Adın şərəflidir...
Yenə 8 Martdır, yenə güllərin və gülən üzlərin bayram günü, diqqət, qayğı günüdür. Bəs illərdir qeyd etdiyimiz bu bayramın əvvəli hansı vaxta təsadüf edir?
Belə bir gündə tarixə baxmaq, bu günün daha hansı hadisələrlə yadda qaldığına nəzər salmaq yerinə düşər. Bu tarix çox qədimlərə gedib çıxır: e.ə. 480-ci ilin bu günü yəhudilərin Babil əsarətindən sonra Qüdsə - Yerusəlimə qayıtmasına icazə verildi və bununla, 60 ildən artıq davam edən İsrail-Fələstin qarşıdurmasına da, bir növ start verildi. Bu gün həm də Əbülqasım Firdovsinin "Şahnamə"sinin tamamlandığı gündür (1010). 1942-ci ilin bu günü İkinci dünya müharibəsinin gedişində Hollandiya Yava adasını yaponlara təslim etdi, indi təlatümlər içində olan Misir isə onun üçün həyati əhəmiyyət kəsb edən Süveyş kanalını yenidən istifadəyə verdi (1957). Parisin Şarl de Qoll adına Hava Limanının fəaliyyətə başlaması da bu günə təsadüf edir (1974). Bu gün, eyni zamanda, qadına, qıza, anaya münasibətdə həssas olan ürəyə cərrahi müdaxilələrlə tarixə düşüb - 1952-ci ilin martında Filadelfiyada ilk süni ürək əməliyyatı aparılıb.
8 mart, ənənəyə görə, qadınların daha çox diqqət, gül və hədiyyə gözlədiyi bir gündür. Bu da təsadüfi deyil - 1908-ci ildə Nyu-Yorkda 15000 qadın növbəti dəfə nümayişə çıxanda onların şüarı "Çörək və gül" idi. Çörək həyat eşqini, gül isə daha firavan həyat tərzini ifadə edirdi. Elə ona görə bu bayrama başlanğıc olaraq 1857-ci ilin 8 mart günü Nyu-Yorkda yüzlərlə qadının aşağı maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz olaraq tətil etməsi ilə qərarlaşdı.
1975-ci il dünya qadınları üçün Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra isə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.
1910-cu ildə 1857-ci il hadisələrindən 53 il sonra Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin, qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu, həm də Amerikada 8 martda yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il bu günün Dünya Qadınlar Günü olması təklif edildi.
Bəzi tədqiqatçıların fikrincə, 8 martın bayram kimi qeyd olunması səbəblərini bilmək üçün bu təşəbbüsü ilk dəfə irəli sürən Klara Setkinin şəxsiyyətinə, onun milli mənsubiyyətinə nəzər salmaq lazımdır. Onun təklif etdiyi 8 Mart günü 1910-cu ildə yəhudilərin Purim bayramı ilə üst-üstə düşürdü. Purim bayramı isə yəhudilərdə qadın ağlı, eyni zamanda, bu millətin özünümüdafiə haqlarını təcəssüm etdirir...
Ancaq hansı mənaları verməsindən asılı olmayaraq Beynəlxalq Qadınlar Günü, eyni zamanda, qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Xüsusilə, postsovet respublikalarında, habelə Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya və Uqandada qeyd edilir, həm də qeyri-iş günü sayılır. Çünki qadınların kütləvi şəkildə savadlanması, müəyyən hüquqlara malik olması 8 martın bayram kimi qeyd olunmağa başladığı həmin dövrə təsadüf edir. Bəlkə də buna görədir ki, 8 Mart artıq müstəqillik qazanmış keçmiş SSRİ respublikalarının təqvimindən bu günə qədər silinməyib.
Beynəlxalq Qadınlar Günü, eyni zamanda, qadın hüquqlarının genişləndirilməsinin və bugünkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanması üçün də xüsusi gündür. Nəzərdən qaçırmayaq ki, hələ də dünyada yoxsullar var və onların əksəriyyətini qadınlar təşkil edir. Təhsildən kənarda qalanların da böyük bir qismini qadınlar təşkil edir. Bir çox inkişaf etmiş ölkədə qadın azadlıq və hüquqları ön planda olsa da, bəzilərində qadın hüquqlarının qorunması lazımi səviyyədə deyil. Bu mənada, heç olmasa, ildə bir dəfə 8 Mart münasibəti ilə qadın hüquqlarının dünyada qeyd olunması, xatırlanması xüsusi əhəmiyyət daşıyır.
Bu bayram Azərbaycanda
da geniş qeyd edilir. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.
Azərbaycan həm də
Avropa Şurasının
qadınlarla bağlı
bürosunda təmsil olunur və BMT-nin qadın məsələləri üzrə
komissiyasının tamhüquqlu
üzvüdür. 1995-ci
ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara
qarşı münasibətdə
ayrı-seçkiliyin bütün
formalarının aradan
qaldırılması haqqında
beynəlxalq konvensiyaya
qoşulub. İndi səhiyyədə
çalışanların 70, təhsil işçilərinin
isə 69 faizi qadınlardan ibarətdir.
Milli Məclisdə xeyli qadın deputat var.
8 Martla yanaşı
dünyanın bir çox yerində "Analar günü" adlanan bir bayram
da geniş qeyd olunur. Bu. Avstraliya,
Belçika, Danimarka, İtaliya, Türkiyə, Finlandiya, ABŞ və Yaponiyada mayın ikinci bazar gününə
düşür.
İspaniya və Portuqaliyada
isə anaları dekabrın 8-də, Fransa və İsveçdə mayın sonuncu bazar günündə təbrik edirlər. Amma analar günü Serbiyada tamamilə fərqli şəkildə
qarşılanır. Miladdan
2 həftə əvvəl
qeyd olunan həmin bayram günündə səhər
tezdən uşaqlar analarının yatağına
yaxınlaşıb onu
çarpayıya "bağlayırlar".
Ana "əsirlik"dən qurtulmaq üçün bir gün əvvəldən
balışının altında
hazır qoyduğu hədiyyələri balaca
"quldurlar"a verməli
olur...
P.S. Son olaraq 8 martdan öncə 7 martda Aleksandr Bell telefonu ixtira etdi (1876), Napoleon isə 1814-cü ildə Kraonne müharibəsində
qələbə qazandı.
Bir gün sonra - 9 mart 1842-ci ildə Cüzeppe Verdinin məşhur əsərlərindən biri
"Milanda" səhnəyə
qoyuldu. Bu həm də qadın gözəlliyi və məhəbbət haqqında ən yaxşı əsərlərdəndir.
2004-cü
ilin bu günü
İstanbulda baş verən hüznlü bir hadisə ilə yadda qalıb - bir kafeyə hücum nəticəsində beş
nəfər həyatını
itirdi və beş kişinin anası ağlar qaldı.
Bizim Xocalıda, Şuşada ağlar qalan analarımız kimi...
İndi
bu bayram günündə analarımıza
bir zəng, bir də bir
qələbə lazımdır
- Ağdamda, Kəlbəcərdə...
O, bu bayram günündə
hər cür hədiyyədən artıqdır...
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 8 mart.- S.3.