İl ildən uğurlu gəlir

 

Dağlar  diyarı Daşkəsəndə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla yerinə yetirilməsi sayəsində hər ay, hər il yeniliklərlə yadda qalır.

Keçən il dövlətin qayğısı sayəsində "Yeni Daşkəsən" layihəsinin təməli qoyuldu. İstər iqtisadiyyatın tərəqqisi, istərsə də abadlıq-quruculuq sahəsində xeyli iş görüldü. Bu barədə ötən ilin yekunları və cari ilin vəzifələri müzakirə olunarkən geniş danışıldı. Hesabat məruzəsində və ayrı-ayrı çıxışlarda sistemli surətdə həyata keçirilmiş fərəhli işlərdən söz açıldı. Qeyd olundu ki, il ərzində məhsul istehsalının və xidmətlərin həcmi əvvəlki ildəkinə nisbətən 15 faiz artmışdır. İl ərzində tikintinin həcmi 2,1 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 9,5 faiz, nəqliyyat üzrə 10,6 faiz, ticarət və ictimai iaşə xidmətləri üzrə 12,9 faiz, rabitə xidmətləri üzrə 7,4 faiz çox olmuşdur. Bildirildi ki, rayon sakinləri cari ildə nailiyyətləri daha da artırmaq əzmindədirlər. Yüksəlişin ən önəmli cəhətlərindən biri də budur ki, illər boyu yığılıb qalmış problemlər tədricən aradan qaldırılır. Xüsusən sosial problemlərin həllində, yol təsərrüfatının sahmana salınmasında təqdirəlayiq çox iş görülür.

Keçən il 3 min nəfər əhalinin yaşadığı və 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı avtomobil yolunun tikintisi başa çatdırılmışdır. Şəhərin küçələrinə və yaşayış binalarının ətrafına 18 min kvadratmetr asfalt  salınmış, Heydər Əliyev prospektindəki çoxmərtəbəli 4 yaşayış binasının dam örtüyü dəyişdirilmiş, Bayan kəndində və Daşkəsən qəsəbəsində hər biri 80 yerlik yeni məktəb binaları istifadəyə verilmiş, Mollahəsənli, Muşavaq və Əmirvar-Əhmədli kəndlərində hər biri 360 yerlik yeni məktəb binalarının inşasına başlanılmışdır.

Sosial obyektlər də az deyildir. Quşçu qəsəbəsində 16 mənzilli yaşayış binasının təməli qoyulmuşdur. Daşkəsən şəhərində qəza vəziyyətində olan binanın sakinləri üçün ikimərtəbəli, 16 mənzilli yaşayış binasının, eləcə də rayon statistika idarəsi üçün yeni inzibati binanın tikintisində inşaat işləri sürətlə davam etdirilir.

Rayonda yol təsərrüfatını yenidən qurmaq üçün texnika azlıq edirdi. Keçən il 3 "TATRA" markalı yük avtomaşını, 1 qreyder, 1 "KON" markalı və 1 "ROKSON" markalı daşdoğrayan yol mexanizmi gətirildi. Həmin texnikanın köməyi ilə qəsəbə və kəndlərdə 794 min 600 manat həcmində iş görülmüşdür ki, bu da əvvəlki illərdə olduğundan xeyli çoxdur. Yaxın vaxtlarda 8 min nəfərə yaxın əhalinin yaşadığı və 13 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Xoşbulaq-Astaf, həmçinin 3300 nəfər əhalinin yaşadığı və 9 yaşayış məntəqəsini birləşdirən Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun tikintisinə başlanacaqdır.

Rayonda aqrar sahənin inkişafına da xüsusi fikir verilir. Hesabat dövründə rayonda ümumi məhsul istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 95 faiz təşkil etmişdir ki, bunun da çox hissəsi kənd təsərrüfatının payına düşür. Sistemli surətdə görülən aqrotexniki tədbirlər sayəsində əvvəllər istifadə olunmayan 412,3 hektar yararlı torpaq sahələri dövriyyəyə daxil edilmişdir. Nəticədə bir çox kənd təsərrüfatı məhsulları istehsalında, xüsusilə ət, süd, yumurta və yun istehsalında əvvəlki illərə nisbətən yüksək göstəricilərə nail olunmuşdur.

Toplantıda əhalinin qaz, elektrik enerjisi, su və digər sahələr üzrə təminatının qaydaya salınması istiqamətində görülən işlərdən də ətraflı danışıldı. Uğurlar qeyd edilməklə yanaşı, təəssüflə bildirildi ki, 49 yaşayış məntəqəsindən cəmi 4-ü mavi yanacaqla təmin edilib. Artıq bu sahədə tədbirlər görmək, qışı sərt və şaxtalı keçən Daşkəsənin qəsəbə və kəndlərinin qazlaşdırılması üçün müvafiq təşkilatlar qarşısında məsələ qaldırılmış və bunun üçün sənədləşdirmə işlərinə başlanılmışdır.

Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Rüfət Əliyev çıxış edərək keçən il Daşkəsəndə görülən işləri təhlil etmiş və cari ildə qarşıda duran vəzifələrdən danışmışdır.

 

 

Sahib ƏHMƏDOV

 

Azərbaycan.-2013.- 7 mart.- S.5.