Məqsədimiz Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinə və Azərbaycanımızın inkişafına töhfə verməkdir

 

"İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyevin AzərTAc-a müsahibəsi

 

- İndiki mərhələdə Azərbaycan gəncliyinin fəaliyyətini və ona göstərilən qayğını necə dəyərləndirirsiniz?

- Gənclik yalnız ölkənin gələcəyi deyil, həm də bu günüdür. Bu səbəbdən dövlət gənclərin inkişafını və onların sərbəst fəaliyyəti üçün münbit şəraitin yaradılmasında maraqlı tərəfdir. Bu gün Azərbaycan gəncləri ölkənin qürurlu vətəndaşlarıdır. Müasir Azərbaycan gəncini əvvəlki illərlə müqayisə edəndə onun müsbətə doğru çox dəyişdiyinin, inkişaf etdiyinin şahidi olarıq. Şübhəsiz ki, bunun kökü dəqiq müəyyən edilmiş inkişaf strategiyasına söykənir.

Azərbaycan Prezidenti İlham Əliyevin daim vurğuladığı və xüsusi diqqət ayırdığı insan kapitalının inkişafının mərkəzində də məhz ölkənin gənc vətəndaşları dayanır. Bu etimad və dəstəyi görən gənclik, şübhəsiz ki, özünü daha inamlı hiss edir, üzərinə düşən missiyanı daha məsuliyyətlə anlayır, ölkənin gələcək inkişafının təminatçısı olduğunu unutmur. Məsələn, xaricdə təhsil alan tələbələrimizi misal göstərmək istərdim. Bu gün həmin gəncləri "səfir" də  adlandıra bilərik. Çünki məskunlaşdıqları ölkələrdə, oxuduqları ali təhsil ocaqlarında Azərbaycanın uğurlarının təbliğatçısına çevrilir, Azərbaycan həqiqətlərinin çatdırılmasında aparıcı rollardan birini oynayırlar. Bir sözlə, indiki Azərbaycan gənci savadlı, iradəli, əzmkar vətəndaşdır. Onun formalaşması isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan gənclər siyasətinin icrasının uğurlu nəticəsidir. Məhz onun təşəbbüsü ilə gənclərlə bağlı fəaliyyət göstərən nazirlik yaradılmış və ölkənin gənclər siyasəti qəbul edilmişdir. Məhz onun dəstəyi nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevrilməyə başlamışlar. Gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Azərbaycan gəncliyi bir çox sahələrdə öz sözünü deməkdədir. Gənc idmançılarımız mötəbər yarışlarda dövlət bayrağımızı ucaldır, tələbələrimiz dünyanın ən qabaqcıl universitetlərində təhsil alır, yeni menecerlər nəsli müxtəlif sahələrdə  çalışır, böyük uğurlar əldə edirlər. Dövlət gənclərin potensialının aşkarlanması, onların fəal vətəndaş və peşəkar kadr kimi yetişməsində maraqlıdır və bu istiqamətdə sistemli işlər aparılır. Hədəf neft kapitalının insan kapitalına çevrilməsi, bu təbii sərvətdən əldə olunan gəlirin ölkənin davamlı inkişafını təmin edəcək layihələr və işlərə yönəldilməsidir. "Gələcək" dedikdə isə, indiki kreativ gənclik nəzərdə tutulur.

Heydər Əliyev Azərbaycan gəncliyinə ölkənin gələcək inkişafının təminatçıları kimi yanaşır və onlara daim yüksək diqqət göstərirdi. Məhz onun təşəbbüsü ilə 1996-cı il  fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk Forumu keçirildi. Bu Forum gənclərə verilən yüksək diqqət və qayğının göstəricisi idi. Sonralar ənənə halı alan belə forumlarda Heydər Əliyev şəxsən özü iştirak edir, gənclərin fikir və mülahizələrini dinləyir və bununla da  rəsmi şəxslərə nümunə göstərirdi. Nəticədə forumlar Azərbaycan gənclərini bir araya gətirən, ümumi məsələlərin müzakirə olunduğu platformaya çevrildi. Hazırda Azərbaycanda Gənclər Günü kimi qeyd olunan 2 fevral tarixi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev həmin siyasi kursun layiqli davamçısı kimi bu gün gənclərə çox böyük diqqət və qayğı göstərir. Dövlət başçısı çıxışlarında dəfələrlə gənclərə arxalandığını xüsusi qeyd etmişdir. Bu isə Azərbaycan gənclər siyasətinin yeni mərhələsinin başlanması deməkdir. Əhalisinin 65 faizi 30 yaşdan aşağı olan Azərbaycan üçün gənclərin ayrıca seqment kimi qəbul olunması və onlara xüsusi yanaşmanın tətbiqi olduqca vacib addımdır. Gənclərin hərtərəfli inkişafının təminatı üçün bir sıra proqramlar qəbul olunmaqdadır. Onlardan ikisini diqqətə çatdırmaq istərdim. "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı. Hər iki sənəd dövlətin gənclər siyasətində prioritetlərini müəyyən edir və özündə dayanıqlı inkişafı təmin edəcək kompleks tədbirləri birləşdirir. İlk proqramın uğurla icra olunması və müsbət nəticələrin əldə edilməsi prosesin davamlılığını təmin etdi və hazırda növbəti mərhələ - "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı icra olunmaqdadır.

- "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının əsas xüsusiyyətləri və fəaliyyət istiqamətləri barədə nə deyə bilərdiniz?

- Adıçəkilən proqram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasətinin məntiqi davamıdır. Yəqin ki, bu proqramın müzakirəsi və qəbul olunması prosesi xatirinizdədir. Dövlət başçısı ölkənin fəal gəncləri ilə görüşmüş, onları maraqlandıran və narahat edən məsələləri və təklifləri dinləmiş, fikir mübadiləsi aparmışdır. Bu, gənclərə göstərilən etimad və onlara verilən dəyərin təzahürüdür.  Bir məqama da diqqətinizi çəkmək istərdim. Gənclərlə bağlı dövlət proqramının hazırlanması üçün işçi qrupu formalaşdırılmış və proqramın əhatə edəcəyi təşəbbüs və təkliflərin məhz gənclər tərəfindən irəli sürülməsi üçün imkanlar yaradılmışdır. İlk dəfə olaraq, dövlət proqramı üçün təkliflərin qəbulu internet vasitəsilə həyata keçirilmişdir ki, bu, olduqca innovativ addım idi. İctimai təşkilatlar və dövlət qurumları tərəfindən onlarla görüş və "dəyirmi masa"lar təşkil olunmuş, gənclərin təklifləri dinlənilmişdir. Son nəticədə qəbul olunmuş dövlət proqramı gənclərin sosial müdafiəsi və sağlamlığı, onların məşğulluğu və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, elm, təhsil və yaradıcılıq potensialının inkişafı, idarəetmədə və vətəndaş cəmiyyətində iştirakı və beynəlxalq əməkdaşlıq sahələrini özündə əks etdirir.

Hazırda bu proqramın real fəaliyyəti və bu fəaliyyətin müsbət nəticələrini görürük. Bölgələrimizdə gənclər mərkəzləri tikilmiş və tikilməkdədir. Gənclər təşkilatları və gənclərin fərdi təşəbbüslərinin dəstəklənməsi üçün Azərbaycan Gənclər Fondu yaradılmışdır. Bu fond Azərbaycanda gənclərin və gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi istiqamətində böyük uğurlara imza atmışdır. Gənclər Fondunun fəaliyyəti nəticəsində yalnız yerli gənclər təşkilatlarının deyil, Azərbaycan ilə əməkdaşlıq etmək istəyində olan xarici ölkə gənclərinin də fəallığı artmışdır. Qeyd olunan bütün bu məqamlar Prezidentimizin gənclərə bəslədiyi yüksək inam və etimadın göstəricisidir.

- Azərbaycan gəncliyinin siyasi fəallığı, dövlətin idarə olunmasında iştirakı da göz qabağındadır.

- Sirr deyil ki, Azərbaycanda radikal müxalifət uzun illərdir dərin böhran içərisindədir. Bu isə onların ideoloji və sosial bazaya malik olmaması ilə bağlıdır. Müxalifət mənəvi və ideoloji aşınmaya məruz qalmış, onların çıxış etdikləri və üzərində dayandıqları məsələlər çoxdandır ki, gündəmdən düşmüşdür. Daxili çəkişmələr, şəxsi maraqların bütün digər maraqları üstələməsi bu gün Azərbaycan müxalifəti ilə xalq arasında dərin bir uçurum yaratmışdır. Obrazlı desək, müxalifət insanların anlamadığı xarici dildə danışır və bu, hər ötən gün müxalifətlə cəmiyyət arasında olan boşluğu dərinləşdirir.

Azərbaycanda gedən müsbət proseslər və onların nəticələri müntəzəm olaraq dünyanın ən qabaqcıl təşkilatları və araşdırma mərkəzləri tərəfindən xüsusi vurğulanır, ölkədəki inkişaf digərlərinə nümunə kimi göstərilir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq qurumlar Azərbaycanın uğurlarını dəfələrlə qeyd etmişlər.

Oxşar misalları iqtisadiyyat və maliyyə sahələrində olduğu kimi, bütün digər sahələrlə də bağlı çəkmək olar. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və düzgün qərarların nəticəsini biz bu gün ölkənin inkişafı və çiçəklənməsində, insanların maddi rifahının və həyat səviyyəsinin yaxşılaşmasında görürük. Azərbaycan xalqı boş vədlərə və populizmə deyil, real işlərə, təşəbbüs və inkişafa inanır. Hər kəs ölkədə baş verən dinamik inkişafı görür və bu işlərin arxasında duran lider Prezident İlham Əliyevi dəstəkləyir.

- "İRƏLİ" təşkilatı cəmiyyətdə özünü kifayət qədər tanıtmış və təsdiqləmişdir. Bu uğurun sirri nədədir?

- Bildiyiniz kimi, "İRƏLİ" 2005-ci ildən Azərbaycan ictimai birliklər sektorunda fəaliyyət göstərir. Ötən 8 ildə biz "Ulu öndərimizin yolundayıq!" şüarı  altında Azərbaycan dövlətçiliyinə xidmət edirik. Məqsədimiz Prezident İlham Əliyevin yürütdüyü gənclər siyasətinə və Azərbaycanımızın inkişafına töhfəmizi verməkdir. Biz Prezidentimizdən ilham alır, onun siyasətini birmənalı şəkildə dəstəkləyir və hər zaman təbliğ edir, Vətənimizin daha parlaq gələcəyi üçün görülən bu işlərə öz töhfəmizi vermək üçün yorulmadan çalışırıq və bundan qürur duyuruq.

Məhz uğurlu fəaliyyətimiz nəticəsində bu gün ətrafımızda minlərlə gənci birləşdirməyə nail olmuşuq. Uğurlu fəaliyyət dedikdə, nəzərdə tutduqlarımız isə bunlardır: indiyədək Azərbaycanın bütün şəhər və rayonlarını əhatə edən 850-dən çox layihəni uğurla icra etmişik. ISO 9001 keyfiyyət idarəetmə standartına malik Şərqi Avropada fəaliyyət göstərən yeganə qeyri-hökumət təşkilatıyıq. İndiyədək fəaliyyətimiz Azərbaycanın bütün rayon və şəhərlərini əhatə etmişdir. Sosial şəbəkələrdə əhatə dairəmiz 100 min nəfərdən çoxdur. Azərbaycanda gənclər üçün ilk onlayn radio yaratmışıq və hazırda uğurla fəaliyyət göstərir. Gənclərin maariflənməsi üçün onlarla kitab və Azərbaycan həqiqətlərindən bəhs edən çoxsaylı sayt və bloqların müəllifiyik. Amma bunların heç biri "İRƏLİ"nin əldə etdiyi ən böyük nailiyyət deyildir. Bizim əldə etdiyimiz ən böyük nailiyyət Azərbaycan gənclərinin etimadını və sevgisini qazanmaq olmuşdur. Bütün yuxarıda sadaladığım uğurların hamısı bu etimad və sevginin əldə olunmasına aparan uzun yolda etdiklərimizdir. Bu gün "İRƏLİ" deyəndə fəal vətəndaşlar və vətənpərvər gənclərin yetişdiyi böyük məktəb təsəvvür edilir. Bu gün "İRƏLİ"nin fəaliyyəti hər kəs üçün açıqdır. Yetər ki, gənclərimiz özlərini inkişaf etdirmək və ya bu barədə digərlərinə kömək olmaq istəsinlər. Burada hər kəsin öz ideyalarını reallaşdırması və fəal olması üçün bərabər imkanlar yaradılmışdır.

Ancaq biz əldə etdiklərimizlə də qane olmuruq. Fəaliyyətimizi gündən-günə təkmilləşdirməyə çalışırıq. Çalışırıq ki, ölkənin ictimai-siyasi həyatında daha fəal rol oynayaq, dövlətin müəyyənləşdirdiyi prioritet istiqamətlərdə daha çox töhfə verək. Bildiyiniz kimi, Azərbaycan Prezidenti 2013-cü ili "İnformasiya və kommunikasiya ili" elan etmişdir. Biz İKT sahəsində bu il üçün tədbirlər planı hazırlamışıq və artıq bu planın icrası başlanmışdır. Eyni zamanda, 2015-ci ildə Bakıda ilk dəfə keçiriləcək Avropa Oyunlarının təşkilati işlərində yaxından iştirak etmək istəyirik. Bu istiqamətdə də artıq işlərə start vermişik. Mən bütün sirlərimizi indidən açmaq istəməzdim. Ancaq gənclərimizi əmin edə bilərəm ki, bizdən maraqlı layihələr gözləsinlər. Eyni zamanda, bu layihələrin icrasında rol almaq istəyən gənclərimizi "İRƏLİ"yə dəvət edirəm.

 

 

Azərbaycan.-2013.- 6 mart.- S.4.