Heydər Əliyevin 1960-1970-ci illərdə erməni-daşnak qüvvələrinin Azərbaycan əleyhinə yönəlmiş məkrli planlarına qarşı qətiyyətli mübarizəsi

 

E.Baqdasaryan 1969-cu ildə digər cinayət əməlinə görə həbs edildi və planlaşdırdığı terrorçuluq niyyətləri yarımçıq qaldı, terrorçu təşkilatının fəaliyyəti bir müddət səngidi. Lakin havadarlarının köməyi ilə 1970-ci ildə həbsdən azad edilən E.Baqdasaryan Yerevana gedərək daşnak-millətçi təfəkkürlü erməni şairi Ovanes Şirazla görüşür. E.Baqdasaryan O.Şiraz tərəfindən "təlimatlandırıldıqdan" sonra yenidən Qafana qayıdır və "Vətənpərvərlər ittifaqı" erməni-daşnak terrorçu təşkilatının fəaliyyətini davam etdirmək və daha da genişləndirmək məqsədilə ətrafına cinayətə meyilli gəncləri toplamağa başlayır.

O.Şirazın təlimatına əsasən E.Baqdasaryan cinayət fəaliyyətini eyni zamanda orta məktəblərdə də yaymağa çalışırdı. Bunun əsas səbəbi şagirdlərin daha tez təsir altına düşmələri, "vətənpərvərlik" hissinə qapanaraq ona daha tez inanmaları, istənilən tapşırığı həvəslə yerinə yetirməyə meyilli olmaları idi (AR MTN arxivi).

 

Bunu təşkilatın ilk üzvü olan şəxslərin siyahısında da açıq-aşkar müşahidə etmək olar:

 

- Qevorkyan Akop Setrakoviç - 1956-cı il. Qafan rayonu, Tenzavar kəndi (14 yaş).

-  Andreasyan Rafik Şmavonoviç - 1954-cü il. Qafan şəhəri (16 yaş).

- Nersesyan Andranik Volodyeviç - 1956-cı il. Qafan rayonunun Qatnarat kəndi (14 yaş).

- Ohanesyan Valerik Qerasimoviç - 1955-ci il. Qafan rayonunun Ankavan qəsəbəsi (15 yaş).

Həmin dövrdə Ermənistan SSR DTK Qafan rayon şöbəsinin rəisi işləyən kapitan Q.Tovmasyan  E.Baqdasaryan barədə tərtib etdiyi 10 may 1974-cü il tarixli  arayışda qeyd edir ki, "E.Baqdasaryanın rəhbərlik etdiyi "Vətənpərvərlər ittifaqı" təşkilatının Ermənistanda üç qrupu fəaliyyət göstərirdi. Birinci qrup "Mstiteli Eqerna" adlanırdı. Əsas vəzifəsi azərbaycanlılara məxsus olan müxtəlif obyektləri, o cümlədən onların mənzillərini, əkin sahələrini və s. partlatmaq və yandırmaqdan ibarətdir. İkinci qrup "Predanie Sevaku" adlanırdı. Əsas vəzifəsi erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrət, kin yaradan, onların öz torpaqlarından qovulmasına, fiziki məhv edilməsinə çağıran vərəqələrin hazırlanması və yayılmasıdır. Üçüncü qrupun vəzifəsi isə azərbaycanlıları fiziki məhv etməkdir".

 Q.Tovmasyan arayışında qeyd edir ki, "1972-ci il aprelin 24-də "Mstiteli Eqerna" qrupunun üzvləri olan 1954-cü il təvəllüdlü Andresyan Rafik Şmavonoviç (16 yaş), 1956-cı il təvəllüdlü Nersesyan Andranik Volodyeviç (14 yaş) və 1955-ci il təvəllüdlü Ohanesyan Valerik Qerasimoviç (15 yaş) E.Baqdasaryanın hazırlığı və xüsusi tapşırığı ilə Qafan şəhərində yerləşən, azərbaycanlılara məxsus orta məktəbi yandırıblar. Bu məqsədlə içərisinə benzin doldurulmuş butulkalardan istifadə edilib.

Həmin il "Predanie Sevaku" terrorçu qrupun üzvləri 1957-ci il təvəllüdlü Akopyan Manvel Qavruşeviç və 1955-ci il təvəllüdlü Ovsepyan Qrantik Araratoviç  siyasi və düşmənçilik xarakterli vərəqələr hazırlayaraq paylayır, qrupun digər üzvü Valerik Ohanesyan isə dəstəsi ilə birlikdə bir neçə azərbaycanlını milli zəmində döyərək onlara ağır bədən xəsarətləri yetiriblər. E.Baqdasaryanın 26 aprel 1972-ci il tarixli tapşırığı ilə yuxarıda qeyd olunan Akopyan Manvel və Nersesyan Andranik bir neçə evi yandırmaq məqsədilə Qafan rayonunun azərbaycanlılar yaşayan Qeqanuş kəndinə gedirlər, lakin son anda tapşırığın bir neçə gün təxirə salınması barədə qərar qəbul olunub".

Baş verən təhlükəli hadisələr barədə Ermənistanın hüquq-mühafizə orqanlarında yetərincə sübutların olmasına baxmayaraq E.Baqdasaryan və onun təşkilatına qarşı heç bir əməli tədbir görülmür, əksinə Yerevandan Qafana gələn daşnak-millətçi təfəkkürlü şair və yazıçıların E.Baqdasaryan və onun cinayətkar dəstəsinin üzvləri ilə görüşləri təşkil edilir, sonuncular daha ağır cinayətlərə  ruhlandırılırdılar.

Bu barədə DTK Qafan rayon şöbəsinin rəisi, kapitan Q.Tovmasyan arayışında qeyd edir ki, "Baqdasaryan dəfələrlə şöbəyə dəvət edilərək onunla müvafiq istiqamətdə profilaktik söhbətlər aparılıb, hər dəfə o, belə hadisələrin bir daha baş verməməsi barədə söz verib". Həmin arayışdan görünür ki, E.Baqdasaryan və onun dəstə üzvlərinin əməllərində kifayət qədər cinayət tərkibi olduğu halda heç bir tədbir görülmür, yalnız dəstənin başçısı E.Baqdasaryanla profilaktik söhbət aparmaqla iş yekunlaşmış hesab olunur.

E.Baqdasaryan isə öz ifadələrində bu barədə bildirir ki, "DTK Qafan rayon şöbəsinin rəisi Tovmasyan onu bir neçə dəfə şöbəyə dəvət edərək müxtəlif səpkili söhbətlər aparsa da, nəinki azərbaycanlılara qarşı törədilən zorakılıqları dayandırmağı tapşırmayıb, bu zorakılıqlar barədə ümumiyyətlə söz açmayıb. Bu da ona öz fəaliyyətini genişləndirməyə əlavə stimul yaradıb".

Erməni-daşnak təhrikçilərinin müvafiq təlimatları, eləcə də onların dəstəyi sayəsində cəzasız qalmasından istifadə edən E.Baqdasaryan artıq Azərbaycanın Qarabağ ərazisində terrorçu təşkilatının dayaqlarını yaratmağı qərara alır və bu məqsədlə 1973-cü ilin mart ayından başlayaraq mütəmadi olaraq Xankəndi şəhərinə səfərlər edir. O, orada milliyyətcə erməni olan müxtəlif şəxslərlə görüşərək onları terrorçu təşkilatının sıralarına cəlb edə bilir. Onun terrorçu təşkilatının Qarabağdakı özəyini Xankəndi tibb texnikumunun tələbələri və Xankəndi ipək kombinatının fəhlələri təşkil edirdi. Həmin şəxslərlə söhbətlərdə E.Baqdasaryan onları azərbaycanlı əhaliyə qarşı düşmənçiliyə sövq edir, fəal hərəkətə keçməyin vaxtının çatdığını bildirirdi.

Maraqlı faktdır ki, terrorçu təşkilata qadın üzvləri E.Baqdasaryanın tapşırığına əsasən onun həyat yoldaşı Gözəl Baqdasaryan seçirdi. Yalnız bundan sonra E.Baqdasaryan onlarla əlaqə yaradırdı. Arvadının vasitəsilə tanış olduğu qadınlara ilkin söhbətlərdə bildirirdi ki, guya yazıçıdır, erməni xalqı barədə roman yazır. Bu səbəbdən də müxtəlif xarakterli insanlarla tanış olmalı və onların xarakterini öyrənməlidir. Söhbət əsnasında E.Baqdasaryan həmin qadınlara "Qarabağ xalqı", onun gələcəyi və s. barədə təxribat xarakterli suallar verir və cavablardan asılı olaraq bəziləri təşkilata üzv seçilirdi.

1973-cü ilin sonuna kimi o, Qarabağ ipək kombinatında işləyən, 1952-ci il təvəllüdlü Barseqyan Cülyetta Atanesovna, Xankəndi (keçmiş Stepanakert) uşaq-gənclər məktəbinin şagirdi Ağacanyan Anaida Rubenovna,  Xankəndi  tibb texnikumunun tələbələri  - Poqosyan Arzik Vazqenovna, Şahbazyan Laura Qriqoryevna, Gorus kənd təsərrüfatı texnikumunun tələbələri Qazaryan Aruşan İqnateviç və Qevorkyan Akop Setpakoviçi öz təşkilatına cəlb edə bilir.

Bundan sonra, üzvlük haqqı adı ilə təşkilat üzvlərindən pul yığılmağa başlandı. Cülyetta Barseqyan və Laura Şahbazyan ifadələrində göstərirlər ki, həmin vaxt müxtəlif yerlərdə işləyən şəxslərdən aylıq 10 rubl, tələbələrdən və yetkinlik yaşına çatmayan şəxslərdən isə 5 rubl alınırdı. Yığılan pul vəsaiti təxribat xarakterli vərəqələrin hazırlanması və yayılması, bu məqsədlə çap maşınının alınması, təşkilat üzvlərinin müxtəlif səfərlərinin maliyyələşdirilməsi, eləcə də törədilməsi planlaşdırılan terror-təxribat hadisələrində istifadə ediləcək vasitələrin əldə olunmasına xərclənirdi. Bundan əlavə həmin pulun bir hissəsi xaricdə çıxan "Qolos Armenii", "Beyrut" və s. bu kimi qəzetlərin nəşrinə yardım kimi sərf olunacağı bildirilirdi. Göstərilən məqsədlər üçün Cülyetta Barseqyan, Arzik Poqosyan, Laura Şahbazyan və təşkilatın üzvü olan digər şəxslər külli miqdarda üzvlük haqqından əlavə yardımlar da edirdilər.

E.Baqdasaryan təşkilat üzvləri ilə söhbətlərində bildirirdi ki, xaricdə yaşayan ermənilər də onların fəaliyyətini dəstəkləyir, müxtəlif mətbu orqanlarda onların "haqq işi"ni dəstəkləyən materiallar dərc etdirirlər. O, bu istiqamətdə ABŞ-da nəşr olunan "Kanaç" qəzetinin "əməyini" xüsusi qeyd edirdi. E.Baqdasaryan  Ermənistanda bir neçə gizli təşkilatın mövcudluğunu, həmin təşkilatların da Naxçıvan və Qarabağın Ermənistana birləşdirilməsi, azərbaycanlı əhalinin torpaqlarından qovulması, onlara məxsus əmlakın yandırılması, talan edilməsi istiqamətində fəaliyyət göstərdiklərini deyirdi. Xankəndidə yaşayan qrupun üzvləri tez-tez Edik tərəfindən Qafana və Gorusa aparılır, orada onlara təlimlər keçirilir, Ermənistanda yaşayan digər üzvlərlə tanış edilir, eləcə də təşkilatın əsas rəhbəri Akop Qevorkyanla görüşləri təşkil olunurdu.

Lakin E.Baqdasaryan və onun rəhbərlik etdiyi ekstremist-separatçı dəstənin fəaliyyəti çox keçmir ki, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən aşkarlanır və o, 1974-cü il fevralın 18-də Qarabağda həbs olunur. Bununla da E.Baqdasaryanın dəstənin daha böyük cinayətlərinin, o cümlədən Şuşa teleötürücü stansiyasının partladılmasının və planlaşdırılan digər terror əməllərinin qarşısı alınır. Qeyd olunan materiallar 36 nəfərin şahid ifadələri ilə birlikdə toplanılaraq 1974-cü il iyunun 14-də baxılmaq üçün Azərbaycan prokurorluğuna göndərilir.

İstintaq zamanı E.Baqdasaryan ifadəsində qeyd edir ki, "Vətənpərvərlər ittifaqı" adlı təşkilatı yaratdıqdan və ora ilk üzvləri cəlb etdikdən dərhal sonra Yerevana gedərək bu barədə şair Ovanes Şiraza məruzə edib. Şiraz onun düzgün yolda olmasını bildirib, tezliklə vərəqələrin hazırlanaraq yayılmasını və digər işləri tapşırıb. Bundan əlavə Edik Şiraza məruzə edir ki, onun yaşadığı Qafan rayonunun əhalisinin 30 faizi azərbaycanlılardan ibarətdir və onların 4 nömrəli orta məktəbi fəaliyyət göstərir. Erməni xalq şairi Şiraz isə öz növbəsində tezliklə həmin məktəbin bağlanılması istiqamətində tədbir görülməsini tapşırır. Həmin tapşırığın icra edilməsi istiqamətində ilk addım 1974-cü il aprelin 24-də atılır və məktəb yandırılır".

1974-cü il iyulun 23-də Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə E.Baqdasaryan cəmi 4 il müddətinə azadlıqdan məhrum edilir. Sənədlərdən də görünür ki, həmin məhkəmənin hakimi milliyyətcə rus, xalq iclasçıları, prokuror, katib və müdafiəçi isə milliyyətcə erməni olmuşdur. Bu səbəbdən də E.Baqdasaryan və onun terror dəstəsinin üzvləri əməllərində kifayət qədər cinayət olduğu halda yüngül cəza ilə əsl məsuliyyətdən yayına bilirlər.

Həmin dövrdə azərbaycanlıların Dağlıq Qarabağdan qovulması istiqamətində fəal iş aparan, ermənilərdən ibarət daha bir terrorçu dəstəyə isə 1921-ci il təvəllüdlü "Peşka" ləqəbli Danielyan Rafael Armenakoviç başçılıq edirdi. O, azərbaycanlı əhaliyə qarşı düşmənçilik fəaliyyəti və təbliğatı apardığına, o cümlədən xuliqanlıq hərəkətləri etdiyinə görə 1967 və 1970-ci illərdə 2 dəfə həbs olunur. Lakin hər iki halda işi aparan erməni müstəntiqlərin və məhkəmənin səyi nəticəsində qısa müddət ərzində azadlığa çıxa bilir. O, 1971-ci ilin yazından başlayaraq ətrafına daşnak təfəkkürlü, kriminala meyilli şəxsləri toplamağa başlayır, eyni zamanda müxtəlif növ silah-sursat əldə edərək növbəti təxribatlara hazırlaşır.

Belə ki, o, 1971-ci ilin iyul ayında bu məqsədlə Xankəndi şəhərində yerləşən 39828 saylı hərbi hissədə xidmət edən milliyyətcə erməni Qaragen Dadayan adlı şəxslə sövdələşərək ondan çoxlu sayda "RQ-72" tipli əl qumbarası və digər silah-sursat almağa nail olur. Silahlı qrup yeni yaradılarkən 9 nəfər üzvü olub və onlar öz sıralarını daim genişləndirməyə çalışıblar. Dəstə üzvlərinin əsas məqsədləri azərbaycanlılara qarşı kin və nifrət təbliğatı aparmaqla yanaşı, onları terrorla fiziki məhv etmək, bununla da əhalini qorxudaraq Qarabağdan köçmələrinə nail olmaq idi.

Terrorçu dəstənin ilk hədəfi kimi o vaxt "Xankəndi" mehmanxanasında yerləşdirilən, xüsusi təlimlər keçmək məqsədilə Azərbaycanın müxtəlif rayonlarından çağırılan ehtiyatda olan zabitlər seçildi. Dəstə üzvləri bir neçə gün həmin zabitləri izlədikdən sonra 1971-ci il iyulun 18-də onların mehmanxananın həyətində bir yerə toplaşdıqlarından istifadə edərək qumbaralarla onlara hücuma keçdilər. Nəticədə beş azərbaycanlı hərbçi müxtəlif bədən xəsarətləri aldı. Hücumdan sonra cinayətkarlar hadisə yerindən qaçaraq uzaqlaşa bildilər.

Nəhayət Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının səyləri nəticəsində 1972-ci il noyabrın 15-də dəstə üzvlərindən bir neçəsi tutuldu. Hadisədən sonra həbs olunan dəstə üzvlərinin evlərindən terror-təxribat məqsədilə topladıqları çoxlu sayda silah-sursat aşkarlanaraq götürüldü.

Uzun müddətli əməliyyat-istintaq tədbirlərindən sonra, 13 fevral 1974-cü il tarixdə Azərbaycan SSR Ali Məhkəməsinin qərarı ilə dəstə üzvləri - 1951-ci il təvəllüdlü Danielyan Rafael Armenakoviç, 1951-ci il təvəllüdlü Ağacanyan Valeri Mixayloviç, 1951-ci il təvəllüdlü Dadayan Qaragen Lvovoviç, 1951-ci il təvəllüdlü Markaryan Samvel Stepanoviç, 1952-ci il təvəllüdlü Barseqyan Valeri Zeynaloviç, 1952-ci il təvəllüdlü Ağacanyan Slava Qurgenoviç 2 ildən 15 ilədək müddətlərə azadlıqdan məhrum edildilər.

Ermənistanda dövlət səviyyəsində himayə olunan və istiqamətləndirilən, keçmiş İttifaqın mərkəzində bir sıra nüfuzlu dairələr tərəfindən dəstəklənən, habelə xaricdən təşkilatlandırılan və maliyyələşdirilən erməni separatçı, ekstremist-terrorçu qüvvələri ilə arzuolunan səviyyədə mübarizə aparmaq və səmərəli nəticələrə nail olmaq heç də asan deyildi.

Buna baxmayaraq, ulu öndər Heydər Əliyev bütün qüvvə və vasitələri səfərbər edir, bu dəhşətli, kəsildikcə yayılan "xərçəng" xəstəliyi ilə hər vəchlə mübarizə aparmağa çalışırdı.

 

Fenomenal kəşfiyyatçı, diplomat və siyasi xadim

 

 Ümummilli lider Heydər Əliyev hələ o dövrdə DQMV-də baş verən təxribat hərəkətlərində Ermənistan SSR-nin rəhbərlərinin də əlinin olduğunu çəkinmədən bildirirdi. Belə ki, AR DTK-nın 1967-ci il üçün olan hesabatında DQMV-də olan vəziyyətin müfəssəl təhlilini verərək qeyd edirdi ki, "bir çox hallarda vilayətdə siyasi cəhətdən ziyanlı və cəmiyyətə zidd olan hərəkətlər Ermənistan SSR-dən olan millətçiliyə köklənmiş ayrı-ayrı elementlərin təsiri və bilavasitə iştirakı ilə həyata keçirilir" (AR MTN arxivi).

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərini dərindən bilən ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə problemi daim diqqət mərkəzində saxlayır, təxribat ocaqlarının dərhal söndürülməsinə, öz nüfuzundan istifadə edərək SSRİ rəhbərliyi ilə mütəmadi danışıqlar apararaq problemin böyüməsinin və bununla da 1947-ci il hadisələrinin yenidən təkrarlanmasının qarşısının alınmasına çalışırdı. O çox yaxşı bilirdi ki, problem təkcə Ermənistan rəhbərliyindən deyil, eyni zamanda erməni diasporundan və onların bağlı olduğu xarici xüsusi xidmət orqanlarından da qaynaqlanır. Bir çox xarici ölkələrin xüsusi xidmət orqanları SSRİ-ni daxildən dağıtmaq məqsədilə erməni kartından məharətlə istifadə edirdilər.

Bu baxımdan, Azərbaycana rəhbərliyə başladıqdan sonra da Heydər Əliyevin fəaliyyətində antiAzərbaycan qüvvələrin, ilk növbədə erməni-daşnak dairələrinin iddialarının qətiyyətlə qarşısının alınması da mühüm yer tuturdu.

Xaricdə bütün dünyaya meydan oxuyan, daxildə isə hər hansı müstəqillik meyillərinə qarşı çox qəddarcasına davranan SSRİ-nin "başbilənlərinin", eləcə də  Azərbaycana düşmənçiliyini gizlətməyən və heç də zəif olmayan erməni siyasi nomenklaturasının mövcud olduğu bir zamanda, belə bir tarixi şəraitdə Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illərdə, sonra da SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olduğu vaxtlarda da xalqını düşündürən problemləri müdrikliklə həll edir, milli maraqların və mənafelərin təminatı üçün lazım olan məsələləri ehtiyatla, soyuq düşüncə ilə, məqsədyönlü şəkildə planlaşdırır və inamla həyata keçirir, praqmatik siyasi-taktiki gedişlərlə gələcək müstəqil Azərbaycan üçün çalışırdı.

Bunun bariz nəticəsi idi ki, Heydər Əliyevin hakimiyyəti illərində Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan torpaqlarına gəlmə olduqlarını bu və ya digər şəkildə etiraf etməli olurdular. Təsadüfi deyil ki, onlar bu diyara köçürülmələrinin 150 illiyi münasibəti ilə 1978-ci ildə keçmiş Mardakert - Ağdərə rayonunun Marağaşen - Leninavan kəndində xüsusi abidə də qoymuşdular.

Amma üzdəniraq erməni alimləri, siyasətçiləri, yazıçıları, şairləri və onlara qahmar çıxanlar antiAzərbaycan siyasətlərindən heç cür əl çəkmir, əsassız iddialarını daha məkrlə davam etdirirdilər. Onların Azərbaycanın böyük və yenilməz oğlu Heydər Əliyevin əleyhinə müxtəlif mərkəzi orqanlara göndərdikləri şər, böhtan dolu, heç bir əsası olmayan "şikayət" məktublarının və teleqramlarının ardı-arası kəsilmirdi. Bütün bunlar həm erməni-daşnak dairələrinin antiAzərbaycan siyasətinin əsas hədəfini, həm də Heydər Əliyevin onlara qarşı fədakar mübarizəsinin mahiyyətini aydın şəkildə göstərir.

Ümummilli lider Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin başçılarından biri təyin olunduqdan sonra Moskvaya gedərkən Azərbaycan rəhbərlərinə Dağlıq Qarabağa qayğı, qonşu Ermənistanla münasibətlərə xüsusi diqqət yetirməyi tövsiyə etmişdir. Lakin bu müdrik və uzaqgörən nəsihətlər yetərincə nəzərə alınmadı. Nəticədə erməni-daşnak qüvvələri yenidən Azərbaycan üzərinə ayaq açdılar, məmləkətimizə qarşı ağlasığmaz ərazi iddiaları irəli sürdülər. Respublikanın o vaxtkı rəhbərliyinin zəifliyi, iradəsizliyi ermənilərə və erməniləri əllərində alət etmiş bəzi qüvvələrə öz məkrli planlarını genişləndirmələrinə imkan verirdi.

Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən qısa müddət sonra ermənilər Dağlıq Qarabağın ilhaq edilməsi məsələsini artıq heç nədən çəkinmədən qaldırdılar.

Bununla da Azərbaycan böyük fəlakətlərlə üzləşdi. Lakin hələ ümid yeri var idi. Qarşıdan bu fəlakətlərlə mübarizənin qətiyyətlə aparılması, Azərbaycanın qurtuluşu və onun qüdrətlənməsi, əbədi müstəqillik və dövlətçilik vəzifələrini həyata keçirməli olan, xalqın imdadı Heydər Əliyev missiyasının yeni dövrü gəlirdi.

 

 

A.VAQİFLİ,

Milli Təhlükəsizilk Nazirliyinin əməkdaşı

 

Azərbaycan.-2013.- 7 mart.- S.3.