İtaliyanın «İl Messaggero» qəzetində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın «Foskari ailəsinin iki nümayəndəsi» operasının tamaşasında iştirakı ilə bağlı geniş məqalə dərc olunmuşdur

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın İtaliyaya səfəri bu ölkə mətbuatında geniş işıqlandırılmışdır.

İtaliyanın nüfuzlu "İl Messaggero" qəzetinin 7 mart tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Roma Opera Teatrında Cüzeppe Verdinin "Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni quruluşda təqdimatına baxması haqqında geniş məqalə dərc edilmişdir.

Məqalədə qeyd olunmuşdur ki, Cüzeppe Verdinin ən uğurlu əsərlərindən biri sayılan "Foskari ailəsinin iki nümayəndəsi" operasının dünya səviyyəli maestro Rikardo Mutinin dirijorluq etdiyi yeni quruluşda təqdimatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, İtaliyanın nüfuzlu ictimai-siyasi xadimləri, o cümlədən Roma Opera Teatrının direktoru Kapello De Martino, Roma Opera Teatrı Fondunun prezidenti xanım Daniela Traldi, İtaliyanın parlament məsələləri üzrə nazir Dino Piero Giarda, müdafiə naziri Giampaolo Di Paola, İtaliya Konstitusiya Məhkəməsinin sədri Franko Qallo, Roma Musiqi Fondunun prezidenti Avrelio Regina və digər tanınmış şəxslər izləmişlər.

Yazıda paytaxt Romanın mədəni həyatında böyük hadisə olan "Foskari ailəsinin iki nümayəndəsi" operasının yeni quruluşda təqdimatının tamaşaçıların sürəkli alqışları ilə qarşılandığı xüsusi vurğulanmışdır.

Məqalənin dərc olunduğu qəzetdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, o cümlədən İtaliyanın nüfuzlu ictimai-siyasi xadimlərinin operada iştirakını əks etdirən fotoşəkillər yerləşdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 mart.- S.2.