Azərbaycan Diplomatik Akademiyasında yeni «Biznesin idarə edilməsi» magistratura proqramının açılışı olmuşdur

 

Azərbaycan Diplomatik Akademiyasında (ADA) "Biznesin idarə edilməsi" (Executive MBA) magistratura proqramının rəsmi açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə ADA-nın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev, təhsil nazirinin müavini Qulu Novruzov, Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri Arjen Peter Uijterlinde, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri iştirak etmişlər.

Yeni magistratura proqramının özəlliklərindən danışan ADA-nın biznes idarəetməsinin direktoru Canin Klark vurğulamışdır ki, Executive MBA Azərbaycan Diplomatik Akademiyası ilə Niderlandın Maastrixt Menecment Məktəbi arasında ikili dərəcə proqramıdır. Executive MBA proqramının iştirakçıları iki istiqamət üzrə təhsil ala biləcəklər: Beynəlxalq Biznes, Enerji və Ətraf Mühit. Dərslərin ADA-nın və Maastrixt Menecment Məktəbinin professorları tərəfindən aparılacağını qeyd edən C.Klark bildirmişdir ki, proqramın bir hissəsi Niderlandda davam edəcəkdir.

Qeyd edilmişdir ki, ADA-da 2013-2014-cü tədris ilindən başlayaraq tələbə qəbul edəcək yeni "Biznesin idarə edilməsi" (Executive MBA) magistratura proqramı ikiillik təhsil proqramıdır və ən azı dördillik iş təcrübəsi olan namizədlər üçün nəzərdə tutulmuşdur.

H.Paşayev bu əlamətdar hadisənin ADA-nın yaradılmasının yeddinci ildönümü qeyd olunduğu günə təsadüf etdiyini bildirmişdir. Rektor qeyd etmişdir ki, Executive MBA proqramının sonunda məzunlar həm ADA-nın, həm də Maastrixt Menecment Məktəbinin diplomları ilə təltif olunacaqlar. Bununla da yaxşı təhsil almaq arzusunda olan azərbaycanlı gənclər daha geniş imkanlar əldə edəcəklər.

Sonra çıxış edən səfir A.Uiyterlinde vurğulamışdır ki, bu cür layihənin həyata keçirilməsi Azərbaycan ilə Niderland arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır. Diplomat bu proqramın hər iki ölkənin tələbələri arasında təcrübə mübadiləsinin aparılmasına mühüm töhfə verəcəyini qeyd etmişdir.

Dünyada enerji və ətraf mühit istiqamətində çox az magistratura proqramlarının mövcud olduğunu deyən səfir vurğulamışdır ki, layihə maddi baxımdan da tələbələr üçün əlverişlidir. A.Uiyterlinde bu proqramın həyata keçirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirmişdir.

Proqramın əhəmiyyətindən danışan Q.Novruzov onun Azərbaycanda təhsilin inkişafı üçün uğurlu nəticələr verəcəyinə əminliyini ifadə etmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiyanın müvafiq sərəncamı ilə təsdiq olunan "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində azərbaycanlı tələbələr dünyanın bir çox ölkələrində təhsil almaqdadır.

İngilis dilində keçiriləcək magistratura proqramının dərs cədvəli işləyən tələbələr üçün uyğunlaşdırılmışdır. Belə ki, tədris hər üç aydan bir ongünlük modullar şəklində keçiriləcəkdir.

Sənədlərin qəbulu rəsmi açılış günündən başlayaraq cari il iyunun 15-dək davam edəcəkdir.

 

 

Azərbaycan.-2013.- 7 mart.- S.4.