ŞƏHİD ANASI
Harda qara paltarlı, qəmli qadın görsəniz...
Harda vaxtsız ağaran saçlarına rəng çəkməmiş qadın görsəniz...
Harda təravətli üzünə erkən qırış düşmüş qadın görsəniz...
Harda tez-tez gözünü məchul nöqtəyə dikərək qeyri-ixtiyari ah çəkən qadın görsəniz...
BİLİN Kİ, O, ŞƏHİD ANASIDIR!
Şəhid anası çox danışmaz, dərdini içində çəkər!
Özünü yazıq göstərməyə çalışmaz, qürurunun sınmasından qorxar!
Gizlində ağlayıb kiriyər, adam yanında gözünün qorasını axıtmaz!
Hərdən üzü gülsə də, heç zaman ürəyi gülməz!
İtirə biləcəyini itirdiyindən həsrətlə qisas gününü gözləyər!
* * *
Müharibə Azərbaycan qadınının çiyninə ağır yük qoydu, çox ağır!
Bu çiyin hələ o yükə hazır deyildi.
Hələ möhkəmlənib bərkiməmişdi...
Hələ gəlinlik örpəyinin şirinliyini unutmamışdı...
Hələ doyunca ər nəvazişi görməmişdi...
FƏLƏYİN YAZDIĞINI MƏN POZA BİLSƏYDİM ƏGƏR...
Taleh heç bir sorğu-sual etmədən ona bu qisməti yazdı.
Amansız və ədalətsiz müharibə sınağına çəkilən Azərbaycan qadını oldu!
Çox şey itirdi!
Bir məfhumda birləşən iki ad "qazancı" oldu: ya şəhid anası, ya da şəhid arvadı!
Biri nisbətən görüb-götürmüş, o biri gəlin duvağından yenicə çıxmış qadın deməkdir!
Biri övlad, o biri ömür-gün dostu itkisinə məruz qalan deməkdir!
Hər ikisi əzizdir, hər ikisi əvəzsizdir!
Hər ikisinin yeri sinədə çalın-çarpaz dağ kimi qalıb!
Hər ikisi ovunan dərd, unudulan kədər deyil!
Şəhid anası da yetimə baxmalı olur, şəhid arvadı da!
Biri yetim nəvəyə, o biri övlada həyan, dayaq və arxa durmalıdır!
* * *
Müharibə Azərbaycana qəfil gəldi! Ağacı qurd içindən yediyi kimi, daxildən pırtlayıb çıxdı!
Sən demə, erməni fürsət gözləyirmiş!
Sən demə, erməninin havadarları da məqam axtarırlarmış!
Yetmiş ilin dostluğunu düşmənçiliyə çevirdilər!
Yetmiş il birgə yeyilən çörəyi taptaladılar!
Heç
elə bil Qarabağdakı həyətlərimizdə muzdur
kimi işləyən bunlar deyilmiş!
Heç
elə bil "Qıdı kirvə" kimi məsxərəyə
qoyub doladıqlarımız bunlar deyilmiş!
Qarabağın
toylarını yasa çevirdilər!
Qarabağın
büsatını, cah-cəlalını xarabalıqlara,
"ruh şəhər"lərə dəyişdilər!
Qarabağı
gizli niyyətlərin, məkrli planların, şəxsi istəklərin
toqquşduğu meydana, xalqların talelərinin qanla həll
olunduğu məkana çevirdilər!
Siyasətçilərin
səpdikləri ölüm toxumunun barını sadə
insanlar yığmağa başladılar!
Heç
kim məsələnin bu qədər uzanacağını
gözləmirdi!
Heç
kim bu qədər qan axacağını, bu qədər
insanın əzab-əziyyətə düçar ediləcəyini
gözləmirdi!
Heç
kim beynəlxalq qurum və təşkilatların, dünya
güclərinin, demokratiya və insan haqları
carçılarının insan talelərinə bu qədər
biganə və laqeyd qalacağını, dişsiz və fəaliyyətsiz
olacağını gözləmirdi!
* * *
Analar
və qadınlar heç zaman ürəklərinə pis
şeyləri gətirmirlər!
İnanmırlar
ki, kimsə onların ciyərparalarına, doğmalarına
qıyar, qanını axıdar!
İnanmaq
istəmirlər ki, cəbhəyə, döyüşə gedən
övladları oradan şəhid kimi dönər!
Müharibə
başlayanda ağ duvaqlı gəlinin yanında hərbi
geyimli gənc əyləşər, toydan bir neçə
gün sonra posta gedər, Vətən torpağının
keşiyini çəkərdi.
Təzə
gəlin onu ölümün ağuşundan yox, işdən
geri qayıdan ailə başçısı kimi qarşılayardı.
Oğlunu
tay-tuşlarından ayırmayan, Vətən
qarşısındakı borcunu verməkdən çəkindirmək
istəməyən ana onu xeyir-dua ilə səngərə
göndərər, bütün günü əli göydə
Allaha yalvarardı!
İstəyərdi
ki, əri də oğluna qoşulsun, bir-birinə həyan
olsunlar, səngərdə tək qalıb bir-birləri
üçün darıxmasınlar.
Ağıllarına
gətirmək belə istəmirdilər ki, ölümə
qoşa göndərirlər!
Ağıllarına
gəlməzdi ki, bir gün postdan qayıtmaya bilərlər!
Ağıllarına
gəlməzdi ki, bir gün əri və oğulu şəhid
verdikdən sonra ev-eşiklərindən də çıxmalı,
Allah bilir harda, hansı çadırda, hansısa
qaçqın şəhərciyində yaşamalı olarlar!
Yetim
övlad və nəvələrlə!
Dul gəlinlərlə!
Nişanlısı
və deyiklisi vətənə qurban getmiş qızlarla!
* * *
Dərdin
və kədərin birləşdirdiyi insanlar bir-birlərini
necə də gözəl anlayıb həyan dururlar!
Təkcə
Ağdamda yeddi yüzdən çox qızın
nişanlısı, yaxud deyiklisi
şəhidlik zirvəsinə yüksəlib, ya da
izsiz-soraqsız yoxa çıxıb!
Onların
bir çoxunun yolunu gözləyə-gözləyə
qarıyanlar hələ də
ümidlərini üzmürlər...
Azərbaycan
qadını hələ də gözlədiyi, arzusunda
olduğu möcüzəni görməyib!
Amma əsl
möcüzə onun özüdür!
Dəyanəti
ilə...
Sədaqəti
ilə...
Namusu
ilə...
Etibarı
ilə...
Dözümü
ilə...
Kişiləri
kəndin müdafiəsində tək qoymaq, təhlükəsiz
yerlərə getmək istəmədilər.
"Xörəyinizi
bişirərik", "paltarlarınızı
yuyarıq" bəhanəsilə kənddən çıxmadılar.
Elə
zənn edirdilər ki, səngərə yaxın olsalar,
ölüm oğullarına, qardaşlarına, ərlərinə
yaxın gəlməz!
Öz
varlıqları, hətta güllə səslərindən
diksinməkləri, atışma qızışanda səslərini
içlərinə çəkərək qorxduqlarını
büruzə verməməyə çalışmaları ilə
də kişilərə güc və cəsarət verdilər.
Bəli,
zəif məxluqlar güclülərə əlavə güc
və cəsarət vermək qabiliyyətinə malikdirlər.
İşıqlar
sönəndə çırağa döndülər.
Xörək bişirib, çay qoymaq üçün
ocağı harada, necə qaladılar, bir Allah bilir!
Amma
səngərdəki balalarını çaysız,
çörəksiz qoymadılar!
* * *
TORPAQ
İTİRİLƏNDƏ ƏN ÇOX İTİRƏN
ŞƏHİD ANASI OLDU!
İndi
xarabaya çevrilən evlərin hər
daşında-divarında əlinin sığalı vardı.
Bəzən
qənaət məqsədilə evinin fəhləliyini də
özü etmişdi.
Bir
çoxunun ayaqlarında ağır mişar daşı
qaldırmaqdan göyərən damarlar indi də
görünür.
Min
bir arzu ilə hələ suvağı vurulmamış, yaxud
qurumamış evinə köçəndə
özünü dünyanın ən xoşbəxti
sayırdı.
Təkcə
doğmalarını, ev-eşiyini, var-dövlətini yox,
arzularını, gəncliyini, gələcək
planlarını, məişət rahatlığını,
güzəranını da doğma
el-obada qoyub gəldi şəhid anası.
Amma
ağ günə gəlmədi! Qorxudan və ölüm təhlükəsindən
qurtularaq ehtiyacın və rahatsızlığın
girdabına düşdü.
Bilmirdi
şəhidlərini ağlasın, yoxsa yemək, gündəlik
məişət dərdini çəksin! Heç nə
anlamayan uşaq çox şey
istəyir, tələb edirdi! Onları yedirtmək,
geyindirmək, oxutmaq üçün kirpikləri ilə od
götürdü, hansı əziyyətlərə
qatlaşdı, bir Allah bilir!
Sığındığı
dövləti, kömək aldığı Prezidenti oldu!
Arxasız
qalmadı!
Yardım
da gördü, övlad da oxutdu, təzə ev də aldı!
Hətta
müharibədən keçən 25 ildə oğul evləndirib,
qız da köçürdü şəhid ailəsi!
Zaman
çox şeyə məlhəm oldu! Yara sağalmasa da, hətta
bəzən təzədən qanasa da, qaysaq da
bağlayır...
MÖCÜZƏ
BAŞ VERMİR, ŞƏHİD ATALAR ÖVLAD TOYUNA GƏLƏ
BİLMİRLƏR...
* * *
-
Dünyanın ən gözəl qadını Azərbaycan
qadınıdır!
Çünki
bu qadın təkcə zahiri görkəmi ilə yox, mənəviyyatı,
düşüncələri ilə də gözəldir!
-
Dünyanın ən sədaqətli qadını Azərbaycan
qadınıdır!
Çünki
o, könül verib ailə qurduğu kişi tayına sona qədər vəfalı və
sadiq olur!
-
Dünyanın ən etibarlı qadını Azərbaycan
qadınıdır!
Çünki
o, müharibəyə göndərdiyi ərini deyil, hətta
nişanlısını da ömür boyu oturub gözləyir!
-
Dünyanın ən dözümlü qadını azərbaycan
qadınıdır!
Çünki
o, məişət və maddi çətinliklərdən
tutmuş kişinin xasiyyət ağırlığına qədər hər şeyə duruş gətirir,
ailə ocağını sönməyə qoymur!
-
Dünyanın ən fədakar qadını Azərbaycan
qadınıdır!
Çünki
o, övladlarının fədaisinə çevrilir, bəzən
özünü belə unudaraq balalarının ardınca
sürünür!
-
Dünyanın ən mehriban qadını Azərbaycan
qadınıdır!
Çünki
o, evinə qonaq gələndə sevinir, daldada nəyi varsa
süfrəyə düzür, qohumları arasında fərq
qoymur, ömür-gün yoldaşının valideynlərinə
ana, ata nəzərləri ilə baxır!
-
Dünyanın əsl qadını Azərbaycan
qadınıdır!
Çünki
o, həyatın ən ağır sınaqlarına məruz
qalsa da, ən firavan yaşayış imkanı qazansa da, daim
qadın ləyaqətini qoruyub saxlayır, heç zaman
qadınlığını itirmir!
ƏN
BÖYÜK MÖCÜZƏ AZƏRBAYCAN QADINIDIR!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2013.- 8 mart.- S.3.