Xocalı soyqırımı haqqında əsl həqiqətlər

 dünya ictimaiyyətinə çatdırılır

 

Martın 5-də Beynəlxalq Mətbuat Mərkəzində "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin (İB) ötən müddət ərzində gördüyü işlərə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

Tədbirdə İB-nin sədri Şamil Sabiroğlu rəhbərlik etdiyi qurumun Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihələrdən və bu günlərdə Xocalı faciəsinin 21-ci ildönümü münasibətilə qardaş Türkiyədə reallaşan görüşlərdən söz açmışdır.

 Bildirilmişdir ki, birliyin üzvləri Xocalı faciəsi ilə bağlı bir çox tədbirlərdə, eləcə də Almaniyanın paytaxtı Berlində və Türkiyənin bir sıra şəhərlərində təşkil edilmiş silsilə tədbirlərə qatılmışlar. Ötən müddət ərzində İB-nin orqanı olan "Ana harayı" qəzeti nəşr edilmiş, "Haray" xalq teatrı yaradılmış və birliyin saytı istifadəyə verilmişdir.

Tədbirdə birliyin sədri Şamil Sabiroğlu və "Xalq qəzeti"nin müxbiri Əfsanə Bayramqızının həmmüəllifliyi ilə hazırlanaraq Türkiyədə nəşr edilmiş "Bir qış günü vəhşəti: Xocalı..." kitabı haqqında da məlumat verilmişdir.

Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Anadolu türkcəsində nəfis tərtibatla çap edilmiş kitab qardaş ölkənin təhsil ocaqlarına, kitabxanalarına, Türkiyə Böyük Millət Məclisinin bir çox deputatlarına hədiyyə verilmişdir.

Tədbirdə "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin fəaliyyəti yüksək qiymətləndirilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2013.- 6 mart.- S.7.