Ermənistanda siyasi qarşıdurma güclənir

 

Hakimiyyəti total saxtakarlıqla ələ keçirən

 Serj Sarkisyana qarşı etiraz aksiyaları genişlənir

 

 

Saxta prezident seçkilərindən sonra Ermənistanda hələ də gərgin siyasi vəziyyət müşahidə olunur. Proseslərin gedişi göstərir ki, müxalif qüvvələr məqsədlərinə çatana, yəni Serj Sarkisyanı hakimiyyətdən kənarlaşdırana qədər mübarizə aparmaq niyyətindədirlər.

Ermənistan prezidentliyinə namizəd olmuş İrs partiyasının lideri Raffi Ovanisyan fevralın 18-də keçirilmiş prezident seçkilərinin nəticələrinin etibarsız sayılması üçün Konstitusiya Məhkəməsinə müraciət edib. Bundan dərhal sonra müxalifət liderinin mətbuat katibihüquqi məsələlər üzrə köməkçiləri məhkəmənin binası qarşısında mətbuat konfransı keçirərək Konstitusiya Məhkəməsindən istədikləri cavabları almayacaqları təqdirdə beynəlxalq məhkəmələrə də müraciət olunacağını bildiriblər.

Konstitusiya Məhkəməsinə müraciətdən əvvəl isə Raffi Ovanisyan Ermənistan İnzibati Məhkəməsinə Mərkəzi Seçki Komissiyasının fəaliyyətsizliyi ilə bağlı şikayət ərizəsi təqdim edib. İrs partiyasının lideri MSK-nın 25 fevral tarixli qərarının etibarsız sayılmasını tələb edir. İnzibati məhkəmədə işə hakim Karen Avetisyan baxacaq. İclasın tarixi hələ müəyyən edilməyib.

Xatırladaq ki, məqsədinə nail olmaq üçün Ovanisyan və tərəfdarları 20 fevral tarixindən Yerevanda və Ermənistanın digər şəhərlərində mitinqlərə başlayıb. Ovanisyan bu mitinqləri "inqilabın başlanğıcı" elan edib.

Ovanisyan bildirib ki, həyatı bahasına da olsa, erməni xalqı aprelin 9-dək qələbəni bayram edəcək: "Sizə dediklərimizi sözün hərfi mənasında başa düşün: mənim həyatımın bahasına aprelin 9-na qədər erməni xalqı qələbəmizi bayram edəcək".

İrs partiyasının parlament fraksiyasının rəhbəri Ruben Akopyan isə bəyan edib ki, hakimiyyət kobud güc tətbiq etsə, bunun cavabsız qalacağını gözləməsin: "Raffi Ovanisyanın təbəssümlərində qətiyyətsizlik axtarmaq lazım deyil. Zərurət yaransa, biz özünümüdafiə hüququmuzdan istifadə edəcəyik. Qoy kimsə düşünməsin ki, kobud güc tətbiq etsə, cavabını almayacaq. İndi çoxları Ermənistanda qeyri-sabitlikdə maraqlı olmadığını deyir. Bizbunda maraqlıyıq, lakin xalq öz hüquqları uğrunda mübarizə aparırsa, sabitlik elə budur, biz bu cür sabitlik istəyirik". Digər müxalifət təmsilçisi Nikol Paşinyan da qələbənin Sarkisyanın inauqurasiyasına qədər əldə olunacağını elan edib.

Belə bir vaxtda isə növbəti maraqlı açıqlama parlamentin sədri Ovik Abramyandan gəlib. Abramyan prezident seçkilərində ikinci yeri tutan Raffi Ovanisyanla danışıqlara hazır olduğunu, o cümlədən onun rəhbərlik etdiyi İrs partiyasının yeni hökumətdə yer ala biləcəyini söyləyib. Lakin müxalifətçilər bununla razılaşmır. Ruben Akopyan qeyd edir ki, İrs partiyasına bir-iki nazir yeri təklif edə bilərlər, amma partiya bu yolla getmək fikrində deyil. Partiya qərargahında keçirilən toplantıda O.Abramyanın təklifləri hakimiyyətin ölkədəki real vəziyyəti başa düşməməsi kimi qiymətləndirilib. Ruben Akopyanın parlament sədrinin səsləndirdiyi təklifin onlar tərəfindən ağıllı təklif hesab edilmədiyini bildirib: "Bu təklif ölkədəki vəziyyətin və sistem islahatlarının reallaşdırılmasına olan ehtiyacın başa düşülməməsi ilə bağlı olub. Partiyamıza bir-iki nazir yeri təklif edə bilərlər, ancaq bu yolla getmək fikrində deyilik, çünki partiyanın hədəfi ölkədə real siyasi islahatlarına nail olmaqdır".

Partiyanın digər təmsilçisi Zarui Postanciyan hakimiyyətin təklifindən danışarkən 2008-ci il prezident seçkilərini xatırladıb: "Həmin vaxt müxalifət güclərindən biri "Orinas Yerkir" partiyası idi. Partiya 2008-ci ildə seçkilərin saxtalaşdırılmasına, qanun pozuntularına şərik olaraq hökumətdə yer qazanmaq üçün hakimiyyətlə sözləşməyə getdi. Abramyanın təklifi də bizi seçki cinayətlərinə şərik etmək cəhdidir. Onlar xalqın səsini oğurladılar, bu, oğurluqdur, cinayətdir. Biz indi oğrunu təqib edirikonlar bu dəfə gizlənməyi bacarmayacaqlar".

İrs partiyasının Gənclər Təşkilatının üzvləri isə müdafiə naziri Seyran Ohanyana müraciət ediblər. Müraciətdə Serj Sarkisyanın hansısa məqamda ordu birləşmələrinə xalqa qarşı güc tətbiq etmək əmri verəcəyi ehtimalının yüksək olduğu bildirilir və müdafiə naziri bu əmrə tabe olmamağa çağırılır. Mitinqdə mübarizənin seçkilərin gerçək hüquqi nəticələri təsdiqlənənə kimi davam edəcəyi barədə şüarlar səsləndirilib. Erməni müğənni Ruben Axverdiyan çıxış edərək deyib ki, Sarkisyan artıq hakimiyyətdə qalmamalıdır.

Belə bir vaxtda Ermənistanın ən böyük oliqarxlarından olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Haqik Çarukyanla Ovanisyan arasında görüş də Sarkisyanın narahatlığına səbəb olub. Ovanisyan görüşlə bağlı bildirib ki, Çarukyanonun partiyasının digər təmsilçilərinə görə Ermənistan vətəndaşlarının öz hüquqlarına hörmət olunmasını tələb etməyə tam haqqı var: "Onlar həmçinin bizimlə  narahatlıqlarını bölüşüblər və dəyişikliklərin zərurətini təsdiqləyiblər. Çarukyan partiyasının mövqeyini ifadə edərək deyib ki, o, və tərəfdarları həmişə xalqla bir olacaq. Biz mövcud böhranın aradan qaldırılması üçün əməkdaşlıq etməyə qərar vermişik".

Beləliklə, Ermənistanda seçkisonrası əməlli-başlı böhran yaşanır. Xalq küçələrə axışaraq, meydanlarda toplaşaraq Sarkisyanın hakimiyyətdən getməsini istəyir. Ermənistanda seçki saxtakarlığına qarşı etirazlar, eyni zamanda, saxtakarlığa dəstək verən xarici ölkələrə qarşı da yönəlib.

Ermənistan mətbuatının yazdığı xəbərə görə, ictimai fəallar Rusiya, Fransa və İtaliyanın Yerevandakı səfirliklərinin binası qarşısında piket keçirib. Məhz bu ölkələrin rəhbərləri Serj Sarkisyanı prezident seçilməsi münasibətilə təbrik ediblər. Piketçilər S.Sarkisyanı legitimləşdirmək cəhdlərinə son qoymağı tələb ediblər. Fəallar ingilis və fransız dilində "Siz saxta prezidenti təbrik edirsiniz" yazılmış plakat qaldırıblar. Gənc fəallardan biri isə "Sarkisyanı sizə hədiyyə edirik" sözləri yazılmış plakatla birlikdə Fransa səfirliyinin hasarını aşa bilib. Lakin polislər onu yaxalayaraq bayıra çıxarıblar. ABŞ və Polşa səfirlikləri qarşısında da analoji aksiyalar xalqın saxtalaşdırılmış prezident seçkilərinin nəticələri ilə barışmaq niyyətində olmadığını göstərir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2013.- 6 mart.- S.7.