Qayğı bəhrə verir

 

Ötən il yanvarın 21-i Goranboy rayonu üçün Prezident İlham Əliyevin səfəri ilə əlamətdar olmuşdur. Dövlət başçısı yerlərdə görülən işlərlə tanış olmuş, konkret tövsiyə və tapşırıqlar vermişdi. Tapşırıqların icrası üçün əlavə vəsait də buraxılmışdı. Bəs Prezidentin tövsiyə və tapşırıqlarına necə əməl olunub?

2012-ci ilin yekunları və cari ilin vəzifələri müzakirə edilərkən bu barədə geniş söhbət getmişdir. Rayon icra hakimiyyəti başçısı Nizaməddin Quliyev hesabat məruzəsi ilə çıxış etmişdir. Həm məruzədə, həm də çıxışlarda qeyd olunmuşdur ki, rayonda əhalinin sosial-məişət problemlərinin həlli üçün geniş layihələr həyata keçirilir.

Heydər Əliyev prospektində, C.Civəzadə, C.Cabbarlı, R.Rza, V.Bayramov, N.Nərimanov küçələrində və başqa yerlərdə abadlıq işləri görülüb, istinad divarları hörülüb, işıqlandırma sistemi təzələnib, səkilər sahmana salınıb, şəhərin mərkəzinə Gəncə və Qızılhacılı istiqamətlərindən gələn ikitərəfli yolun inşası başa çatdırılıb. C.Cabbarlı küçəsində və başqa yerlərdə yollar genişləndirilib. Veysli kəndində broyler-quşçuluq obyekti, Quşçular kəndində süd emalı məntəqəsi, Fəxralı kəndində icma mərkəzi, Ağcakənd qəsəbəsində "Qala" kompleksi inşa olunub. 4 hektarlıq N.Gəncəvi parkı yenidən qurulur. YAP rayon təşkilatı, qaz istismar sahəsi, su-kanal idarəsi üçün binalar tikilib. Mehmanxana binası əsaslı şəkildə təmir olunur. Hazırda mərkəzi avtovağzalda, Dəliməmmədli şəhərinin və Qızılhacılı qəsəbəsinin bir sıra küçələrində genişmiqyaslı təmir-bərpa işləri görülür, körpülər salınır, yolların qovşaqlarında dönmə dairələri düzəldilir.

Minnətdarlıqla qeyd olundu ki, dövlətin qayğı və köməyi sayəsində işıq problemi çoxdan aradan qaldırılıb. Qəsəbə, kəndlər sürətlə qazlaşdırılır. Son bir neçə ay ərzində rayon mərkəzində Tatarlı, Qarquçaq, Şəfibəyli, Hacallı, Aşağı Ballıqaya kəndlərində yüzlərlə mənzilə mavi yanacaq verilib. Sistemli surətdə təhsil, mədəniyyət və səhiyyə obyektləri tikilir. Ötən il  Qızılhacılı qəsəbəsində, Tatlı, Nərimanlı, Alpout, Yeniyol, Quşçu, Dəyirmanlar və Məşədiqaralar kəndlərində təzə məktəb binaları istifadəyə verilib, 3 nömrəli şəhər və Hazırəhmədli kənd orta məktəblərinin binaları yenidən qurulub. Hazırda Faxralı kənd orta məktəbi üçün təzə binanın inşası davam etdirilir. Cari ildə daha 5 məktəb üçün yeni binaların tikilməsi də nəzərdə tutulub.

Yığıncaqda vurğulandı ki, daxili imkanlar hesabına mədəniyyət ocaqlarının şəbəkəsi genişlənir. Onların fəaliyyətində yaradıcılıq meyilləri getdikcə artır. Gürzallar kənd mədəniyyət evində xalçaçılıq, Qaradağlı və Məşədiqaralar kəndlərində biçmə-tikmə, Bağçakürddə dekorativ sənətkarlıq, Faxralıda folklor, Qarabucaqda kulinariya dərnəkləri yaradılmışdır. Musiqi məktəbinin bir qrup şagirdi pespublika müsabiqəsində birinci yeri tutaraq fəxri fərmana və pul mükafatına layiq görülmüşdür.

Bəlli olduğu kimi, Goranboy rayonunun bir sıra kəndləri, eləcə də Tap və Tapqaraqoyunlu kəndləri müntəzəm olaraq ermənilər tərəfindən atəşə məruz qalır. Prezident İlham Əliyevin tapşırığı ilə təmas xəttində yerləşən həmin yaşayış məntəqələrində əhalinin qorunması və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün sistemli surətdə quruculuq işləri görülür. Təkcə son bir il ərzində Tap və Tapqaraqoyunlu kəndlərində dövlət büdcəsindən ayrılmış vəsait hesabına 63 ev tikilib, 28-i əsaslı təmir olunub, əhalinin təhlükəzsizliyi üçün mühafizə divarı tikilib. Çıxışlardan hiss olunurdu ki, Nazirlər Kabinetinin yığıncağında Prezident İlham Əliyevin  dediyi: "Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilibdir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək" sözləri hamının qəlbindən xəbər verir.

Məhz dövlətin qayğısı və köməyi sayəsində rayonda kənd yollarının yenidən qurulması sahəsində xeyli iş görülüb. Səmədabad-Əhmədabad, Dəliməmmədli-Faxralı yollarının, habelə Nadirkəndin yanında dövrələmə yolunun tikintisi başa çatıb. Mövcud küçələrin abadlaşdırılması və yeni yolların çəkilməsi proqramı uğurla davam edir.

Təsərrüfat işlərinə gəldikdə ötən il rayonda ümumi məhsul buraxılışı 9,1 faiz artıb, yeni obyektlərin işə salınması hesabına 1600 iş yeri  yaradılıb. Aqrar sahənin inkişafına kömək məqsədilə sahibkarlar 15,4 milyon manat kredit alıblar, ərzaq məhsulu istehsalçılarına 1,4 milyon manat verilib. Bunların sayəsində il ərzində sahələrdən 65 min ton taxıl götürülüb, nəzərdə tutulandan xeyli çox maldarlıq məhsulları istehsal olunub.

Tənqid və özünətənqid şəraitində keçən toplantıda uğurlarla bərabər, mövcud nöqsanlar, həlli vacib məsələlər barədə də danışıldı. Günün tələbləri ilə uyğunlaşa bilməyən bəzi idarə və müəssisələrin fəaliyyətləri ciddi tənqid olundu. Meşə mühafizəsi və bərpası, habelə təmizlik və baytarlıq idarələrinin ünvanına ciddi iradlar bildirildi, həyata keçirilməsi vacib olan bir sıra məsələlərə aydınlıq gətirildi. Qeyd olundu ki, indiyədək rayon mərkəzi xəstəxanasında təmir işləri aparılmamışdır. Müharibə zamanı hərbi hospitalın burada yerləşməsi də binaya xeyli ziyan vurmuşdur. Ona görə də burada əhaliyə müvafiq tibbi xidmətin göstərilməsi üçün lazımi şərait yoxdur. Rayon gigiyena və epidemiologiya mərkəzinin binası da qəzalı vəziyyətdədir. Toplantıda belə bir inam ifadə edildi ki, bu sağlamlıq ocaqları üçün münasib binaların tikilməsi barədə müvafiq təşkilatlar qarşısında qaldırılmış məsələlər yaxın vaxtlarda öz həllini tapacaqdır.

Toplantıda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının nitqində irəli sürülmüş tövsiyə və tapşırıqların icrası üçün konkret təkliflər irəli sürüldü. Qəbul olmuş tədbirlər planında göstərilir ki, cari ildə olimpiya idman kompleksi, imtiyazlı şəxslər üçün 54 mənzilli yaşayış binası, Heydər Əliyev Mərkəzi, 5 məktəb binası tikiləcək. Bir neçə bölgədə kəndarası yollar çəkiləcək, şəhərin su və kanalizasiya sistemi istifadəyə veriləcək, mərkəzi xəstəxana kompleksi ilə yanaşı, bir sıra sosial obyektlər yenidən qurulacaqdır.

Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış etmişdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.-2013.- 6 mart.- S.6.