Konfransda azərbaycanlı qadın polislər də iştirak etmişlər

 

Tbilisidə Beynəlxalq Əlaqələr Bürosunun ABŞ Dövlət Departamentinin hüquq-mühafizə və narkomaniyaya qarşı mübarizə orqanları və Gürcüstan Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Qadınlar polisdə" mövzusunda regional konfrans keçirilmişdir.

 Konfransda Gürcüstan, Azərbaycan, Ukrayna, Moldova və Ermənistandan nümayəndələr iştirak etmişlər.

Azərbaycanı Daxili İşlər Nazirliyinin baş kadrlar idarəsi komplektləşdirmə idarəsinin rəisi, polis polkovniki Marina Nəsibovanın rəhbərliyi ilə 7 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.

Gürcüstanın daxili işlər naziri İrakli Qaribaşvili və ABŞ-ın Gürcüstandakı səfiri Riçard Norland konfrans iştirakçılarını salamlamış, onlara fəaliyyətlərində uğurlar diləmişlər.

İştirakçılar "Özünü uğura doğru yönəlt: seçimin gücü", "Mübariz qadının yolları: özünümüdafiə strategiyaları ", "Odlu silahla simulyasiya treninqi ", "Polis proqramlarında gender bərabərliyinin həyata keçirilməsi" və s. mövzularda məruzələri dinləmişlər.

Müzakirələr qruplarda davam etdirilmişdir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Marina Nəsibova AzərTAc-a demişdir ki, həmkarlarımızla təcrübə mübadiləsi aparılması baxımından konfrans mühüm əhəmiyyət kəsb edir. Biz iştirakçılara ölkəmizin həyatında qadının rolu, polis orqanlarında Azərbaycan qadınının təmsil olunması və başqa məsələlər barədə ətraflı məlumat verdik. O qeyd etmişdir ki, Azərbaycan polisində 251 nəfər qadın zabitin çalışdığına, 26 nəfər qadının yüksək vəzifə tutduğuna və ümumiyyətlə, polisdə 800 nəfərədək qadının təmsil olunduğuna dair məlumatımız konfrans iştirakçılarının marağına səbəb olmuşdur.

M.Nəsibova konfrans çərçivəsində keçirilmiş treninqdə Azərbaycan nümayəndə heyəti üzvlərinin yaxşı nəticələr göstərdiyini vurğulamış və bunun dövlət  başçısının, Daxili İşlər Nazirliyi rəhbərliyinin qadın polislərə qayğı və diqqətinin nəticəsi kimi dəyərləndirmişdir.

Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Pərvin Zeynalova gürcü həmkarları ilə səmərəli əməkdaşlığa diqqəti cəlb etmiş və bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı müzakirələr keçirildiyini vurğulamışdır. O demişdir ki, azərbaycanlı polis qadın geyimləri iştirakçıların böyük marağına səbəb olmuşdur. P. Zeynalova iştirakçı dövlətlərdə baş vermiş cinayət halları ilə əlaqədar statistik məlumat dinlənildiyini və Azərbaycanda həm cinayətin açılması yönümündə müsbət təcrübənin, həm də cinayət faktlarının az olmasının yaxşı fakt kimi vurğulandığını qeyd etmişdir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir  nömrəli poliklinikasının rəisi, tibb xidməti polkovnik-leytenantı Səadət Həsənova demişdir ki, iştirakçılara Azərbaycan qadınının yalnız ictimai asayişin qorunmasında deyil, ümumiyyətlə, ölkənin ictimai-siyasi həyatında rolunun artması barədə ətraflı məlumat verilmiş və ulu öndər Heydər Əliyevin gender bərabərliyinin təmin olunması istiqamətində yürütdüyü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır. O, əmin olduğunu bildirmişdir ki, konfrans gələcəkdə polis orqanlarında qadınların təmsil olunması və onların daha fəal mövqe tutmaları baxımından müsbət rol oynayacaqdır.

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.-2013.- 7 mart.- S.7.