Dağ başında qar olar

 

Biçənək kəndində həyat öz ahəngindədir

 

Şahbuz rayonunun Biçənək kəndinə getməyi qərarlaşdıranda bilirdim ki, kənd dağların əhatəsindədir və dağlar bu vaxt qarsız olmur. Yolun uzaqlığı da fikrimdəm dönməyimə səbəb ola bilməzdi. Çünki qış günlərində ucqarlarda, yüksəkliklərdə yaşayan insanların həyat tərzi, gündəlik yaşayışı bir jurnalist kimi mənim üçün həmişə maraqlı olub. İndi isə bu marağımı təmin edəcək fürsəti əldən vermək istəmirdim.

Naxçıvan şəhərindən Şahbuza doğru hərəkət etdikcə bu iki şəhər arasında çəkilən yeni yolda qızğın iş gedirdi. Qışın oğlan çağında havaların mülayim olması işlərin gedişinə təsirini göstərmişdi. Adətən ilin bu vədəsində Naxçıvan kimi kəskin kontinental iqlimli bir bölgədə nəinki iş görmək, heç çöl-bayıra çıxmağa da ürək etmirsən. Görünür, təbiət insanlara sürprizlər etməyi xoşladığını bir daha göstərmək istəyirdi.

Naxçıvan şəhərindən fərqli olaraq, Şahbuzun səmalarında topa-topa buludlar göy üzünü tutmuşdu. Biçənəkdə daha fərqli bir hava ilə qarşılaşacağımı artıq bilirdim. Bu kənd Şahbuz rayon mərkəzindən 24 kilometr şimal-şərqdə - Zəngəzur silsiləsinin ətəklərində yerləşir. Bir zamanlar daim hərəkətli olan Yevlax-Laçın-Naxçıvan avtomobil yolu Biçənəkdən keçir. Naxçıvançayın ilk mənbəyi də elə bu kənddəki qarqrunt sularının əmələ gətirdiyi Biçənək çayından başlanır. Kəndin İpək yolunun üzərində yerləşməsi orta əsrlərdən bu yerlərdə zəngin xalq yaradıcılığı və sənətkarlığının inkişafına səbəb olub. Təsadüfi deyil ki, dəvə karvanlarının istirahət, yaxud dayanacaq kimi istifadə etdiyi "Fərhad evi" təbiət abidəsi məhz Biçənək kəndi həndəvərindədir. Bir vaxtlar bu kəndin yaxınlığında son orta əsrlərə aid edilən Xınzirək yaşayış yeriolub.

Zəngəzur və Dərələyəz sıra dağlarının qovşağında yerləşən Biçənək aşırımı  kəndə yaxınlığı ilə diqqəti çəkir. IX əsr ərəb tarixçiləri əl-Bəlazuri, əl-Yəqubi ərəblərin Azərbaycana hücumundan bəhs edərkən qoşunların məhz Biçənək aşırımından keçib getdiyini qeyd ediblər. 12 əsr bundan əvvəl tarixi mənbələrdə bu kəndin adının çəkilməsi Biçənəyin qədim tarixi haqqında danışmaq üçün kifayət qədər əsas verir. Kənddəki qədim körpünü də əlavə etsək, ərazinin tarixən azərbaycanlıların məskunlaşdığı yaşayış yeri olması haqqında uzun-uzadı danışmaq olar.

Biçənəklə bağlı olan digər bir özünəməxsusluq isə kənddən 2 kilometr aralıda yerləşən orta eosenin qumdaşları içərisindəki çatlardan süzülən və bir neçə xırda gözdən ibarət olan mineral su bulaqlarıdır. Qeyd edək ki, bu bulaqlar öz zəngin tərkibi ilə mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadəyə yararlıdır. Kənddə olarkən həmsöhbət olduğumuz ağsaqqallar bu bulaqları ayrıca qeyd etdilər. Hələ ötən əsrlərdə kənddəki bəzi xəstələrə şəfa vermək üçün həmin bulaqların suyundan gətirib içdiklərini nənə və babalarının dilindən tez-tez eşitdiklərini bildirdilər.

Biçənək həm də muxtar respublikanın dilbər guşələrindən olan Batabat yaylağının ən yaxınlığındakı yaşayış məntəqəsidir. Batabata yolu düşən məhz Biçənəkdən keçməlidir. Naxçıvanın turizm potensialı üçün kifayət qədər əlverişli və səmərəli olan Batabatın məhz bu məqsədlə istifadəsini yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir. İlk növbədə Biçənək kəndinə kimi olanbu kənddən Batabata qədər yol asfaltlanıb. Bu yerdə bir haşiyə çıxaraq bildirmək istərdik ki, ötən ilin sonlarından başlayaraq Naxçıvan-Şahbuz avtomobil yolu da genişləndirilir. Bu mərhələ başa çatdıqdan sonra Şahbuz-Batabat yolunun da genişləndirilməsi və müasir yol sisteminə uyğunlaşdırılması işlərinə başlanılacaqdır. Bütün bunlar isə Şahbuz-Batabat yolu boyu yerləşən bir neçə kənd kimi, Biçənəyin də sosial həyatında xüsusi rol oynayacaq.

Ümumiyyətlə, son illər Biçənəkdə bir çox infrastruktur tədbirləri reallaşdırılıb.  Hələ 2008-ci ilin sonlarında kənddə iki bina tikilərək istifadəyə verilib. Üçmərtəbəli Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, nümayəndəlik üçün arxiv, mədəniyyət evi, kitabxana, polis sahə müvəkkili, poçt fəaliyyət göstərir. Binada həmçinin həkim ambulatoriyası və Kolanı kənd musiqi məktəbinin filialı da yerləşir. Ambulatoriyada doğuş, həkim, qeydiyyatmanipulyasiya otaqları var ki, burada biçənəklilərə ilkin tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılıb. Kənddəki ikimərtəbəli inzibati binada  isə bələdiyyə, baytarlıq məntəqəsi, arxiv və xidmət mərkəzi yerləşir.

Biçənəkdəki son tikili ötən ilin noyabr ayında istifadəyə verilən məktəb binasıdır. Muxtar respublikada mərkəzi Naxçıvan şəhəri olmaqla, heç bir məktəb Biçənəkdəki kimi beşmərtəbli binada yerləşmir. Direktor Həzi Quliyevlə məktəbin önündə qarşılaşdıq. Dünəndən yağan qar həyətdən təmizlənsə də, yenə də qar yağmağa başlamışdı.

Baxışlarımdakı sualı hiss etmişdi ki, elə kənd səmimiyyəti ilə söhbətə başladı:

- Biz dağ adamıyıq, kənd uşağıyıq. Təmiz hava, özüilin bu vədəsində qar yağarkən evdə-eşikdə oturmamışıq, dağların ətəklərində oynamağa, sürüşməyə getmişik. İndiuşaqlarla işləyirik. Gərək uşaq kimi olmağı da bacarasan. Onların istəklərini bir vaxt biz də istəmişik. Bir az əvvəl rayondan zəng vurmuşdular. Havayla, dərsin gedişi ilə maraqlanırdılar.

Bir az susub sözünə davam etdi:

- Bizim vaxtımızda məktəbə gəlmək zülm idi. Kəndin aşağısından dur, bu yolu üzüyuxarı qalxa-qalxa gəl, sonra da kömür iyində, o qədər qızmayan siniflərdə paltoyla otur dərs keç. İndi keçin baxın, uşaqlar istidən pencəklərini çıxarmaq istəyirlər.

Həzi müəllim məktəbin tarixini yaxşı səliqəli şəkildə sistemləşdirib bir qovluqda saxlayır. Öyrənirik ki, Biçənəkdə ilk dəfə 1926-cı ildə bir sinifdən ibarət olan məktəb fəaliyyətə başlayıb. bu sinifdə yaş məhdudiyyəti olmayıb. Yazmaq, öyrənmək istəyən hər yaşda kənd sakini dərs keçib. Elə məqsəd bu olub ki, kəndin müəyyən yaş həddinə qədər olan əhalisinə ibtidai təhsil verilsin. Daha sonra 1933-cü ildə  sistemli təhsil verilməyə başlanıb. İkinci Dünya müharibəsindən sonra məktəb beşillik, sonralar yeddiillik, səkkizillik olub. 1973-cü ildən isə orta məktəb kimi fəaliyyətini davam etdirib. Ötən əsrin son ilinə kimi məktəb 1910-cu ildə tikilmiş binada fəaliyyət göstərib.

Bugünkü 252 şagirdlik yeni məktəb binasında 14 sinif otağı, kimya, biologiyafizika laboratoriyaları, hərbi kabinet, 3 elektron lövhəli sinif, idman zalı, 4400-dən çox kitab fondu olan kitabxana, internetə çıxışı olan 19 kompyuter dəsti ilə təmin olunmuş kompyuter sinfi var.

2009-cu ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş Camal Abbasovla da görüşdük. O qeyd etdi ki, yeni məktəb şagirdlərin sevincinə səbəb olubsa, müəllmlərin üzərinə də xeyli məsuliyyət qoyub. Çalışmalıyıq ki, dövlətin qayğısının əvəzində daha səylə çalışaraq məktəbin təhsil uğurlarını artıraq. Uğurlarsa az deyil.

184 evin, 294 təsərrüfatın olduğu, 1314 nəfər əhalinin yaşadığı kənddə əhalinin əsas məşğuliyyəti ilə də maraqlandıq. Dağlıq ərazi olduğuna görə bura əkinçilik üçün o qədər də səmərəli deyil. Buna baxmayaraq, həyətyanı sahələrdə  meyvə-tərəvəz, paxlalı bitkilər, kartof, soğan əkilir. Əhalinin, demək olar ki, əksəriyyəti qış azuqəsini öz həyətyanı sahələrindən əldə edir. Heyvandarlıq, xüsusilə arıçılıq biçənəklilərin əsas məşğuliyyətidir. Dağlar özü də bərəkətlə doludur. Otu, gülü, çiçəyi, min bir dərdin dərmanı olan bitkiləri var. Qış aylarında əhalinin karına yayda bu dağlardan yığılan həmin bitkilər gəlir. Ələngəz, əvəlik, ispanaq, qazayağı, baldırğan, cincilim, cacıq, şıppır, xıncılovuz, süddücə, unnuca, xatınbarmağı, quzuqulağının dadı tamam başqadır. Kəndlilərin bir çoxu həmin bitkiləri, eləcə də dərman otlarını yığıb qurudur, bazara çıxarır.

Bir cəhəti də qeyd edək ki, bir vaxtlar ağır yaşayış şəraitindən şikayət edib mərkəzə, paytaxta, qonşu ölkələrə köç edənlər geri qayıdırlar. Əhliman Məmiyev 10 ilə yaxın idi ki, kənddən köçmüşdü. Amma ötən il geri qayıdıb. İndi ailəsi ilə birlikdə Biçənəkdə yaşayır. Bakıda usta işləmiş Əhliman bildirdi ki, bu gün kəndin özündə də kifayət qədər yeni evlər tikilirevinin içində oturub bənnalıqla ailəsini dolandıra bilir.

Doğrudan da, bu gün Biçənəkdə həm əhali artır, həm də yaraşıqlı evlərin sayı. Paytaxtda tarix müəllimi işləmiş Əlizadə Sarıyev də ötən il geri qayıdıb. İndi  kənd məktəbində müəllimlik edir.

Kənd ağsaqqalları Qubad Mustafayev və Əli Hacıyevlə söhbətimiz isə Biçənək kəndində bu gün gördüklərimizin keçmişlə müqayisəsi barədə oldu. Uzun illər Biçənəkdə kənd sovetinin sədri işləmiş Əli kişiyə üzümüzü tutub soruşduq: "O vaxt yaxşı yaşayırdınız, yoxsa indi?"

Cavabı bugünkü reallığın sadə dillə şərhi idi:

- Oğul, o vaxt kənddəki məktəblə bu gördüyün binanı müqayisə etsək, heç yerinə düşməz. Eləcə də kəndin yaşayışını. İndi qazımız var, işığımız var, yolumuz necədir, özünüz görürsünüz, hələ deyirlər ki, bu il yeni yol çəkiləcək, genişlənəcək. Tikilən evlərə baxın. Nə deyə bilərəm artıq. Yaxşı ki, yaşayıb bu günü gördük. Hərdən nəvələrimə bizim yaşadıqlarımızı danışanda nağıl kimi qulaq asırlar.

Günəş buludların arxasında gizlənsə də, göz qamaşdırmağa gücü çatmayan şüaları axşam çağından xəbər verirdi. Qar isə yağmağındaydı. Biçənəyi dövrələyən dağlar qarla örtülmüşdü. Qar isə bolluq-bərəkət rəmzidir. Elə ona görə də yerində deyiblər: dağ başında qar olar.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.-2013.- 6 mart.- S.6.