Diqqət və zəhmətin nəticəsi
inkişafdır
Həmişə yaşıllığı, səliqə-sahmanı ilə seçilən Astara son illər daha da abadlaşır. Ölkəmizin cənub qapısı sayılan bu məkan indi onun qonağı olanlarda unudulmaz xoş hisslər oyadır. Çünki ana təbiətin hüsnünə sığal çəkdiyi Astara insan əməyi sayəsində günbəgün inkişaf edir, tikilən binalar, salınan parklar, xiyabanlar onun hüsnünə xüsusi yaraşıq qatır.
Artıq tarixə çevrilən 2012-ci il də rayonun sosial-iqtisadi həyatında mühüm rol oynamışdır. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev deyir ki, keçən ilin martında Prezidentin Astaraya növbəti səfəri, əhali ilə səmimi görüşləri uzun müddət yaddaşlardan silinməyəcək. "Ölkə başçısının Astara Olimpiya İdman Kompleksinin, YAP rayon təşkilatının yeni inzibati binasının, əsaslı təmir olunan rayon mərkəzi xəstəxanasının, Kijəbə-Ojakəran, Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirakı astaralıların sevincini birə-beş artırdı"- deyən Q.Ağayev qeyd etdi ki, ötən ilin son günlərində Prezident astaralıları daha bir sərəncamı ilə sevindirdi. Dövlət başçısının Ərçivan kəndinə qəsəbə statusunun verilməsi barədə imzaladığı sərəncam bir daha sübut etdi ki, Astara rayonunun inkişafı ölkə rəhbərinin qayğısı ilə əhatə olunmuşdur.
Bütün bu və digər faktlar barədə ilin yekunları və cari il qarşıda duran vəzifələrlə bağlı keçirilən yığıncaqda ətraflı söhbət getdi. Müzakirə olunan məsələlərlə əlaqədar çıxış edən RİH başçısı Q.Ağayev bildiridi ki, 2012-ci ildə rayonun yerli gəlirləri 2,3 milyon manat əvəzinə 3,1 milyon, xərcləri isə 16,3 milyon manat əvəzinə 15,9 milyon manat olmuşdur. "Rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 23,1 milyon manat məbləğində vəsait yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilən vəsaitin həcmi isə 21 milyon manata çatmışdır. Həmin vəsait hesabına bir çox təmir-bərpa və yenidənqurma işləri görülmüşdür. O cümlədən ictimai yaşayış binalarının fasadları əsaslı təmir edilmiş, sıradan çıxmış kanalizasiya və su xətləri dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur. Bunlardan əlavə, bir sıra binanın, həmçinin Tarix Diyarşünaslıq Muzeyinin dam örtüyü dəyişdirilmiş, Heydər Əliyev parkı genişləndirilmiş, orada fəvvarə quraşdırılmış, yeni oturacaqlar qoyulmuşdur. Ümumiyyətlə, parkın ərazisində olan bütün binalarda təmir işləri aparılmış, fasadları müasir memarlıq üslubunda qurulmuş, habelə şəhərin küçə və meydanlarında yeni işıqlandırma sistemi quraşdırılmışdır" - deyən məruzəçi Heydər Əliyev prospektinin girişində genişləndirmə işlərinin aparıldığını, yolun hər iki tərəfində yeni hasarlar hörüldüyünü, prospektdə Astara Vergi Terminalı üçün inzibati binanın tikildiyini nəzərə çatdırdı.
Q.Ağayev bu cür işlərin bütün rayon ərazisini əhatə etdiyini söylədi. Toradi kənd məktəbi üçün yeni binanın tikilib istifadəyə verildiyini deyən məruzəçi hazırda Şuvi, Vaqo, Siyaku, Hamoşam, Suparibağ, Telman, Sağlazüzə, Asxanakəran, Motlayataq və Rudəkənar kəndlərində də məktəb binalarının inşa olunduğunu xatırlatdı.
Əhalinin işlə təmin edilməsi sahəsində mühüm nailiyyətlər əldə edildiyini və son 8 ildə rayon üzrə 5,3 mindən çox iş yeri açıldığını vurğulayan Q.Ağayev təkcə keçən il 460 daimi iş yerinin yaradıldığını bildirdi.
RİH-in
başçısı ötən il kənd təsərrüfatı
sahəsində əldə olunan nəticələrdən də
söz açdı: "Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" Azərbaycan Respublikası Prezidentinin
müvafiq sərəncamına uyğun olaraq 2012-ci ildə
buğda əkininə və məhsul istehsalında sərf
olunan yanacaq və motor yağlarına görə 846 nəfər
fermer və fiziki şəxsə ümumilikdə 85,6 min, əlavə
olaraq buğda və çəltik istehsalçılarına
8,4 min manat subsidiya ödənilmişdir. Rayonda çəltikçiliyin
inkişafına göstərilən diqqətin nəticəsidir
ki, ötən il 5 min 600 ton məhsul istehsal olunmuşdur".
"Rayonda
sahibkarlığın inkişafına daim diqqət və
qayğı göstərilir. Sahibkarlığa mane olan
lüzumsuz müdaxilələrin qarşısının
alınması və yeni biznes layihələrinin həyata
keçirilməsində onlara yaxından kömək göstərilməsi
üçün tədbirlər həyata keçirilir" -
deyən məruzəçi onu da qeyd etdi ki, 2004-2012-ci illərdə
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 51
sahibkara 2,3 milyon manat güzəştli kredit verilmişdir.
Q.Ağayev ilk dəfə olaraq iş adamı tərəfindən
şəhərin mərkəzində 9 mərtəbəli
yaşayış binasının tikildiyini də müsbət
fakt kimi dəyərləndirdi.
Sosial
məsələlərdən danışan məruzəçi
bildirdi ki, rayonda təbii qazdan istifadə edənlərin
sayı 11,5 min abonentə çatmışdır: "İl
ərzində rayonun Şovaş və Siyatük kəndlərinə
yeni qaz xətləri çəkilmiş, 250 abonentə təbii
qazın verilməsi təmin edilmişdir. Hazırda Astara
şəhəri, Kijəbə və Ərçivan qəsəbələrində
qaz xətləri dəyişdirilərək yenisi ilə əvəz
olunur. Sərək, Şüvi, Səlivə, Deqədi, Vəznəş,
Şahağacı, Şiyəkəran, Telman və Kolatan kəndlərinə
də təbii qaz xətti çəkilir". 2012-ci ildə
rayon sakinləri və səhiyyə işçiləri
üçün ən əlamətdar hadisənin Prezident
İlham Əliyevin rayon mərkəzi xəstəxanasının
əsaslı təmirdən sonra açılışında
iştirak etməsi və poliklinika şöbəsinin yenidən
qurulması məqsədilə vəsaitin ayrılması barədə
sərəncam imzalaması olmuşdur. Hazırda poliklinika
şöbəsində təmir işləri başa
çatmaq üzrədir. Bütün bunlar səhiyyə xidməti
sahəsində əhaliyə göstərilən ən
yüksək qayğının nəticəsidir.
Astaranın turizm potensialı da genişdir. Rayonda turizmin
inkişafı ilə
əlaqədar Xəzər
dənizinin sahilində
müasir tələblərə
cavab verən bir neçə turizm istirahət mərkəzi istifadəyə
verilmişdir. Bu da əvvəlki illərə nisbətən
rayona turist axınının artmasına
səbəb olmuşdur.
Toplantıda qeyd olundu ki, rayon icra hakimiyyətinin təsdiq etdiyi qrafik əsasında şəhər,
qəsəbə və
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə
2012-ci ildə görülmüş
işlər və
2013-cü ildə qarşıda
duran vəzifələrlə
əlaqədar hesabat yığıncaqları keçirilmişdir.
Bu yığıncaqlarda vətəndaşların rəy
və təklifləri
dinlənilmiş, qaldırılan
məsələlər nəzarətə
götürülmüşdür. Həmin məsələlər
əsasən kəndarası
yolların asfaltlaşdırılması,
kəndlərin qazlaşdırılması,
yeni iş yerlərinin açılması,
elektrik xətlərinin
və dirəklərinin dəyişdirilməsi,
məktəb və körpülərin tikintisi,
ev tikintisi üçün torpaq tələbi, əhalinin sosial müdafiəsi, sahibkarlığın
inkişafı və
s. barədə olmuşdur.
Yerlərdə həlli
mümkün olan məsələlər barədə
verilmiş təkliflərlə
əlaqədar müvafiq
tədbirlər müəyyənləşdirilmiş,
qaldırılan digər
mühüm problemlər
isə ümumiləşdirilərək aidiyyəti
təşkilatlara göndərilmişdir.
Hesabat
yığıncağında çıxış edən
Prezident Administrasiyasının məsul işçisi Vəfadar
Bağırov ölkəmizdə, o cümlədən Astarada
sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək
nailiyyətlər barədə danışdı,
astaralılara 2013-cü ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsində
uğurlar arzuladı. Qeyd etdi ki, Prezident İlham Əliyevin
regional inkişafa dair Dövlət Proqramının
dördüncü ilinin yekunlarına həsr olunmuş
konfransdakı nitqindən irəli gələn vəzifələrin
yerinə yetirilməsi üçün bütün qüvvələr
səfərbərliyə alınmalıdır.
Seyran CAVADOV
Azərbaycan.-2013.- 7 mart.- S.5.