Dövlət Dəniz Administrasiyasının rəhbərliyi ilə NATO-nun dəniz nəqliyyatı üzrə ekspertlərinin görüşü keçirilmişdir

 

NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərdən ibarət qiymətləndirmə qrupu martın 5-də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) olmuşdur.

ARDDA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə administrasiyanın rəisi Qüdrət Qurbanov son illər Azərbaycanın digər sahələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də əldə etdiyi uğurlardan söhbət aparmış, bunun bariz nümunəsi kimi qurumun nəzdində Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin yaradılmasını qeyd etmişdir.

Sonra qonaqlar Milli Mərkəzin fəaliyyəti ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, mərkəzin funksiyalarına Azərbaycan Respublikasının ərazi sularında üzən gəmilərin yerinin peykradarlar vasitəsilə izlənilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq məlumatların gəmilərə çatdırılması, "Azərbaycan Respublikasının ərazi sularında üzmə qaydaları"na riayət olunmasına nəzarətin həyata keçirilməsi daxildir. Bundan başqa, Milli Mərkəzdən gəmilərdən daxil olan həyəcan siqnallarının (SOS) və digər əldə edilmiş məlumatların aidiyyəti dövlət qurumlarına çatdırılmasının təmin edilməsi və koordinasiyanın təşkili, habelə beynəlxalq təşkilatlar da daxil olmaqla, digər ölkələrin eyni adlı milli mərkəzləri və gəmiçilik şirkətləri ilə mütəmadi operativ əlaqənin yaradılması və informasiya mübadiləsinin həyata keçirilməsi də mümkündür.

Dövlət Dəniz Administrasiyasının əməkdaşları ilə keçirilən geniş tərkibli görüşdə administrasiyanın fəaliyyətinin bir çox istiqamətləri üzrə məsləhətləşmələr aparılmışdır.

NATO-nun dəniz nəqliyyatı sahəsi üzrə ekspertlərdən ibarət qiymətləndirmə qrupunun ölkəmizə səfəri Azərbaycan Respublikasının bu təşkilatla əməkdaşlığı çərçivəsində həyata keçirilir. Martın 4-dən 8-dək davam edəcək səfər zamanı qonaqlar Azərbaycan ərazisində dəniz təhlükəsizliyi sisteminin vəziyyətinin qiymətləndirilməsi, o cümlədən gəmilərin mövcud üzmə rejimininliman vasitələrinin mühafizəsinin təkmilləşdirilməsi, habelə gəmilərin hərəkətinə nəzarət mexanizmlərinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə tanış olacaqlar.

Səfər zamanı NATO ekspertlərinin, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanının və "Dübəndi" neft terminalının fəaliyyəti ilə tanışlığı da nəzərdə tutulur.

 

 

Azərbaycan.-2013.- 6 mart.- S.5.