Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq Mərkəzi Asiya Departamentinin direktor müavinini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq Mərkəzi Asiya Departamentinin direktor müavini Yuha Kahköneni qəbul etmişdir.

Təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Yuha Kahkönen Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu məmnunluqla vurğulayaraq ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmini də qeyd etdi.

İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması  istiqamətində böyük işlərin görüldüyünü vurğulayan Prezident İlham Əliyev ötən il qeyri-neft sektorunun 10 faiz artdığını qeyd edərək bunu ölkəmizdə informasiyakommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən uğurlu proqramların nəticəsi kimi dəyərləndirdi.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 mart.- S.1.