«Ağ çiçəklər» solmaz
oldu...
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi,
yazıçı, jurnalist, pedaqoq, tərcüməçi
Tofiq Əfəndiyev ötən əsrin ortalarında ədəbiyyata
gəlmiş, müasirlərinin həyatını, duyğu və
düşüncələrini, oçerk və hekayələrində,
povest və romanlarında qələmə almış
müqtədir nasirlərimizdən biridir. 90 il öncə Qaryagin (indiki
Füzuli) rayonunda tacir ailəsində anadan olub. Orta məktəbi
başa vurduqdan sonra elə Qaryagində pedaqoji texnikumda təhsil
alıb. İlk əmək fəaliyyətinə pedaqoq kimi
başlayan Tofiq Əfəndiyev Birinci Dünya müharibəsi
illərində Qaryagin rayonunun kənd məktəblərində
müəllim işləmişdir.
Onun ulu
babası Xoca Əhməd Əfəndi XVIII əsrin
sonlarında Ərzurumun Qars mahalından Qarabağa - indiki
Füzuliyə (o zaman Qarabulaq, sonralar isə orada
öldürülmüş çar polkovniki Karyaginin şərəfinə
"Qaryagin" adlandırılıb) gələrək yurd
salıb, ailə qurub. Görkəmli din xadimi,
ilahiyyatçı alim kimi məşhurlaşıb. Bu nəsil
nəinki Qarabağda, ətraf bölgələrdə,
ümumən Azərbaycanda və qonşu ölkələrdə
"Əfəndi uşağı" kimi hörmət və
nüfuz qazanıb. XIX əsrin sonlarında bu nəslin bir
nümayəndəsi tamam başqa bir sahədə parlayıb.
Ailə ənənəsindən uzaqlaşaraq məşhur
tacir olan Məhəmməd bəy bacarığı,
işgüzarlığı, ziyalılığı,
geniş dünyagörüşü ilə fərqlənərək
bir çox məziyyətlərinə görə Qarabağ
elatının çox hörmətli şəxsiyyətlərindən
olub. O, şuşalı Bayram bəyin qızı Bilqeyis
xanımla evlənmişdi (Şuşadakı rus
gimnaziyasını bitirmiş Bayram bəy yalnız
Şuşada, Füzulidə deyil, bütün Qarabağın
ehtiramla yanaşdığı, sayılıb-seçilən
adamlarından idi. Elə bu nüfuzuna görə də Azərbaycan
Xalq Cümhuriyyəti yarandıqda onu Ağdam qəzasının
rəisi təyin ediblər). Bu izdivacdan onların yeddi
övladı olub: İlyas, Məhbub, Mustafa, Tofiq, Məhluqə,
Arif, Nəzihə.
Tacir Məhəmmədin
Füzulidə müxtəlif mallar satılan doqquz
dükanı, Şuşada, Ağdamda, Bərdədə,
Yevlaxda, Tərtərdə, Ağcabədidə qumaş
dükanları, Bakıda, Həştərxanda, Vladiqafqazda,
Tehranda, Təbrizdə şərikləri vardı.
XI ordu Azərbaycanı
işğal edəndə Məhəmmədin
mağazalarını, bütünlüklə varidatını,
daşdan tikilmiş ikimərtəbəli mülkünü də
əlindən alıblar. Bolşeviklərin gəlişindən
sonra bu ailənin düçar olduğu məşəqqətlər,
zillətlər bir-birinə bağlanıb. Tofiq Əfəndiyevin
babası Bayram bəyi zəhərləyib, atası Məhəmmədi
46 yaşında çərlədib öldürən bolşeviklər
onlara çox zülmlər ediblər. Hakimiyyət tərəfindən
vətəndaş hüquqlarından məhrum edilmiş ailənin
bütün ağırlığı bəy qızı
Bilqeyis xanımın çiyinlərinə düşdü.
O, aristokrat bir xanım idi. Üç əlifbada - ərəb,
fars və kirildə yazıb-oxumağı bacarırdı. O,
geniş dünyagörüşünə malik idi. Bilqeyis
xanımın qardaşı Cəlil bəy Bağdadbəyov
ötən əsrin 30-cu illərində tanınmış mədəniyyət
xadimi və bir sıra pyeslərin müəllifi idi. Bu
şuşalı balası Azərbaycanın ilk sənətşünası
və etnoqrafı olub. Həm maddi, həm də mənəvi
cəhətdən zəngin olan bu məşhur nəsil sovet
hakimiyyətinin hər cür acılarını
yaşadılar.
İllər
keçir. Ailə ağır repressiyaya tuş gəldiyindən
uzun müddət doğma yurddan uzaq düşüb. Amma
bütün dərdlərdən, təqiblərdən, təzyiqlərdən
sıyrılıb çıxmağı bacarıblar. Tacir Məhəmmədin
böyük oğlu İlyas Əfəndiyev sonralar Azərbaycanın
xalq yazıçısı oldu. Tofiq də
qardaşının yolu ilə gedərək Azərbaycan nəsrində
öz sözünü deyə bildi.
Ötən
əsrin 90-cı illərində onunla söhbət zamanı qəribə
bir hiss keçirmişdim. Bu qədər istedadlı,
dünyagörüşlü, zəngin daxili aləmə malik
olan Tofiq Əfəndiyev haqqında vaxtilə tənqidçilər,
ədəbiyyatşünaslar maraqlı yazılar qələmə
almışdılar. Nədənsə 80-ci illərdən
sonra bu yazıçı elə bil unudulmuşdu. Bəlkə
də İlyas Əfəndiyevin şöhrəti, daha çox
məşhurluğu Tofiqi bir yazıçı kimi kölgədə
saxlamışdı? Bizim bu sualımıza gülümsəyərək
Mirzə İbrahimovdan misal çəkmişdi: "Azərbaycan
ədəbiyyatı mənim nəzərimdə böyük və
rəngarəng gülüstandırsa, İlyas Əfəndiyevin
yaradıcılığı bu gülüstanda öz gözəlliyi,
ətri və təravəti ilə diqqəti cəlb edən
cazibədar toplu və dolğun bir çiçəklikdir".
Həssas
bir insan, diqqətli oxucu idi Tofiq Əfəndiyev. Xoşuna gələn
məqalə haqqında redaksiyaya zəng edib mütləq rəyini
bildirərdi. Əslində, sadə təbiətli Tofiq müəllim,
eyni zamanda, böyük ürək sahibi idi. İnsan və
yazıçı kimi məziyyətləri bir-birini
tamamlayırdı.
Maraqlıdır
ki, Tofiq Əfəndiyevin ilk kitabı "Ağ çiçəklər"
adlanır. Hekayə və oçerklərdən ibarət olan
bu topluda yeniliklə köhnəlik arasında gedən
mübarizə təbii və yaddaqalan lövhələrlə
qələmə alınıb. Təbii ki, sovet dövründə
yazıldığından yazıçının qəhrəmanları
kolxozda çalışanlar, zəhmət adamları,
yarış qalibləri, pambıqçılardır.
Dövrün tələbləri bir yana, məhz bu kitabla Tofiq Əfəndiyev
özünü yazıçı və jurnalist kimi təsdiq
etmişdir. Təsadüfi deyil ki, Tofiq Əfəndiyev
Bakıya gəldikdən sonra xeyli müddət "Azərbaycan
müəllimi" qəzetinin xüsusi müxbiri vəzifəsində
çalışıb. Həmişə yeniliyə, elmə
can atan gənc müxbir pedaqoji sahəni də unutmayıb. Hətta
Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun
ingilis dili şöbəsində təhsil alıb.
Bakının bir sıra məktəblərində müəllimlik
fəaliyyətini də davam etdirib. Sonralar sorağı Azərbaycan
Televiziyası və Radio Verilişləri Komitəsindən gəlib.
Ədəbi dram verilişləri üzrə baş redaktor
işləyən Tofiq Əfəndiyev 1969-cu ildən
ömrünün sonuna kimi nəsrlə ciddi məşğul
olub.
İlk
kitabı "Ağ çiçəklər"in ədəbiyyata
gətirdiyi xoş ətrin ömrü uzun oldu.
Yazıçının qələmindən çıxan
"Cənub mehi" povestlər kitabı, "Dağ
yolu", "Badminton oyunu", "Qara qapılar",
"Prokuror" kimi romanları, eləcə də digər nəsr
əsələri oxucular tərəfindən rəğbətlə
qarşılandı. Ötən əsrin ortalarında Tofiq Əfəndiyev
həm ədəbi ictimaiyyətin, həm də oxucuların
diqqət mərkəzində dayanan yazıçılardan
olub. Tənqidçi Qulu Xəlilov bu istedadlı
yazıçı barədə yazırdı: "Tofiq Əfəndiyevin
əsas mövzu sahəsi, ilham mənbəyi, müasir insan,
onun əməlləri, zəhməti, istək və
arzularıdır. Bu mənada, o, həm kənd həyatından,
həm də şəhər həyatından bir sıra
maraqlı hekayələr, romanlar yazmış və öz
ilhamını, istedadını sınaqdan uğurla
çıxarmışdır".
Maraqlıdır
ki, Tofiq Əfəndiyevin çapdan çıxan hər bir əsəri
o dövrdə maraqla qarşılanırdı. Dərhal onun
barəsində tənqidçilər öz sözlərini
deyir, oxucular maraqlı mülahizələr
yürüdürdülər. Müəllifin bir sıra
romanları rus dilinə də tərcümə edilmişdir.
Beləliklə, onun oxucu dairəsi də genişlənmişdir.
Bütün varlığı ilə doğma xalqına
bağlı olan, onun arzu və istəklərini, problemlərini,
duyğu və düşüncələrini bədii ədəbiyyata
gətirən Tofiq Əfəndiyev ingilisdilli dünya ədəbiyyatından
bir sıra nümunələri də orijinaldan ana dilimizə tərcümə
etmişdir. Elə özü də orijinal qələm sahiblərindən
sayılırdı. O, mətbuatda həm oçerklərini, məqalələrini,
ədəbi mülahizələrini dərc etdirirdi, bir tərəfdən
də bədii nümunələr yaradırdı.
Kənd həyatı
ilə bağlı yazdığı əsərlər öz əlvanlığı,
oxunaqlığı ilə seçilirdi. Tənqidçi Məsud
Əlioğlu müəllifin "Dağ yolu" adlı
romanı haqqında belə bir fikir söyləmişdi:
"Tofiq Əfəndiyevin "Dağ yolu" romanı
müasir kənddə fəaliyyət göstərən sadə
adamların böyük arzularını, işıqlı əməllərini
və zəngin daxili aləmini realist səhnələrlə əks
etdirir". Tənqidçiyə görə, indiyə qədər
kəndlə bağlı yazılmış nəsr əsərləri
ilə müqayisədə müəllifin bu romanı fərqli
görünürdü. Çünki Tofiq Əfəndiyev
köhnə mövzuya - yəni kənd həyatı məsələsinə
yeni münasibətlə yanaşaraq məlum həqiqətlərin
kimsəyə bəlli olmayan cəhətlərini aşkara
çıxarmış və bədii cəhətdən yeni
aspektdə işlənən bir əsərin ortaya
çıxmasına səbəb olmuşdu. Ümumiyyətlə,
"Dağ yolu" romanı qurub-yaradan, pisliklərə
qarşı vuruşan, çətin, mürəkkəb və
ziddiyyətli yollardan qalib çıxan sadə zəhmət
adamlarına, onların ləyaqətlərinə
ünvanlanmış orijinal bir əsərdir.
Yazıçının "Prokuror" romanı da həm
həmkarları, tənqidçilər, həm də oxucular tərəfindən
maraqla qarşılandı. Tənqidçi Şirindil
Alışanova görə, bu əsərdə
yazıçının estetik amalı öz aydın ifadəsini
dolğun tapıb. Əyrilərin cəmiyyət
qarşısında ifşası çox ciddi əhəmiyyəti
olan bir məsələdir. "Prokuror" romanı həm də
Tofiq Əfəndiyevin bir yazıçı kimi mövzu dairəsinin
genişliyini təsdiq etdi.
Böyük həvəslə, həssas bir ürəklə, sənətkar coşqunluğu ilə ədəbiyyata gələn Tofiq Əfəndiyev elə ilk kitabı ilə təsdiq etdi ki, nəsrimizin işıqlı sabahı üçün əlindən və qələmindən gələni əsirgəməyəcək. Gənclik illərindən ömrünün ahıl çağına qədər ədəbiyyatımızın inkişafını düşünən bu görkəmli yazıçı sovet dövründə yaşayıb-yaratsa da, həmişə həyatın vacib mövzularını qələmə aldı. Xüsusilə də müasirlərinin taleyini, qurub-yaratmaq əzmini, mübarizəsini, bəzən də məğlubiyyətini unutmadı. Həyat reallıqlarına sadiqliyi ilə seçildiyinə görə də imza atdığı əsərlər ölümsüzlük qazandı. "Ağ çiçəklər"inin ətri sonrakı əsərlərində də öz rahiyəsinə yeni pərəstişkarlar çəkdi. Tofiq Əfəndiyev cəsarətli, vətəndaş mövqeyi ilə seçilən təvazökar, sadə, xeyirxah, vicdanının səsinə qulaq asan bir şəxs olduğundan yazdığı əsərlər də bu mənəviyyat çeşməsindən su içirdi. Bu gün də "Qara qapılar"ı, "Tələ"ni, "Dağ yolu"nu, "Badminton oyunu"nu nəsrimizin töhfələri sayırıq. İlk əsərində tutarlı sözü ilə özünü təsdiq edən bu yazıçı bütün ömrü boyu qalacaq əsərlərə imza atdı!
Özünəməxsus olmaq və ilk qələm məhsulundan sonuncu yazıya qədər həqiqətə söykənmək, millətini, torpağını ürəkdən sevməyi bacarmaq və ədəbiyyat naminə fədakarlıq göstərməyi həyat devizi seçmək hər kəsə nəsib olan məziyyət deyil. Çünki həyatın qəfil döngələri çoxdur. Təbiətdəki kimi cəmiyyətin də dəyişən havaları var. Bax, yazıçı "mən"ini bu qovğalardan salamat, həm də pak və başıuca çıxarmaq çətindən çətindir. Nəsli-şəcərəsi bəyzadə olan Tofiq Əfəndiyev, sözün əsl mənasında, Əfəndi idi və ağayana yazıçı kimi elə qəlblərdə də öz abidəsini ucaltdı. Çox yaxşı olardı ki, bu unudulmaz nasirin əsərləri latın qrafikası ilə çap edilərək yeni nəslə də çatdırılardı.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 6 mart.- S.7.