8 Mart - Beynəlxalq
Qadınlar Gününə həsr olunmuş
tədbir
Martın 7-də Bakıdakı "Abşeron Marriott"
mehmanxanasında Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 8 Mart - Beynəlxalq Qadınlar Gününə
həsr olunmuş tədbir keçirmişdir.
Tədbirdə
Azərbaycan elminin və mədəniyyətinin
inkişafında sözlərini
demiş, eləcə də ictimai-siyasi aləmdə
mühüm xidmətləri olan qadınlar iştirak
etmişlər.
Əvvəlcə
mərasim iştirakçıları foyedə fiziki cəhətdən
qüsurlu qadınların əl
işlərindən ibarət satış sərgisi ilə
tanış olmuşlar.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdir ki, cəmiyyətimizdə fiziki cəhətdən qüsurlu insanlara dövlət daim diqqət və qayğı göstərir. Sərgidə nümayiş olunan əl işləri fiziki cəhətdən qüsurlu qadınlarımızın çox güclü insanlar olduğunu göstərir. AQUPDK hər zaman bu qadınları diqqət mərkəzində saxlayır və onların əməyini yüksək qiymətləndirir. Onlara dəstək hər birimizin mənəvi borcumuzdur.
Sonra sərginin təşkilində xidmətlərinə görə "Əlil Qadınlar" İctimai Birliyinin sədri Məhluqə Rəhimovaya AQUPDK-nın diplomu təqdim edilmişdir. M.Rəhimova fiziki cəhətdən qüsurlu qadınların cəmiyyətimizdə önə çəkilməsində, onların potensial imkanlarının ictimaiyyətə çatdırılmasında göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, Beynəlxalq Qadınlar Gününün tezliklə işğaldan azad olunacaq əzəli torpaqlarımızda birlikdə qeyd etməyimizi arzulamışdır.
Tədbirdə respublikamızın ictimai-siyasi həyatında qadınların roluna, dövlətimizin qadın siyasətinə həsr olunmuş film nümayiş etdirilmişdir.
AQUPDK-nın sədri Hicran Hüseynova Azərbaycan Respublikasının ictimai, təhsil, mədəniyyət, memarlıq və jurnalistika sahələrində səmərəli fəaliyyətlərinə görə, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarının bir qrupuna fəxri adların verilməsi və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin 2013-cü il 4 mart tarixli sərəncamlarını oxumuşdur. Sərəncamlara əsasən Səriyyə Cəfərova, Lətafət Əlizadə, Larisa Reyxrudel "Tərəqqi" medalı ilə, Yeganə Hacıyeva, Aybəniz Həsənova, Zahidə Məmmədova, Nelli Seyfullayeva "Əməkdar memar", Flora Xəlilova "Əməkdar jurnalist", Dilarə Atakişiyeva, Şeyla Heydərova, Valentina Qasımovaya "Əməkdar mədəniyyət işçisi" fəxri adları təqdim edilmişdir.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə mərasim iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin ictimai həyatında və digər sahələrdə fərqlənən bir qrup qadına Vətənin yüksək mükafatının və fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlar qadınlarımıza dövlət qayğısının ifadəsi olan mühüm addım kimi bizi ürəkdən sevindirir. Bu münasibətlə təltif olunan xanımlarımızı səmimi qəlbdən təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq. Çox az ölkə tapılar ki, orada dövlət başçısı qadınları təkcə 8 martda deyil, peşə bayramlarında və yubileylərində də yüksək mükafat və fəxri adlarla təltif etsin.
Xalqımızın
tarixində iz qoyan sənətkar və elm xadimi olan
xanımların yubileylərinin həmişə dövlət
səviyyəsində qeyd olunduğunu vurğulayan
AQUPDK-nın sədri bu günlərdə Azərbaycan
Prezidentinin görkəmli sənətkarlar Nigar Rəfibəylinin
və Hökumə Qurbanovanın 100 illik yubileylərinin qeyd
edilməsi barədə imzaladığı sərəncamları
xüsusi qeyd etmişdir.
Bildirilmişdir
ki, qadın məsələlərini həmişə diqqətdə
saxlayan ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə qadınların problemlərinə
xüsusi fikir vermiş, onların irəli çəkilməsinə, potensiallarını
reallaşdırmalarına dəstək olmuşdur. Ulu öndər
Azərbaycan qadınlarına həmişə yüksək
qiymət verərək deyirdi: "Azərbaycan
qadınları öz ağıllarına, zəkalarına
görə, istedadlarına
görə, eyni zamanda gözəlliklərinə görə
dünya qadınları içərisində özünəməxsus
və çox yüksək yer tuturlar".
O
zamanlar respublikada qadın problemi ilə məşğul olan
dövlət qurumu olmadığından 1994-cü il
sentyabrın 19-da Heydər Əliyev "Qadınların IV
Ümumdünya Konfransına hazırlıqla əlaqədar Azərbaycan
qadınlarının Milli Komitəsinin yaradılması
haqqında" fərman imzalamışdı. Nəhayət,
1995-ci ilin sentyabr ayında Pekində keçirilən IV
Ümumdünya Qadın Konfransında Azərbaycan
qadınlarından ibarət böyük nümayəndə
heyəti iştirak etmiş, konfransda qadınların vəziyyətinin
yaxşılaşdırılması sahəsində 12 strateji
istiqamət müəyyən edilmişdi. Pekin Konfransına
ilk adekvat cavabı Azərbaycan vermişdi. Bu konfransdan sonra
respublikamızda qadınların fəallığı daha da
artmış və onların problemlərinə digər
ölkələrdə olduğu kimi, ölkəmizdə də
diqqət və maraq çoxalmışdı. 1998-ci ildə
Prezidentin fərmanı ilə yaradılmış Qadın
Problemləri üzrə Dövlət Komitəsi Müstəqil
Dövlətlər Birliyində ilk qadın dövlət qurumu
olmuşdur.
Diqqətə
çatdırılmışdır ki, ulu öndər Heydər
Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev
qadınların cəmiyyətdə mövqelərini möhkəmləndirmələri
üçün hər cür imkan yaratmışdır.
Ölkəmizdə gender siyasəti uğurla həyata
keçirilir. Azərbaycan Prezidenti cəmiyyətdə
qadının rolunun yüksəldilməsinə yönəlmiş
dövlət siyasətini ardıcıl surətdə
uğurla davam etdirir, respublikamızın inkişafına töhfələrini verən
qadınların əməyi həmişə layiqincə qiymətləndirilir.
H.Hüseynova
bildirmişdir ki, hazırda ölkəmizin elə bir sahəsi
yoxdur ki, orada qadınlar təmsil olunmasınlar. Onlar ən
çətin və mürəkkəb istiqamətlərdə
də uğur qazanmağı bacarırlar: "Həmçinin
dövlətimiz hər zaman uşaq və qadın
hüquqlarının müdafiəsi, ailə institutunun
möhkəmlənməsi kimi vəzifələrin həyata
keçirilməsi üçün lazımi addımları
atır. Lakin buna baxmayaraq, cəmiyyətdə
hələ də qadın və uşaq hüquqlarının
pozulması ilə nəticələnən problemlər
mövcuddur. Komitə olaraq bizi narahat edən məsələlərdən
biri də məişət zorakılığıdır.
Ailələr tez-tez üzləşdikləri məişət zorakılığı, boşanmalar, alimentlərin ödənilməsinin yubadılması və digər məsələlərlə bağlı komitəyə müraciət edirlər. Erkən nikah və təhsildən yayınma halları bizi ən çox narahat edən məsələlərdəndir. Bu gün ölkəmizdə qadınları hüquqları barədə məlumatlandırmaq məqsədi ilə maarifləndirmə kampaniyası davam etdirilir. Komitəmiz tərəfindən regionlarda qadınların və kişilərin bərabər hüquqları, qadınların qərar qəbuletmədə və seçkilərdə iştirakı, həmçinin zorakılığa qarşı mübarizə mövzularında maarifləndirmə işləri aparılır".
Beynəlxalq aləmdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil edən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq və qadın hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, elm, təhsil, mədəniyyət və digər sahələrlə bağlı irimiqyaslı layihələrin gerçəkləşdirilməsində misilsiz xidmətləri vardır. Son zamanlar qadın hüquqları ilə bağlı qanunların qəbul olunması və qızlar üçün nikah yaşının 18-ə qaldırılması ilə əlaqədar Ailə Məcəlləsində dəyişikliklər edilməsində Mehriban xanım Əliyevanın xüsusi dəstəyi onun qadın problemlərinə diqqət və qayğısının göstəricisidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq fəaliyyətə başladığı ilk gündən beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq şəraitində işləyir. "Bizimlə birgə çalışan fəal qadınlarımızın, alimlərimizin, gənclər və qeyri-hökumət təşkilatlarının əməyini yüksək qiymətləndiririk. Bu gün bizim üçün tariximizin, milli-mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsi olduqca vacibdir. Fəxr edirik ki, Azərbaycanın bugünkü uğurlarında qadınlarımızın öz payı vardır. Bu gün biz qaçqın və məcburi köçkün, həmçinin şəhid ailəsi olan və müharibənin ağırlığını çiyinlərində daşıyan qadınlarımızın fədakarlığını xüsusi qeyd etməliyik".
Bu il xalqımız ulu öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın 90 illik yubileylərini qeyd edəcəkdir. Eyni zamanda, Azərbaycan qadınlarının IV qurultayı da yaxınlaşır. Bununla əlaqədar komitə tərəfindən yaradılmış işçi qrup bölgələrdə konfranslar təşkil edir, qurultaya nümayəndələr seçilir. Bölgələrdə qadınların fəallığı, onların cəmiyyətə verdiyi töhfələr fərəhləndirici haldır.
Sonra təltif olunan qadınlar çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının çıxışı maraqla qarşılanmışdır.
Mərasimdə həmçinin 2012-ci ildə ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında müstəsna xidmətlər göstərmiş dövlət və qeyri-hökumət təşkilatlarında çalışan qadınlara diplomlar təqdim edilmişdir.
Rəsmi hissədən sonra tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təqdim edilmişdir.
Sonda mərasim iştirakçıları Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi yad olunmuş, məzarı önünə əklil
qoyulmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 8 mart.- S.2.