Ağstafanın ağ günləri
Yaşıllıqlar qoynunda dəyərli bir obyektin təməli qoyulub. İki hektar sahədə Azərbaycan tarixi və müasir memarlıq abidələri parkı yaradılır. Bu, müstəqil dövlətimizin canlı tarixinin real təcəssümü olacaqdır. Turizmin sürətlə inkişaf etdiyi bir dövrdə ölkəmizin şanlı tarixini və milli memarlıq ənənələrini daha yaxından tanıtmağa imkan verəcəkdir.
Son
vaxtlarda rayonda bir-birindən maraqlı layihələr həyata
keçirilir. Ötən il Heydər Əliyev parkının,
ulu öndərin möhtəşəm abidə kompleksinin,
Bayraq meydanının, gənclər mərkəzinin,
S.Vurğun adına parkın, "Kitab" abidə
kompleksinin, yazıçılar evinin, YAP rayon təşkilatının
inzibati binalarının açılışı oldu. Cari
ildə abadlıq və quruculuq tədbirlərinin miqyası
daha genişdir.
Ağstafa
rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər haqqında Prezident İlham Əliyevin
13 aprel 2012-ci il tarixli sərəncamının icrası sayəsində
abadlıq və quruculuq işləri yeni vüsət
almışdır. Ağstafa əsl inşaat meydanına bənzəyir.
Heydər Əliyev prospekti, mərkəzi küçələr,
parklar əsaslı şəkildə yenidən qurulur, hər
yanda müasir işıqlandırma sistemi
quraşdırılır. Asfalt örtüyü çəkilir,
üzlük piltələr döşənir,
yaşıllıq zonaları yaradılır, səkilər
sahmana salınır.
Ötən
ilin yekunları və cari ildə qarşıda duran vəzifələr
müzakirə olunarkən bu barədə geniş söhbət
getdi. Yekdilliklə qeyd olundu ki, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının tələblərinə
uyğun olaraq, rayonda sosial problemlərin həllinə
xüsusi diqqət yetirilir. İşıq, qaz, su sarıdan
rayonun elə bir qayğısı yoxdur. Hazırda şəhərin
mərkəzində içməli su və kanalizasiya sistemi
yenidən qurulur. 462 fərdi və çoxmənzilli
yaşayış binalarının dam örtüyü dəyişdirilib.
Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 89 mənzilli iki
yaşayış binası istifadəyə verilib. Qəzalı
vəziyyətdə olan binalarda yaşayan sakinlər
üçün 129 mənzilli yeni yaşayış kompleksi
inşa olunur.
Hazırda
ən önəmli işlərdən biri yol təsərrüfatının
yenidən qurulması ilə bağlıdır. Ağstafa
rayonunda da bu sahədə çox iş görülür.
Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli
avtomobil yolunun inşası hamının ürəyindən xəbər
verir.
Dövlət
başçısının sərəncamı ilə
strateji əhəmiyyətli Ağstafa-Poylu-Böyük Kəsik
avtomobil yolunun inşası üçün 2,3 milyon manat vəsait
ayrılmışdır. 54 kilometrlik bu yol Ağstafa rayonunun mərkəzi
ilə Gürcüstanın dövlət sərhədinədək
inşa olunacaq, bu yoldan istifadə edən sürücülərə
və sərnişinlərə, həmçinin 14 kəndin
sakinlərinə rahatlıq gətirəcək.
Rayonda təhsil,
səhiyyə və mədəniyyət müəssisələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsinə
də xüsusi fikir verilir. Toplantıda qeyd olundu ki, hesabat ili ərzində
4 nömrəli uşaq bağçasında, şahmat məktəbində,
Tatlı və Duzqışlaq kənd məktəblərində
təmir-bərpa işləri görülmüş,
Göyçəli, Söyüdlü, Köçəsgər
kənd məktəbləri üçün əlavə
korpuslar inşa edilmişdir.
Ağstafa
rayonunda əhali əsasən kənd təsərrüfatı
ilə məşğuldur. Respublika Prezidentinin "Kənd təsərrüfatı
məhsullarının istehsalçılarına dövlət
dəstəyi haqqında" sərəncamına uyğun
olaraq rayonda bir sıra tədbirlər həyata keçirilir.
Azərbaycan İnvestisiya Şirkətinin Almaniya şirkətləri
ilə birgə yaranmış "AğstafaAqroServis"
müəssisəsi təkcə Ağstafada yox, bütün qərb
bölgəsində aqrar sektorun inkişafına güclü təkan
verir.
Aqrar
bölmənin inkişafı sahəsində ən önəmli
yeniliklərdən biri "Ağstafa süd" kompleksinin
tikintisi ilə bağlıdır. 6500 hektar ərazini əhatə
edəcək bu müasir kompleksdə 6600 baş mal-qara
saxlanılacaq, yem və heyvandarlıq təsərrüfatı,
süd emalı zavodu və s. fəaliyyət göstərəcək.
Yeni layihənin tərkib hissəsi kimi Ağstafada 30 min tonluq
taxıl anbarı, saatda 30 ton istehsal gücünə malik
buğda emalı müəssisəsi, çörək və
qənnadı məmulatları zavodlarının inşası
nəzərdə tutulub. Bütün bu işlər başa
çatanda 300-ə yaxın iş yerinin
açılmasına şərait yaranacaq.
İl ərzində
sistemli surətdə həyata keçirilməsi nəzərdə
tutulan tədbirlər çoxdur. YAP rayon təşkilatının
sədri Ramiz Tatarlı dedi ki, il ərzində milli adət-ənənələrin
təbliği məqsədilə kütləvi tədbirlərin
təşkilinə də xüsusi diqqət yetiriləcək,
respublika Mədəniyyət və Turizm Nazirliyi ilə birgə
"Saz bayramı", habelə məhsul
yığımı başa çatanda İqtisadi inkişaf
və Kənd təsərrüfatı nazirlikləri ilə
birgə taxıl bayramı keçiriləcək.
Bir
sözlə, Qazax rayonu ilə yanaşı, qərb bölgəsinin
qapısı sayılan Ağstafanın ağ günləri hələ
öndədir.
Əhməd İSAYEV
Azərbaycan.-2013.- 7 mart.- S.5.