Azərbaycan qadını həm də fəal
ictimai xadimdir
Əsrlər boyu türk qadını ictimai-siyasi həyatda nümunə olub, cəmiyyətin əsas qüvvələrindən birinə çevrilib. Azərbaycan qadını öz iradəsi, mərdliyi, saflığı, sədaqəti ilə cəmiyyətimizin həyatında, milli-mənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Müstəqil Azərbaycanın bugünkü istimai siyasi həyatında qadınlarımızın əvəzolunmaz yeri vardır. Bu gün isə dünya 8 Mart Beynəlxalq Qadınlar Gününü qadın və gözəllik bayramı kimi qeyd edir.
Dünən bu münasibətlə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, 103 il əvvəl (1910-ci ildə) Qadın Sosialist İnternasyonalının Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub.
Ümummilli lider Heydər Əliyev qadınlarımız barədə "...Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm" - deyərək həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirib, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşıb.
Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva bütün dünyaya sübut etdi ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tamhüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulub. Azərbaycan qadını həm həkim, müəllim, həm memar, dövlət qulluqçusu, ictimai-siyasi xadim, hərbiçi, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bakının mərkəzi rayonu olan Səbaildə əhalinin 51,2 faizini, 48 min nəfərdən çoxunu qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 33 nəfər əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə, 20 nəfər müxtəlif orden və medallara layiq görülmüşdur. Elm, təhsil, səhiyyə ocaqlarında yüzlərlə elmlər doktoru və elmlər namizədi çalışır.
İcra
hakimiyyətinin başçısı A.Əsgərov rayonun
bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar
Günü münasibəti ilə təbrik edib, onlara gələcək
fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə
iştirak edən qadınlara Səbail
Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 8 mart.- S.3.