Roma Opera Teatrında
Cüzeppe Verdinin «Foskari ailəsinin iki nümayəndəsi» operasının
yeni quruluşda nümayişi olmuşdur
Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva operanın yeni quruluşda premyerasına
tamaşa etmişdir
Martın
6-da Roma Opera Teatrında Cüzeppe Verdinin "Foskari ailəsinin
iki nümayəndəsi" operasının yeni quruluşda
nümayişi olmuşdur.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
operanın yeni quruluşda premyerasına tamaşa
etmişdir.
Mehriban
xanım Əliyevanı Roma Opera Teatrının idarə heyətinin
sədri, İtaliya paytaxtının meri Covanni Alemanno
qarşılamışdır.
Roma Opera Teatrı 1880-ci ildə açılmışdır. Məhz bu
teatrda Ciakomo Puççininin "Toska",
Pyetro Maskanyinin "Maskalar" və digər tanınmış
bəstəkarların operalarının
premyeraları olmuşdur.
Bu səhnədə Cemma
Bellinçoni, Hariklea
Darkle, Antonio Kotonyi, Enrike
Karuzo, Tito Skipa, Mersedes Lyopart kimi görkəmli ifaçılar çıxış
etmişlər.
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva teatrın direktoru Kapello De Martino, Roma Opera Teatrı
Fondunun prezidenti xanım Daniella Traldi, İtaliyanın müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin
sədri Franko Qallo, parlament məsələləri üzrə
nazir Dino Piero Giarda və İtaliyanın digər ictimai-siyasi xadimləri ilə görüşmüşdür.
Azərbaycan ilə İtaliya
arasında müxtəlif
istiqamətlərdə, o cümlədən
mədəniyyət sahəsində
əlaqələrin inkişafından
məmnunluq ifadə olunan görüşdə
Heydər Əliyev Fondunun ölkələrimiz
arasında münasibətlərin
inkişafına töhfə
verdiyi vurğulanmışdır.
Sonra operanın
vətəni sayılan
İtaliya paytaxtında
Rikardo Mutinin dirijorluğu ilə Cüzeppe Verdinin "Foskari ailəsinin iki nümayəndəsi"
operasının yeni quruluşda təqdimatı
olmuşdur.
Lord Bayronun eyniadlı
tragediyası əsasında
yazılan əsər
ilk dəfə 1844-cü ildə
məhz Romada "Arcentino" teatrında səhnələşdirilmişdir. Operanın əsas
qəhrəmanları Françesko
Foskari, Yakopo Foskari, Lukretsiya və Loredanodur. Hadisə
1457-ci ildə Venesiyada
baş verir. Bayronun bu tragediyası
zahirən az
effektli görünsə
də, psixoloji dərinlikləri ilə fərqlənir. Buradakı ziddiyyətlər əsas qəhrəmanların
düşdüyü vəziyyəti
açmağa imkan verir. Operada sevgi intriqası
yoxdur, onun əsas məzmununu siyasi mübarizənin qurbanına çevrilən
Foskari nəslinin faciəvi taleyi təşkil edir. Əsərdə əsas diqqət
lirik səhnələrə
yönəlmişdir. İlk dəfə olaraq məhz bu operada
Cüzeppe Verdi üç
aktdan ibarət struktura müraciət etmişdir. Operanın kompozisiyasına gəlincə
isə, 1-ci və
3-cü pərdədə hadisələr
bir-birini sürətlə
əvəzləyir, 2-ci pərdə
isə əsərin lirik xarakterinin açılmasına xidmət
edir. Operanın yekun akkordu faciəvi gücünə
görə Verdinin digər əsərlərindəki
musiqidən çox fərqlənir və bəstəkarın yaradıcılığının
zirvəsi hesab edilir.
"Foskari ailəsinin
iki nümayəndəsi"
operasının yeni quruluşda təqdimatı
tamaşaçıların sürəkli alqışları
ilə qarşılanmışdır.
Sonra Azərbaycanın
birinci xanımı
London, La-Skala, Filadelfiya,
hazırda isə Çikaqo simfonik orkestrinin dirijoru Rikardo Muti ilə
görüşmüşdür. Dünyanın ən görkəmli dirijorlarından olan maestro
Roma Opera Teatrının da
fəxri dirijorudur və bu sənət
məbədində ən
böyük premyeralarda
orkestrə rəhbərlik
edir.
Günün sonunda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şərəfinə Roma Opera Teatrının
idarə heyətinin sədri, Roma şəhərinin
meri Covanni Alemanno tərəfindən
şam yeməyi verilmişdir.
AzərTAc
Azərbaycan.-2013.- 8 mart.- S.2.