Azad söz həm də ədalətli və
məsuliyyətli olmalıdır
Müsahibimiz Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşovdur
- Əflatun müəllim, son zamanlar Mətbuat Şurasının tərkibində yaradılmış internet resursları üzrə komissiya barədə çox danışılır. Hər halda belə bir qurumun formalaşdırılmasının ciddi səbəbləri olub. Çox güman, müəyyən məqamlar da nəzərə alınıb. Hazırkı reaksiyaları gözləyirdinizmi?
- Desəm ki, gözləmirdik, düz olmaz. Gözləyirdik! İctimaiyyət də deməzdim, ancaq müəyyən aktiv kəsim var ki, onsuz da reaksiya verməyə adət edib. Təbii, söhbət internet media ilə bağlı tənzimləmədən gedirsə, həmin kəsimin reaksiyanı, belə desək, tündləşdirməsində haradasa uyğunluq da var. Ancaq ümumən sirkəyə çevrilməyə, nəyisə çatlatmağa ehtiyac yoxdur! Çünki çatladılan böyük hesabla öz qabımız olacaq. Nəticədə həmin qabdan illər ərzində dişimizlə, dırnağımızla yığdığımız məhsullar dağılacaq. Nədir o məhsullar? İlk növbədə, peşəkarlıq, məsuliyyət, həssaslıq, vicdani yanaşma və başqaları. Əslində, bunların hamısını bir ad - peşəkarlıq adı altında birləşdirmək mümkündür. Amma müəyyən istisnalar var ki, onlarla hər birimiz üzləşmişik və üzləşirik də! Nə vaxtsa bu istisnaların ayrı-ayrı epizodik məqamlarını yada salır, həyatın qəribəliklərinin qarşısında susqun təəccübümüzü ortaya qoymaqla kifayətlənirik. Hər peşənin öz yaşantı payı var! İnanıram ki, dediklərim söz və ifadə azadlığına həqiqi mənada, dəyər verənlərin hər birinə tanışdır. Əlbəttə, sözə dəyər verən istedadlı gənclərimiz çoxdur. Görürəm, əsəbləşiblər ki, nə üçün komissiya yaradarkən onları çağırıb fikirlərini öyrənməmişik. Hər halda, dediklərində anlaşılan budur. Ancaq gərəkdir, etiraz bu fonda bildirilməsin. İnternet media ilə bağlı təşəbbüsümüzün yuxarıda sadaladıqlarım meyarları özündə birləşdirən peşə dəyərlərinə və fəaliyyətinə gerçək təhlükə yarada biləcək məqamlar üzə çıxarılsın. Ona görə yox ki, həmin məqamların bizim gördüyümüz və belə desək, üstünü açıq saxladığımız, tərəddüd etdiyimiz hansısa cəhətləri var. Sadəcə, nələrinsə nəzərimizdən yayınması mümkündür. Amma deyim ki, reaksiyanın özündən çox səviyyəsi, fikirlərin ifadə tərzi təəccüblü gəldi. Məhz bunu gözləməzdim!
- Bir qədər konkretləşdirə bilərsinizmi?
- Əlbəttə, kiminsə nə dediyini xatırlamaq lüzumsuzdur. Açığı, hamısını yadda saxlamaq da olmur. Maşallah, sosial şəbəkələrdə tüğyan edən, alov saçan o qədər demokratımız var ki...
Bütövlükdə müzakirələrdə
iki xətt görürəm. Birincisi, adama elə gəlir ki,
narazılar qrupu Mətbuat Şurasının yeni
yaradılmış komissiyasını bir növ dövlət
qurumuna oxşatmağa çalışırlar. Sanki qəsdən
belə bir xətt götürülüb. Nəzərə
alınmır ki, Mətbuat Şurasının tərkibindəki
komissiya onun özündən artıq səlahiyyətə
malik ola bilməz! Yəni, o, hər bir halda ictimai tənzimləməni
həyata keçirəcək, senzura orqanı olmayacaq!
Axı, üzdə olan qəzetlər, informasiya agentlikləri,
jurnallar bu tənzimləməni qəbul ediblər. Mətbuat Şurası elə
buna görə yaşayır.
Şura
yarananda internet media yox idi. Lakin on il öncə qurumun
formalaşmasına qarşı çıxan ənənəvi
media orqanları olmuşdu. Tədricən onların sayı da
azalmağa başladı və nəhayət, Mətbuat
Şurasının həqiqətən ictimai missiya yerinə
yetirən, jurnalistikanın mənafeyi üçün
çalışan təşkilat olduğunu gördülər.
İctimai tənzimlənmənin zəruriliyini dərk edən
qəzetlərin sayı artdı. Müvafiq surətdə
şuranın da tərkibi genişləndi.
İndi
bir qrup aparıcı internet media vasitəsi on il əvvəlki
tənzimləmə zərurətini ön plana çəkir
və Mətbuat Şurasına üzvlüyə can atır. Təbii
ki, onlar qurumun sıralarına qəbul ediləcəklər. Cəmiyyətdə
özlərini kifayət qədər təsdiqləyiblər.
Burada texniki məqamlar var, amma fəaliyyətləri ilə
kompleks müqayisə aparsaq, qəzetlərin malik
olmadıqları oxucu auditoriyasında hətta
artığına da malikdirlər. Əsas odur, ictimai rəyə
real təsir vasitələridirlər. Məsələn,
"lent.az"ı, "publika.az"ı,
"milli.az"ı götürək. Əslində,
başqalarının da adlarını çəkmək
mümkündür. Sizcə, bu portallar Mətbuat
Şurasına nəyə görə üzv olurlar? Yenə də
deyirəm, mahiyyətcə elə səviyyədədirlər
ki, hətta deyərdim, özünütənzimləmənin
özünə belə ehtiyacları yoxdur. Ancaq ümumən
prosesdə maraqlıdırlar. Gerçək müasir media
adına iddialıdırlar. Bir çox qabaqcıl ölkələrdə
olduğu kimi, əsl medianın özünütənzimləməsini
prinsipcə vacib sayırlar. Komissiyanın yaranma səbəblərindən
biri də onların MŞ-yə müraciətləridir.
Müzakirələrdəki
ikinci xətt internetin bir növ, ilahiləşdirilməsi cəhdidir.
Bu fonda internet media da toxunulmaz kimi təqdim olunur. Amma gəlin
prinsiplərimizi yüksək tutaq.
Çünki toxunulmazlığa haqqı çatanlarla
yanaşı, bu toxunulmazlığın vacibliyini, sadəcə,
imitasiya edənlər eyni texniki vasitələri
bölüşürlər, əllərində eyni
rıçaqlar var! Söhbət asanlıqla sayt yaratmaqdan və
orada material yerləşdirməkdən gedir. Bəlkə
hay-küy salanların bir çoxunun ziyanı yoxdur. Ancaq sakit
dayanıb kənardan iş tutanlar hələlik
bütövlükdə cəmiyyətə olmasa da, müəyyən
insan qruplarına təsir göstərirlər. Təsadüfi
deyil ki, Mətbuat Şurasına son zamanlar internet media vasitələri
ilə əlaqədar şikayətlərin də sayı
artmaqdadır. Əslində, komissiyanın
yaradılmasını zəruriləşdirən ikinci məqam
da budur.
Mən dəyərlərimizi
müqəddəsləşdirməyin əleyhinə deyiləm.
Amma gəlin, ictimai missiyamızı da yaddan
çıxarmayaq. Biz nə üçün yazırıq?
Ona görə ki, pafoslu səslənməsin, cəmiyyəti
irəli aparaq, hansısa naqisliyi aradan qaldıraq, ədalətsizliyin
qarşısını alaq, hüquqi dəyərlərin hakim
kəsildiyi mühit formalaşdıraq. Deməli, məsuliyyət
yükümüz ağır, yolumuz haqq yoludur. Elə isə
nə üçün imkan verək ki, bizimlə eyni yolda
olmayanlar bir növ, müqəddəsləşdirdiyimiz, ilahiləşdirdiyimiz
dəyərləri çeynəsinlər. Axı, biz normada məsuliyyətli
olmağı bacarırıq. Heç də demirəm ki, bu
gün Mətbuat Şurasına qarşı
çıxanların məsuliyyətdən xəbərləri
yoxdur! Sadəcə, avantüristliklərini bir kənara
qoysalar, məsələyə yalnız media prinsipləri
baxımından yanaşsalar, daha yaxşı olar.
- Əflatun
müəllim, demisiniz ki, Mətbuat Şurasının yeni
komissiyasının yaradılmasının əsas səbəbi
quruma internet media resursları ilə bağlı şikayətlərin
daxil olmasıdır. Şikayətlərdə ifadə olunan
narazılıqların əsas motivləri barədə bilmək
istərdik.
- 2011-ci
illə müqayisədə ötən il internet media
resurslarının fəaliyyətindən narazılıq dolu
müraciətlər daha çoxdur. İnternetin
inkişafı bu tip media vasitələrinin də
sayını artırır. Hər gün demək olar bir-iki
yeni sayt görürəm. Həmin saytların xəbərlərinə
baxanda hiss olunur ki, kimlərləsə bağlı konkret bir
sensasion məlumatı yaymaq üçün
yaradılıblar. Sonra da yavaş-yavaş loru desək, əllərinə
nə isə düşəndən-düşənə
işləyirlər. Bu, hər bir halda spekulsiyadır, vəziyyətdən
sui-istifadədir! Bəzən belələrini ictimai
qınağa çəkməyin mexanizmini də tapmaq olmur.
Bəzən
də görürsən ki, kimsə kiminsə barəsində
təhqiramiz yazı yazır və onu sonradan sosial şəbəkələrdə
yayır. Şikayətlərdə bu cür motivlər
üstünlük təşkil edir. Hətta konkret materialı
haqqında yazdıqları adamın deyək ki,
"facebook" profilində yerləşdirirlər. Nə qədər
olmasa, dostluğundakı yaxınlar, tanışlar, qohumlar belə
şeyləri görürlər. Sonradan silinsə də,
material öz mənfi rolunu oynayır.
Əlbəttə,
belə demək mümkünsə, yeri-yurdu bəlli olanlardan
da şikayətlər daxil olur. Qəzetlərindəki
"reketçilik" fəaliyyətlərini saytlara
keçirənlərə də rast gəlinir. Motiv ənənəvi
mediada olduğundan fərqlənmir - təhqir, böhtan, bilərəkdən
yalan məlumat yayaraq ictimai nüfuza ləkə gətirmək
və s.
- Bəs
bu vəziyyətdə komissiyanın işi nədən ibarət
olacaq. Səhv etmiriksə, Mətbuat Şurasında şikayətləri
araşdıran komissiya əvvəldən də var.
- Elədir.
Mətbuat Şurasının Şikayətlər üzrə
Komissiyası var. Yeni komissiya isə internet media ilə
bağlı şikayətlərdəki spesifik məqamlara diqqət
yetirəcək və İdarə Heyətinə müvafiq rəyini
verəcək. Digər tərəfdən, komissiya yeni
mediadakı tendensiyaları, yenilikləri izləyəcək.
- Demək
olarmı ki, komissiyanın müəyyənləşdirəcəyi
hallar internet media ilə bağlı hansısa hüquqi tənzimləməyə
ehtiyac yaratsın. Belə anlaşılır ki, narazılar
bundan da ehtiyatlanırlar.
- Mətbuat
Şurası ictimai tənzimləyici qurumdur. Ancaq onu da deyim
ki, hüquqi tənzimlənmənin mövcudluğu nə
dövlətin müdaxiləsidir, nə də senzuradır!
Dünyanın bir çox ölkələri məhz buna
doğru gedirlər. Əks halda, xaos yaranar. Elə bizdə də
son bir neçə il ərzində internetin geniş vüsət
alması bəzi özbaşınalıq meyillərini ortaya
qoyur və heç kim təminat verə bilməz ki, belə
hallar daha sürətli artım məcrasına qədəm qoymayacaq.
O zaman söz və ifadə azadlığımıza da təhdid
yaranacaq və bu illər ərzində ənənəvi
medianın fəaliyyət tərzi baxımından əldə
etdiyimiz uğurları internet media resurslarının
timsalında itirəcəyik. Onda indi sərbəstlik
mühiti tapıblarmış kimi düşünənlər,
fikirləri ilə həmin mühitin üstündə bir
növ əsdiklərini dillərinə gətirənlər
görəcəklər ki, onların özlərini cəmiyyətə
impulsiv, pozitiv təqdim edə bilmələri
üçün mövcud olan dəyərlər artıq
sıradan çıxıb. Necə ki, vaxtilə qəzetlərdə
işləyənlər bunu hiss etmişdilər. Sözüm
yanlış anlaşılmasın. Senzura mühiti prinsipcə
yolverilməzdir! Amma yaxşı yadımdadır, bir dönəm
parlamentdə "senzura olmasın" deyərək təşəbbüs
səsləndirənlər, sonradan
senzurasızlığın doğurduğu fəsadları
aradan qaldırmaq üçün düşünmək məcburiyyətində
qaldılar. Şübhə etmirəm ki, indi olmasa da, müəyyən
zaman keçdikdən sonra hazırda hay-küy qoparan blogerlər,
yazarlar da eyni diskomfortu yaşayacaqlar.
Deyirlər
ki, internet virtual məkandır. Əslində, virtual yox, elə
tam realdır. Real olan nələrdən ehtiyatlanırıqsa,
nəzərə alaq ki, onun internetə ayaq açması da
mümkündür. Baxın, dəfələrlə məsələ
qaldırmışıq ki, qəzetlərin qeydiyyat
qaydaları çox sadədədir və bu, qeyri-peşəkarların
sahəyə axınını şərtləndirir. Hər
halda, ortada "reket jurnalistika" adlı bəla var. Təsəvvür
edin ki, internet media üçün bizim sadə bildiyimiz
prosedur da yoxdur. O zaman nə olsun? Hər şey
başlı-başınamı buraxılsın?
Düşünürəm
ki, senzura kimi təmayüllərin yarana biləcəyindən
ehtiyatlanmağa heç bir əsas yoxdur! Gerçək
senzuranın özünü göstərmə meyilləri
var. İndiki halda hər şey media ictimaiyyətinin öz
öhdəsinə buraxılır. Sadəcə, prosesin
vacibliyini görmək və yeni formalaşdırılacaq
düzəndə jurnalistikanın mənafeyi baxımından
faydalı ola bilən şərtlərin təminatına qol
çırmamaq lazımdır. Bunu hamılıqla məsələyə
hər hansı siyasi rəng qatmadan etmək zəruridir. Əgər
müzakirələr gedişində gəlib bir nöqtəyə
çıxsaq və düşünsək ki, bu məqamda
media prinsiplərinə zərər gələn nə isə
var, o zaman onun üzərinə birlikdə getməliyik.
- Siz
şəxsən internet media ilə bağlı hüquqi tənzimləməni
necə görürsünüz? Bununla bağlı müəyyən
təsəvvürləriniz varmı?
- Təbii
ki, söhbət ümumən internetdən getməməlidir.
Cəmiyyətə məlumat vermək, ictimai rəyi bu və
ya digər dərəcədə formalaşdırmaq missiyasını
üzərinə götürən, götürməyə
iddialı olan vasitələri nəzərdə tuturam.
Baxın, nə qədər mənfi meyillərin
mövcudluğunu desək də, real fəaliyyət göstərən
internet informasiya resursları yaradıcılıq
baxımından parlaq görünürlər. Gündəlik
qəzetlərin saytları çap variantlarına nisbətdə
daha mütəhərrikdir.
Ancaq
reklam bazarının olmaması, medianın ümumən
ölkə iqtisadiyyatının tərkib hissəsinə
çevrilə bilməməsi internet xəbər
portallarının da fəaliyyətinə mənfi təsir
göstərir. Zənnimcə, hüquqi status bir sıra
problemlərin aradan qaldırılmasında müstəsna rol
oynayardı. Dövlət dəstəyi üçün cəmiyyətə
bəlli təsir göstəriciləri meyar kimi
götürülürsə, o zaman bəzi media
saytlarının bu şərtləri artıqlaması ilə
ödədiyi məlumdur. Belə olan halda onlar daha
yaxşı inkişaf üçün nəyə görə
dəstək əldə etməsinlər? Əslində,
hüquqi status digər cəhətlər - təhlükəsizlik,
milli-mənəvi dəyərlərin qorunması və sair
baxımdan da önəmlidir. Ancaq təşəbbüs, ilk
növbədə, media ictimaiyyətinin özündən gəlməlidir.
Nəzərə alınmalıdır ki, dövlət
yardımının maliyyə-hesab münasibətlərində
rəsmiləşdirilməsi vacibdir. Saytların əksər
hissəsi media qurumu kimi qeydiyyatdan keçmədikləri halda
isə ümumən prosesin başlanması
mümkünsüzdür.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 6 mart.- S.3.