Fritz NEUGEBAUER: «Avstriya və bütövlükdə Avropa Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır»

 

Martın 5-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Milli Şurasının ikinci prezidenti Fritz Neugebauerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun olduğunu qeyd edən E.Məmmədyarov iqtisadi, xüsusilə də, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır. Parlamentlərarası əlaqələrin müasir dünyada mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan nazir Azərbaycanın və Avstriyanın qanunverici orqanları arasında münasibətlərin genişləndirilməsinin vacibliyini qeyd etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan E.Məmmədyarov münaqişənin indiyə qədər həll edilməməsinin Cənubi Qafqazda və bütövlükdə Avropa regionunda sülhə və sabitliyə təhdid olduğunu demişdir. Nazir BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin və bir sıra beynəlxalq təşkilatların qərarların yerinə yetirilməməsinin təəssüf doğurduğunu və işğal altındakı Azərbaycan torpaqlarının boşaldılması məqsədi ilə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana aydın mesajın verilməsinin zəruriliyini vurğulamışdır. Münaqişənin sülh yolu ilə həllinə zəmin yaratmaq üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd etmişdir.

F.Neugebauer ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirmişdir. Azərbaycanı regionda Avstriyanın etibarlı və əsas tərəfdaşı adlandıran vitse-spiker ölkəsinin bu münasibətləri daha da genişləndirməkdə maraqlı olduğunu demişdir.

Avstriyalı qonaq Avstriya parlament nümayəndə heyətinin Azərbaycana səfərinin iki ölkənin qanunverici orqanları arasında əlaqələrin möhkəmləndirilməsinə və ümumi münasibətlərə mühüm töhfə verəcəyini qeyd etmişdir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayan F.Neugebauer  ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinin Avstriyanın və bütövlükdə Avropanın marağında olduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.-2013.- 6 mart.- S.3.