Romantik pafosdan lirizmə
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli (1923-1974) şeirlərini əsasən heca vəznində yazmış, hətta "Heca vəznliyəm mən" adlı ayrıca bir şeirində bu vəznə sədaqətini xüsusi vurğu ilə bəyan etmişdir. Şairə görə, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin Azərbaycan şeirinin "qoca vəzni" olan hecada yazdıqları şeirlər əbədi olaraq qalan "el malı"na çevrilmişdir. İslam Səfərli həmin şeirlə ümumilikdə "Azərbaycan şeirinin ahəngi adlandırdığı" heca vəznli şeirin və bu vəzndə XX əsrdə dillər əzbəri olan poeziya nümunələrini yaratmış Səməd Vurğun məktəbi ənənəsinin əbədiliyinə inamını ifadə etmişdir. İslam Səfərlinin ədəbi aləmdə ilk addımlarını atmasında və tanıdılmasında da xalq şairi Səməd Vurğunun böyük rolu olmuşdur.
Yazıçı dostu Azərbaycan Dövlət Universitetində onunla birlikdə təhsil almış Əlfi Qasımovun xatirələrində deyilir ki, "İslam Səfərlinin tələbəlik illərində yazdığı uğurlu şeirlər gənclərin böyük qayğıkeşi Səməd Vurğunun da diqqətini cəlb etmişdir... Üçüncü kursda oxuyurduq. Böyük şair tələbələrə qonaq gəlmişdi. ...O, xitabət kürsüsünə qartal kimi sinə gərib, müasir poeziyamızın qarşısında duran vəzifələrdən danışdı... Səməd Vurğun nəyi isə xatırlayıb susdu. Zala göz gəzdirdi: - Hanı o mənə oxşayan qara İslam?
- Buradayam, Səməd müəllim.
...- Yazıçılar İttifaqında keçən "Gənclər günü"ndə bir şeir oxudun ha, indi oxuya bilərsənmi onu?
...Səməd Vurğun kənara çəkildi. İslam xitabət kürsüsünə qalxıb "Beşik başında" şeirini şövqlə oxudu. Alqış səsləri salonu titrətdi".
Özünəməxsus böyük istedad sahibi olan İslam Səfərli ustadı kimi qəbul etdiyi Səməd Vurğun məktəbi ənənələrinə yaradıcı münasibət bəsləmişdir. Əvvəla, o, mövcud şeir məktəbi məkanında oxşar motivlər üstündə yeni mənalar yaratmağı bacarmışdır. İkincisi, İslam Səfərli şeirlərində qələmə aldığı mövzuların, poetik məna verdiyi detalın "öz rəngini, boyasını" ifadə etməyə çalışmışdır. Üçüncüsü, İslam Səfərli şeirlərinə qanadlı, uca fikirlərdən çox dərin bir insani səmimiyyət gətirməyi zəruri saymışdır. Şair bu qənaətə gəlmişdi: "Bil ki, o adamdan sənətkar olmaz, əgər ürəyinə arxalanmasa". Ədəbiyyatşünaslıqda da İslam Səfərlinin şeirlərində ictimai motivlərdən çox təbiiliyi, səmimiyyəti, duyğu və düşüncələri lirikanı ön mövqeyə çəkməsi diqqəti cəlb etmişdir. Vaxtilə professor Əkbər Ağayev yazmışdı: "Vətən də, onun təbiəti də İslam Səfərlinin tərənnümündə tam bir poeziyadır, incədir, xəfifdir, gözəldir". Fikrimizcə, şeir kitablarından birini "Həyatın nəfəsi" adlandırması da təsadüfi olmayıb, İslam Səfərlinin yaradıcılığında gedən proseslərin real nəticəsidir. Həmin yaradıcılıq proseslərinin, yəni romantik pafosdan təbii lirikaya doğru inkişaf edən meyillərin sayəsində İslam Səfərlinin şeirlərində tədricən ümumi şəkildə ifadə olunan tərənnümü obrazlı düşüncələr əvəz etmişdir. Doğrusu, o, daha çox tərənnümlə obrazlı düşüncəni, lirizmi çarpazlaşdırmağa üstünlük vermişdir. Buna görə də İslam Səfərlinin şeirlərində tərənnüm meyilləri ilə yanaşı, düşüncə faktoru və obrazlı söz demək səyləri qüvvətlənmişdir:
Bakı
- şəhərim mənim,
Xəzər
- bulağım mənim,
Dağlar
- hünərim mənim,
Günəş
- bayrağım mənim,
Dünyada
nə qəmim var.
Müşahidə
olunan əsas cəhət bundan ibarətdir ki, İslam Səfərli
yaradıcılığında romantik pafosdan, ümumi tərənnümdən
lirizmə keçid çox da uzun sürməyən qısa
müddət ərzində baş vermişdir. Doğrudur,
romantik meyilli tərənnümçülük şairin
yaradıcılığının bütün dövrlərində
müşahidə olunur. Fikrimizcə, bu, həm də onun
yaşadığı epoxanın özünün ideoloji
pafosundan doğur. Cəmiyyətin tələbindən gələn
sosial sifarişin ifadəsi olaraq yazılan şeirlərin
pafos olmadan o dövrün ədəbi-ictimai mühiti səviyyəsinə
çıxarılması çətin idi. Lakin İslam Səfərlinin
yaradıcılığında həmin qəbildən olan
şeirlər ön mövqedə görünsə də,
çoxluq təşkil etməmişdir. İctimai məzmunlu
romantik pafosla ifadə olunan şeirləri ilə ədəbi
mühitdə "sayrışan ulduzlar" kimi zəruri məqamlarda
ara-sıra görünən İslam Səfərli
üstünlük verdiyi lirik şeirlərini yazmağa rahat
bir imkan formalaşdıra bilmişdir. O, ictimai mühitdə
ümumi tərənnümdən doğan romantik pafoslu
şeirləri ilə iştirak etmiş, ədəbi aləmdə
isə nəğmə təsiri bağışlayan yaddaqalan,
təbii və təsirli lirika nümunələri ilə dərin
izlər salmışdır. Xüsusən, şəxsiyyətə
pərəstiş dövrünün cəmiyyətdə
aradan qalxması, siyasi iqlimin yumşalması İslam Səfərlinin
yaradıcılığındakı lirizm meyillərinin
sürətlə inkişaf etməsinə böyük təkan
vermişdir. Beləliklə, XX əsrin əllinci illərinin
ikinci yarısından etibarən İslam Səfərlinin
yaradıcılığında lirizm qüvvətlənmiş,
lirika üstünlük təşkil etmişdir.
"Üçüncü hərb
istəmirik" şeiri nəğməkar şair kimi
tanınan İslam Səfərlinin cəmiyyət məsələlərinə
münasibətdə də, bəşəri mövzulardan
söz açanda da dərin ictimai mətləbləri lirik tərzdə
ifadə etmək səviyyəsində geniş
dünyagörüşə malik olduğunu göstərən
əhəmiyyətli bir sənət nümunəsidir.
Aktuallığını bu gün də qoruyub saxlayan
"Üçüncü hərb istəmirik" şeiri
bütövlükdə müharibə əleyhinə
yazılmış himn kimi səslənir:
Birincidə
Ağır
həyat sürmüşük biz.
İkincidə
Min
bir dəhşət görmüşük biz.
Biz
palıdıq,
İndi
daha tunc olmuşuq.
Biz
poladıq.
Üçüncü
hərb
İstəmirik!
İstəmirik!
Beləliklə,
romantik pafos və lirizm İslam Səfərli şeirinin
özünəməxsusluğunu müəyyən edir. Hətta
bir çox hallarda şairin ictimai motivlərə həsr
edilmiş şeirlərində obrazlı düşüncə
tərzinin, lirizmin romantik pafosu üstələdiyi məqamlar
ağırlıq təşkil edir. İctimai ruhlu "Mənə
qalan bu olacaq" şeirində İslam Səfərlinin Vətən
torpağı ilə ünsiyyəti seçilmiş poetik
detallar, obrazlı düşüncə və böyük səmimiyyət
vasitəsilə tərənnüm edilmişdir. Romantik pafoslu
poetik nümunələrdən kamil lirika nümunələri
olan şeirlərinədək keçdiyi təkamül prosesi
İslam Səfərlini Azərbaycan lirikasının görkəmli
yaradıcılarından biri səviyyəsinə
çatdırmışdır.
İslam
Səfərlinin yaradıcılığında Azərbaycanın
poetik xəritəsi canlandırılmışdır.
Şairin yaradıcılığında Bakıya və Xəzərə
həsr olunmuş şeirlər geniş yer tutur. İslam Səfərlinin
"Bakı, sabahın xeyir" şeiri ritminə və ahənginə
görə asanlıqla mahnıya çevrilmişdir.
"Bakı, sabahın xeyir" Bakı haqqındakı
mahnıların zirvəsində dayanır. Ötən
yarım əsr ərzində paytaxtımıza həsr
olunmuş bu səviyyədə mahnı və şeir meydana
çıxmamışdır. Görkəmli bəstəkar
Emin Sabitoğlunun bənzərsiz axıcı musiqisinin, məşhur
müğənni Şövkət Ələkbərovanın
ecazkar səsinin və İslam Səfərlinin mükəmməl
lirik şeirinin vəhdəti "Bakı, sabahın xeyir"
mahnısını poeziyamızın və musiqi mədəniyyətimizin
nadir bədii sərvətinə çevirmişdir.
"Bakı, sabahın xeyir" şeirimizdə də,
musiqimizdə də əbədi yaşamaq haqqı
qazanmışdır:
Qayıdıb
xoş güzərdən,
Günəş
qalxır Xəzərdən.
Sevgilim
keçən yerdən
Bütün
şəhər yeriyir,
Bakı,
sabahın xeyir!
Hörükləri
qaradır,
Qaşları
ayparadır,
O bir
aləm yaradır,
Hamı
ürəkdən deyir:
Bakı,
sabahın xeyir!
Ümumiyyətlə,
İslam Səfərli Azərbaycan şeirinin Xəzər
silsiləsini yaratmışdır. Onun şeirlərində Xəzərin
özünəməxsus poetik obrazı
canlandırılmışdır. İslam Səfərlinin Xəzər
silsiləsindən olan şeirlərində və
mahnılarında Xəzərin səsi,
pıçıltısı eşidilir. İslam Səfərli
"Pıçıldaşın, ləpələr",
"Ay öpüşən, dalğalar", "Dəniz"
mahnıları ilə musiqimizin Xəzər romansını
yazmışdır. İslam Səfərlinin "Xəzərim"
şeiri Azərbaycan poeziyasında Xəzər haqqında
yazılan şeirlərin şahıdır. Şeirdəki
"ulduzlar xalınmıdır, gecələr, dalğalar
yalınmıdır, gecələr" misralarındakı təşbehlər
İslam Səfərliyə məxsus bədii kəşflərdir.
Suları qırçın, ləpələri
göyərçin və qağayı, ağ dalğası -
ağ ayı kimi orijinal bənzətmələrlə tərənnüm
edilən Xəzərin İslam Səfərlinin təqdimatında
xüsusi bir görkəmi vardır:
Demə
qoca Narginim qaladı,
Dəniz
mənzərəsində o taladı.
Mayakların
qızarır nar kimi,
Sinən
necə soyuqdur qar kimi:
Ağ
dalğan - ağ ayıdır, Xəzərim,
Hər
ləpən qağayıdır, Xəzərim.
İslam
Səfərli Azərbaycan poeziyasında həm də
Naxçıvan şeir silsiləsinin görkəmli
yaradıcısı kimi qəbul olunur. Tərəddüd etmədən
demək olar ki, son yarım əsrdən artıq dövrdə
ayrı-ayrı şairlər tərəfindən
Naxçıvan mövzusunda bir neçə fərqli
uğurlu bədii nümunənin yaradılmasına baxmayaraq,
şeirimizdə Naxçıvan silsiləsinin
yaradılmasında İslam Səfərli birinciliyi və ən
uca zirvəni fəth etmiş sənətkar olaraq qalır.
İslam Səfərlinin Naxçıvan mövzusunda
yazılmış iyirmidən çox şeirində Azərbaycanın
ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları
bütün incəlikləri və dərin mənaları ilə
yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə
əks etdirilmişdir. İslam Səfərli üçün
ata-baba yurdu Naxçıvan ilk dəfə rübabını
kökləməyə başladığı, ona ilham bəxş
etmiş Nəqşi-Cahandır. Şair bütün ruhu ilə
bu torpağa bağlıdır, ömrü boyu bu torpaqda kəsdiyi
duz-çörəkdən qüvvət almışdır.
Naxçıvanın Azərbaycanın tarixində və
taleyindəki yeri və mövqeyi, diyarın yetirmələrinin
xidmətləri, bu coğrafiyanın insanlarının
"düz ilqarlı" möhkəm mənəvi dəyərləri,
"od çaxarlı" təbiəti İslam Səfərlinin
Naxçıvannaməsində bütün təbiiliyi və
daşıdığı mənaları ilə bir yerdə
ilhamla vəsf olunmuşdur. Fikrimizcə, İslam Səfərlinin
yarım əsr bundan əvvəl yazılmış
"Naxçıvanım" şeiri Azərbaycan
şeirinin Naxçıvannaməsinin dəyirman daşı
olaraq "işini" davam etdirir. Hətta həmin mövzuda
yazılmış ən yaxşı şeirlər də bu dəyirman
daşının pəri ətrafında fırlanmaqdadır.
Hələ ki, şeirimiz Xəzər mövzusunda olduğu
kimi, Naxçıvan mövzusunda da İslam Səfərli zirvəsini
aşa bilməmişdir. Bütün bunlara görə,
İslam Səfərlinin "Naxçıvanım"
şeiri Azərbaycan şeirində Naxçıvanın
poetik pasportu olaraq yaşayır:
Çöllərindən
keçən mənəm,
Söz
qoşmamış keçənmənəm,
Sularından
içən mənəm,
Mənim
barlı Naxçıvanım,
Xoş
baharlı Naxçıvanım.
...Gör
nə çalır könül simi:
Şeirə
verdim mən eşqimi.
Mirzə
Cəlil, Bəhruz kimi,
Sənətkarlı
Naxçıvanım.
Xoş
baharlı Naxçıvanım.
İslam Səfərlinin
Naxçıvan silsiləsində qayalarda "daş
cığırlar açan" Qızlar bulağı, hər
kərpicində tariximizin sözü yazılan qədim Gilan
şəhəri, Narzan suyu kimi qiymətli olan Badamlı,
"aran meşəsi" Xalxal, "almaz dalğalı,
gümüş ləpəli" Araz çayı, Göy
tarlalı Şərur, dalğalarla qucaqlaşan Arpaçay,
qayaların zirvəsində dayanan, özü daş, heykəli
daş olan - "Gəlin daş" "böyük aləm"
sandığı doğulduğu Şəkərabad kəndi
tam mahiyyəti və təbiəti ilə şeirə gətirilmişdir.
Bu şeirlərdəki təbiilik və dərinlik həmin
yerlərin hər birinin adını, mənasını,
görünüşünü, dəyərini şeirin dili
ilə real və obrazlı şəkildə ifadə etməyə
imkan yaratmışdır. Fikrimizcə,
"Naxçıvanın duzu, qızı, qarpızı"
ifadələri də İslam Səfərlinin eyniadlı
şeirindən sonra zərbi-məsələ çevrilmişdir.
Arazüstü diyarın Şərur adlı elini də vəsf
edən İslam Səfərlinin "Azərbaycan
torpağının bərəkətli guşəsi",
"Şərqin polad qapısında" ölkəmizin səsi
kimi mənalandırdığı bu diyar haqqındakı
"Naxçıvanın Şəruru var, Şərurun da
qüruru var" misraları ümumiləşmiş
müdrik kəlamlardır. Məşhur mərcan gözlü
Batabat yaylağı haqqında da ən əlçatmaz
şeir İslam Səfərli tərəfindən
yazılmışdır. Bu, Batabat haqqında şeirdən
çox, şeirdə Batabatın özüdür:
Bulaqların
bir səmtədir axarı,
Salvartının
xoş görünür baxarı,
Biçənəkdən
at səyirdib yuxarı
Yalmanına
yata-yata gəlmişəm,
Mərcan
gözlü Batabata gəlmişəm.
Naxçıvan
torpağının vurğunu olan İslam Səfərlinin bu
mövzuda yazılmış şeirləri sırasında
"Naxçıvan yadigarı"nın xüsusi yeri
vardır. "Naxçıvan yadigarı" adlı mənzərələr
silsiləsinin dahi yaradıcısı Bəhruz Kəngərliyə
həsr olunmuş bu şeirlə İslam Səfərli
özü də doğma diyar haqqında mənalı bir
şeir tablosu yaratmışdır. "Naxçıvan
yadigarı" şeirində o, geniş mənada
Naxçıvan diyarının ümumiləşmiş poetik
ponoramını rəsm etməyə müvəffəq
olmuşdur. Bu şeir həm də İslam Səfərlinin
şair-rəssam kimi də böyük istedadını meydana
qoyur.
Fikrimizcə,
"Nə vaxta qaldı" şeiri də İslam Səfərlinin
Naxçıvan şeirləri silsiləsinə aid edilməlidir.
Şeirdə təsvir olunan bağlı-bağatlı, eyvanlı
həyət İslam Səfərlinin Naxçıvan şəhəri
yaxınlığında doğulub boya-başa
çatdığı Şəkərabad kəndindəki
ata-baba ocağının təsviridir. Şair
"Döyüşçünün xəyalı"
şeirində müharibə illərində arxa cəbhəni
düşündükcə xəyalən evlərindəki
"çiçəkli eyvanı" xatırladığını
nəzərə çarpdırmışdır. Hətta bu
şeirdə "Nə vaxta qaldı"
mahnısındakı tərənnüm olunan ilk sevginin də
izlərini görmək mümkündür.
Döyüşçü-şair öz şeirində
"çiçəkli eyvan"la yanaşı, xəyallarında
yaşatdığı "o bir cüt ilahi, mavi gözləri"
də həsrətlə yad etmişdir. Həmin
"çiçəkli eyvan"ı İslam Səfərli
sonralar "Təhsil illəri" şeirində də
"yadıma düşdükcə hərdən kəndimiz,
üzü günə baxan aynabəndimiz" şəklində
xatırlatmaqla bu detalın onun poetik yaddaşında möhkəm
iz saldığını bir daha nəzərə
çarpdırmışdır. "Nə vaxta qaldı"
şeirində "hər axşam tarladan qayıdanda biz"
misrasında ifadə olunan romantik anlar, "yol üstdəki
qovaq" detalı da şairin gənclik illərində Şəkərabad
kəndində ikən olan müşahidələrinin təəssüratlarıdır.
Ona görə də "Nə vaxta qaldı" bəlkə
də İslam Səfərlinin tərcümeyi-hal şeirlərindən
biridir. Şeirin də, eyni adlı mahnının da çox təsirli
və təbii alınması bu bədii nümunənin
yaşanmış duyğu və düşüncələrin
işığında meydana çıxdığını
düşünməyə əsas verir:
Gilənar
qızardı, ağ tut sovuşdu,
Payını dərmədim, budaqda qaldı.
Hamı
könül verib yara qovuşdu,
Bəs bizim toyumuz nə vaxta qaldı?
Qönçələr
açılıb, gülür çəmən, düz...
Hər
axşam tarladan qayıdanda biz,
Yoxsa o,
"sevirəm" söylədiyin söz
Düşüb mərcan tək bulaqda qaldı?
Göyləri
ay gəzir, hava bürkülü,
Eyvanda durmuşam boynu bükülü.
Bəlkə
eşqimizin sona bülbülü
Uçub yol üstdəki qovaqda qaldı?
Bütövlükdə İslam Səfərli ana Vətənin
hər qarışını ürəkdən sevmiş, Vətən
mülkünün cazibədar poetik panoramını yaratmaq
yollarında ilhamla qələm çalmışdır. Şairin
yaradıcılığında ölkəmizin
ayrı-ayrı guşələrindən hər birinin mahiyyətini
açan, mənasını, gözəlliyini,
funksiyasını təqdim edən şeir çələngi
formalaşmışdır. İslam Səfərli "Dəlidağın
ətəyində göz açan, Kəlbəcərdə ləpir
salıb iz açan" İstisunu, Bakının
"döşündə bir nişan kimi" parlayan
Abşeronu, "kərpici xallı qalın divarlardan
hörülmüş" Gəncəni, "Fateh İskəndəri
kəməndə salmış" Bərdəni,
"Abşeronun gözlərində bir sürmə",
"atəşgahlar yeri" Suraxanını, "meyvəsi
ulduz sanır" Qubanı, Muğanı "al qumaşa
bürüyən" Mingəçevir dənizini,
"meşəli sahilləri" Nabranı heç bir
şairə bənzəmədən böyük ilhamla tərənnüm
etmişdir. Şairin "Bilgəh
bağları" şeirində görkəmli fırça
ustaları Səttar Bəhlulzadənin, Tahir Salahovun Abşeron
rəsmləri ilə yanaşı, dayana bilən şairanə
lövhələr vardır. İslam Səfərli
Azərbaycan torpağının nəğməkarı,
Naxçıvanın vurğunu, Xəzərin Məcnunu idi.
Məlum olduğu kimi, İslam Səfərli,
sözün böyük mənasında, nəğməkar
şairdir. Azərbaycan poeziyasında sözlərinə ən
çox mahnılar bəstələnmiş şairlərdən
biri də İslam Səfərlidir. İslam
Səfərlinin şeirlərinin böyük əksəriyyəti
poetik və ahəngdardır, musiqiyə yatımlıdır.
Musiqi, mahnı İslam Səfərlinin şeirlərinin
ritmində, ahəngində çağlayır. Azərbaycanın
görkəmli bəstəkarları - Niyazi, Cahangir Cahangirov,
Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə
Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov,
Tamilla Məmmədzadə və başqaları İslam Səfərlinin
şeirlərinə yaddaqalan mahnılar bəstələmişlər.
İslam Səfərlinin sözlərinə
yazılmış "Ana", "Bakı, sabahın
xeyir", "Pıçıldaşın, ləpələr",
"Dan ulduzu, bir də mən", "Nə vaxta
qaldı", "Ağ şanı, qara şanı",
"Şəhla gözlüm", "Qonaq gəl bizə"
və sair mahnılar yarandıqları vaxtdan indiyədək
yarım əsrdən çoxdur ki, ifa olunmaqda davam edir. Şairin bir çox mahnıları Azərbaycan
musiqi mədəniyyətinin, mahnı xəzinəmizin
Qızıl fondunu təşkil edən əsərlərin
sırasındadır. Analar haqqında çoxlu
şeirlər və mahnılar yazılsa da, İslam Səfərlinin
sözlərinə görkəmli bəstəkar Cahangir
Cahangirovun yazdığı "Ana" mahnısı
böyük müğənni Rəşid Behbudovun ifasında
anaların laylası qədər həzin və mənalı
səslənir:
Gözümün
nuru, canım ana,
Böyütdün sən bizi yana-yana.
Odlusan
gün kimi, bir qaynar həyat kimi,
Borcluyam mən sənə, sənə bir övlad kimi.
İslam Səfərlinin "Bulud
göydən lal keçər", "Ay
qaşı-gözü, qara qız", "Qənd bala, nabat
bala", "Bağçamıza gəldi bahar"
mahnıları axıcılığı,
oynaqlığı və xəlqiliyinə görə xalq
mahnısı təəssüratı yaradır. "Həkim qız" hələ də
ağxalatlı həkimlərimizin sevimli peşə
mahnısıdır. Bu vaxtadək "Aqronom
oğlan" mahnısının da əvəzi yaranmayıb.
İslam Səfərlinin mahnıları
artıq bir neçə nəsil müğənnilərin
ifasında səslənməkdədir. Azərbaycanın
görkəmli müğənnilərindən Rəşid
Behbudov, Şövkət Ələkbərova, Rübabə
Muradova, Yalçın Rzazadə, Abdulla Babayev və
başqaları İslam Səfərlinin mahnılarının
populyarlaşmasında mühüm rol oynamışlar.
Janr baxımından şeirlərini ənənəvi
poetik formalarının yaradıcı şəkildə davam
etdirilməsi əsasında yazmış İslam Səfərlinin
yaradıcılığında qoşma və gəraylılar
çoxluq təşkil edir. Şairin "Gəlmişəm",
"Qalıbdır", "Qonağıyam",
"Dağlar" və sair şeirləri qoşma
janrının yüksək tələblərinə tam cavab
verir. Şairin "Görüşəndə",
"Gəlin daş", "Mingəçevir dənizində",
"Bir olanda" şeirləri yeni dövr Azərbaycan gəraylısının
yaxşı nümunələridir. İslam Səfərlinin
"Yaxşı sına" şeiri cinas qafiyəli gəraylı
nümunəsidir. Qoşma və gəraylı
formasında yazılmış poetik nümunələr
İslam Səfərlinin şeirlərində xəlqilik
düşüncəsini daha da dərinləşdirmişdir.
Bu cəhətdən, layla janrından
yaradıcı istifadə onun şeirlərinin xalq ədəbiyyatı
ənənələri ilə qaynayıb-qarışmasına
daha geniş imkan yaratmışdır. Layla
janrının imkanları İslam Səfərlinin şeirlərinin
musiqiyə yatımlığını da qüvvətləndirmişdir.
Onun bir sıra şeirlərinin ahəngində
layla ritmi var. İslam Səfərlinin "Laylay" şeiri
şifahi xalq ədəbiyyatındakı laylalar qədər
sadə, aydın və təsirlidir. "Dan
ulduzu, bir də mən" şeiri layla haqqında
layladır.
İslam Səfərlinin bir çox şeirləri
ballada janrının ən yaxşı nümunələri
sayıla bilər. "Gilan şəhəri haqqında ballada"dan
başqa, şairin "İtkin şahin", "Bayram
töhfəsi", "Ömür yolları",
"Onüçlər", "İlin son gecəsi" və
sair şeirləri də ballada janrında
yazılmışdır. Xüsusən, onun
Böyük Vətən müharibəsi mövzusunda
yazdığı ballada tipli şeirlərində akademik Bəkir
Nəbiyevin yazdığı kimi, "Vətən uğrunda
vuruşmaq əzmi, döyüşən gəncliyin nəfəsi,
silah dostlarını vuruşlara təşviq etmək
ehtirası güclüdür". Mahnı
mətnləri yaradıcılığında isə İslam
Səfərli lirizmin daha qüvvətli olduğu janrlara
üstünlük vermişdir. Əgər
İslam Səfərlinin "Aynur" şeirinə musiqi bəstələnməsəydi
də, mahnı kimi səslənə bilərdi. Eyni
sözləri "Bulud göydən lay keçər" və
"Xəzər romansı" kimi romans janrında
yazılmış şeirlər haqqında da demək olar. Bu şeirlər bəstəkar tərəfindən
deyil, şairin özü tərəfindən romans
adlandırılmışdır. Şair sanki həmin
şeirlərin musiqisini də hiss etmiş, notunu da müəyyənləşdirmişdir.
"Sevgi valsı" şeirində vals
janrının tələblərindən gələn dinamika,
ritmik bir hərəkət müşahidə olunur. Bu şeirlərin mahiyyətindəki romantika, dərin
lirizm, axıcılıq musiqi kimi səslənir. Fikrimizcə, İslam Səfərli təkcə nəğməkar
deyil, həm də bəstəkar şairdir. Bəstəkarlarımız onun şeirlərinə
mahnı bəstələməkdə xüsusi bir çətinlik
çəkməmişlər. Bu şeirlərin
bətnində, cövhərində lirik bir mahnı
çağlayır.
Azərbaycan poeziyasında vəznli sərbəst
şeirlərin yaradılmasında İslam Səfərlinin
böyük xidmətləri vardır. Onun "Azərbaycanım",
"Üçüncü hərb istəmirik" şeirləri
ahəngi, qafiyələndirmə sisteminə görə sərbəst
şeirdən çox heca vəzninə uyğundur. "Səslər zirvəsi", "Oxu, Rəşidim,
oxu!", "Meşəli sahillər" İslam Səfərliyə
məxsus vəznli sərbəst şeirlərdir. Dünya şöhrətli sənətkarlar Qara
Qarayevə həsr olunmuş "Səslər zirvəsi",
Rəşid Behbudov haqqında yazılmış "Oxu, Rəşidim,
oxu!" şeirlərində bu böyük şəxsiyyətlərin
sənətinin fərdi xüsusiyyətlərini əks etdirən
ritmdən, səciyyəvi ifadələrdən
yaradıcılıqla istifadə olunmuş, hətta səslərin
seçilməsinə də xüsusi diqqət
yetirilmişdir.
İslam Səfərlinin vəznli sərbəst şeirləri
heca vəzni daxilində müəyyən sərbəstliyə
imkan yaradan poetik nümunələrdir. Bu isə
öz növbəsində onun heca vəznli şeirdə formal
tələblər naminə artıq sözlər işlətməkdən
qaça bilməsinə, fikri, obrazı bir qədər də
sərbəst ifadə etməsinə meydan
açmışdır. İslam Səfərlinin
yaşayıb-yaratdığı dövrdə vəznli sərbəst
şeir Azərbaycan şeirinin yeni bir hadisəsi idi. Bu mənada, İslam Səfərli XX əsr Azərbaycan
vəznli sərbəst şeirinin əsas
yaradıcılarından biridir. İslam Səfərlinin
və müasirlərinin vəznli sərbəst şeirləri
XX əsrin altmış-yetmişinci illərində Azərbaycan
poeziyasında heca vəzninin və sərbəst şeirin rəqabət
dövrünün yenidən meydana çıxarıb gündəmə
gətirdiyi ədəbi hadisələrdən biri idi.
Şeirimizdə vəznli sərbəst şeirin əvvəldən
az nəzərəçarpan müəyyən
ənənəsi olsa da, yeni dövrdə bu qarışıq
vəznin meydanının daha da genişlənməsi və təkmilləşməsi
poeziyamızda novatorluğun təzahürlərindən biri
idi. İslam Səfərli yeni dövr Azərbaycan
vəznli sərbəst şeirinin poeziyada keyfiyyət göstəricisinə
çevrilməsində mühüm rol oynamışdır.
Bütövlükdə İslam Səfərlinin şeir
yaradıcılığı fikirlə, məna ilə
obrazlı bədii sözün üzvi vəhdətindən,
sintezindən yoğrulmuşdur. "Bakı bir Bakıdır ki"
şeirindəki təşbehlər Azərbaycan poeziyasında
tamamilə yenidir:
Toranlıqlar
içindən
Dan yeri
üçüb gəlir
Tənha qağayı kimi.
Dalğalar qalxıb-enir.
Yarımı
yola salan
Bir
qızın əlindəki
İpək kəlağay kimi.
...Sahil
boyu işıqlar
Dənizin
sinəsində
Gülür silsilə kimi.
Qoca Nargin
görünür
Mavi
göz içindəki
Qara bir gilə kimi.
İslam Səfərlinin "Dalğalar" şeirinin
bütün misraları dalğaların poetik mənasını
açan və qüvvətləndirən epitetlərdən təşkil
olunmuşdur.
"Siz qaynar həyatsınız, kükrəyən
ağ atsınız, nəğməyə qanadsınız,
sahili şən, dalğalar, ey öpüşən,
dalğalar". Ümumilikdə XX əsrin
ikinci yarısından sonrakı Azərbaycan şeirinin
inkişaf proseslərini izləmək və ümumiləşdirmək
üçün İslam Səfərlinin
yaradıcılığı zəngin material verir.
Dramaturgiya
ilə də ardıcıl məşğul olan və "Dar
ağacı", "Ana ürəyi", "Yol
ayrıcında", "Yadigar", "Xeyir və şər"
dramlarını, "Qayın arvadı, xayın
arvadı" komediyasını və bir çox radiopyeslər
yazmış İslam Səfərli bu sahədə də
özünəməxsus iz buraxmışdır. Xüsusən, İslam Səfərlinin "Göz həkimi"
pyesi uzun müddət Azərbaycan teatrlarının
repertuarında mühüm yer tutumuş, müəllifinə ədəbiyyat
və mədəniyyət aləmində böyük nüfuz
qazandırmışdır. "Göz həkimi"
dramı XX əsrin ikinci yarısı Azərbaycan
dramaturgiyasının qiymətli nümunələrindən
biridir. Öz dövrü üçün
aktual səslənən "Göz həkimi" pyesi
güclü müasirlik imkanlarına malik olan əsər kimi
yeni epoxada da əhəmiyyətini saxlayır.
İslam Səfərlinin xidmətləri Azərbaycan
dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1974-cü ildə "Əməkdar
incəsənət xadimi" fəxri adına
layiq görülmüşdür. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
"Görkəmli şair və dramaturq İslam Səfərlinin
90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında
keçirilməsi haqqında"kı 18 yanvar 2013-cü il tarixli sərəncamı ilə sənətkarın
yubileyi geniş miqyasda qeyd olunur, şairin ədəbi irsi
yenidən öyrənilib dəyərləndirilir. Cəlil Məmmədquluzadə
adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında
İslam Səfərlinin "Göz həkimi" pyesinin
uğurla tamaşaya qoyulması, Ali Məclisin
"Naxçıvan" jurnalının şairin həyatı
və yaradıcılığına həsr olunmuş
xüsusi buraxılışının çap edilməsi, əsərlərinin
biblioqrafiyasının çapa hazırlanması yeni dövrdə
dövlət sərəncamının işığında
görkəmli sənətkara böyük ehtiramın
nümunəsidir.
Qısa və mənalı ömür yaşayan, 30 ildən
çox "əldə qələm, dizdə varaq" bədii
yaradıcılıqla məşğul olmuş İslam Səfərli
Azərbaycanı tükənməz ilhamla tərənnüm
etmişdir. Azərbaycan İslam Səfərli şeirinin
canı-cövhəri, baş mövzusu, şərəfi-şöhrətidir.
Azərbaycan İslam Səfərlinin böyük Vətən
eşqinin möhtəşəm poetik çələngidir:
...Hərdən
düşüncələr sarır insanı,
Çayüstü körpülər asma yolumdur.
Bağrıma
basmışam Azərbaycanı,
Araz bir qolumdur, Kür bir qolumdur.
Əlvan
naxışlısan, doğma məkanım,
Sənə
qurban canım, Azərbaycanım!
Nəğməkar
şairin şeirləri və mahnıları ölkəmizin
bu gününün və sabahının əsərləri
kimi yaşayır.
İSA HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət
Universitetinin
rektoru, akademik
Azərbaycan.-2013.- 7 mart.- S.6.