Dağların ovcundakı Yardımlı

 

Yardımlı bu gün, sözün həqiqi mənasında, yenidən tikilir. Hər tərəfdə qızğın iş gedir. İnşaatçılar yorulmaq bilmədən çalışırlar. Rayon mərkəzinin siması günbəgün dəyişir. Yeni inzibati binalar, yaşayış evləri, abadlaşan küçələr ona təzə, müasir görkəm verir. Təbiət isə bu yaraşığa ayrı bir gözəllik qatır.

Yardımlı şəhəri hər tərəfdən dağlarla əhatə olunub. Sanki dağların ovcundadır bu məkan. İlin bu çağında həmişə qarlı-sazaqlı olub dağlar diyarı. Lakin burada da qış bu il mülayim keçir. Dağlar yamyaşıl çəmənə bürünüb. Sanki bahardır.

RİH-in binasına tərəf gedərkən yolda bir ahıl kişi ilə rastlaşdıq. Hal-əhval tutub, rayondakı vəziyyətlə maraqlandıq.

- Görünən kəndə nə bələdçi?! - dedi. Baxın, ilin bu fəsilində hər tərəfdə tikinti gedir. Yardımlı bir neçə ildə çox dəyişib, abadlaşıb. Çoxdandır ucqar kəndlərə getmirəm. Amma camaatdan eşidirəm ki, oralarda da işlər yaxşıdır. Məktəblər tikirlər, yollar çəkirlər. Rəhbərlik yaxşı işləyir, tez-tez ən ucqar kəndlərə gedirlər, əhali ilə görüşlər keçirirlər, onların dərd-səri ilə maraqlanırlar.

Söhbəti havaların xoş keçməsindən saldıq. Bundan sonra soyuqlar düşərsə, oyanan ağaclara ziyan dəyəcəyini, meyvənin az olacağını dedikdə, o, buxara papağının qabağını yuxarı qaldırıb:

- Allahın işinə qarışmaq olmaz, verən də Odur, alan da. İstəsə, yoxdan var edər, - dedi.

...Yardımlını seyr etdikcə heyrətlə düşünürsən: görəsən, nə vaxt yaranıb bu dağlar, insanlar burada nə vaxtdan məskən salıblar? Doğrusu, bunu heç kəs dəqiq bilmir. Ən yaşlı adamlar keçən əsrin 30-cu illərində bura avtomobil yolunun çəkildiyini söyləyirlər. O vaxta qədər camaat ətraf rayonlara - Masallıya, Lənkərana, Cəlilabada və digər yerlərə atla, araba ilə  gedib-gəlib.

Bu gün isə Masallı-Yardımlı avtomobil yolu əsaslı şəkildə yenidən qurulub. Rayon ərazisinə tarixində ilk dəfə təbii qaz xətti çəkilib. Elə həmin - 2006-cı ildən Yardımlıda misli görünməmiş tikinti-quruculuq işlərinə start verilib. Ötən hər il bu dağ rayonunun yeni tarixində əhəmiyyətli izlər qoyub.

Bu mənada keçən il də istisna olmamışdır. Artıq tarixə çevrilmiş 2012-ci ildə  regionların inkişafı ikinci Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər rayonda uğurla həyata keçirilmişdir. Belə ki, yeni məktəb və uşaq bağçalarının, ayrı-ayrı idarə və təşkilatlar üçün inzibati binaların inşası, yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi davam etmiş, şəhər və kənd yollarında təmir işləri görülmüş, əhalinin su təminatını yaxşılaşdırmaq məqsədi ilə artezian quyuları qazılmış, piyada və avtomobil körpüləri salınmışdır. Hazırda rayon mərkəzində Olimpiya Kompleksinin və Gənclər Evinin tikintisi üçün hazırlıq işləri görülür. Hər iki obyektin inşasına yaxın vaxtda başlanılacaq.

Bunlardan əlavə, Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən, "Milli su təsərrüfatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə" çərçivəsində rayonda ümumi uzunluğu 52,2 kilometr olan su və 58,2 kilometr kanalizasiya xətlərinin çəkilişi aparılır. Su çəkilişi başa çatdırıldıqdan sonra  Yardımlı şəhərinin əhalisi günün bütün saatlarında içməli su ilə təmin ediləcək. Kənd əhalisinin içməli suya olan tələbatı nəzərə alınaraq Odrağaran və Alçabulaq kəndlərində artezian quyuları qazılmış, inzibati ərazi nümayəndələrinin və yerli bələdiyyələrin səyi ilə Gərsava, Vərgəduz, Binə, Bərcan, Ərus, Anzov, Şıxhüseynli, Peştəsər, Yolocaq, Şəfəqli və Cərinbel kəndlərində bulaqlar tikilmişdir. Daha 18 kəndin əhalisinin  içməli su təminatını yaxşılaşdırmaq üçün Viləş çayının Qaraqaya qolundan su çəkilişinin layihəsi hazırlanmış və bu istiqamətdə "Azərsu" ASC ilə danışıqlar aparılmışdır.

Hazırda rayonun 88 yaşayış məntəqəsi təbii qazdan istifadə edir. Keçən il may ayının əvvəllərində 133 abonenti olan Əngövül kəndinə qaz verilmişdir. Mart ayında Bozayran, Binə və rayon mərkəzinin Ünəç küçəsi sakinlərinə mavi yanacaq verilməsi nəzərdə tutulur. Cari ilin sonuna kimi isə daha 18 kəndin qazlaşdırılması planlaşdırılır.

Dağ yollarının çəkilişi, abadlaşdırılması sahəsində də keçən il rayonda çox iş görülmüşdür. Yardımlı şəhərində 7 kilometrə yaxın yola, ümumi uzunluğu  7 kilometr olan Şiləvəngə-Ökü-Mamulğan yolunun 4, Yardımlı-Vəlixanlı yolunun 0,7, uzunluğu 2 kilometr olan Şəfəqli-Cərinbel yolunun 0,3, Hamarkənd-Abasabad yolunun 0,5, uzunluğu 8 kilometr olan Yardımlı-Şəfəqli yolunun 2 kilometrinə, eləcə də 1,5 kilometrlik Horavar-Əngövül və Dəryavar, Lərran kənd yoluna çınqıl döşənmişdir. Bundan savayı, 7 kilometrlik Zeynələrir-Honuba yolunda, 4 kilometrlik Gugavar yolunun 2 kilometr hissəsində, 3 kilometrlik Dağüzü yolunun 2, Avun yolunun 0,5, Gərsava yolunun 2,5  kilometr hissəsində, uzunluğu 3 kilometr olan Kürəkçi yolunda torpaq işləri görülmüş və genişləndirilmişdir. Təmir olunan yollarda suötürücülər qoyulmuşdur. Əhalisinin sayı 6 min olan və 7 yaşayış məntəqəsini birləşdirən Urakəran kəndində Viləş çayı üzərində yeni körpü tikilmişdir. Teşkan kəndində də körpü salınmışdır. Dağ kəndlərinə gediş-gəlişi asanlaşdırmaq üçün Horavar və Sırıq kəndləri arasında da yaxın vaxtlarda körpü tikmək planlaşdırılır.

Sahibkarlığın inkişafı da rayonda prioritet sahələrdəndir. Bunun üçün dövlət siyasəti, ölkə başçısının göstəriş və tapşırıqları başlıca istiqamət kimi götürülmüşdür. 2012-ci ildə 139 fiziki şəxs sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş və bununla da onların sayı 1336-ya çatmışdır. Rayonda istehsal olunan ümumi məhsulun 97 faizi özəl sektorun payına düşür. Yeri gəlmişkən qeyd edək ki, keçən il Sahibkarlara Kömək Milli Fondu tərəfindən Yardımlıdan olan 12 nəfər sahibkara güzəştli kreditlər verilmişdir.

Bütün bunlar dağ rayonu Yardımlıda əldə olunan, qazanılan nailiyyətlərin az bir hissəsidir. Rayonun daha uğurlu illəri hələ qarşıdadır. Ölkə başçısının 21 fevral 2013-cü il tarixli sərəncamı ilə Yardımlı-Deman-Arvana yolunun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması və istər dövlət tərəfindən, istərsə də yerli rəhbərlik səviyyəsində nəzərdə tutulan digər çoxsaylı tədbirlər belə qənaətə gəlməyə əsas verir.

 

 

Seyran CAVADOV

    

Azərbaycan.-2013.- 6 mart.- S.6.