Azərbaycan enerji təhlükəsizliyi
sahəsində Avropanın ən etibarlı tərəfdaşıdır
"Bu
gün Azərbaycan regionun lider dövlətidir və
dünyada nüfuzu getdikcə artır. Biz əlaqələrimizi
daha da genişləndirmək niyyətindəyik. Sevindirici
haldır ki, bu barədə düşündüklərimiz azərbaycanlı
həmkarlarımızın da fikirləri ilə
üst-üstə düşür".
Bu
fikirləri dünən Milli Məclisin Sədri Oqtay Əsədovla
görüşdə Azərbaycanda səfərdə olan
Avstriya Respublikasının Milli Şurasının ikinci
prezidenti Frits Noyqebauer söyləyib.
Görüşdə
Oqtay Əsədov bildirib ki, bu gün Azərbaycanla Avstriya
arasında əməkdaşlıq inkişaf edir. Azərbaycan
müstəqilliyini bərpa etdikdən sonra hər iki ölkə
arasında diplomatik münasibətlər yenidən bərpa
olunub. Bu səfər isə əlaqələrin hərtərəfli
inkişafını daha da sürətləndirəcək. Azərbaycan
Avstriya ilə münasibətlərin strateji tərəfdaşlıq
səviyyəsinə yüksəlməsinin tərəfdarıdır.
Oqtay
Əsədov iki ölkə arasında münasibətlərin
inkişafında dövlət başçılarının
rolunu xüsusi qeyd edib. Onun sözlərinə görə, bu
gün iki ölkə arasında iqtisadi, ticarət əlaqələri
də genişlənir. Lakin mövcud potensialı tam əhatə
etmir. Azərbaycan-Avstriya hökumətlərarası komissiya
da fəaliyyət göstərir və bu gün hər iki
ölkə NABUCCO, TANAP kimi layihələrin
reallaşmasında maraqlıdır: "İnanırıq ki,
bu amillər bizi daha da yaxınlaşdıracaq və ticarət
dövriyyəmiz də artacaqdır. Eyni zamanda, əlaqələrimiz
strateji tərəfdaşlıq səviyyəsinə yüksələcəkdir".
Milli
Məclisin Sədri dövlətlərarası əlaqələrin
inkişafında parlamentlərin də rolunu xüsusi qeyd edərək
deputatların, parlamentlərdəki dostluq qruplarının
qarşılıqlı səfərlərini və fəaliyyətlərini
yüksək qiymətləndirib.
Dağlıq
Qarabağ münaqişəsinin səbəbləri, acı nəticələri,
Ermənistan dövlətinin həyata keçirdiyi etnik təmizləmə
və işğalçılıq siyasəti, azərbaycanlı
qaçqın və məcburi köçkünlərin vəziyyəti
barədə qonaqlara ətraflı məlumat verən Oqtay Əsədov
vurğulayıb ki, bu problem həm də Azərbaycanın
sürətli inkişafının qarşısını
almağa yönəlmiş bir siyasətdir: "Biz
inanırıq ki, münaqişənin sülh yolu ilə həlli
yolları hələ tükənməyib və problem tezliklə
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində
öz ədalətli həllini tapacaqdır".
Öz
növbəsində Frits Noyqebauer qeyd edib ki, Azərbaycana səfərin
məqsədi iki ölkə arasında dostluq münasibətlərinin,
xüsusən də parlamentlərarası əlaqələrin
inkişafına dair fikir mübadiləsi aparmaqdır:
"Artıq iki gündür davam edən səfər çərçivəsində
bir sıra maraqlı görüşlər keçirmişik
və çox faydalı danışıqlarımız
olmuşdur. İnanırıq ki, bu səfərimiz, eləcə
də qarşıda nəzərdə tutulmuş yüksək
səviyyəli səfərlər və görüşlər
ölkələrimiz arasındakı əlaqələrin
inkişafına təkan verəcək. Onun fikrincə, Azərbaycan
regionun lider dövləti olmaqla yanaşı, enerji təhlükəsizliyi
sahəsində Avropanın ən etibarlı tərəfdaşıdır.
Biz Avstriya nümayəndə heyəti olaraq bunu yüksək
qiymətləndiririk və Azərbaycan ilə əlaqələrin
hərtərəfli inkişafında maraqlıyıq".
Görüşdə
parlamentlərarası əlaqələrin inkişafı,
qarşılıqlı səfərlərin, qanunverici orqanlar
arasında təcrübə mübadiləsinin və əməkdaşlığın
perspektivləri müzakirə olunub, geniş fikir mübadiləsi
aparılıb.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 7 mart.- S.1.