri
hazırlayanlardan 13 nəfər, yayanlardan isə 17 nəfər
saxlanıldı.
1967-ci
ilin əvvəllərində erməni-daşnak dairələri
və təxribatçıları tərəfindən əvvəlcədən
hazırlanan plana əsasən Dağlıq Qarabağda milliyyətcə
erməni olan Movsesyan soyadlı şəxs qətlə
yetirilir. Planın ikinci mərhələsinə uyğun olaraq
xüsusi erməni təhrikçilərinin rəhbərliyi
altında quduzlaşmış kütlə Movsesyanın
ölümü ilə bağlı məhkəmə
iclasının keçirildiyi kinoteatrın zalına girərək
şübhəli şəxs kimi həmin prosesdə dindirilən
2 azərbaycanlını zorla mühafizəçilərin əlindən
alıb xüsusi amansızlıqla öldürürlər. Təqsirləndirilən,
lakin sonradan bəraət almış digər azərbaycanlı
Zöhrab Məmmədov isə dustaq maşını ilə
birlikdə yandırılır. Burada əsas məqsəd
hadisələri qızışdırıb milli zəminə
yönəltmək, nəticədə azərbaycanlıların
bütün Qarabağ ərazisindən
köçürülməsini və ərazinin Ermənistana
birləşdirilməsinin təməlini qoymaq idi.
Lakin Azərbaycan
təhlükəsizlik orqanlarının çevik müdaxiləsi
nəticəsində bu hadisələrin qarşısı
qısa müddətdə alındı. Təxribat zamanı
xüsusi fəallıq göstərən 20 nəfər
milliyyətcə erməni olan şəxs həbs edildi.
Onlardan 5 nəfərə ölüm hökmü kəsildi,
14 nəfər isə müxtəlif müddətlərə
azadlıqdan məhrum edildi. İşin istintaqını Heydər
Əliyev şəxsən öz nəzarətinə
götürdü. Hətta bu məqsədlə Xankəndinə
gedərək 15 gün orada qaldı (AR MTN arxivi).
Həmin ərəfədə
məlum olur ki, həbs olunan ermənilərin qisasını
almaq məqsədilə Qarabağda yaşayan azərbaycanlılara
və müxtəlif partiya fəallarına qarşı yeni
hücumlar hazırlanır. Bu məqsədlə Ermənistan ərazisində
xüsusi terrorçu qrup yaradılıb və onlar əldə
etdikləri silah-sursatı Yerevan şəhərinin
yaxınlığında gizli yerdə saxlayırlar.
Heydər
Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində,
onun rəhbərliyi altında xüsusi əməliyyat-istintaq
qrupu yaradılır, həmin terrorçu qrupun gizli cəbbəxanası
aşkar olunur və oradan 4 ədəd "Kalaşnikov"
tipli avtomat, 2 ədəd pulemyot, bir neçə ədəd
"Naqan" və "Mauzer" tipli tapançalar, eləcə
də həmin silahlar üçün nəzərdə
tutulmuş külli miqdarda güllələr və digər
döyüş sursatı götürülür. Aparılan
araşdırmalar zamanı məlum olur ki, həmin silah-sursat
Ermənistan ərazisində dislokasiya olunan sovet ordusunun
anbarlarından oğurlanıb (?!). Lakin SSRİ prokurorluğu
cinayət işini Azərbaycan prokurorluğundan alaraq öz
icraatına götürdü. Bununla da qrup üzvlərinin
sonrakı taleyi qaranlıq qaldı.
Həmin
vaxtda DQMV-də erməni-daşnak qüvvələri tərəfindən
yenidən təxribat xarakterli vərəqələrin
hazırlanaraq yayılması, Qarabağın Ermənistana
birləşdirilməsini tələb etmək məqsədilə
imzaların toplanması və s. fəaliyyət göstərildi.
Amma həyata keçirilən əməliyyat tədbirləri
nəticəsində ermənilərin bu təxribatlarını
da zərərsizləşdirmək mümkün oldu.
Heydər
Əliyev 1967-ci ilin yekunlarına dair SSRİ DTK-ya göndərdiyi
hesabatında bu kimi hadisələrdə Ermənistan SSR-də
fəaliyyət göstərən millətçi dairələrin
birbaşa rolunun olduğunu, hadisələrin onlar tərəfindən
təşkil edildiyini bildirir və bunu təsdiq edən
aşağıdakı faktları göstərir:
1. Son
beş ildə Qarabağla heç bir əlaqəsi olmayan millətçi
ermənilər mütəmadi Xankəndinə səfərlər
edir, orada şər və təxribat xarakterli fikirlərlə
yanaşı, Qarabağın yaxın vaxtlarda Ermənistana
birləşdiriləcəyi barədə təbliğat
aparırlar.
2. Bu
istiqamətdə Qarabağda yaşayan ermənilərə
müraciətlər hazırlanır və imza
toplanılması təşkil edilir.
3. Millətçi
çağırışlar əks olunan vərəqələr
Ermənistanda hazırlanır və sonradan Qarabağa gətirilir.
4. Ermənistanda
tarixin saxtalaşdırılması istiqamətində
böyük işlər aparılır, bu istiqamətdə əsərlərin
yazılması və dərsliklərə salınması təşkil
olunur (AR MTN arxivi).
Azərbaycan
təhlükəsizlik orqanları tərəfindən davam
etdirilən yoxlama tədbirləri zamanı məlum olur ki, Ermənistandan
gətirilən vərəqələr Yerevan Politexnik
İnstitutunun mətbəəsində hazırlanır. Erməni
millətçiləri öz çirkin oyunlarına hətta
orta məktəblərin aşağı sinif şagirdlərini
də cəlb edirlər. Bunun da əsas səbəbi onlara
qarşı konkret cinayət təqibi, cəza tədbirlərinin
görülməsinin çətinliyi ilə bağlı idi.
Bu barədə AR DTK DQMV üzrə şöbənin 1967-ci
il üzrə hesabatında qeyd olunur ki, təxribatlara orta məktəbin
9-cu sinif şagirdləri də cəlb edilirlər (AR MTN
arxivi).
AR
DTK-nın 1968-ci il üzrə hesabatı. AR DTK DQMV üzrə
şöbənin rəisi polkovnik Dmitri Bıstrovun məruzəsindən:
"Ötən hesabat dövründə verilmiş
tapşırıqlarla əlaqədar keçirilmiş əməliyyat
tədbirləri zamanı 1968-ci ildə 1967-ci ilə nisbətən
milliyyətçi vərəqələrin hazırlanması
və yayılması, eləcə də ermənilərin azərbaycanlılara
qarşı hücumları kəskin azalıb. Belə ki,
1967-ci ildə 30 müəllif tərəfindən
hazırlanan 1.241-dən çox vərəqə və məktub
(bunlardan 1.200-ü vərəqə, qalanları isə məktub
şəklində) aşkarlansa da, 1968-ci ildə bu qəbildən
olan ümumilikdə 17 müəllif tərəfindən
hazırlanan 53 sənəd aşkar edilib. Bununla belə,
keçirilən tədbirlər zamanı yenə də qruplar
aşkar edilərək ləğv edilib, onlardan çoxlu
miqdarda vərəqələr və həmin vərəqələri
hazırlamaq üçün lazım olan avadanlıqlar
aşkar edilərək götürülüb" (AR MTN
arxivi).
Həmin
dövrdə Ermənistanda da geniş anti-Azərbaycan təbliğat-təşviqat
işləri aparılırdı. Qondarma erməni
tarixçiləri tərəfindən Qarabağın tarixi
saxtalaşdırılaraq "erməni torpaqları"
olması barədə dərsliklər və məqalələr
yazılır, qədim Azərbaycan ərazilərinin Ermənistana
birləşdirilməsi barədə Moskvaya ardı-arası kəsilməyən
məktublar, müraciətlər yazılırdı. Qeyd
olunan işlərə ümumilikdə Ermənistan Dövlət
Universitetinin müəllimi, fizika-riyaziyyat elmləri namizədi
Nikolay Qasparyan başçılıq edirdi.
Fenomenal
istedada və təşkilatçılıq
bacarığına, əsl peşəkar təhlükəsizlik
zabitinə xas olan nadir fəhmə malik Heydər Əliyevin
tapşırığı ilə Ermənistana istiqamətləndirilən
əməliyyat mənbələrinin təqdim etdikləri məlumatlardan
bəlli olurdu ki, Ermənistan ərazisində fəaliyyət
göstərən anti-Azərbaycan dairələrin nümayəndələri Azərbaycanda
yaşayan qohumlarının vasitəsilə Qarabağın
Ermənistana birləşdirilməsi və azərbaycanlıların
fiziki məhv edilməsi və ya öz torpaqlarından
qovulması istiqamətində təbliğatı genişləndiriblər.
Azərbaycan təhlükəsizlik orqanlarının əməliyyat
mənbələrindən birinin Yerevan Politexnik İnstitutunda
tələbələrlə söhbət zamanı əldə
etdiyi məlumatda bildirilirdi: "Ağdərə rayon sakini,
milliyyətcə erməni Alvina adlı qadın 24 aprel 1968-ci
ildə qondarma "soyqırımı günü"nün
ildönümü ilə əlaqədar azərbaycanlılara
qarşı zor tətbiq edilməsi, Qarabağın Ermənistana
birləşdirilməsi və s. barədə milliyyətçi
xarakterli vərəqələr yaymalıdır". Yoxlama
zamanı məlumat öz təsdiqini tapır. 1968-ci il aprel
23-də Alvina Şirinyan saxlanılır və təxribatçı
vərəqələr ondan götürülür. Həmin
hadisə ilə bağlı Ağdərədə erməni
milliyyətindən olan beş nəfər 10-cu sinif şagirdi
saxlanılır və bununla da böyük bir təxribatın
qarşısı alınır. Əlavə araşdırmalar
zamanı məlum olur ki, Alvinanın qardaşı Viqen
Şirinyan Yerevan Politexnik İnstitutunun tələbəsidir və
təxribat məzmunlu vərəqələr Ağdərəyə
onun vasitəsilə Ermənistandan gətirilib.
Yerevandan əldə
edilən daha bir məlumat əsasında Xankəndi şəhərində
hazırlanan növbəti belə təxribatın
qarşısı alınır. Əməliyyat tədbirləri
zamanı Xankəndi şəhərində yerləşən
1 saylı orta məktəbin erməni milliyyətindən olan
dörd nəfər 10-cu sinif şagirdi saxlanılır,
onlardan azərbaycanlılara qarşı nifrət
aşılayan, milli zəmində ədavət salmağa,
qarşıdurma yaratmağa çağıran vərəqələr
və çap avadanlıqları götürülür.
1970-ci ildə
Qarabağın Ermənistana birləşdirilməsi və
oradan azərbaycanlı əhalinin qovulması məqsədilə
Yerevan şəhərində təxribat-pozuculuq fəaliyyəti
ilə məşğul olacaq daha bir təşkilat
yaradılır. Təşkilatın rəhbəri 1951-ci il təvəllüdlü,
Xaçaturyan Armais Vaqanoviç idi.
Həmin
təşkilata nüfuz etdirilmiş mənbənin məlumatından:
"A.Xaçaturyan məni təşkilatın Dağlıq
Qarabağda fəaliyyət göstərən qollarından
birinə rəhbər təyin etdi və qarşımda
bütün rayonlarda gizli qrupların yaradılması, millətçi
xarakterli vərəqələrin hazırlanması və
yayılması tapşırığı qoydu. Bundan əlavə,
üzvlük haqqı yığılmalı, həmin vəsait
hesabına təşkilat üzvlərinin ezamiyyət xərci
ödənilməklə yanaşı, silah-sursat və digər
vəsaitlər alınmalı idi. Təşkilatın
proqramına əsasən əvvəlcə bütün
"erməni torpaqları" birləşdirilməli
idi". Çox keçmir Xaçaturyanın təşkilatının
beş üzvü həbs edilərək müxtəlif
müddətlərə azadlıqdan məhrum edilirlər, əlavə
18 nəfər isə inzibati qaydada cəzalandırılır.
Erməni-daşnak
dairələri onlara qarşı aparılan kəskin
mübarizəni nəzərə alaraq digər fürsət və
yollar axtarırdılar. Hətta terror metodlarından istifadə
etməkdən belə çəkinmirdilər. Onlar Azərbaycanın
və Dağlıq Qarabağın müxtəlif partiya rəhbərlərinə,
hakimiyyət nümayəndələrinə məktublar
göndərərək onları "haqq işlərinə"
maneçilik törədəcəkləri təqdirdə
öldürəcəkləri ilə hədələyirdilər.
Bununla belə, Heydər Əliyev qeyd olunan məsələləri
daim diqqətdə saxlayaraq cinayətkarlara qarşı daha
inamlı mübarizə aparmağı, əməliyyat şəraitinə
nəzarət etmək məqsədilə kompleks tədbirləri
gücləndirməyi tapşırırdı.
Aşkar
edilmiş təhlükəli cinayətkar dəstələrdən
birinə isə 1950-ci ildə Qafan şəhərində
anadan olan Baqdasaryan Edik Samsonoviç başçılıq
edirdi. O, Ermənistanda
yaradılan və sonradan
Qarabağda gizli fəaliyyət
göstərən "Vətənpərvərlər
ittifaqı" adlı erməni-daşnak terrorçu təşkilatının
rəhbəri idi. Terrorçu təşkilat 1968-ci ildə
Qafan şəhərində yaradılmışdı.
E.Baqdasaryan hətta Qafan şəhərində yerləşən
27 saylı internat məktəbinin 6-10-cu sinif şagirdləri
arasında qeyri-qanuni təbliğat aparır, azərbaycanlılara
və Azərbaycana qarşı nifrət aşılayır,
onların "erməni təəssübkeşləri kimi
böyümələrinə"
çalışırdı. Əsas məqsədi
Dağlıq Qarabağın və Naxçıvan Muxtar
Respublikasının Ermənistana birləşdirilməsi olan
"Vətənpərvərlər ittifaqı" erməni-daşnak
terrorçu təşkilatına öz mənfur niyyətlərini
həyata keçirmək üçün E.Baqdasaryan öz əlaltılarına
fiziki zorakılıqlar etməklə azərbaycanlıların
doğma torpaqlarından qovulmaları, öldürülmələri,
əmlaklarının talan edilməsi barədə tapşırıqlar
verirdi. Bundan əlavə, E.Baqdasaryan təşkilat üzvlərinə
Azərbaycan televiziyasına məxsus verilişlərin Ermənistan
ərazisində yayımlanmasının
qarşısını almaq üçün Qafan şəhərində
yerləşən teleötürücü stansiyanın
partladılması barədə də göstəriş vermişdi.
"Vətənpərvərlər ittifaqı"nın
üzvü Poqosyan Arzik Vazgenoviç sonradan istintaqa verdiyi ifadəsində
bildirdi: "Təşkilat üzvləri azərbaycanlılara
məxsus məktəbləri yandırmağın zəruriliyini
qeyd edərək, ruslara məxsus məktəblərin də
bağlanmasını tələb edirdilər" (AR MTN
arxivi).
(Ardı var)
A.VAQİFLİ,
Milli Təhlükəsizilk
Nazirliyinin əməkdaşı
Azərbaycan.-2013.- 6 mart.- S.3.